Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Ruhum üşüyür sanki bu gecə. Məzarlıq var qəlbimin içində. Gecə düşür üstümə. Səssizlik yaralayır sanki varlığımı, var oluşumu. Küçələrdə bir sərxoş fırlanır, mahnılar oxuya-oxuya.
"Təkcə səndən hey nigaranam, səndən nigaranam.."
Ayaq üstə dura bilməyən o adamın gözyaşlarından ötrü titrəyən səsi gəlir pəncərəmə. Titrəyən qəlbimin səsinə qarışıb səs. Onun səsindən və qəlbimin əsintisindən başqa səs yoxdur heç yerdə.
Sanki hər şey çox səssizdir, sanki her yer qaranlıqdır. O qədər qaranlıq ki, kiçik uşaqların "ana qorxuram" deyə qışqırıqlarını hiss edirəm bir yerlərdə. Çilçıraqları da söndürüb fırtına.
Bu gecə də hüzursuzam niyəsə. Bir bilinməzlikdə qalan ruhum və mən söhbət etdik bu gün bir az. Əksik qalan o qədər şey varmış ki, həyatımda, bu qədər zaman necə fərqində olmamışam bilmirəm. Əslində mən xoşbəxtəm. Əylənirəm, zövq alıram həyatdan. Amma gecə düşəndə bir hüzün dolur qəlbimə. Gecənin səssizliyimidir məni hüzünləndirən, yoxsa gecənin səssiz çığlıqlarımıdır? Kim bilə bilər ki?
Ömür keçir, zaman dayanmadan gedir. Bir az öncə batan günəş bir az sonra yenidən səmada olacaq. "Bəs qəlbinin sönmüş günəşi?" Deyə beynimin dərinliklərindən bir səs soruşur məndən bu zaman. O qədər sual var ki ağlımı qurcalayan, cavabsız qalan. Bəlkə də cavabsız qalması gözəldir. Bir kitabda oxumuşdum, yarım qalan hərşey əbədi olmağa məhkumdur. İmkansız, yarım qalan sevgilər də, tamamlanmamış sevgi cümlələri də, cavablanmamış suallar da. Hətta yazılmamış kitablar da əbədiyyət gətirir deyəsən. Əbədiyyən onu yazmaq, onu tamamlamaq xəyalı dolur insanın qəlbinə. Və bir də əlvidalardır deyəsən əbədi olan. Gedişlər və dönməyişlər. Gecənin səsinə qarışan hıçqırıq səsləri, göz yaşları. Daimidir həsrətlər, daimidir qaranlıqlar. Deyəsən vaxtı gəldi yenə əlvidaların.
Ey könlümün bahar çiçəyi... Əlvidamızın üstündən bir payız da keçdi. Bir əlvida fəsli daha tamamlandı. Bu gecə də səsinin xəyalı ilə dalıram yuxuya. Bəlkə başqa diyarlarda, başqa gecələrdə, başqa günəşlərin işığında rast gələrik bir daha.
Gecəniz xeyrə..
“Ədəbiyyat və incəsənət”
(11.10.2023)