“İldönümü" - HEKAYƏ Featured

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"

 

 

Ey məni yaşadan, öldürən adam.

Min il də yaşasam zillət içində,

Mən bu tanışlığa, yenə də şadam..!

(Xəzər Süleymanlı)

 

Çox yorğun hiss edirdi özünü, bərk soyuqlamışdı, amma birtəhər özünü toplayıb qalxmışdı yatağından. Bu gün hər şeyə rəğmən çox gözəl bir gün olmalıydı, həə, axı bu gün onların tanış olmaqlarının birinci ildönümü idi. Bəli, düz bir il öncə məhz bu gün tanış olmuşdular onlar.

Görəsən o da xatırlayacaqdımı bu günü?!  

Xatırlayar, əlbəttə xatırlayar, elə də şey olar heç?! 

 

O, onlara aid olan özəl günləri qətiyyən unutmaz, hətta bayramlarda belə onu təbrik etməyi yubatmaz heç vaxt.

Darağı şaquli istiqamətdə saçlarında gəzdirib, saçlarını darayaraq, üzündə acı bir təbəssümlə düşünürdü.

“Unutmuşdu…”

- Ahh.. 

Daraq bir-birinə qarşmış saç tellərinə ilişib onu incitdi. 

Aynanın qarşısına keçib solğunlaşmış üzünə nəzər saldı, makiyaj etməyi sevməzdi, ən çox da onunla görüşə gedəndə heç vaxt makiyaj etmək istəməzdi. Əgər onu sevəcəkdisə, bəyənəcəkdisə qoy elə bu cür, ən təbii halı ilə, makiyajsız halı ilə bəyənməsini istəyərdi, yox əgər bəyənməyəcəkdisə makiajla bəyəndirmək istəmirdi özünü. Elə buna görə heç bugün də, hər nə qədər xəstə və solğun görünsə də, yenə də makiyaj etmədi.

May ayı olmasına baxmayaraq hava da azca soyuq və buludluydu. Gecədən yağmış yağışın şehi hələ qurumamışdı.

Nəhayət hazırlaşıb çıxdı evdən, əlləri titrəyirdi qapını örtəndə, çox qəribə hisslər keçirirdi, sevincdən, həyəcandan daha çox qorxuya, təlaşa bənzəyirdi bu hisslər. Nəyin nigarançılığı idiki bu içindəki?!

Nəysə  birtəhər özünü ələ alıb düşündü, harda qeyd edəcəklər bu günü? Hara getsin?

Bu gün üçün ən gözəli elə ilk tanış olduqları yer olardı hər halda, "Gənc yazıçılar" adlı bir dərnəkdə tanış olmuşdular onlar.

Yolu yarılamışdı ki, birdən ayaq saxladı, lap yadından çıxmışdı, axı o dərnək artıq çoxdan idi ki, fəaliyyət göstərmirdi.

Ehh nə pis oldu bu, məyusluq duman kimi gəlib çökdü simasına. O dərnək artıq yoxdursa, bəs o indi hara gedəcək?

Biixtiyar birlikdə keçirdikləri günlərə getdi xəyalı, ayaqları yorulana qədər qarış-qarış onunla birlikdə gəzdikləri yerləri dolaşdı. Atdığı hər addımda, dediyi hər sözə qədər bir-bir etdikləri söhbətləri xatırlayıb onunla danışdı. Birlikdə baxacaqları, amma baxmaq qismət olmayan o filmə bilet aldı. Kitab evlərinin kitab dolu rəflərində hər zaman olduğu kimi ilk olaraq onun axtardığı kitabı gəzdi, lakin qəfil gözü başqa bir kitaba sataşdı. "Bir gün sənə o kitabdan şeirlər oxuyaram"-,  dediyi həmin kitab idi bu kitab, hansı ki, o gün heç gəlməmişdi. Köks ötürüb yenidən keçmiş günlərə daldı.

