“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
34-CÜ DƏRC
Divan prosesinə azacıq yüngülləşmə gəldi. Tamaşaçılar arasında əsl canlanma müşahidə edildi. Günəşin Divan mğvzusu ilə əlaqələndirilməsi barədə yerbəyerdən müxtəlif fikirlər də səsləndirildi, bunlardan birinə hətta çoxluq əl də çaldı. (Bir ağbirçək söyləmişdi ki, Əsas dünyanın günəşindən fərqli olaraq Axirət dünyasının günəşi daha obyektivdir)
Baş Hakim bu məqamda üzünü Divan ekspertlərinə tutdu:
-Xahiş edirəm məhz indi əlinizdə olan daha bir neçə mənbədən iqtibas edərək erməni xadimlərinin dili ilə erməni milliyyətçiliyinin cinayətlərini faş edəsiniz. Çünki bunun üçün Andronik Ozanyanın prosesindən gözəl fürsətin olcağına əmin deyiləm.
Ekspertlər cəmi bir neçə dəqiqə ərzində lazımi kağızları üzə çıxardılar, onlardan biri tribunaya çıxıb Baş Hakimin icazəsiylə yazılanları oxumağa başladı:
-Birinci arayış. Məşhur erməni yazıçısı Marietta Şahinyan 1923-cü ildə çap etdirdiyi “Sovet Ermənistanı” kitabında yazır ki, daşnakların dövründə İrəvan qəzasında yaşayan tatarlar (yəni azərbaycanlılar) İrana qaçmışdılar, onların yerində ermənilər məskunlaşdırılmışdı. Ermənistan Nazirlər Şurasının 28 sentyabr 1921-ci il tarixli dekreti ilə bütün qaçqınların öz yerlərinə qayıtmaları qərara alınsa da, tatarların yalnız bir hissəsi qayıda bilmişdir. İkinci arayış: Erməni yazarı O.Harutyunyan 1956-cı ildə İrəvanda rus dilində çap olunmuş “Vospominaniye” memuarında şahidi olduğu Qəmərli bölgəsində daşnakların törətdikləri vəhşilkilərdən bəhs edir. O, daşnakların “Daha çox türkü öldür, talan et, heç kimə rəhm etmə!” şüarı altında hərəkət etdiklərini yazır. O.Harutyunyan daşnakların erməni kəndlərini gəzərək əhalini silahlandırdıqlarını, dinc müsəlman əhalisini öldürdüklərini və kəndləri yandırdıqlarını yazır. O.Harutyunyan daşnakların silah sarıdan korluq çəkmədiklərini, canişin Voronsov–Daşkovun xüsusi icazəsi və erməni yepiskopları Xoren və Surenin müvəkkilləri tərəfindən təmin olunduqlarını qeyd edir. Üçüncü arayış: Erməni müəllifi X.Hovsepyan 1930-cu ildə İrəvanda çap edilən “Mübarizə və qurtuluşun 10 ili” kitabında yazır: “Daşnaklar bir dəfə menşevik Gürcüstanı ilə, iki dəfə Türkiyə ilə, bir neçə dəfə Azərbaycanla müharibə etdilər. Onlar ölkə daxilində türklərin fiziki məhv edilməsi siyasətini həyata keçirdilər. Ağbabada, Zəngibasarda, Vedibasarda və Şərurda 10 minlərlə türk sakinlərini doğradılar. Bu sakinlərin əmlakları qarət edilərək daşnak komandirlərinin mülkiyyətinə verildi.” Dördüncü arayış: Erməni müəllifi Zaven Korkodyanın 1932-ci ildə İrəvanda ermənicə çap edilən “Sovet Ermənistanının əhalisi. (1831-1931)” kitabında 1916-cı ildə İrəvan quberniyasında 373582 nəfər azərbaycanlı qeydə alındığı halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmi 12 min nəfər azərbaycanlının qaldığını yazır. Qeyd edir ki, ümumiyyətlə, son 200 ildə indiki Ermənistan ərazisində iki mindən artıq azərbaycanlı yaşayış məntəqələri müxtəlif yollarla siyahıdan silinmiş, tarixi Azərbaycan torpaqlarında monoetnik Ermənistan dövləti yaradılmışdır. Beşinci arayış: Erməni etnoqrafı Stepan Lisitsyan “Dağlıq Qarabağın erməniləri. Etnoqrafik oçerk” əsərində yazır ki, 1920-ci il martın 20-də Ermənistandan göndərilən silahlıların və hərbi sursatın yardımı ilə erməni komitələri üsyan qaldırdılar və gecəyarısı qəflətən Şuşadakı azərbaycanlı əsgərlərə hücuma keçdilər. Silah səslərinə oyanan şuşalılar mühasirədə qalan azərbaycanlı əsgərlərin köməyinə gəldilər. Şəhərdə qırğın və talanlar başladı. Vəhşicəsinə azərbaycanlı əhali qırğına məruz qaldı. Altıncı arayış...
