“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
37-Cİ DƏRC
Baş Hakim ekspertlərə müraciət etdi:
-Cənab Vaçyants kimi bütün ittiham olunan erməni millətçiləri də istintaqda günahsız olmalarını sübut etməyə çalışıblar. Vaçyantsın istintaqdan azad olunması isə hər hansı müsəlmanın dəstəyi ilə baş verməyib, onun günahsız olması alibi də isbatlanmayıb. Onun istintaqdan qurtulması ilk əvvəl zaminə götürülməsi, bundan başqa Avropadan güclü vəkil gətirməsi, Azərbaycan tərəfin qanunun aliliyinə, ədalətə, humanizmə yönəli siyasəti olub. Vaçyantsın istintaqdan qurtulması barədə, buyurun, mən bu sənədi göstərirəm, 1919-cu ilin 14 noyabrında Bakı sakini Qayk Boqdanoviç Ter Mikaelyan İstintaq komissiyasına Vaçyantsın zaminə götürülməsi xahişi ilə müraciət edib, komissiya üzvü Aleksandroviçin vəsadəti ilə 100000 rubl ödənildikdən sonra Vaçyants zaminə buraxılıb. Üstəlik, hədsiz dərəcədə imkanlı olan Vaçyants Qərbin və Rusiyanın da böyük dəstəyini alıb canını cəzadan qurtarıb. Onun azad edilməsi üçün ayrıca Daşnaksütun partiyası Azərbaycan tərəfə ultimatum da verib.
Əlbəttə, Divanın Əsas dünyadakı məhkəmə proseslərindən əsas fərqi hakimlərin həm də ittihamçı qismində iştirak etmələridir. Bu, onlara prosesə daha dərindən nüfuz etmək üstünlüyü verir.
Vaçyants yenə zil səsini ucaltdı, azad edilməsini məhz cinayət törətməsi isbat edilmədiyi səbəbi ilə izah etməyə çalışdı. Onun səsi həqiqətən çox gur və cingiltili idi, yüz nəfərin birlikdə danışdığı təqdirdə onun səsini batıra bilməyəcəyi təəssüratı yaranırdı. Belədə Baş Hakim ironiya ilə söylədi ki, cənab Vaçyants, çox zil səsiniz var, əsl baritondur, müğənni olsaydınız, bəlkə də xalqınıza xeyir verərdiniz, amma siz cinayət yolunu seçdiniz, çörəyini yediyiniz bir xalqın minlərlə nümayəndəsinin qətlinə bais oldunuz.
Vaçyantsın növbəti qışqır-bağırının müqabilində Baş Hakim ekspertlərə müraciət etdi, dedi, xahiş edirəm 1918-ci ildə baş verən müsəlman qətliamına gətirib çıxaran tarixi şəraitlə tamaşaçılarımızı tanış edəsiniz.
Öncə diktor mətni ilə bir arayış səsləndi:
-Arayış: “1918-ci ilin martında törətdikləri kütləvi qırğın ermənilərin azərbaycanlılara qarşı növbəti soyqırımının davamı idi. Bu qırğın nəticəsində təkcə paytaxt Bakıda deyil, Azərbaycanın bir çox bölgələrində də amansız vəhşiliklər, iyrənc əməllər törədildi. Qırğın martın 31-dən aprelin 2-si gecədən xeyli keçənədək davam etdi. Təkcə Bakıda 12 mindən çox azərbaycanlı öldürülmüşdü.
Bolşevik-daşnak birləşmələri Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırımını davam etdirmişdilər. S.Lalayans və T.Əmirovun daşnak dəstələri aprelin 3-16-da Şamaxı əhalisinə qanlı divan tutdu. Daşnaklar 8 mindən artıq dinc azərbaycanlı əhalini öldürdülər. 72 kəndi dağıtdılar. Hamazaspın rəhbərlik etdiyi daşnak dəstələri Quba qəzasının 162 kəndini yandırdılar. 16 mindən çox müsəlman öldürdülər. Bu soyqırımı zamanı 50 minə qədər azərbaycanlı qətlə yetirilmişdi.”
Ardınca ekspertlərdən biri çıxıb mətn oxumağa başladı:
-“Ermənilərin və onların havadarlarının I Dünya müharibəsi dövründə Şərqi Anadoluda müstəqil erməni dövləti yaratmaq niyyətlərinin baş tutmamasından və rus qoşunlarının Türkiyə torpaqlarından geri çəkilməsindən sonra Cənubi Qafqazda erməni dövləti yaratmaq ideyası yenidən gündəmə gəlmişdi. Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra rus qoşunlarının tərkibində Qafqaz cəbhəsində Türkiyəyə qarşı vuruşan erməni əsgər və zabitləri əllərində silah Cənubi Qafqaza qayıtmışdılar. Üstəlik, ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları Şərqi Anadolu ərazilərindən həmin dövrdə 260 minə yaxın erməni qaçqınları da Cənubi Qafqaza gəlmişdi. 1917-ci il dekabrın 16-da Rusiya Xalq Komissarları Soveti milliyyətcə erməni Stepan Şaumyanı Qafqaz işləri üzrə fövqəladə komissar təyin etmişdi. Həmin dövrün siyasi vəziyyəti həddən artıq mürəkkəb, qarışıq idi. 1918-ci il fevralın 12-də Osmanlı İmperiyası qəti qərar verdi, türk ordusu ermənilərin Vanda silahlı üsyanla hakimiyyəti ələ almaq səviyyəsinədək çatan Şərqi Anadoluda törətdikləri qırğınlara dözməyərək, əks hücuma keçdi. Andronikin, Hamazaspın, Dronun, Njdenin quldur dəstələri türk qoşunlarının önündən geri çəkildikcə müsəlman yaşayış məntəqələrini talan edir, əhalisini soyqırımına məruz qoyurdular. 1918-ci ilin mart ayınadək erməni silahlı bandaları təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər türkü soyqırımına məruz qoymuşdu”.
