Leyla Ümid, “Ədəbiyyat və incəsənət”
1789, Paris küçələri...
Yaz ayında hava soyuq olsa da çiçəklər, yaşıllıqlar açmağa davam edirdi. Hər il baharın gəlişində gözəlliklər, bayramlar, sevinclər yaşanardı. Ancaq bu il sanki hər şey daha da soyuyacaqmış kimi qara bir duman bu ölkənin, bu şəhərin üzərini qalın yorğan əvəzi örtmüşdü. Küçələrdə insan çığırışları, iğtişam dolu günlər, müşket və tüfənglərin atəş səsləri, gizli yerlərdə qurulan planlar, qiyamçılar, tikilən barrikadalar, çölə çıxa bilməyən oyunlarından, məktəblərindən uzaq düşmüş uşaqlar.. bunlar hər kəsin qəlbinə qorxu, dəhşət salsa belə xalq, qiyamçılar əsla dayanmadan haqları üçün vuruşurdular.
Kral artıq əhaliyə baxmırdı. Mülklərini, pullarını, torpaqlarını vermirdi. Hətta ən son taxıl tədarükü belə kəsildiyi üçün insanlar bir parça çörəyə möhtac qalmış durumda idilər. Zədəganlar və burjuaziyalılar öz nüfüzlarını itirmişdilər. Xalqı öz yanlarına çəkərək qərar almışdılar ki, kralı devirsinlər. Zadəgan təbəqəsinin əlində olan bütün silahlar qiyamçı əhaliyə paylanılmışdı. Xalq əlbir olmuşdu. Beləcə, başlandı qiyam günləri.
İnsanlar əllərində nə varsa- masalar, ev əşyaları, dəmirlər, taxtalar - hər birini gətirib küçədəki qurduqları barrikadaya düzürdülər. Ən çox qum kisələri yığılmışdı və barrikadada kiçik deşiklər açılaraq silahları yerləşdirmişdilər. İlk barrikada nəsilləri zadəgan ailəsi olan, fəqət ən sonda tək başına yetim qalmış Violettanın evinin qarşısında qurulmuşdu. Onun ikimərtəbəli bınasının aşağısında şirniyyat mağazası, üstündə də yaşadığı evi var idi. Evinin pəncərəsindən barrikadanın həm sağını, həm də solunu görə bilirdi. Violetta nə qədər həyəcana, qorxuya bürünsə belə o da xalqın qalibiyyətinin, ədalətsiz hökmdarın taxtdan devrilməsinin tərafdarı idi.
Kral Generala bütün ordularını, qoşunlarını toplanmasını əmr etmişdi. Qiyamçılara hər tərəfli hücum edib qiyamı yatırtmaq lazım idi. General dərhal ordunu beş hissəyə bölərək hər birinin başına komandir təyin edir. Onlar silahları ilə yarısı at üzərində, yarısı isə piyada şəkildə təyin edilmiş bölgələrə tərəf irəlilədilər. İnsanlar barrikadalarını qurmuş vəziyyətdə müharibəyə hazır idilər. Gecə saatlarında hücumun ilk dalğası baş verdi və əsgərlər deyil də xalq qalib olaraq onları şəhərin içərisinə girməyə icazə vermədi. Gecədən səhərə beş dəfə fərqli tərəflərdən qiyamçıların üsyanını yatırtmaq üçün hücum olsa belə onlar dözümlü idilər. Nə qədər atlar tələf olmuş, insanlar tələf olmuşdu. Lakin yenə də bu yoldan dönməyən xalq haqlarını susmayaraq tələb edirdi. Qiyamçıların bir qismi gizli yollar təyin etməyə, plan qurmağa çalışırdılar ki, Bastiliya qalasını ələ keçirsinlər. Bu zamanda əsgərlər yorulmuş halda barrikadaların digər tərəfində binanın arxasında duraraq dincəlməyə çalışarkən Violetta önlüyünü taxıb öz işinin başına keçdi. Küçədəki hər evin işığı sönmüş olsa da tək onun evinin işığının yanması qarşı pilləkəndə əyləşib siqaret çəkən komandir Stephanın diqqətini çəkmişdi. Violettanın peçenyə sobası mağazada deyil də, evində idi. Əslində, bunun səbəbi bütün əhaliyə çox maraqlı gəlirdi. Kimsənin bilmədiyi bir reseptlə bişən bu peçenyeləri illərdi Laurent nəslinə çox yaxşı pul və ad-san qazandırmışdı. Peçenyeləri yeməyə başqa ölkədən zadəganlar belə gəlirdilər. Violetta Laurent bu peçenye markasının geriyə qalan son üzvü idi. O çox düşüncəli, mərhəmətli, təmizqəlbli və əliaçıq bir gənc qız olduğu üçün insanlar ac qalıb haldan düşməsinlər deyə onlara peçenyelər və müxtəlif şirniyyatlar hazırlamaq qərarına gəlmişdi. Şirniyyatlarını bişirdiyi sobanın önünə keçərək qapağını açır və onu işə salarkən söyləməyə başlayır:
-Oldu yenə gecə yarısı, qaranlıq çökdü bu şəhərə. Gələ bilərsiniz artıq başlayaq biz öz işimizə, canım ailəm. Un gətirməyi də unutmayın.
