Təqdim edir: Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Sərhəddi olmayan bir işlə məşğuluq biz yazıçılar. Minlərlə fərqli fikirləri sığdırırıq qəlbimizə. Lakin bəzən, eyni nöqtədə dayanır, bir irəli, bir geri baxır, bir-birimizdən dəstək tapırıq. Bu gün sizə təqdim etdiyim bu yazı da məhz komandanın, birgəliyin simvolu olsun. Bəyənəcəyinizə inanıram. Xoş mütaliələr.
Eşq, nə yaxınmışsan sən kədər, qəmə,
İndi düşünürəm, səhv məndədirmi?
Sonra baxıram ki, nə yaşadıq biz?
Sən məndən uzaqsan, mən isə aciz.
Kübra Əliyeva
Oxuduğum bir kitabda belə bir cümlə keçirdi: “Ya eşqin ortasındasan, yəni mərkəzində, ya da xaricindəsən, yəni həsrətində”. Anlaya bilmirdim o zaman bu cümlənin tam olaraq nə demək olduğunu, ya da daha düzünü desək, eşqin nəyə qadir olduğunu… Üzərindən 1 il keçməmişdi mən eşqin səsini eşidib harada olduğumu, nə etdiyimi unudanda… Hə, gec-tez hamını tapan, sözlərlə yox, hərəkətlərlə, gözlərlə özünü başa salan o eşq bu imiş demək. Mən onu tanıyana qədər yaşamamışammış. Sən demə, insanın bu keşməkeşliklərlə dolu həyatda illərlə öyrəndiyini bircə günə öyrədirmiş eşq…
Səmiyyə Tağıyeva
Eşq. İnsanı neçə yaşında olmasından asılı olmayaraq, uşaqlaşdıran bir duyğudur. Bu duyğuya tutulması ilə etdiklərimizi unutdurması... Nədir bu eşq? Bir yerdə eşitmişdim. Deyilirdi ki, tilsimdir eşq. Həqiqətən belədirmi? İstəmədən, gözləmədənmi tutuluruq bu eşqə? Bizmi onu idarə edirik, yoxsa omu bizi idarə edir? Türklərin dediyinə görə "eşq" səssiz başlayıb, səsli bitərmiş. Bəlkə də içimizdəkiləri ifadə edir. Sən demə, aşiqlər qədər çılğındır eşq..
Əfsanə İsmayılova
Eşq insanın daxilindəki xoşbəxtliyi oyadan, daima səbəbsizcə simanda gülümsəmə yaradan, ayaqlarını yerdən kəsən gözəgörünməz bir gerçəkdir mənim gözümdə. Eşq bu qədər gözəlsə, bəs onda niyə kədərləndirir qəlbləri?
Bir çoxlarına görə eşqin düşməni qürurdur. Qürur sanki insanın belinə bağlanmış ağır bir yük kimidir. Üstündə o yükün ağırlığı varkən uça bilməzsən, halbuki aşiqsənsə uçmalısan. Uçmaq sadəcə quşlara aid bir şey deyil axı, eşqdən də uçar insan. Sadəcə, uçmağı bacarmaq və tarazlığı saxlamaq lazımdır.
Ayşən Səlimova
Qürur... Birini sevərəkdən ondan uzaq durmağa vadar edən yeganə hiss. Niyə var axı bu qürur? Bu cür gözəl duyğular var ikən, dünyada eşq adlanan unikal, əvəzolunmaz bir hiss var ikən, axı niyə məhz qürur? Bəlkə də, özümüzü müdafiə formamız idi bu. Bəzi vaxtlarda da qəlbimizə "sus" deməyin başqa bir yolu idi. Hərdən "onu sevirəm" cümləsindən sonra gələn "o da məni sevirmi?" sualı idi bəzilərimiz üçün. İncidirdi bəşəriyyəti qəliz sualları ilə. Şübhələri ilə yaralayırdı. Halbuki sevmək var idi, elə deyil? Nəyə lazım idi axı bu qürur.. İnsanın özünü sorğulaması ilə başlayırdı hər şey. Bunun isə tək bir adı var idi. Qürur. Aşiq olanda qanadlarımızı qırmaq üçün səbəb axtaran qürur..
Ləman Mustafazadə
Eşq və qürur... Hərb və sülh kimi... Zidd qütblər hər zaman çəkərmi bir-birini? Hər gecənin bir səhəri açılırmı həqqiqətən? Niyə Məcnun olmadan Leyli axtarar ki həyatına? Qorxuruq bəlkə də. “Qürurumu əzə bilmərəm” deyən hər kəs ən çox özünü itirməkdən qorxur elə. Özünü bir başqa bədəndə tapmaqdan, öz ruhunu başqa bir bədənə həbs etməkdən. Bəlkə də nağıllar aləminə dalmaqdan... Ən çox da aciz olmaqdan...
Amma yox, nə sevgi acizlikdir, nə qürur cəsarət. Öz ruhumu, qəlbimi qoruyum deyə sevdiyim, aşiq olduğum ruhu itirə bilmərəm mən. Mən sənin üçün qürurumu qurban verib gəlirəm indi, əllərini tutmağa. Yetər ki, sən də gəl, ətrafdakı hər şeyə, hər kəsə rəğmən, Qaraqanın da dediyi kimi, sevgi ilə günahları yumağa...
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)