Roman janrında yeni imza: Adəm İsmayıl Bakuvi

Könül, “Ədəbiyyat və incəsənət”

 

Portalımız həm də bələdçi rolunu oynayır, oxucularına keyfiyyətli musiqi, film, eləcə də kitab tövsiyyə edir. Bu gün mən sizə imzasını çox bəyəndiyim Adəm İsmayıl Bakuvinin kitabları barədə danışmaq istəyirəm. Hələ ki, onun 3 kitabı çıxıb, hamısı da biri-birindən gözəldir. Oxumağa dəyər.

 

Adəm İsmayıl Bakuvi, “Məhşər divanı: Yalanın 17 anı” romanı

Müəllifin ilk romanıdır. 445 səhifəlik sənədli romanda erməni millətinin nümayəndəsi olan 17 nəfərə qurulmuş Böyük Divandan bəhs edilir. Klassik məhkəmə formatına uyğun bir qaydada keçirilən Böyük Divanda Zori Balayandan tutmuş, Monte Melkonyana qədər, Qaregin Njdeyə qədər əlləri, qələmləri qana batmış ermənilər müxtəlif cinayətlərdə ittiham olunur. Baş Meydanda insanların qarşısında onlara nədə ittiham olunduqları elan edilir. Zəruri hallarda müxtəlif millətlərdən olan ekspertlər, zərərçəkənlər dinlənilir. Nəticədə bəşəriyyəti sarsıdan erməni cinayətləri bir-bir sadalanır. Burada mənəvi cinayətlər də yer alır.

Müəllif obyektivliyi qoruyaraq ittiham edilənlərə də baş hakim obrazının dili ilə söz verir. Hər bir fəslin sonunda hər ittiham olunan erməniyə hökm oxunur. 

Kitabda həmçinin çoxsaylı ensiklopedik məlumat yer aldığından əsərdən tələbələrdən siyasətçilərə qədər hər kəs yararlana bilər.

 

 Adəm İsmayıl Bakuvi, “Paris üçbucağı” romanı

Bu roman Adəm İsmayıl Bakuvinin böyük rezonans doğurmuş “Məhşər divanı: Yalanın 17 anı” romanından sonra işıq üzü görən sayca ikinci romanıdır. Bu roman da siyasi romandır, burada da erməni-azərbaycanlı münaqişəsi geosiyasi maraqlar konteksində araşdırılır, amma roman həm də azərbaycanlı və fransız gənclərinin - Ülvinin və Suzannanın ülvi məhəbbətlərini özündə daşıyan bir melodramdır. 

Tarixi faktlarla zəngin olan “Paris üçbucağı” maraqla oxunur, axıradək oxucunu gərginlik içində saxlayır. Roman geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 

Yazıçının hədəfi daha çox beynəlxalq arealdır. Məqsədi Azərbaycanın haqq işini bədii-sənədli təcəssümlə statistik dünya oxucusuna çatdırmaqdır. Yeni romanın əsas hədəfi əsasən fransız oxucudur. Əminlik var ki, bu oxucu “Paris üçbucağı” ilə tanışlıqdan sonra “türklər tərəfindən genosidə məruz qalmış zavallı ermənilərin” obrazını ötən əsrin 70-ci illərində Fransada 70-ə yaxın terror aktı törədib fransızların qanını tökən erməni obrazına dəyişəcək.

 

 

 Adəm İsmayıl Bakuvi, “Eşq mələyi” romanı

Müəllifin sayca üçüncü romanı olan “Eşq mələyi” əbədi mövzuya – sevgiyə həsr edilib. Amma burada sevgi çətiri altında cəmiyyəti sarsıdan əksər bəlalar öz əksini taparaq nümayiş olunur.  Qadın hüquqsuzluğu, cəmiyyətin maddiyyata sitayişi, insani münasibətlərin kökündə təmənnanın dayanması, sosial ədalətsizlik, güclü cinsin zərif cinsə yönəlmiş cinsal istəkləri sonda romanın baş qəhrəmanını uçuruma sürükləyir. Ailəsinin dağılması, pozğun həyat, həbsxana onu tamamən mənfi istiqamətə daşıyırsa da, həyatda yeganə sevinci olan qızı naminə o duruş gətirib yaşayır.

Romanın kulminasiyası uçuruma yuvarlanmaqda olan qadının bir vaxtlar əlindən buraxdığı xoşbəxtlik quşu ilə – ilk məhəbbəti ilə təsadüfən qarşılaşması epizodudur. Həyat yeni nələr vəd edəcək? Çirkaba bulaşmış qadın paklana biləcəkmi?

Roman geniş oxucu kütləsi, xüsusən gənclər üçün nəzərdə tutulub.

 

“Ədəbiyyat və incəsənət”

(12.10.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.