“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
40-CI DƏRC
Baş Hakim onun sözünə qüvvət olaraq üzünü Vaçyantsa tutub əlavə etdi:
-Cənab Vaçyants, siz hətta müxtəlif yollarla cəzadan yayınmasaydınız belə, humanist müsəlmanlar bir il keçmiş sizə amnistiya verəcəkdilər. Bu, onların üzü, bu da sizin üzünüz.
Vaçyants bu məqamda susdu.
Sonra söz şahidlərə verildi.
Elan olundu ki, bu şahidlər 1918-ci ilin 4 dekabr tarixində Bakı şəhərində Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının keçirdiyi istintaq dinlənilməsi zamanı Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirilmişlər.
1-ci şahid gördüklərini belə nəql etdi:
-Xədicə Qəni qızıyam, 35 yaşım var, Bakı sakini, 1-ci Kanitapinskaya küçəsi, dalan № 7, ev № 8 ünvanında yaşamışam, savadsızam. 1918-ci ilin mart ayının 19-da səhər tezdən yüz nəfərdən artıq erməni əsgəri yuxarıda qeyd etdiyim ünvandakı evimizə soxuldular və mənim 45 yaşlı ərim İsmayıl Kərbəlayı Abbas Qulu oğlunu öldürdülər, mənim mənzilimi 6240 rubl dəyərində qarət etdilər, ərimin cibindən isə 7000 rubl pulunu çıxardılar. Mən azyaşlı uşaqlarımla qonşu yəhudi qadının evində gizlənmişdim. Bir saatdan sonra ermənilər məni əsir götürdülər. Ermənilər mənim əşyalarımı mənzilimdən çıxarıb avtomobilə qoyurdular və aparırdılar. Erməni əsgərləri qonşularımızı da öldürdülər və evlərini qarət etdilər. Mənim ərimi tüfənglə öldürdülər və ayaqlarını kəsdilər.
2-ci şahid hadisələri bu cür nəql etdi:
-Zərəfşan Bəyəli qızıyam, 40 yaşım var, Bakı şəhəri, 10-cu Kanitapinskaya küçəsi, 34 №-li evdə yaşamışam, savadsızam. Həmin il mart ayının 19-da – o qara gündə erməni əsgərləri evimizə soxuldular, mənim 20 yaşlı oğlum Məmməd Əli Nəcəf Qulu oğlunu gözümün qabağında öldürdülər və mənzilimi qarət etdilər. 5124 rubl dəyərində qarət edildik. Ermənilər 300 rubl nağd pulumu sandıqdan çıxardılar. Məni uşaqlarımla birlikdə əsir apardılar və dörd gün saxladılar. İki yaşlı oğlum əsirlikdə qollarımın üstündə öldü. Onun adı Abbasəli idi. Mənim ərim bağrı çatlayaraq öldü. Dörd gündən sonra məni buraxdılar və elə həmin gün iki oğlum - 6 yaşlı Həsən Bala və 9 yaşlı Hüseyn Bala da acından öldülər. Mən bir tikə çörəyə möhtac qalmışdım, bütün varımızı-yoxumuzu əlimizdən almışdılar.
3-cü şahid söz aldı:
-Zeynəb Xanım Əkbər qızıyam, 20 yaşım var, Bakı sakini olmuşam, Tatarskaya küçəsi, 90 №-li evdə yaşamışam. 1918-ci il mart ayının 21-də otuz nəfər silahlı erməni əsgəri yuxarıda göstərilən ünvandakı evimizə gəldilər, mənim mənzilimi 24.425 rubl dəyərində qarət etdilər və 1 yaş yarımlıq qızım Teyraxanımı ayaqlayıb əzdilər. Eşitdiyimə görə erməni əsgərləri mənim qonşularımın evlərində də uşaqları ayaqlayaraq əziblər. Mən ayaqlanan qızımın çığırtısını indi də eşidirəm.
Çıxışları təqribən oxşar olan, oxşar acılar çəkmiş ardıcıl 12 şahidin çıxışı dinlənildi. 12-ci şahid Bakı sakini olmuş Ziyarət Xanım Zülfəli qızı idi.
- 45 yaşım var, savadsızam, Bakı şəhəri, Qoqolevskaya küçəsi, 83 №-il evin sakini olmuşam, daimi olaraq isə Bakı quberniyasının Binəqədi kəndində yaşamışam. 1918-ci ilin sentyabrında ermənilər Binəqədidə müsəlman kəndlilərini, o cümlədən mənim 6 nəfər qohumumu, yəni 2 uşaq, 2 qadın və 2 kişini xəncərlə doğramışdılar. Bundan əlavə ermənilər ümumi dəyəri 28.800 rubl olan əmlakımı qarət etmişdilər.
