Orxan niyə qeybə çəkilib? Featured

SÖHBƏT GƏNC YAZAR ORXAN BAHADIRSOYDAN GEDİR

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Şair, dramaturq, yazıçı, ssenarist, publisist - gənc yazar Orxan Bahadırsoy qələmlə bağlı bütün sahələrdə qələmini sınayıb və düşünürəm ki, onunla müsahibə portalımızın oxucuları üçüm maraqlı olacaq. Çünki bir xeyli müddətdir ki, onjn imzasına rast gəlmirik. Niyə qeybə çəkilməsi məsələsinə də aydınlıq gətirəcəyik. 

 

-Salam, Orxan bəy. Müsahibə təklifini qəbul etdiyiniz üçün təşəkkür edirəm. Keçək suallara. Orxan bəy, özünü onu tanımayanlara necə təqdim edərdi?

 

-Mən - Orxan Bahadırsoy. 30 yaşım var və mən bir sənət adamıyam. 

 

-“Tutur yarasalar əlimdən mənim, 

Tutur ki, çıxara gün işığına. 

Mənsə çırpınıram pərvanələrtək, 

Sənin şəkildəki yaraşığına". 

Orxan Bahadırsoyun həyatında yarasalar varmı, yaxud, başqa cür bu sualı versəm, Orxan bəy üçün bu bənd nəyi ifadə edir?

 

- Bu şeirdəki yarasalar mənfi obrazlar deyil. Orada gecələrin yuxusuzluğu və qaranlığa aludə olmuş bir qəhrəmandan danışılır. Elə bir qəhrəman ki, hətta həyatı qaranlıqda yaşayan yarasalar da onu gün işığına çıxarmaq üçün əlindən tutub kömək edir. Bu mənada mənim həyatımda yarasalar var. Onlar mənə kömək etmək istəyən hər kəsdir. Bu bəndin mənim üçün nə ifadə etdiyinə dair suala gəlsəm, əksər əsərlərimin qayəsində duran eşq, insan tənhalığı, aludəlik və fədakarlıq, yaradılış və ya varoluş fəlsəfəsi bu bəndin də ifadə etdiyi mənadır. 

 

-Hobbi ilə əsas peşə arasındakı incə fərqləri necə izah edərdiniz ki, gənclərə də peşə seçimində örnək olsun?

 

- Örnək olmaq məsələsi mənim üçün ümumi mənasını daşımır. Çünki örnəklər üzərindən hərəkət edən kütləyə, bölünərək və bir-birini təkrarlayaraq çoxalan, təkhüceyrəli canlıları xatırladan bu insan çoxluğuna etiraz etməkdəyəm. Heç kəsdən heç nəyi örnək almaq lazım deyil. Örnək alıb məni təkrarlayacaq olan şəxs öz orijinallığını onsuz da itirmiş olur və bu təbiətin də çeşidlilik prinsiplərinə ziddir. Hobbi və əsas peşə arasında isə incə yox, kəskin bir fərq olduğunu düşünürəm. Çünki sən əsas peşəni həm sevirsən, həm ondan zövq alırsan, həm ona öz vaxtının böyük qismini ayırırsan, həm ondan gələn gəlirlə yaşayışını təmin edirsən, onu gələcək nəsillərə öyrədirsən, onun sayəsində təcrübə toplayır və kamilləşirsən və s. Hobbini isə sadəcə sevirsən və onunla məşğul olmaqdan zövq alırsan. 

 

-Orxan bəy, sizcə yazmaq üçün çox oxumaq, ya çox gəzmək lazımdır? Ya da...?

 

- Yazmaq üçün ilk növbədə istedad lazımdır. İkinci növbədə isə sevgi. Bu ikisi olmadan heç nə yaza bilməzsən, ya da yazdığın bir heçə bərabər olar. Bu iksindən biri də olmazsa, yazıb-yaratmaq mümkün deyil. Təbii ki, işin təməli və yarısı istedad və sevgidir. Yəni, istedad və sevgi yazı sənətinin bünövrəsini təmin edən iki vacib materialdır. Bu təməlin üzərinə sən çox oxumağı, çox gəzməyi, çox insan tanımağı, uğurlu təhlillər aparmağı, maraqlı və çeşidli duyğular yaşamağı, psixologiyanı, fəlsəfəni və digər hər şeyi inşa etməlisən ki, yazıb uğurlu sənət nümunəsi yarada biləsən. Yəni, istedad və sevginin üzərinə inşa etmək üçün nə qədər çox və keyfiyyətli materialın olarsa, o qədər də uğurlu yazacaqsan. Dil biliyi, din biliyi, mifologiya, sosiologiya, tarix, siyasət, hətta, tibb, iqtisadiyyat, astronomiya, fizika, kimya, biologiya, cəbr, həndəsə və s. Nə qədər çox bilsən, o qədər mükəmməl yazacaqsan. 

 

-Orxan Bahadırsoy dedikdə ağlımıza dramaturq, ssenarist, publisist, şair, yazıçı anlayışları gəlir. Bəs Orxan Bahadırsoy adı gələndə sizin ağlınıza ilk olaraq bunlardan hansı gəlir?