Vaçyants qışqırdı:
-Bunların Vaçyantsa nə dəxli?
Mətnsə oxunmaqda idi:
-“1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın başçılıq etdiyi Bakı Kommunası hökumətinin bolşevik-erməni silahlı qüvvələri Bakı şəhərində, Şamaxı və Quba qəzalarında azərbaycanlılara qarşı soyqırımı törətmişlər. Bakı quberniyası ərazisində Tatevos Amiryan, Hamazasp Srvantyants, Stepan Lalayan, Asatur Vaçyants kimi daşnak quldurlarının başçılığı ilə qırğınlar törədilən zaman Tovmas Nazarbekyanın, Andronik Ozanyanın, Qaregin Njdenin, Drastamat Kanayanın başçılıq etdikləri silahlı dəstələr İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı soyqırımı həyata keçirirdilər”. Budur bunların Vaçyantsa dəxli.
Başqa diktorun oxuduğu mətnin növbəti hissəsində Vaçyants bir qədər susqunluq nümayiş etdirməli oldu.
-“1918-ci ilin mayında Azərbaycanda – keçmiş İrəvan xanlığının ərazisində ilk erməni daşnak dövləti – Ermənistan Respublikası yarandıqdan sonra rəsmi dövlət orqanları aborigen azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasətini davam etdirmişlər. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 31-də keçirilən iclasının qərarı ilə İrəvan şəhəri o şərtlə Ermənistan Respublikasına paytaxt kimi güzəştə gedilmişdi ki, Azərbaycana qarşı ərazi iddiasından əl çəkilsin. Lakin Ermənistan hökumətinin ilk işi Zəngəzur və Qarabağı silah gücünə ələ keçirmək üçün hərbi əməliyyatlara başlaması oldu. Əvvəlcə Andronikin, sonra Dronun, daha sonra isə Njdenin komandanlığı altında Ermənistan silahlı qüvvələri Zəngəzur üzərindən Qarabağı ələ keçirmək üçün dəfələrlə hücuma keçdilər. 1919-cu il mayın 28-də Ermənistan parlamenti “Birləşmiş Ermənistan” haqqında qərar qəbul etdi. Zəngəzur, Qarabağ və Naxçıvan Ermənistan ərazisi elan edildi. 1918-ci il iyunun 4-də Ermənistan hökumətinin imzaladığı Batum müqaviləsi ilə respublikanın ərazisi 9,5 min kvadrat kilometrə bərabər idi.
1919-cu ilin aprel ayınadək Andronikin qoşunu Ərzurumdan Zəngəzuradək hərəkət trayektoriyası üzərində yerləşən 500-dən artıq türk-müsəlman yaşayış məntəqəsini viran qoydu. Zəngəzuru ələ keçirməklə Andronik Qərb dövlətlərinin Türkiyə ilə türk dünyasının əlaqəsini kəsmək niyyətlərini reallaşdırmış oldu. Sovet Rusiyası isə Zəngəzurun Ermənistana verilməsini rəsmiləşdirdi, Naxçıvan Azərbaycandan ayrı salındı”.
Asatur Vaçyants ekspert mətninin bitməsi səssizliyindın dərhal istifadə etməyə çalışdı:
-Naxçıvan qədim erməni mahalıdır!
Yaşlı hakim dərhal ona cavab verdi:
-Naxçıvan sözü ermənicə nə anlamı daşıyır? Heca-heca bölək: Nax-çı-van. Bu sözlər erməni dilində varmı? Yoxdur. Yeganə, sizin tutalqanız “van” sonluğudur, harda görürsünüz, “bizimdir” deyirsiniz. Amma türkcə bu söz Nuh çıxan anlamındadır, əsatirə görə Nuhun gəmisi burda çıxıb.
Hakimin bu hazırcavablığı auditoriya tərəfindən alqışla qarşılandı.
Baş Hakim ekspertlərdən xahiş etdi ki, 1918-ci il qətliamını doğuran səbəblər haqqında konkret danışılsın ki, izləyicilər mövzunu daha dərindən anlaya bilsinlər. Eyni zamanda, 1918-ci ilin Bakısındakı siyasi durumu da anlatsınlar.