Bu sözləri sadəcə yandırdığı sobaya deyirdi. O, deyəsən, ya dəli olmuşdu, ya da musiqi yazmağa çalışırdı. Bir neçə dəqiqə sonra sobanın işiğı çox parlaq yanaraq içərisindən Violettanın saçlarını və pərdələri yellədən sərt külək əsdi. Ardıyca otaqda peyda olan şəffaf ağımtıl görüntüyə malik yaşlı, bəstəboy qumral saçlı qadın dedi:
-Hər dəfə bu portaldan keçəndə üstüm başım, makiyajım pozulur. Daha rahat yolu tapılsaydı kaş. Necəsən, gözəl nəvəm, Laurent?
Violetta gülərək cavabladı:
-Çox sağ olun, madam Suzanne. Bəs un hardadır? Təcili işə başlamaq lazımdır. Vəziyyət çox qarışıqdır. Orda olan bitəndən xəbəriniz varmı?
-Unu Gabriel gətirəcək. Hər şeydən xəbərimiz var. Ona görə bu ərəfə gecələr çoxumuz gəlmək qərarı almışıq. İnsanlar üçün bişirdiklərinlə qəşəng qazanc əldə edib bizim kimi ad-san sahibi ola bilərsən.
-Mən babamla vacib bir məsələ haqqında danışmalıyam.
-Violetta, bax, qızım, başını bu işlərə qarışdırma. Bilirsən ki, ev səni qoruyur və əsla burdan çıxma.
-Suzanne nənə, xalqın vəziyyəti ortadadır. Hər gün nə qədər insan həyatını itirir. Mən burda qalıb özümü müdafiə edim?
Elə bu andaca sobadan otağa yaşlı, ağsaqqal Gabriel baba peyda oldu. O dedi:
-Mənim ceyranım, gözəl balam, necəsən?
-Vəziyyət heç ürək açan deyil, baba. Aldığım məlumatlara görə qiyamçıların silah-sürsatı azalıbdır. Yeni silahlara ehtiyacları var.
-Sənə bir ünvan deyəcəm. Oraya özün getmədən mənim nəvəm olduğunu bildirərək məktub göndərib yardım istəyərsən. Ən yaxın can dostum olan Hüqo köhnə qurdlardandı. Hərbiçi olub deyə hələ də əliqolu çatır. Ondan silah anbarlarının yerini öyrənib qiyamçılara yollamalısan.
Suzanne nənə qəzəblə dedi:
-Sən ağlını qaçırmısan? Bu davaya, müharibəyə qızı necə qatırsan, başına bir şey gələr, dəlimi olubsan, Gabriel?
Violetta söhbəti dəyişməyə çalışıb aradakı gərginliyi qaldırmaq üçün işə başlayır. Onun peçenyeləri əslində sehrli idi. Böyük bir Laurent nəsli kainat tərəfindən bir ərmağana- sehrə sahib idilər. Violettanın sobası portal idi. Ruhlar dünyası ilə əlaqəsi olan möcüzəvi portal cənnətdən onlara bəxş edilmiş, dünyada tayı-bərabəri olmayan inqridentlərlə bişirdikləri peçenyeləri hər kəsi məst edirdi. Uzun illərdir bu ləzzətə görə ad-san qazanmışdılar və lazımli ərzaqları heç bitmirdi. Hər şeyi özəl sehrlə hazırlayırdılar deyə dünyanın dörd bir yerinə səs salmış ləzzətdə olan şirniyyatlarını başqa aşbazlar bişirə bilmirdilər. Laurent ailəsindən olan iki ruh- nənəsi və babası bu gecə ona yardıma gəlmişdilər. Bəzi zamanlarda atası ilə anası da gəlirdi. Başqa kimsənin görmədiyi bu ruhları yalnız Violetta və onun sirri açıqladığı insanlar görə bilərdi. Bu isə ailəsinin tək qırmızı xətti tək önəmli qaydası idi ki, hər şey gizli qalmalıdır. Yoxsulluq zamanında, kralın taxılı kəsdiyi bir vaxtda Violettanın şirniyyatlarını hər gün bişirə bilməsi xalqı şüphəyə salmırdı. Çünki düşünürdülər ki, bu ailə çox zəngin olduğundan öz taxıl anbarları var. Gecə səhər saatlarına qədər bütün bir əhaliyə çatacaq şirniyyat hazırlanırdı. Un havada süzülərkən, süd bir digər tərəfdən tökülür, yumurtalar da sınıb qabda özü-özünə qarışırdı. Yəni, qıraqdan baxan birinin gördüyü bu səhnə olsa da əslində, hər birini ruhlar edirdi. Həm tez, həm dəhşət ləzzətli, həm də doyumcul bir sehrə malik olan şirniyyatları bişdikdən sonra Violetta özü kiçik qutulara yerləşdirdi. Səhər açıldığından ruhlar çıxıb getmişdilər. Violettanın məqsədi bundan əsla pul qazanmaq deyildi. O insanlara dayaq olmaq istəyirdi. Səhər çağı saat 06.00-da başlamış hücumun saat 12.00-yə qədər altı və yeddinci dalğası gerçəkləşmişdi. Hər kəs artıq qüvvədən düşmüş halda barrikadanın divarına