 

- Bunlardan heç biri. Ən başından dediyim kimi, mən sənət adamıyam. İçində sənətə aid hər şey olan sənət adamı... Çünki saydığınız adlar müxtəlif adamların dilində müxtəlif mənalarla səslənir. Biri yazıçılığı başqa cür mənalandırır və məni yazıçı kimi qəbul etmir. Biri şairliyi, biri dramaturqluğu, biri aktyorluğu, biri ssenaristliyi öz istədiyi şəkildə mənalandırır və məni bu cür dəyərləndirmir. Yəni, insanlar və onların idrakı çox müxtəlifdir. Mən isə bu qədər mübahisələndirilə bilən adam deyiləm. Uğurlu-uğursuz, yaxşı-pis, faydalı-faydasız mühakiməsi aparmıram. Bütün hallarda buna indi heç kəs qərar verə bilməz. Çünki mən ədəbiyyatda da, teatrda da, kinoda da, musiqidə də qəbul edilmək, təsdiq və təqdir edilmək mərhələsini çoxdan keçmişəm. Bu mərhələ sadəcə şeir yazmağımla və kitablarımın çap olunması ilə bitməyib. Mən 12 ildir ki, peşəkar sənət səhnəsindəyəm və bunun ilk 6 ilində ciddi sənət uğurları əldə etmişəm. Haqqımda akademik məqalələr yazılıb, Avropa səhnəsində ayaqüstə alqışlanmışam, beynəlxalq festival laureatı olmuşam, əsərlərim ali məktəblərdə tədris olunub, yaradıcılığım rus, ingilis, alman dillərinə tərcümə edilib və bundan daha çoxuna fəaliyyətimin ilk 6 ili ərzində nail olmuşam. Yəni, 24 yaşıma qədər. Ona görə də mən müxtəlif mənalar verilərək hamının yazıçı, şair, dramaturq, aktyor, ssenarist olduğu bir meydanda bunlardan heç biri olmaq istəmirəm. Sənət adamıyam. Sənətdən söz düşəndə ağlıma özüm gəlirəm, məndən söz düşəndə ağlıma sənət gəlir.

 

-Orxan bəy, sizin ən sevdiyim şeiriniz Ülkər xanımın ifasında səslənən "Düzün de" şeirinizdir. Qulaq asdıqca gözyaşları selinə bürünürəm. Oradakı bir misra ilə əlaqələndirib sual ünvanlayacam. Bu həyatı daha asan və uğurlu yaşamağın sirri nədədir sizcə? Bəlkə təklikdə ya çoxluqdadır, ya da qeyri və əhatəli cavabdırsa da, bilmək çox maraqlı olar.

 

-Həyatı asan yaşamağı lazım bilmirəm. Mənim həyatımda hər şey yolunda gedəndə narahat oluram, məsələn. Mən asan həyat yaşamaq istəmirəm və nə yaxşı ki, heç vaxt asan həyat yaşmamışam. Mən özümü çox boş və mənasız hesab edərdim. Məni kamilləşdirən, mənalandıran, maraqlı və əhəmiyyətli edən şey mənim yaşadıqlarımdır. Öhdəliklərim, məsuliyyətlərim, qayğılarım, hədəflərim, dərdlərim, problemlərim, əsəb və streslərim, davalarım, səhvlərim, günahlarım, ağrılarım, itkilərim - məni mən edən bunlardır. Əlbəttə, gəzmək, əylənmək, yemək-içmək, seks, yeni tanışlıqlar, macəralar da bu "mən olmağın" əsas parçalarındandır, amma bu xoş və ləzzətli məsələlərin maddiyyatla ərsəyə gəldiyini düşünürəm. Mən heç vaxt pul ilə düzələ bilən şeyləri bir dərd hesab etməmişəm. Ona görə də insanı xoşbəxt edə bilən şeylərin mütləq əksəriyyət hallarda pulla ərsəyə gəldiyini düşünürəm və pul ilə təmin oluna bilən heç bir şey problem deyil. Dediyiniz şeir mənim ən populyar şeirlərimdən biridir və "Yuxu kimi" serialında baş obraz olan Ülkərin dilindən səslənib. Oradakı misralara istinadən sual verdiniz və mən həmin şeirdə "sən xoşbəxt adamlara həsəd apardınmı heç?" dedikdə, tamam fərqli məsələləri nəzərdə tuturam. Amma o məsələlər barədə danışmaq istəmirəm. İcazə verirəm ki, kim necə istəyir, elə də düşünsün. 

 

-“Əcəb dövrə düşdü bizim adamlar..." Sizcə, zaman, dövran dəyişib anlayışımı düzgündür ya insanlardırmı dəyişən? Ya da bəlkə elə hər zaman bu idik.

 

- "A mənim ikicə gözüm adamlar! 

Azca da, azca da dözün, adamlar! 

Deyirlər yuxarıda bir yaradan var, 

bizi əvvəl-axır yadına salar!" 

