“Cümə günü Əbülfətqızının 10 sualı ilə" rubrikasında Aysel Xanlarqızı Featured

Ülviyyə Əbülfətqızı, “Ədəbiyyat və incəsənət”

 

 

 

“Cümə günü Əbülfətqızının 10 sualı ilə" rubrikasının budəfəki qonağı gülərüzlü xanım- AYB-nin üzvü, Vətəndaş Həmrəyliyi Partiyasında " Qadınlarla iş üzrə” şöbəsinin müdiri, Müstəqil.az saytının redaktoru, 4 kitabı Azərbaycanda,  1 kitabı Türkiyədə, 1 kitabı Güney Azərbaycanda,  bir kitabı da Almaniyada işıq üzü  görən yaradıcı Aysel Xanlarqızıdır.

 

1) Aysel xanım, "Qadın  kimdir?"- sualına tərif  verilsəydi, sizin cümləniz necə olardı? 

 

-QADIN...

Otaqda yığılan köynəklər kimi,

Ütüləyib geyər ümidlərini.

İtirər yataqda bəzən yerini,

Gecə kürəyindən ağrıyar, Qadın.

 

Qurban verər dərdli doğrularını,

Dəyişməz yarasın sarğılarını.

Alar sevdiyinin ağrılarını,

Gizlicə gözündən oğrayar, Qadın.

 

Yuxusun analıq hissiylə bölər,

İllər saçlarının qarasın silər.

Ən son əl uzadar süfrəyə belə,

Övladı doyarsa, bir doyar Qadın.

 

Tapdansa, hüququ əyər içini,

Olmaz istəyinin azad seçimi.

Körpə arzuları bir alma kimi,

Bölüb dilimləyər, hey soyar Qadın.

 

Qovurub içini yeyər dərdləri,

Solar yaddaşında keçmişin yeri.

Üzündən, gözündən yağan kədəri,

Mətbəxdə soğan tək doğrayar Qadın.

 

Ruhdakı təkliyin toplanmaz cəmi,

Olmaz həsrətinin, içilməz dəmi.

Qaynayıb dağılan duyğular kimi,

Çaydanın gözündən ağlayar Qadın...

-bu sualınızı illər öncə yazdığım bu şeirlə cavablayıram .

 

2) Bir qatar göndərirəm bir biletin ardınca,

Boğuluram içimdə, olanları dadınca...

Sonuncu sərnişintək çıxıram qollarından,

Yığıb çamadanlara nəyim varsa, qadınca,

Səni bağışlayıram...Səni bağışlayıram.. ( Aysel Xanlarqızı)

Aysel xanım nəyi istəsə də bağışlaya bilməz?

 

-Əslində bağışlamaq mənəvi rahatlıqdır. Amma bu o demək deyildir ki, bağışladıqdan sonra hər şey əvvəlki kimi olur... Xeyr. Bağışlanmağı çətin olanları həyatımın, qəlbimin uzaq bir nöqtəsinə göndərirəm...

Ona görə də şeirimdə dediyim kimi -

Sonuncu sərnişintək çıxaram qollarından...

Səni bağışlayaram...

 

3) Əqrəbə bal ilə yedirtsən, şəkər,

Yenə də məhsulu olacaq zəhər (Nizami Gəncəvi)

Aysel xanım zəhər uzadan əli "kəsibmi", yoxsa, zəhəri alıb əvəzinə bal verib?

 

-Pislik etməyi heç bacarmıram... Bal yedirib zəhər qarşılığı görüncə də yenə özümü qınayıram... “Bir az insanları tanı” deyirəm.

 

4) Aysel xanım, 

"Darıxan şeirlər" yenə darıxırmı, yoxsa, sözləri sinəsinə sıxıb dərdi ovudur?

 

- Aysel də, şeirləri də hər zaman darıxır ... Həssas duyğuları  kövrək hisslərlə ilmələdikcə kədər də sözlərin sinəsində ovunaraq misralara sığınır.

 

5) Çingiz Aytmatov söyləyib ki: "İki insan bir-biri ilə tam bir uyğunluq içində yaşarsa, danışmadan da, qısa sözlərlə də anlaya bilərlər bir-birilərin."

 Bəs, nəinki, qısa cümlələrlə, hətta "qışqırtıya bürünmüş uzunboylu" cümlələrlə qonşularının da diqqətini çəkən ailələrə Aysel xanım hansı tövsiyəni verərdi? 

 

- Sırf ailə qurmaq xətrinə, evlənmək xətrinə ailə qurmağa kimsə çalışmasın. Çünki ailə bir dövlətdir, bu dövlətin siyasi, iqtisadi, maddi, mənəvi problemlərini də ancaq uğurlu, ağıllı dövlət başçıları həll edə bilər.