yaslanmışdı. Violetta pəncərəsindən həm əsgərlərin həm də əhalinin halsız olduğunu görüb qablarla birgə müvəqqəti sülh olan bu küçəyə çıxarkən komandir Stephan Garcia ilə göz-gözə gəlir. Sonra onu vecinə almadan barrikadaya tərəf yeriməyə başlayır. Bu an əsgərlərdən biri əlindəki silahı arxadan qıza doğruldarkən komandir ona “dayan” işarəsi göstərərək silahı aşağı endirir və qızın nə etdiyinə böyük maraqla baxır. Violetta barikadanın solunda olan əsgərlərə əlindəki şirniyyatlardan verib sonra qiyamçılara tərəf uzadır. Lakin əli barrikadanın üzərinə çatmır. Onun yanında duran əsgərlərdən biri bir qədər qızın çətinlik çəkdiyini izlədikdən sonra əlindəki şirniyyatları götürüb bir əli ilə ağ dəsmal sallayıb digər əli ilə şirniyyatları barrikadanın yaxınında olan qiyamçıya verir ki, yesinlər.
Beləcə yarım saat boyunca Violetta həm əsgərlərə, həm də qiyamçılara qutularda şirniyyatlarını paylayır. İlk dəfə yeyənlər ləzzətli dadından dəliyə dönmüşdülər. Komandir isə başçıdı deyə yeməmişdi və əsgərlərinə nəzarət edirdi. Bir neçə saat sonra iki tərəfdə silahlarla bir-birinə hücüm edəcəklərini bildikləri halda indi hər iki tərəf də sükuta çökərək peçenye yeyirdilər. Doğrusu, ordu da bu xalqa aid idi. Bu xalqdan idi. Ancaq kralın əmrindən çıxa bilməzdilər.
Bir qədər sonra səkkizinci hücum dalğası oldu və bu səfər orduya yeni silahlar gəldiyindən daha qüvvətli bir hücümla barrikadanı yara bilmişdilər. Qiyamçılar kmlər ötədə olan digər barrikadaya sarı qaçmağa başladılar. Əsgərlər onların bir çoxunu, qaça bilməyənləri arxadan güllələyib öldürdülər. Ardıarası kəsilməyən silah səsləri nəhayət susduğunda digər barrikadanı yıxmaq üçün gücə, yuxuya ehtiyacı olan əsgərlər komandirin verdiyi əmrlə bu küçədə yerləşən evlərə girməyə başladılar. Komandir özü isə ən sonda başını yuxarı qaldırdıqda pəncərə kənarından ona nifrətlə baxan gənc xanımı gördü. Bir siqaret yandırıb ətrafa və səmaya baxarkən dərin düşüncələrə daldı. Sanki içindən vicdan əzabı onu boğurdu. İnsanların ölüm hökmünü soyuqqanlılıqla verməsinə məcbur olmağı ona dərindən təsir edirdi. Lakin bir şeytan necə mələk ola bilərdi ki? Buna kim inanardı? İnsanların inandığı tək şey mələyin günün birində şeytana çevrilməsidir. Fəqət pis işlər görən, mərhəmətsiz kimi görünən bir şeytanın yaxşı biri ola biləcəyinə kimsə inanmazdı. Komandir gənc xanımın qapısını döyərək orda qalmaq istəyir. Violetta onu evə almağa məcbur olur. İçərinin gözəlliyini görən komandir həm dizayna, həm də qoxuya heyran qalır. Ardıyca alicənablıqla bir çay istəyib şirniyyatın dadına baxarkən o da digərləri kimi heyran qalır. Ağzı dolu halda danışmağa çalışıb: “Bu necə bu qədər mmm.. çox ləzzətli. Bihuş edici, xariqüladə bir ləzzətə malikdi?”- dedi. Violetta ona sərt şəkildə “nuş olsun” deyib öz otağına keçir. Otaqda sağa-sola gedərkən ağlında sadəcə tək şey var idi. Ona gəlməli olan məktubu düşünüb dururdu. Violetta Bastiliya qalasının ələ keçirilməsi üçün gizli mənbələrdən öyrəndiyi silah anbarlarının yerini qiyamçıların başçısı olan- uşaqlıqdan bir böyüdüyü dostu Henriyə məktubla göndərmiş və onlardan cavab gözləyirdi. Otağının qapısını döyən Stephanın nə istədiyini soruşmaq üçün çıxır və komandir sadəcə söhbətləşmək istədiyini bildirir. Violettaya bu olanlardan peşmanlıq duyduğunu və buna məcbur olduğunu izah etməyə çalışarkən onun sözünü əsəblə kəsən gənc qız deyir:
-Siz bundan əgər zərrə qram peşmanlıq hiss etsəydiniz o günahsız xalqa qıymaq yerinə birlik olub krala qarşı çıxaraq onu taxtdan endirərdiniz. Kral xalqa bir çörək belə vermir. Nə üçün onun əmrlərini həyata keçirdirsiniz? Siz bu xalqa düşmənsiniz, ya bu xalqdan birisi?