Bu şeirimi bir ayrı sevirəm. İnsanların oxuyub anlamaması, ya da tamam başqa şeylər anladığı şeirlərimin hamısını digərlərindən daha çox sevirəm. Çünki səni nə qədər anlamırlarsa, ya da nə qədər yanlış anlayırlarsa, deməli, o qədər çox həqiqət səsləndirirsən və daha çox bəşərisən. Məhz buna görə din tacirləri dini kitabların, əslində, anlaşılmadığını ya da yanlış anlaşıldığını iddia edirlər. Çünki belə olduqda daha çox həqiqətə bənzəyir. Məsələn, mən "Gecənin səssizliyi", "Taksafon", "Yağış yağdıran", "Böyük yol", "Milçək öpüşü", "Ölümdən o yana", "Kimdir o - susan?", "Həqiqətə gedən yol" kimi şeirlərimi yazıb onların anlaşılmadığını, ya da yanlış anlaşıldığını görəndən sonra əmin oldum ki, mənim yaradıcılıq istedadım var və mənim sənətimin bəşəri və tarixi əhəmiyyəti var. Sualınıza gəlincə, hər şeyin dəyişdiyini əminliklə deyə bilərəm. Dünya da dəyişir, bütün canlı və cansız aləm də, kainat da, insan da. Bunların hamısının dəyişməsi dövranı da dəyişdir. Çünki dövran elə indiki külli-aləmdir.

 

-Mütailə zövqünüz də maraqlıdır. Hansı kitabları oxumağı sevirsiniz ?

 

-Elmi-bədii ədəbiyyatı sevirəm. Ümumiyyətlə, elm, tarix, fəlsəfə, psixologiya mövzularından bəhs edən bədii əsərlər və filmlər əsas maraq dairəmdədir. Hararinin "Sapiens"-i, Şiller, Henrik İbsen və Cəfər Cabbarlının dramaturgiyası, Hüqo, Heminquey, Dostoyevski və İsa Muğannanın nəsr əsərləri,  Bertolt Brext, Küçük İskender və Əkrəm Əylislinin bütün külliyyatı, Valter Benjamin və Emma Qoldmanın tənqidləri ən sevdiklərimdir. Şekspir, Bukovski, Markes, Tolstoy, Kafka, Sveyq, Firdovsi, Aziz Nesin, Nəsimi, Füzuli, İsmayıl Şıxlı, Mirzə Cəlil, Hüseyn Cavid, Məmməd Araz, Ramiz Rövşən - və xeyli müəllif var ki, mütaliəmin əsasını təşkil edir. 

 

-Hansısa bir müəllif olubmu ki, ondan təsirlənib qələmi əlinizə almısınız?

 

-Olub, ehtimal ki. Amma xatırlamıram kimlər idi və hansı əsərlər idi. Ümumiyyətlə, yazmaq belə bir şey deyil mənimçün. Uyğun vaxt və hiss-həyəcan məsələsidir. 

 

-Mən Nigar, Orxan bəyin həyat və yaradıcılığını əhatə edəcək suallar hazırlamağa çalışdım. Orxan bəy, ən sevdiyiniz sualım hansı oldu və niyə?

 

-Yazıçı, şair, dramaturq və digər fəaliyyətlərimi sadalayıb bunlardan daha çox hansı olduğumu soruşduğunuz sualı sevdim. Bilmirəm, daha əvvəl bu sualı mənə veriblər, ya yox. Amma son dönəm buna cavab verməyi çox istəyirdim. Lirik-romantik eşq şeirləri yazan bir şair kimi tanınmaqdan yorulmuşam. Bu bir anlıq duyğuların yazdırdığı sadə sevgi şeirləri qısa zamanda elə şöhrət qazandırır ki, qarşısını almaq olmur. Mən xeyli şöhrətpərəst olduğum üçün yazdıqlarımı yayımlamaya bilmirəm. Tanınmaq və sevilmək xoşuma gəlir. Amma mən sadəcə məni populyarlaşdıran o sevgi şeirlərindən ibarət deyiləm. Çox daha ciddi və əhəmiyyətli əsərlərim var. Onları isə çox az adam tanıyır, çox az adam oxuyur və çox az adam anlayır. Ümumiyyətlə, çox uzun müddətdir ki, danışmıram. Səhnədən də xeyli kənara çəkilmişəm. Bunu sənətdən çəkilmək kimi anlamasın heç kəs. Mən bundan sonra ölsəm də, xeyli müddət sənətdən çəkilməyəcəyəm. İndiyə qədər yaratdıqlarım məni hələ uzun müddət sənətdə saxlamağa bəs edir. Sadəcə, antrakt üçün səhnədən enmişəm və on ildə bir fasilənin lazım olduğunu düşünürəm. Tamaşanın növbəti hissəsi başlayacaq və tezliklə səhnəyə dönəcəyəm. Hələ cavablandırmaq istədiyim çox sual var. Diqqətiniz və söhbətiniz üçün sizə minnətdaram! 

 

-Təklifimizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edir və uğurlar arzu edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.