12-ci şahid ifadəsi verildikdən sonra Vaçyantsın hadisələr vaxtı – martın 17-də Bakı Şəhər Dumasının iclasından çıxıb şəhərdə ilk atışma başlayanda Nikolayevsk küçəsində hadisələrə rəhbərlik etməsini iddia edən Mirzə Əhməd Hüseynzadənin şahid ifadəsı də alındı. Vaçyantsı yaxşı tanıdığını deyən Hüzeynzadə onu heç kəslə qarışıq salmadığını bəyan etdi, Vaçyants yenə and-aman etdi ki, guya orda olmayıb. Belədə, müsəlman şahid Quran çıxarıb əlini basdı ki, düz deyir, Vaşyants şəxsən qətllərin təşkilatçısı olub. Doğrudan, niyə də yalan desin axı?
Bu məqamda artıq zaman çox gec olduğundan Baş Hakimin təklifi ilə Divan öz işini ertəsi günə kimi təxirə saldı, hökm eşitmək arzusunda olan tamaşaçılar səbirlərini basıb növbəti günü gözləyəsi oldular.
Axirət dünyasında növbəti şər qaraldı, Baş meydan, Bazar meydanı, bulvar – hamısı tədricən boşaldı. Ay səmada tam bərqərar oldu. Burada Ay Əsas dünyadakından daha parlaq olur. Sanki o, daha yaxındadır, sanki, əl atsan tuta biləcəksən. Amma Axirət dünyasında Əsas dünyadakı kimi ulduzlara rast gəlməzsən. Nə sirrdirsə, buranın səmasında bilmərrə olaraq ulduz yoxdur. Deyilənə görə, Əsas dünyadan çox-çox uzaqda yerləşən bu, öz qravitasiyası və daxili təzyiqi nəticəsində müvazinətini saxlayan, işığı özündə əks etdirən ulduz adlı massiv qaz şarının öz daxilində baş verən nüvə reaksiyaları sintezini apararkən yalnız Əsas dünyada görünməsinin səbəbi var, bu, onun olduqca uzaqda – Əsas dünyaya ən yaxınının oradan 4,2 işıq ili məsafəsində yerləşməsi səbəbindəndir. 6000 ulduzun heç biri Axirət dünyasında görünməz. 4,54 milyard yaşı olan Əsas dünyanın alt qatında, nüvəsində yerləşən Axirət dünyasına yalnız Əsas dünyaya nisbətən yaxın olan Ay və Ulduz işıq sala bilir.
Buranın gecələrinin daha zülmətli olması isə Ayın daha çox parlaqlığını şərtləndirir.
9-CU PROSES.
HAMAZASP SRVANTSYAN
Növbəti proses günü erməni tarixində bəlkə də, ən çox qan tökən iki-üç şəxsdən biri hesab olunan, Andronikdən bu sahədə heç də geri qalmayan Hamazaspın tərcümeyi halı və cinayət dosyesinin oxunuşu ilə başladı. Bu insanın adı mənbələrdə o qədər cinayətlərdə hallanmışdı ki, hətta ekspertlərdə əməlləri insan adı ilə sığmayan bu şəxsi tez görmək marağı yaranmışdı. Ekspertlərdən emosional italyalı hətta yarızarafat, yarıgerçək söyləmişdi ki, proses başlayanda səhnəyə əcaib bir yeddibaşlı əjdaha gətiriləcək. Odur ki, onlar dünəndən Vaşyantsla birgə müttəhimlər kürsüsünü tutan bu şəxsdən gözlərini ayıra bilmirdilər.
Başında ağ qaragül dərisindən papaq, boynu qara mexli uzun plaş, yaxasında patrondaş, kəmərinə taxılan mauzer və azacıq çəpləşmiş gözlərdə hiylə və hədsiz qəzəb... Əjdaha-zad deyildi, adi insan idi, əgər beləsinə insan demək mümkündürsə. Saymazyana keçib yerində əyləşdi, pet şüşədəki suyu stəkana süzmədən başına çəkdi.
Baş ekspert hətta dünənki göz müşahidələri ilə kifayətlənməyib bu gün Hamazaspa yaxınlaşdı, bu qana susamış manyaka yaxından xeyli tamaşa da etdi.
Diktorlar mətni bir-birilərinə ötürərək bu şəxsin insanlığa sığmayan əməllərini faş elədilər.