-Mən bu ordunun komandiriyəm, madam. Mən bunun üçün təlimlər almış və belə böyüdülmüşəm. Ailəmin- ata, babalarımın peşəsidir. Mən bu vətən üçün hökmdar üçün savaşmağa məcburam. Edam cəzası üzərinə and içmişəm xəyanət etməyəcəyimə. Ancaq mənə inanın öz xalqıma qarşı ordumu yürütmək məni məhv edir. İnanın..
-Kaş ki, vicdan, insanlıq və ədalət uğrunda təlimlər alsaydınız.
Stephan əyləşdiyi masada əllərini və barmaqlarını birləşdirmiş masanın üzərindəki papağına baxaraq susmuşdu. Heç bir söz söyləmədən içdən içə qıza haqq verirdi bəlkə də..
* * *
İki gün sonra.. Gecə düşmüş bir çox insan evinə çəkilmişdi. Artıq hücumlarını dalğasının sayısı itəcək qədər çoxalırdı. Komandir Stephan gənc xanımın evində divanın üzərində yuxulayıb qalmışdı. Gecənin bu saatlarında Violettanın qapısının döyülməsiylə o qapıya doğru səssizcə addımladı. Açdığında qapıda sadəcə bir məktub var idi. O bunun Henridən olmasını çox arzulayırdı. Otağına keçib məktubu oxuyan qızın arzusu çin olmuşdu və məktubda: “Əziz və dəyərli Violetta, verdiyin məlumatlar üzrə müraciət etdik.Hələ ki anbarları dəqiq təyin etməsək də çox yaxınlaşmışıq. Səndən isə bir xahişim var. Burda qiyamçılarda demək olarki artıq taqət qalmayıb. Su və yeməyə bir şey hazırlaya bilərsənmi? Ən önəmlisi isə heç nədən də qorxma. Mən burdayam. Bu xalq qalib olacaq. Sən qorxma və mənə güvən. Qısa zamanda yanına gələcəyəm. Sevgilərlə, Henri”-yazırdı. Violetta artıq zamanı gəldiyini və portalı işlətməli olduğunu bilirdi. Fəqət komandir onun evindəykən bunu necə edəcəkdi? Barmaqlarının üzərində gəzərək sakitcə sehrli mətbəxinə keçdi. O pıçıltı ilə bir neçə dəfə ruhları çağırır. Bu gecə onunla şirniyyat hazırlamağa ən sevdiyi qohumları əmisi qızları- İsabella ilə Emilia gəlir. Qızlar evdə başqa birinin olduğunu anladıqları an dəliyə dönsələrdə nəticədə məsələni anlamışdılar. Violetta və İsabella işə başlamışkən Emilia gəlirəm deyərək ortadan itir. O küçəyə çıxıb ortalığın vəziyyətinə baxırdı. Gözəl Paris küçələrinin məhv oluşu ruh belə olsa qıza çox dərindən təsir etmiş və gözlərini yaşartmışdı. Lakin evdən çıxdığı zaman onu hər kəsin görə biləcəyini unutmuşdu deyə özü üçün süzülüb baş verənlərə nəzər salırdı. Bu zaman küçədə dolaşan əsgərlərdən biri başının üzərində süzülən bu şəffaf rəngli gözəl xanımı görüb dili tutulur. Ruh olduğu çox aydın idi. Gözləri bərələ qalmış qorxudan qışqıra da bilmirdi. Emilia anidən əsgərin ona baxdığını fərq edib bir göz qırmıpında yox olur. Əsgər küçədə qaçaraq digər əsgərlərin yanına gəlib bu əhvalatı danışmağa başlayır. Yoldaşları onun yuxusuzluqdan artıq dəli olduğunu düşünürdülər. Emilia heç nə olmamış kimi evə qayıdanda qızlar artıq şirniyyatların çox hissəsini hazır etmişdilər. Bu soba həm də sürətli bişirə bilirdi. Onlara yardım edərkən üçünün də başı işinə və son durumlar haqqında, nələr olacağıyla bağlı söhbətlərə qarışmışdı. Stephan mətbəxdən gələn qəşəng qoxuya və səslərə oyanıb yarıyuxulu halda mətbəxə tərəf getməyə başlayır. Qızlar heç bir səs duymadan işlərinə davam edirdilər. Stephan mətbəxdə gördüyü mənzərə qarşısında gözləri bərələ qalır. Masadan göyə havalanaraq qabın içinə tökülən vanil, digər kənarda öz-özünə çırpılan yumurta və Violettanın bişmiş olanları sobadan