Əli Tudə günü

Bu gün - oktyabrın 12-də saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış Güney Azərbaycanlı şair, əməkdar incəsənət xadimi, mərhum Əli Tudənin 100 ilik yubileyinə həsr edilmiş kitabın təqdimat mərasimi keçiriləcəkdir. Tədbir təşkilatçıları maraqlı olan hər kəsi  dəvət edir. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına AYB sədrinin Güney Azərbaycan üzrə müşaviri Sayman Aruz məlumat verib. 

 

Biz sizlərə Əli Tudə barədə bilgilər verəcəyik. Əslən Ərdəbilin Çanaxbulaq kəndindən olan atası Qulu və anası Şahbəyim Quzey Azərbaycana köçüb və Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olub. 

Atası Qulu neft mədənində fəhləlik etmiş, sonra isə buruq ustası vəzifəsinədək yüksəlmışdir. Əli 1 yaşında olarkən atası, 5 yaşında isə anası dünyasını dəyişib. O, nənəsi Qəribin himayəsində böyüyüb. 150 saylı orta məktəbdə oxuyub. Bu dövrdə Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin, sonra isə İsmayıl Soltanın rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olub. Artıq 13 yaşında ikən Əlinin ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub, radioda səslənib. 1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da şeirləri dərc edilib.

1938-ci il repressiya dövründə 7-ci sinifdə oxuyarkən o, Güney Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilir. Təhsili yarımçıq qalır. İranda təsərrüfat işləri və fəhləliklə məşğul olaraq ağır həyat tərzi keçirir. Lakin şəxsi mütaliəsi, ədəbiyyata güclü meyli onda yazıb-yaratmaq həvəsini söndürmür. 

50 ildən artıq bir müddət ərzində bircə gün belə olsun qələmini yerə qoymayan Əli Tudə dərəli-təpəli bir həyat və yaradıcılıq yolu keçib.

Əli Tudə 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulur, silahı və qələmi ilə mübarizə aparır. Milli ruhlu şerləri ilə xalqı istiqlala çağırır. 1944-cü ildə "Vətən yolunda" qəzetində Əli Tudə imzası ilə şeirləri çap olunur. 1944–1946-cı illərdə Ərdəbildə çıxan "Ziddi-faşist", "Cövdət" qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan "Azərbaycan" qəzetində, "Şəfəq", "Azərbaycan" məcmuələrində, "Şairlər məclisi" almanaxlarında şeirləri müntəzəm olaraq işıq üzü görür. O, "Hizbitudeyi İran" partiyasının üzvü olur (1944). Bir ildən sonra, 1945-ci ildə Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsi sıralarına qoşulur. İran xalq partiyası Ərdəbil vilayət komitəsində təbliğatçı (1944–1945), Milli hökumət yarandıqdan sonra Təbrizdə Maarif Nazirliyində tədris şöbəsinin müdiri (1945–1946) işləyir. "Ana dili" kitabının tərtibi və çap olunmasında xüsusi rol oynayır. Sonra isə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli filarmoniya yaradır, onun ilk və son müdiri olur. Mahal-mahal, kəndbəkənd gəzərək istedadları bu böyük mədəniyyət ocağına cəlb edir.

Əli Tudə Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biridir. İctimai-siyasi fəaliyyəti ilə bərabər, şair öz qələminin qüdrətindən inqilabın nailiyyətlərinin qorunub saxlanılması üçün ustalıqla istifadə edir. Yaradıcılığını, yüksək əqidəsini, mütərəqqi fikirlərini mübarizə yollarında məşələ çevirən Əliyə Təbrizin şairlər məclisində müdriklər tərəfindən Tudə, yəni Xalq təxəllüsü verilir. Milli hökumət onu ali mükafat "21 Azər" medalıyla təltif edir. O vaxt şairin cəmi 22 yaşı var idi və ilk şerlər kitabı da çap ərəfəsində idi.

Lakin tale burda da öz qəddar hökmünü verdi. Bu xoş günlər, azadlıq və səadət uzun çəkmədi. Min bir əzabla, qanlar bahasına qurulmuş Milli hökuməti İran dövləti beşikdəcə boğdu. Şairin üsyankar ruhlu şeirlər kitabı mətbəədəcə yandırıldı. Tutulduğu anda məhkəməsiz-filansız qətlə yetirilməsi barədə şahın fərmanı verildi. Şair mübarizəni davam etdirmək və qayıtmaq məqsədilə öz məsləkdaşları ilə bir daha Vətəndən Vətənə mühacirət etmək məcburiyyətində qaldı. 1946-cı il dekabrın 12-də sərhəddə yazdığı "Mən nə gətirdim" şeri Güney Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi oldu. O taydan gələn qardaş-bacılarımızın manifestinə, həyat məramına dönən bu şeir tez bir zamanda dillər əzbərinə çevrildi.

Milli demokratik hökumət irtica qüvvələri tərəfindən boğulduqdan sonra Bakıya mühacirət zamanı  "Ədəbiyyat” qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində işlədi. Ona ali təhsil almaq imkanı yarandı. BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirdi (1947–1952). 

1958-ci ildən Azərbaycan və SSRİ Yazıçılar İttifaqının üzvü, Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Ali partiya məktəbində müdavim, "Azərbaycan" qəzetində (Azərbaycan demokratik firqəsinin orqanı) ədəbi-şöbə müdiri oldu Əli Tudə (1952–1962). 

Sonra bütün həyatını bədii yaradıcılığa həsr edir. Ümumittifaq tədbirlərində, Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, Tbilisidə SSRİ Yazıçılar İttifaqının plenumunda və s. iştirak edib. "21 Azər" (1946), "Əməkdə fərqlənməyə görə" (1959) medalları ilə mükafatlandırılıb.Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub (1984). Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilib (1960-cı ildən).Əmək Veteranı (1986), Əməkdar İncəsənət Xadimi (1987), 50 poemanın, 60-a yaxın kitabın müəllifidir. Əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis və s. dillərə tərcümə olunub. 

Əli Tudə ömrü boyu siyasi mühacir olaraq qaldı. Sovet pasportu daşımadı. Bir çox yüksək titul və mükafatlardan məhrum oldu.

1996-cı il fevralın 26-da Bakıda vəfat etdi. Fəxri Xiyabanda dəfn olundu. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(12.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.