Baş Hakim ekspertin sözünü kəsdi:
-Üzr istəyirəm, cəmi neçə arayışınız var?
Ekspert 78 cavabını vercək Baş Hakim yerindən qalxdı:
-Lütfən gəlin fasilə elan edək, məncə, arayışların hamısına ehtiyac yoxdur. Görünən dağa nə bələdçi. Fasilə edək, sonra da şahid ifadələri, hökm və müttəhimin son sözü ilə bugünkü prosesi yekunlaşdıraq. Fasilə elan olunur.
Uğultu qopdu, insanlar səs-küylə yerlərindən qalxdılar, kofe-breyk guşəsinə doğru yollandılar. Hakimlər də baş-başa verib mehribanlıqla qəhvə içdilər. Aralarındakı yaş fərqi hissediləcək olduğu kimi qəhvə zövqləri də fərqli idi. Yaşlı hakim amerikano xoşlayırdı, orta yaşlı Baş Hakim ekspresso işirdi, gənc hakim isə kapuçino.
Andronik Ozanyan isə ona təklif edilən sudan nəzakətsiz qaydada imtina etdi.
Fasilə yarım saat çəkdi. Arada yenə yağış çisələdi. Zəng səsləri fasilənin bitdiyini işarə edən kimi tamaşaçılar səhnə qarşısındakı oturacaqlarına doğru getdilər.
Divanın Baş Hakimi tamaşaçıların hamılıqla yerlərinə əyləşmələrini, sakitliyə tam riayət olunmasını gözlədikdən sonra mikrofonunu işə salaraq çıxışa başladı:
-Hörmətli Divan üzvləri, hörmətli tamaşaçılar, Divanımızın erməni milli qəhrəmanı Andronik Ozanyanın mühakiməsinə həsr edilən prosesini davam etdiririk. Söz şahidlərə verilir.
Nələr olubmuş, ilahi. Tarixdə necə acımasızlıqlar baş veribmiş. Sıra ilə düzülən insanlar – aralarında terrora rast gələn türk jandarmlarına da, kürəyindən güllə yarası alan türk əsgərlərinə də, ev-eşikləri yandırılmış, mal-qarası aparılmış türk kəndlilərinə də, amansız işgəncələrə məruz qalmış azərbaycanlı qadın və uşaqlara, qocalara da rast gələrdin. Onlar danışan həqiqətlərdən tamaşaçılar arasında ağlayıb sısqayanlar bir yana, hətta hüşunu itirənlər belə vardı.
Siravi insanların şahid ifadələrindən sonra Baş Hakim sözü bir tanınmış şahidə də vermək lüzumu duydu. O, üzünü auditoriyaya tutub söylədi:
-Möhtərəm auditoriya. İndi isə söz həmin günlərin canlı şahidi, dövrünün tanınmış alimi, ədəbiyyatşünası, şairi, astronomu, “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı çox qiymətli bir kitabın müəllifi Mir Möhsün Nəvvaba verilir. Bu azərbaycanlı ziyalı Şuşa şəhərində doğulub yaşamış, ermənilərin törətdikləri qətliamı qələmə almışdır. Axirət dünyamızın bu parlaq nümayəndəsini şahid qismində tribunaya dəvət edirəm.