çıxartması görüntüsü onu şoka salmışdı. O bunun bir yuxu olduğunu düşünsədə bir yandan da çox gerçəkci görünürdü. Stephan durumu dərk etmədən qız onun orda olduğunu görüb əli-ayağına bir-birinə dolaşərkən bir açıqlama düşünürdü. Ailəsini satmamaq üçün komandirə yalandan özünün bir neçə sehr edə bildiyini, ailəsindən ona qalan bir özəllik olduğunu söyləyir Stephan qızın cadu ilə məşğul olduğu düşüncəsinə qapılmağa başlasa da tək kəlmə etmədən yarı yuxulu halda otağa geri dönür. Violetta ürəyinin sürətli döyüntüsündən keçirdiyi həyəcandan artıq işi yarım qoyub bişən hər bir məhsulları su olə birgə qutulara düzməyə başladı. Ruhlar isə çıxıb getmişdilər.
Səhər açıldığı zaman baş komandir Stephan Garcia ordusunun ikinci barrikadanın üzərinə yürüyüşə hazırlandıqlarını görür. Bunu ən yaxın dostu və ən güclü cəngavəri Burnel tapşırmışdı. Komandir dostu ilə bir siqaret yandırıb bina küncündə söhbət etməyə başlayərkən gecə gördüklərini ona danışırdı. Burnel buna gülüb yuxu olduğunu vurğulamışdı. Ardından komandir üsyanı yatırtmağa hazırlaşan ordusuna “Dayanın!” əmri verdi.
Halbuki ordunun digər hissələri xalqla savaşarkən komandir bir bəhanə ilə ordunu dayandırırdı. Yuxarıdan əmr gəldiyini və burda müşahidə üçün gözləməli olduqlarını deyən Stephanın yalan danışdığını dostu hiss etmişdi. Komandir Violettanın evinə dönərkən bu vəziyyətdən əşəbləşən Burnel əsgərlər arasında söhbət yaymağa başlayır ki, komandirin ağlı başından uçub. Cadugər qız onu müharibədən uzaqlaşdırır ki, kral ölsün. Bu xəbər həm qiyamçıların arasında həm də əsgərlər arasında sürətlə yayılmağa başlamışdı. Hətta bir əsgər gecə havada süzülən ruh gördüyünü və bu xəbərin doğru olduğunu söyləyirdi. Violetta isə vəziyyətdən bixəbər Stephan ona qarşı çıxsa belə yeni hazırladığı qutuları güvənli bir at faytonu ilə ac susuz olan qiyamçılara göndərmişdi. Komandirin qızın bu qorxusuz ürəyinə, cəsarətinə hər dəfə heyran qaldığı bəlliydi.
* * *
Həftələr sonra.. Vəziyyət hələ də eyni idi. İğtişaş, küçələrdəki insanların qışqırıqları, silah səsləri.. Ordunun digər qüvvələrindən biri barrikadalardan dördünü məhv etsə də xalq qorxusuzca saray yolunda irəliləyirdilər. Küllü miqdarda itki olurdu amma dayanmaq bilmirdilər. Həftələr boyu Violetta şirniyyat bişirməmişdi. Çünki Stephan evindəydi və ordusu hələ də ikinci barrikadanı aşa bilməmişdi. Bəlkə də aşmamaqları üçün komandir onlara tez-tez fasilələr verdirirdi. Ortalıqda yayılan cadugər xəbəri artıq generalın qulağına çatmışdı. Ancaq ən güvəndiyi adamı Stephan Garcia olduğu üçün bu vəziyyəti araşdırmadan addım atmaq istəmirdi. Violetta isə sanki onun əslində, yaxşı biri olduğuna inanmağa başlayırdı. Günlərlə, həftələrlə eyni evdə qaldıqları üçün danışmağa zamanları çox olmuşdu. Bir-birlərinin gözlərinə baxdıqları an arada dağlar qədər fərqlilik olmasına baxmayaraq qəlblərinin çırpıntı səsləri onlara şirin bir utanc verirdi. Stephan Violetta hər dəfə kitab oxuyanda onun kürən saçlarını, kiçik burnunu, incə belini, albalı rəngli dodaqlarını süzərək məst olurdu. Bəzən özünü o qədər qaptırırdı ki, olduqları vəziyyətdən uzaq xəyallara dalırdı. Komandir elə özü də kimsədən geri qalmırdı. Hündürboy, enlikürək, əsmər, dərin baxan gözlərə sahib idi.