-Hamazasp Srvantsyan 1873-cü ildə Osmanlı İmperiyasında - Vanda anadan olub, 1921-ci ildə Yerevanda vəfat edib. Erməni mənbələri onu fədai kimi qeyd edirlər, general rütbəsi var. 1905-1918-ci ildə rəsmən adı Osmanlı ordusunda, 1918-ci ildə bolşevik ordusunda, 1918-1920-ci illərdə Ermənistan ordusunda gedib. Amma gənc yaşlarından inqilabi fəaliyyətə qoşulub, Osmanlının sarsılmasına çalışıb. Tezliklə türklər tərəfindən təqib edilib, öncə Yerevana, ordan da Şuşaya qaçıb. 1905-ci ildəki erməni-müsəlman qırğınında fəal iştirak edib. 1908-ci ildə bir neçə daşnak dostları ilə birlikdə dövləti cinayətlərdə iştirakına görə Çar hökuməti tərəfindən həbs edilərək Sibirə sürgün edilib. Amma sürgün həyatı uzun çəkməyib.
Tarixçənin davamı sürətlə oxundu: 15 illik sürgün həyatını tam çəkmədən Hamazasp 1913-cü ildə sürgün yerindən qaçıbmış, öncə Avropaya, ordan da Konstantinopola gedibmiş. 1914-cü ildə 1-ci Dünya müharibəsinin başlanması ilə əlaqədar Rusiyada daşnaklara amnistiya verilmiş, Hamazasp da Qafqaza qayıtmışdır. O, 3-cü könüllü erməni drujinasına rəhbərliyi qəbul etmişdir. Onun drujinası Osmanlı İmperiyasında türklərə qarşı bir çox döyüşlərdə iştirak etmişdir, Vanda, Bitlisdə, Xizanda türk əsgərlərinin və türk kəndlilərinin qanını tökmüşdür. 1918-ci ildə Bakıda mart hadisələri zamanı Hamazaspın 3500 nəfərlik dəstəsi yerli müsəlman sakinlərə amansız divan tutmuşdur.
Baş Hakimin tövsiyyəsi ilə bu yerdə alman tarixçisi Yorq Baberovskinin xatirələrinə istinad edildi. Baberovskinin yazdığına görə Hamazaspın əsgərləri Bakıda insanları küçədəcə öldürür, yaralayır, zorlayırdılar.
Təfərrüatlar gətirildikcə tamaşaçıların təəccüb, heyrət və acıma sədaları ərşə ucalırdı.
Sonra ekspertlər məlumat verdilər ki, Hamazaspın dəstəsi Gəncə və Yevlaxda da eyni ssenari ilə müsəlman əhalinin qətliamını təşkil etmiş, Qafqaz İslam Ordusu ilə 4 ay müharibə aparmışdır. 1918-ci ilin iyulunda Hamazasp gücdən düşmüş ordusunun qalıqlarını sərhəddən keşirmişdir. Buna görə Erməni Briqadasının komissarı Anastas Mikoyan – o şəxs ki, sonradan SSRİ-nin ən yüksək dövləti postunu tutmuşdu, Hamazaspı xainlikdə ittiham etmişdir. “Mən dəstəyə rəhbərlik edən şəxsin bütün hərəkətlərini fikir süzgəcindən keçirdikdən sonra başa düşdüm ki, onun hərəkətinə bir ad qoymaq olar: xainlik və satqınlıq. Mən bu qərara gələn kimi Bakıya – Şaumyana bu məzmunda teleqram vurdum: ”Mənim əmrləri ona çatdırmaq cəhdlərimdən Hamazasp yan keçdi, ardınca da piyada dəstəsini çəkdi. Günahkarlar məhkəmə qarşısında durmalıdırlar.”
Az sonra Hamazasp İrana keçir, 1-ci dünya müharibəsi qurtaranda Ermənistana gedir. Onu Nor-Bəyazit regionunda Erməni ordusunun komandiri təyin edirlər. 1920-ci ildə o, türk-erməni müharibəsində iştirak edir. Sovet hakimiyyəti qurulandan sonra həbs olunub 1921-ci ildə Yerevan həbsxanasına salınır, orada da kommunistlər onu qəddarcasına öldürürlər.
Bu yerdə monitorda bir dərgi göstərildi, stenoqramda yazı ilə görüntü müşayiət olundu.
Rusiyanın məşhur “Oqonyok” jurnalının 1918-ci ilin oktyabrında çıxan sayının üz qabığına baxın: Bakının bir küçəsində - ikimərtəbəli yaşayış evlərinin önündə əli silahlı motal papaqlı kişilər bir birinə tüfəng qundağı və süngüsü ilə zərbə endirə-endirə vuruşurlar. Altına da yazılıb: “Erməni-müsəlman qırğını”. Jurnalın içində isə qara tüstünün fonunda yaylım atəşi açan erməni silahlıları sıra ilə düzülüblər, altından da yazılıb ki, “Erməni silahlıları Bakının yandırılmış müsəlman bazarı qarşısında”
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(17.10.2023)