Tamaşaçılar şiş buxara papaq qoymuş Mir Mövsüm Nəvvabı şövqlə qarşıladılar, o tribunaya çıxıb salamlaşdı, dərhal çıxışa başladı:
-Mən yeni -20-ci əsri 67 yaşımda qarşılamışam, düzü o yaşıma kimi çiyin-çiyinə yaşadığımız ermənilərdən bir pislik görməmişəm. 1905-ci ildə rus çarı II Nikolayın və Qafqazın canişini S.S. Vorontsov-Daşkovun himayəsindən istifadə edərək ermənilər silahsız dinc türk əhalisinə qarşı qırğına başlayarkən hamı çaş-baş qaldı. Ermənilər qocalara, uşaqlı analara belə rəhm etmir, onları əzabla öldürürdülər. Bədən üzvlərini kəsir, meyitləri tanınmaz hala salırdılar. 68 yaşlı Əli Paşa bəy Laçın igidlərini silahlandıraraq Zəngəzur və Qarabağdakı azərbaycanlıları müdafiə etməyə başladı, bu ərazilərdə olan erməni silahlı dəstələrinin ləğv edilməsində xüsusi fəaliyyət göstərdi. Ondan başlayım ki, Əli Paşa bəy və onun övladları mənim xalqımın şərəf tarixinə adlarını yazdırmış şəxslərdir. Bir baxın, məndə sənədlər var, bunlar Əli Paşa bəyə və onun qardaşlarına verilmiş bəylik şəhadətnaməsidir. Bu sənədlərin birində yazılır: "Yelizavetpol quberniyasının Şuşa, Zəngəzur və Nuxa qəzaları ilə ali silkə mənsub olmaq hüquqlarını müəyyən etmək üçün yaradılmış Şuşa bəy komissiyasının 21 dekabr 1872-ci il 374 nömrəli protokoluna əsasən Əli Paşa bəy Xan Murad bəy oğlu Sultanovun, onun arvadı Bəyim xanımın, oğlu Sultan bəyin, qızı Aftab xanımın bəy nəslinə mənsub olmaları təsdiq edilir”.
Şuşa bəy komissiyasının yuxarıda adı çəkilən qərarı 16 avqust 1877-ci ildə Qafqaz canişini tərəfindən təsdiq edilib. Əli Paşa bəy Sultanov və onun ailə üzvləri Yelizavetpol quberniyasının Zəngəzur qəzasının bəyləri siyahısına daxil edilmiş və onlara 1613 nömrəli şəhadətnamə verilmişdi. Əli Paşa bəyin və onun oğlanlarının qeyrətləri, əsl simaları erməni quldurlarına qarşı mübarizədə üzə çıxdı. 20-ci əsrin əvvəllərində öz qəhrəmanlığı ilə ad çıxaran, erməni yaraqlıları ilə, məxsusi olaraq Andronikin dəstəsiylə mərdliklə vuruşan Sultan bəy Sultanov da Əli Paşa bəyin oğluydu. Zəngəzurun Laçın elində - Kürdhacı kəndində dünyaya göz açmış, Türkiyənin Ərzurum şəhərində vəfat etmiş bu şəxsin sayəsində azərbaycanlılar daha böyük miqyasda itki verməkdən qurtulmuşlar. Sultan bəy Qarabağda Andronikin, Hamazaspin, Dronun quldur daşnak dəstələrinə öldürücü zərbələr endirmişdir. O, xalq arasında xeyirxahlığı, sədaqəti, silahlı dəstələrə bacarıqla rəhbərlik etməsi ilə məşhur idi. Nəql edim, dinləyin. Ermənilər Qarabağın tacı olan Şuşanı ələ keçirmək üçün Şuşaya ətraf erməni kəndlərindən, Gəncə və İrəvandan 10 min silahlı erməni toplayırlar. Onlar bununla kifayətlənməyərək Şuşada olan rus generalı Qoloşşapova 10 min manat pul verərək rus əsgərlərini də ermənilərlə birlikdə türklərə qarşı döyüşməyə razı salırlar. Belə çətin günlərdə Sultan bəy İbrahim bəy Məhəmməd bəy oğlu ilə birlikdə bir neçə yüz atlı ilə şuşalıların köməyinə gəlir. Ermənilər şuşalıların və laçınlıların birgə hücumuna tab gətirə bilmir, rusların top atəşləri də ermənilərə kömək edə bilmir. 1906-cı ilin 12-17 iyulunda Şuşada gedən döyüşlərdə bir çox erməni qulduru öldürülür.