Axşam Violettanın qapısı döyüldü. Qapını açan komandirə saraydan gələn bir adam məktub verib getdi. Stephan məktubu oxuduğunda Generalın xəbardarlıq yolladığını görür. General onu bacarıqsız, həftələrdi olduğu yerdə qalan adlandırıb irəli getməsini istəyir və əks təqdirdə vətən xaini adını qoymaqla təhdid etmişdi. Ordunun baş komandiri Stephan Garcia sanki şirin yuxudan şiddətlə oyandırılmış kimi hiss edirdi. Nə edəcəyini düşünərkən Violettanın evinin qapısı ikinci dəfə döyülmüşdü. Xəbərdarlıq məktubuna başı qarışan komandiri görən qız qapını açmağa getdiyində bu səfər gördüyü mənzərə qarşısında çox sevindi. Bu Henri idi. Necə gəldiyi bəlli deyildi lakin o cəsur ürəkli, yaraşıqlı və bu xalqın qorxmaz oğlu idi. O təlaşlı halda Violetta ilə birlikdə şirniyyat mağazasına daxil oldu. İçəri girən an qızı möhkəmcə qucaqladı. Hansı ki, uşaqlıqdan bəri sevdiyi qızı...Bu mənzərəyə evi mağaza ilə birləşdirən pilləkənində durub gizlənən Stephan şahid oldu. Violetta yoldan gəldiyi üçün ona çay və geriyə qalan peçenyelərdən verib ondan xəbərləri almağa başladı.
Henri dedi:
-Xəbərlər çox əladır! Silah anbarlarını ələ keçirmişik. Bastiliya qalası ələ keçirildikdən sonra kralı devirəcəyik. O zaman isə bu bir qiyam üsyanı deyil inqilab olacaq! Fransanı monarxiyadan çıxardan ilk inqilab olacaq, əzizim. Adımız tarixə yazılacaq. Çox böyük faydan toxundu. O silahlar bizi xilas etdi. Lakin bilməlisən ki, bu xəbər tez zamanda yayılacaq və ordu arta bilər. Qaçıb getməliyik. Sən mənimlə güvənli yerə gəlməlisən.
-Henri, dediklərinə həqiqətən çox sevindim. Səninlə fəxr edirəm, əzizim. Fəqət burdan çıxa bilmərəm.
Bura mənim evimdir. Buranı tərk edə bilmərəm.
-Bax mənə, belə olmaz. Sənin ailənə verdiyim sözüm var ki, səni qoruyacağam. Bura güvənli deyil. Mən üsyana başçılıq edirəm, Violetta. Hər an başıma bir iş gələ bilər. Səni güvənli yerə aparmadan buradan ayrılsam gözüm açıq gedərəm.
Violetta “yox” cavabını başıyla bildirərək üzünü sağa sola çevirərkən ona sərt baxışlarla baxan Stephanı gördü. Zamanla içində ona qarşı hislər yarandığını bilsə belə bunları basdırmağa çalışan Violetta bu vəziyyətdə nə edəcəyini bilmirdi. Lakin bilmədiyi şey kimi seçəcəyi deyildi. Zatən Henrinin təklifini rədd etmişdi. Çünki evini və mağazasını, ən əsası isə gecələr görə bildiyi ailəsini buraxmaq istəmirdi. Bəlkə də onu da buraxmaq istəmirdi, kim bilər..Tək düşündüyü şey Stephanın eşitdiklərindən sonra nə edəcəyi idi. Bastiliya qalası planını eşitmişdi. Ya insanlıq edəcəkdi ya da ki, hər şeyi məhv.. Violetta cəld onun tərəfə gedərək xahiş etməyə başlayır ki, ordunu dayandırsın icazə versinki qiyamçılar qalaya getsinlər. O isə Henri ilə baxışır aralarından buz kimi külək əsirdi. Henri isə rütbəli onun geyimindən anlamışdı ki, o ordu komandiridir. Violetta dostuna çıxıb getməsini söyləyərkən Stephan isə tək kəlimə etmədən evə qalxıb pencəyi ilə siqaretini götürür və evdən çıxır. O küçəyə nəzarət edən sağ qolu- yaxın dostu Burnelə xəbərdarlıq məktubundan bəhs edib nə edəcəyini bilmədiyini söyləyir. Çünki məğlub olacaqlarını və kralın devriləcəyini bilirdilər, hiss edirdilər. Xalq silahları ələ keçirmişdi. Burnel isə kralın və generalın əmrinə uyub irəli getməli olduqlarını, yetərincə dincəldiklərini bildirir. Stephan Violettanı tanıdıqdan sonra içindəki mərhəməti daha da artmışdı. İnsanların qalib olmasını istəyirdi. Bəlkə də xəyalında bu sehrli qızla evlənməyi də düşünürdü.. O bir siqaret daha çəkdikdən sonra evə dönərək isti çay və yeyəcək peçenyə axtarır. Lakin hər biri bitmişdi. Violetta onun ətrafından pərvanə olmuşdu komandirə nə deməli olduğunu bilmirdi. Stephan onun qarşısına keçərək dərin nəfəs alıb dilləndi:
-Sənin yanında mən başqa bir insan oluram. Bəlkə də elə özüm oluram, bilmirəm. Bəlkə də edam cəzası alacam sırf sənə görə.. Çünki sənin qəlbin, mərhəmətin, fədakarlığın mənim içimdəki şeytanlıq nədir bilməyən o ruha toxunur. Ordumu geri çəkəcəm. Bunun izahatını necə verəcəyimi bilmirəm. Ancaq bundan sonra mənim əmrimlə kimsə ölməyəcək. Sən də həyatını rahat yaşaya bilərsən o adamla çıxıb getmənə icazə verirəm. Getmədən qabaq mənə bir qutu peçenye hazırlayıb sonra get, dünyalar gözəli.