Ekspertlər belə də etdilər. Həmin dövrə və sözügedən hadisəyə belə bir xarakterizə verdilər:
-“Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak rejiminin hakimiyyəti dövründə Azərbaycanda güclənməkdə olan milli dirçəliş prosesi, "Müsavat" partiyasının durmadan artan nüfuzu müşahidə edilirdi, bu da bolşevik-daşnak qruplarını daha da yaxınlaşdırdı. Bolşeviklərin yerli əhali arasında heç bir nüfuzu, sosial dayağı yox idi. Bunu 1917-ci ilin oktyabrında Bakı Sovetinə keçirilən seçkilərin nəticələri də aydın göstərirdi. Seçkilərdə cüzi səs qazanan bolşeviklər "Müsavat" partiyasına ciddi şəkildə uduzmuşdu. Rəsulzadənin başçılıq etdiyi "Müsavat" partiyasının Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamlı mübarizəsi bolşevikləri ciddi narahat edirdi. Elə buna görə də S.Şaumyan Bakıda bolşevizmi bərqərar etməklə azərbaycanlılara qarşı milli qırğın törətmək, xalqın oyanmaqda olan milli azadlıq, qurtuluş hərəkatını beşikdə ikən boğmaq, "Müsavat" partiyasının sosial bazasını zəiflətmək, müsəlmanlara "dərs vermək" istəyirdi”.
Yaşlı hakim xahiş etdi ki, Şaumyanın həmin dövrdə Bakının türk-müsəlman əhalisinə qarşı soyqırımına ciddi hazırlaşmaqla Moskvaya məktub yazaraq Qafqaz Qırmızı ordusunun təşkili üçün təcili surətdə on milyon rubl göndərilməsini xahiş etməsini mütləq mətnə əlavə etmək lazımdır. Çünki bu, erməni liderin ambisiyalarının real səviyyəsinin göstəricisi hesab edilə bilər. Ekspertlər əlavəni edəcəklərini bildirib mətnin davamını səsləndirdilər:
-.”Bolşeviklərin S.Şaumyana göndərdikləri ərzaq eşelonları bu dövrdə Şimali Qafqazda yaranmış Terek-Dağıstan müsəlman hökumətinin maneçilik törətməsi nəticəsində Bakıya yetişməsə də, ermənilər Moskvadan böyük mənəvi dəstək aldılar. 1917-ci ilin 29 dekabrında Lenin Türkiyə ərazisində ermənilərə muxtariyyət verilməsinə dair sənəd imzaladı. Bu sənəd daşnak-bolşevik ittifaqını daha da gücləndirdi. Bakıda törədilən 1918-ci ilin mart soyqırımında "Daşnaksütun" bolşeviklərin zərbə qüvvəsini təşkil etdi. Digər tərəfdən, S.Şaumyanın təşkilatçılığı ilə Birinci Dünya müharibəsi cəbhələrindən geri çəkilən erməni əsgər və zabitləri Bakıda cəmləşdirildi.
Azərbaycanlı tarixçi Aydın Balayev bu barədə belə yazmışdı: “Oktyabr inqilabından sonra Zaqafqaziyada və Bakıda hakimiyyət vakuumu hiss edilirdi. Bolşeviklərin və eserlərin toplaşdığı Bakı Soveti faktiki Bakıda hakimiyyətə yiyələnmişdi. Bolşeviklərin liderləri arasında etnik ermənilər çox idi, onlardan da Bakı Sovetinin sədri, Qafqaz işləri üzrə Fövqəladə komissar Stepan Şaumyan əsas rol oynayırdı. Qızıl Ordunun Bakı Sovetinin silahlı birləşmələrində də əsasən ermənilər toplaşmışdı. Komandirlərin isə əksəriyyəti daşnak partiyası təmsilçisi idi. Belə ki, Qızıl Ordunun Bakı qərargahının rəisi çar ordusunun keçmiş polkovniki Avetisov idi, 3-cü briqadaya isə daşnak Hamazasp Srvantyants başçılıq edirdi.
Sonradan, 1918-ci il aprelin 19-da Bakı Sovetinin yığıncağında S.Şaumyan etiraf etmişdi ki, Bakının milli tərkibi onu çox qorxudurmuş və o, erməni-daşnak alaylarının köməyindən heç cür imtina edə bilməzdi. Həqiqətən də, Bakıda azərbaycanlılara qarşı törədilən mart soyqırımının əsas təşkilatçısı və icraçısı V. Leninin Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin etdiyi S.Şaumyan idi. Onun təşkil etdiyi "Qırmızı ordu"nun tərkibi də, demək olar ki, tamamilə ermənilərdən ibarət olmuşdur. Beləliklə, müsəlman qırğını həyata keçirmək üçün hər cür hazırlıq görülmüşdü, qalırdı yalnız bu qırğın üçün bəhanə tapmaq”.
Ekspertlər 1918-ci il Bakı qırğınının nə səbəbdən başlanması barədə bir neçə müxtəlif mənbələrin olduğunu dilə gətirib onlardan ən real olanını səsləndirdilər...
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(12.10.2023)