Təranə Dəmir, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycanın mətbu orqanları içərisində öz çəkisi, sanbalı və dəyəriylə seçilən (zənnimcə, ən birincilər sırasında duran) "Ulduz" bu günəcən çox uzun, keşməkeşli və dolanbac yollardan keçib. Uşaqlığımızın, gəncliyimizin jurnalı olaraq həmişə diqqət mərkəzində olub və oxucu sevgisini bu günəcən qoruyub saxlayıb.
Sözünü deyən, öz imzası ilə dünəndən bu günə inamla yol gələn yaradıcı insanların söz yuvası olub həm də "Ulduz". Bu yuvada nə qədər şairlər, yazıçılar yetişib, pərvazlanıblar. Jurnal bütün dönəmlərdə həmişə ən aktual mövzulara toxunmaqla ölkənin mədəni həyatındakı bütün yenilikləri özündə əks etdirib. Onun formalaşmasında, ölkənin ədəbi mühitinin işıqlanmasında böyük əməyi olan, öz peşəkarlığı və obyektivliyi ilə seçilən yaradıcı heyətin əməyi də danılmazdı.
"Ulduz” ulduz olaraq bütün zamanlarda mənən saflaşdırıb, öyrədib. Axı mətbuat zamanın aynasıdı deyirik. Burda hər şeyi olduğu kimidi. Dünyanın hər üzü.
Jurnal 1967-ci ildən üzübəri müxtəlif söz adamlarının rəhbərliyi altında fəaliyyət göstərib və həqiqətən, zaman-zaman həqiqi ulduza çevrilib. Hansı yandan baxsaq, "Ulduz" ulduzdu.
...Bu günsə mən " Ulduz"a Qulu Ağsəs tərəfdən baxmaq istədim. Mübaliğəsiz. Eynəyinin arxasından ürəyindəkiləri oxuya-oxuya həm də.
Qulu Ağsəs çalışqandı. Hətta deyərdim ki, bir az da artıq çalışqandı. Bu çalışqanlığın arxasında həm də sələflərinin qoyub getdiyi işə peşəkarlıqla yanaşmaq məsuliyyəti də var. Zarafat deyil, " Ulduz" mətbuat tarixinə öz adını möhürləmiş, dəyərli ustadların əlindən, zamanın ələyindən keçmiş, gözəl ədəbi nümunələri özündə ehtiva edən, müəyyən yaşa çatmış ədəbiyyat jurnalıdı. Bu ağır yükün altına girmək, onu bu gündən sabaha ötürməksə hər yaradıcıya nəsib olmaz.
Qətiyyətlə deyə bilərəm ki, “Ulduz" bu gün bir Qulu Ağsəs dönəmini yaşayır. Bir az da işıqlı, bir az da parlaq. Özünəməxsusluq da var bu dönəmdə. Həm də heç kimə bənzəməmək, özünə can atmaq həvəsi. Jurnalı vərəqlədikcə hiss edirsən ki, Ağsəs üçün forma və məzmun mükəmməlliyi, mətn rəngarəngliyi və dolğunluğu önəmlidi. Bilirsən ki, şair irəliyə can atır, yenilik axtarışındadı. Bunu jurnalın hər buraxılışında hiss edirsən.
Şair üçun mətn də adamdı. Canı, ruhu var. Onun fikrincə, mətni incitmək olmaz. Mətnin nazıyla oynamaq lazımdı. Gözümüzün nuruyla, ürəyimizin oduyla yetişdirib ərsəyə gətirdiyimiz yazılar öz yerini tapanda çiynimizdən böyük bir yük götürülür. Baxın, biz təkcə öz yazılarımızın məsuliyyətini daşımaqda çətinlik çəkirik. Qulu Ağsəs isə hər buraxılışda bizim kimi neçə müəllifin narahatlığını və məsuliyyətini öz üzərində hiss edir, hər mətnin üzərində öz balası kimi əsir. Narahat olur, qoruyur. Ta ki, jurnal ərsəyə gələnəcən, yeni "Ulduz" doğulanacan. Bir yandan oxucu zövqü, bir yandan müəllif hüquqlarının qorunub saxlanılması baxımından hər şeyin dolğun və mükəmməl ərsəyə gəlməsi üçün yorulmadan, gecə -gündüz çalışır. Özü də yüksək peşəkarlıqla. Həm də sevgiylə. Ümumiyyətlə, Qulu Ağsəs mükəmməlliyə can atan yazardı. Amma bununla belə ən zəif yazıların taleyi də onu narahat edir. Əlbəttə, müəlliflə oxucu arasında narazılıq yaratmadan həm də. İşinin ustası olmaq hər rəhbərə, hər işçiyə nəsib olmur bəzən. Amma inamla deyə bilərəm ki, Qulu Ağsəs gözəl şair, gözəl publisist olmaqla yanaşı, gözəl icraçıdı həm də. “Ulduz"-un heç bir buraxılışı bir-birini təkrarlamır və əvəz etmir. O, hər dəfə görüşümüzə fərqli məzmunda, fərqli keyfiyyətdə gəldikcə bir daha əmin oluruq ki, ruhumuzun jurnalı əmin əllərdədi . "Ulduz" üz qabığından tutmuş içindəki yazılara qədər ulduzdu. Qulu Ağsəs şeirində olduğu kimi işində də son dərəcə tələbkar və məsuliyyətlidi. Gənc istedadlılara göstərdiyi qayğı və diqqət isə bir ayrı söhbətin mövzusudu. Onun həm də vaxta , zamana çatmaq öhdəlikləri də var. Hər şey zamanında və dəqiqliklə həyata keçməlidi. Bəlkə də, qıraqdan bir az sərt görünə bilər. (Eynəkdə). Amma yalnız uzaqdan. Şair-rəhbər, rəhbər-şair redaksiyaya təqdim olunan bütün yazıları gözlərinin nurundan keçirir. Dərc olunan mətnlərin üstündəki işıq gözünü qamaşdırır və öz-özünə "belə insanlar varsa, yaşamağa dəyər"-deyirsən. Bu yazdıqlarım Qulu Ağsəs haqda düşündüklərimin yalnız balaca bir hissəsidi. Əminəm ki, Ağsəsin söz və öz dünyasına işıq tutmaq üçun hələ çox zamanımız olacaq. Hələliksə, ədəbiyyatın keşiyində dördgözlə dayanan şairə sevdiyi işində dözüm, səbir və mətanət arzulayıram . Onsuz da uğur həmişə var.
Görüşənədək, əziz oxucu!
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)