Bu sözlərdən sonra Violetta onun gözlərində həqiqətən səmimiyyəti və vicdan əzabını görmüşdü. Stephana duyduğu qürur hissi sevincdən boğazını düyümləyərkən gözündən yaşlar axmağa başladı. Ona möhkəmcə sarılaraq: “Çox amma çox təşəkkür edirəm. İçindəki insanlığı və mərhəməti yaşatdığın üçün çox sağ ol. Heç yerə getməyəcəm. Bəlkə də edam cəzasını birlikdə alarıq”- deyib gözyaşlarına bürünən yanaqlarıyla gülməyə başladı. İkisi də bir-birinə çox dərin baxaraq gülmüşdülər.
Həmin gün Violetta ikinci bir qərarı da almışdı. Stephanı mətbəxə aparır və sobanı açaraq ruhları səsləyir. Oğlan gülərək qızın zarafat etdiyini düşünürdü. Fəqət Violetta ailəsinin ən böyük qanununu sevgisi uğruna gözardı edirdi. Sevgi belə bir şeymiş deməli-deyilməyəcək sözləri sirləri belə gizlətmədən açıqlamaq istəyi və bildiyin hər şeyi həyəcanla onunla bölüşmək.
-Oldu yenə gecə yarısı, qaranlıq çökdü bu şəhərə. Gələ bilərsiniz artıq başlayaq biz öz işimizə.
Ortaya çıxan ruhları Violetta istədi deyə Stephan da görə bilmişdi. O dəhşətlər içərisində oturduğu yerdə dik atılıb silahını onlara sarı çəkmiş bunun nə olduğunu anlamaqda çətinlik çəkirdi. Ruhlar isə gördüyü mənzərə qarşısında çox qəzəblənib Violettaya qışqırmağa başlayırlar. Violetta əslində ailəsinə qəlbinə toxunmuş olan, sevdiyi oğlanı və onun necə yaxşı biri olduğu göstərmək istəyirdi. Hər iki tərəf qorxmuş olsa da sakitçilik yarana bilmişdi. Ardıyca ruhların heç biri bunu qəbul etməyərək qaydaları çiynədiyi üçün Violettanı tərk edib portaldan keçib gedirlər. Gənc qız nə qədər çağırsa da səs-soraq yox idi. Violetta ümidləri qırılmış halda səssizcə oturub ağlayırdı. Stephan durumu həzm edə bilməsə belə Violettaya dəstək olub ona sarılmışdı. Qız başda pis olsa da bilirdi ki, ailəsi onu sevir və geri dönəcəklər. Özü peçenyələrini bişirməyə başlayır. Bu an Stephan deyir:
-Deməli, məcazi yox həqiqətən sehrli bir gözəlliyə maliksən. Həmdə ölməz bir ailəyə..Özünə aşiq etmək üçün peçenyəyə nəsə qatıb yedirtməmisən?