Qoruyub saxlaya bilməyəcəyiniz heç bir şey üçün tələsməyin, deyərdim. Əgər bu səhvi etmisinizsə, ikiniz də bir-birinizə güzəşt edə bilmirsinizsə, yol yaxınkən bir çarə tapın. Ya səbirlə davam, ya da tamam anlamında...

 

6) İslanıb ayağı yenə şəhərin,

Göylərin səhəngi yerə dağılıb.

Gecəni narahat keçirib Allah,

Səmada bir qara bulud boğulub...( Aysel Xanlarqızı)

 

Aysel xanım, göylərin səhəngi tez-tez dağılarkən ürək də boşalırmı?

 

-"Ürək yorulanda gözdən tər axar" -deyirlər ...

Göz yaşı bəzən rahatladır ...

Göylərin səhəngi də yerə dağılanda buludlar sakitləşdikcə təbiət susuzluğunu yatırır.

 

7) F. Dostoyevskinin “Utancaq qız" əsərindəki o məzlum qızın həyatını yaşamamaq üçün qızlara nə söyləyərdiniz?

 

-Tale çox vaxt insanın öz əlində olur, ömür ağ vərəqdir, qələmi alıb bəzi yerləri silib yenidən yazmaq üçün heç vaxt gec deyil...

Önəmli olan yazmaq bacarığının olmasıdır...

Mübarizədən və sınaqlardan əsla yorulmasınlar.

 

8)  Tutub ilham pərisini,

Diz üstə çökdürürəm.

Sətirlərin qarşısına,

Heca-heca eşq səpirəm.

Duyğuları günəş-günəş

doldururam qələmə... ( Aysel Xanlarqızı)

 

Dəyərli Yaradıcımız, ilham pərisi Sizi gecə saatlarında oyatsa, necə qarşılanır?  "Sən Allah, qoy yatım, yorğunam", yoxsa, "hanı telefonum( qələmim) "- eşidərək sevinir?

 

- İlham pərisi gecə saatlarında məni oyadanda əlindən tutub yanımda oturdur, onunla dərdləşir və sakitləşdirməyə çalışıram ... Tərki- dünya olaraq söz-söz dolub boşalan ruhu şeir-şeir rahatlaşdırmağa çalışıram . 

 

9) "Qadınsız cəmiyyət çürük bir ağac kimidir " -demiş Cəfər Cabbarlı.

Aysel xanım, həm ana, həm yaradıcı, həm də digər fəaliyyətləri zamanı yorularkən, gücünü necə bərpa edir?

 

-Təbiidir ki, qadının cəmiyyətdə rolu ikiqat artıq olur. İş yerinin məsuliyyəti ilə bərabər, övlad tərbiyə edir, ailə qayğılarının bir çox ağırlığını da  öz üstünə götürür. Yaradıcı qadınlarda isə bu üç qatlı olur...

Yorularkən, yorğunluğumu qələmim, yaradıcılığım, sevdiklərim və həyatdakı ən uğurlu yaradıcılığım olan iki övladım, onların uğurları çıxarır. Onlar xoşbəxt olanda və uğur qazananda isə özümü daha çox xoşbəxt hiss edirəm. 

 

10) Deyim var ki: "Bir qadına vurulduğunuz zaman həyəcanlanmayın, bir yerdə oturun, dərin nəfəs alın və qatilinizlə tanış olmağın kefinə baxın." 

Aysel xanım, belə çıxır ki, biz qadınlar qatilik? Bu deyimə fikriniz necədir?

 

-Məncə, insan özü özünün həm qatilidir, həm də xilaskarı...

Hələ ki, dünyanın ən zərif varlığı olan qadından bir kişi istərsə qatil, şeytan, istərsə də qurtarıcı, mələk yarada bilər... Bir kişi öz qadınına həm ata, həm dost, həm sevgili, həm oğul, həm də ömür-gün yoldaşı olmağı bacarmalıdır.

 

-Aysel xanım, rubrikamızın qonağı olduğunuz üçün Sizə minnətdarıq. Dəyərli zamanınızdan sevə-sevə pay aldıq, halal edin. Sonda ən çox hansı sualımızı bəyəndiyinizi bilmək istərdik.

 

-Diqqətiniz üçün, dəyəriniz üçün sizə minnətdaram, əziz Ülviyyə xanım. Ürəyiniz, ruhunuz bütün əməlləriniz də gözəldir. Təşəkkür edirəm!

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.