Nəvvab Andronikə işarə eləyərək davam etdi:
-Sonrakı illərdə ermənilər bu mənfur şəxsin başçılığı altında Naxçıvanın, İrəvanın, Zəngəzurun dinc azərbaycanlı əhalisinə divan tutub, yurd-yuvasından didərgin salanda Sultan bəy öz vəsaiti ilə Laçın igidlərini silahlandırdı, yenidən erməni quldurlarına qarşı mübarizəyə başladı. Ermənilər Zəngəzurda böyük nüfuz və güc sahibi Sultan bəyə hey onlarla ittifaqa girməyi təklif edirdılər. Ermənilər Sultan bəyə indiki Laçın rayonu ərazisinin Ermənistana birləşəcəyi təqdirdə yerli əhaliyə toxunmamağa söz verirdılər. Lakin ağıllı, uzaqgörən və erməni xislətinə bələd olan Sultan bəy ermənilərin təklifini qətiyyətlə rədd edirdı.
Nəvvab azacıq susub birdən yanıqlı-yanıqlı söylədi:
-O dövrdə Andronik və onun quldurlarının bizim Qarabağda, eləcə də Zəngəzurdakı müsəlman əhaliyə necə divan tutmasını, inanın ki, göylərə söyləsək, göylər də ağlayar.
Baş Hakim Mir Mövsüm Nəvvabdan soruşdu:
-Dəyərli insan, bəs o dediyinmiz gözəl xislətli insanın – Sultan bəyin sonrakı aqibəti necə oldu?
Mir Mövsüm Nəvvab duruxub qaldı. Belə olanda Baş ekspert –“Möhtərəm Baş Hakim. Mir Mövsüm Nəvvab 1918-ci ildə haqq dünyasına qovuşub, buna görə də, təbii ki, Sultan bəyin sonrakı aqibətindən bixəbərdir.”- deyə Baş Hakimə fikir bildirdi, dərhal ekspertlər masasından bir ekspert rəyi verildi:
-1919-cu ilin oktyabr-noyabr aylarında Azərbaycanda yeni qurulmuş Xalq Cümhuriyyəti hökuməti Qarabağda və Zəngəzurda asayişi bərpa etmək, yəni ki, o bölgələrdəki erməni talanlarını dayandırmaq üçün general Cavad bəy Şıxlınskinin başçılığı ilə 1-ci piyada diviziyasını Qarabağa göndərib. Bu zaman Sultan bəy öz silahlı dəstələri ilə Cavad bəy Şıxlınskiyə yaxından kömək edib.
1920-ci ilin mart-aprel aylarında Azərbaycan Respublikasının ərazisinin tam olaraq erməni quldurlarından təmizlənməsində Sultan bəyin böyük rolu olub.
Aprelin 8-də ermənilər Abdallar adlı ərazidən Zabux çayına sıxışdırılıb, Hoçaz istiqamətində Cavanşir polku və Sultan bəyin min nəfərlik dəstəsi dayanıbmış. Bu qüvvələrin köməyi ilə 1920-ci ilin 19 aprelinə qədər düşmən Zabux çayının o biri sahilinə qovulub, azərbaycanlılar ermənilərdən can qurtara biliblər. Zabux döyüşünə Sultan bəy şəxsən rəhbərlik edib. Zabux dərəsindəki məğlubiyyətdən sonra Andronik bir daha özünə gələ bilməyib. Onun səfərbər etdiyi 15 mindən çox erməni qulduru Zabux dərəsində Sultan bəy tərəfindən məhv edilib. O dövrdə Laçın ağsaqqallarının xatirələrində göstərilirmiş ki, Sultan bəy Zabux döyüşündə Andronikin 170 qatar yükü silahını, toplarını ələ keçirib, 30 min əsgərini məhv edib, 61 sərkərdəsinin edam etdirib. Bu döyüşdən sonra ermənilərin Andronikə inamı itib. Andronik 1300 nəfər piyadadan, 500 nəfər süvaridən və artilleriyadan ibarət quldur dəstəsini 1919-cu ilin mart ayında Eçmiədzindəki erməni katolikosuna təhvil verərək xaricə qaçıb.
Təbii ki, Andronik “Tarixi təhrif etməyin” deyə çiğiraraq, guya hadisələrin başqa cür cərəyan etdiyini bəyan etmək istədi, ancaq bir neçə, o cümlədən erməni mənbələrində də təsdiqlənən bu faktı Divan daha keçərli elan etdi.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(09.10.2023)