Onlar gülüşdükləri zaman Violettanın ürəyi rahatlamışdı ki, hər şey qaydasındadır. Stephan bu haqda kimsəyə danışmayacağına söz verir və onlar səhər yola çıxmaq üçün gedib yatırlar. Burnel onun ən yaxın dostu sifətində görünən lakin daima paxıllığını çəkən mundar xasiyyətli biri idi. Əsgərlər arasında komandirin ağlını qaçırdığını və qiyamçılardan yana olduğunu qızın isə cadugər olduğunu hətta taxıl verilməyən zamanda oğurluq edərək biş-düş etdiyini və komandirin ağlını aldığı kimi kralı da zəhərləyə biləcəyini kəskin şəkildə yaymış və bunu Generala bir daha bildirmişdi. Bu zamanda Stephan hər şeydən xəbərsiz Violetta ilə birgə plan qururdu. General artıq cadugər Violetta və vətən xaini Stephan üçün edam cəzası qəbul edərkən Henri ilə bütün qiyamçılar Bastiliya qalasına çox yaxınlaşmışdı. Ancaq Henrinin bu çıxan şaələrdən və edam qərarından xəbəri olur və Violetta üçün çox narahat olduğu üçün ondan uzaq olsa belə qıza məktub göndərib ünvan verir ki, oraya gəlsin. Məktub yola çıxmış gedərkən Stephan ordusuna komandirlik rütbəsi ilə son əmrini verərək “Geri çəkilirik, hücumlar bitti ordu!”-deyib içəri daxil olub rütbəsinə aid paltarını Violettanın evinə asaraq sadə geyim geyinmiş başına isə papaq taxmışdı. Onlar qiyamçılara qarışmaq üçün madamı ilə birlikdə evdən çıxdılar. Edam cəzasından bixəbər sadəcə yola düşmüşdülər. Xalqa qarışmağı düşünürdülər. Onlar evdən çıxan an Burnel ikisinin də getdiyi istiqaməti kralın digər adamlarına xəbər edərək sırf komandir olsun deyə can dostunu satmışdı. Violettanın qapısına məktubu gətirən adam qapının kilitli olduğunu görüb məktubu qapının yanına heyifslənərək qoyub gedərkən əl-ələ gizli yollardan gedən komandir və zadəgan qızı söhbətləşirdilər. Stephan ona bir sual verir:
-Hər şey bitdiyi zaman, kral devrildikdən şəhidlərimizi dəfn etdikdən sonra mənimlər bir həyat qurmaq və sonsuza qədər azand Fransada yaşamaq istəyərsən? Evlənərsən mənimlə?
İlk dəfə sevgi hissini görən gənc qız gözləri dolaraq cavablayır:
-Sizi həqiqətən sevdiyimi bilirdiniz, cənab?
-Deyəsən, bəli xanım.
-O zaman bu sualın cavabı əmin olun ki, bəlidir. Ancaq bunu bilin ki, şirniyyat mağazamı tərk etmərəm.
-Buna heç mən icazə vermərəm ki, dünya bu incə gözəl barmaqların hazırladığı ləzzətdən məhrum qalsın.
İki sevgili bir nə qədər yol qət etdikdən sonra kimsəsiz küçədə dincəlmək üçün dayanırlar. Elə bu an həm sağdan, həm də soldan kralın sarayındakı adamlar Stephan və Violettanı tuturlar. Onlar nə qədər qışqırsalar da qaçmağa çalışsalar da səsləri kimsəsiz küçədə eşidilməmişdi. Ölümə çox yaxın olduqlarını bilirdilər. Onların əllərini güclə bağlayıb divara yasladılar. İki sevgili bir-birinə son dəfə baxarkən gözlərindən bir damla yaş axmışdı yaşaya bilmədikləri xəyalları üçün... Ardından qışqırdılar: “Qalib olan xalqımızdır! Vətən sağ olsun!”. Beş-altı dəfə silah səsinin yanxısı yayıldı və cansız bədənləri qan içində kimsəsiz küçədə yatarkən Henrinin ordusuyla birgə xoşbəxtlikdən qışqırıq səsləri də ərşə ucalmışdı. Hamının kral tiraniyasının rəmzi kimi tanıdığı Bastiliya ələ keçirildi. Bu, artıq qiyam deyil, əsl inqilab idi. 26 avqustda Milli Assambleya əsas insan hüquqlarının toxunulmazlığını elan edən "İnsanın və vətəndaşın hüquqları haqqında bəyannamə"ni qəbul edir.
* * *
Hər şeyin sonunda bütün şəhidlər küçələrdən toplanmağı və layiqli mərasim keçirilməyi haqq edirdilər. İnsanlaq bu sevgililəri ən öndə daşımış və layiqli mərasim keçirdib bədənlərini şəhidlərlə birgə basdırmışdılar. Dərin sükut..Bütün bir Fransa “Violettanın sehrli peçenyelərini” bir daha görə bilməyəcəyini anlayıb onun sirli evini muzeyə çevirdilər. Burnel isə xalqın silahı ilə bir neçə yerdən yaralanmışdı. Ölməmişdi lakin həyatına əlil qalmış formada davam edəcəkdi.. Burda sadəcə Rowlingin sözü gəlir ağla: “Ölülər üçün deyil, yaşayanlar üçün üzül, pis ol, Harry. Ən çoxda sevgisiz, ümidsiz və mərhəmətsiz yaşayanlar üçün”.
“Ədəbiyyat və incəsənət”
(12.10.2023)