Gecələr telefonda söhbət edərkən dinlədikləri mahnıları dinləyərək, birlikdə yemlədikləri göyərçinləri səhərdən alsa da boğazından keçməyən, eləcə əlində qalmış smitə qonaq elədi. Hətta küçələrdə yaşayan o sahibsiz pişik də öz payına düşəni aldı simitdən. Qulaqcıqda Ali Ashikar:  "- Bəlkə də hər kəsə örnək olardıq biz sənlə.." deyə diktə edərkən, bir də baxıb özünü dənizin sahilində tapdı, budur, məğrur-məğrur süzür yenə qağayılar…

Əzəldən vurğunu idi qağayı səsinin. Qağayıları izləyərkən sahil boyu asta-asta addımlayaraq limanda açıq hava kafelərindən birinə gəlib çatdı. Masaların birində gənc bir cütlük oturmuşdu, yemək yeyərək şirin söhbər edirdilər. Hardansa bir yerdən tanış idi bu mənzərə ona, həə, bəlkə  birlikdə qurulmuş, fəqət yaşanıla bilinməyən hansısa bir xəyaldan.. 

Acıı bir təbəssümlə onları izləyərək o da  keçib masaların birində əyləşdi. 

Tək olsa da, adəti üzrə iki çay istəmişdi yenə..

İsti dəmli çaydan yüksələn buğ havaya qarışıb yox olduqca, o isti buğdan geridə  soyuyub, acılaşmış çay qalırdı sadəcə. Buğu yüksəldikcə soyuyan çaya baxıb fikrə getdi, o buğ ömürdən keçib gedən, yaşanılmış günlərə bənzəyirdi, hansı ki, artıq əlçatmaz olan, bir də geri qayıtmayacaq olan günlərə, uçub gedən buğdan geridə qalmış soyuq çay isə, bir vaxtların isti məhəbbətindən miras qalan acı həsrətə..

Sahil boyuna dikilmiş öləzimiş baxışları ilə heç vaxt gəlməyəcək birinin yolunu gözləyirdi yenə solğun gözləri.

Bunu özü də bilirdi əslində, lakin bilməklə qəbul edə bilmək eyni şey deyildi təəssüf ki.

Bu gün onların tanış olmaqlarının hələ birinci ildönümü idi, və o artıq yox idi. 

Bu günü heç belə xəyal etməmişdi, birlikdə bir ömrü bərabər yaşamağı, bu tanışlığı bir ömrə sığdırmağı arzulayarkən bu günü onsuz qeyd etməkdəydi…

Gəlmirdi.. Bu gün də gəlməmişdi və heç sabah da gəlməyəcəkdi..

Bəlkə də elə ən doğrusu gəlməməyi idi, kim bilir? Həm gəlsəydi necə baxacaqdı ki üzünə?  Nə deyəcəkdi ki güa? Gəlsəydi əvvəlki kimi ola biləcəkdilərmi bir də?

Yağmaq istəyən havaya bənzəyirdi, tutqunlaşmışdı üzü, yağış küləyi əsməyə başlamışdı hüznlü gözlərində.

Onun gözləri öz göz yaşlarında boğulmağa başladıqca, cavabsız suallar da baxışlarından çıxıb, bir-bir üz-üzə oturduğu dənizə düşüb boğulurdu.

- O artıq səni sevmir

- Necə yəni o artıq məni sevmir? Elə bir şey  ola bilməz, yoox, o məni sevir, udqundu.

- O artıq başqasını sevir

- Sus.. yalançı sus, - deyə hıçqırdı, barmaqlarının arxası ilə yanaqlarıyla süzülüb dodağına tökülən acı göz yaşlarını sildi.

Beynindəki o zəhlətökən səs yenə ona rahatlıq vermirdi ki vermirdi.

- Bütün günahlar ondadı. 

Beyni təkrar sanki vəsvəsə verirmişcəsinə danışmağa başladı.

Bayaqdan bəri səssizcə beyniylə arasındakı dialoqu dinləyib qıvrılan qəlbi dözməyib söhbətə qarışdı.

- Yox, o səhv edir, bütün günahlar elə sənin özündədir, onun gedişində təqsirkar sən özünsən.

Və o yenə qəlblylə beyninin mübahisəsi arasında aciz qalıb, onların danlaqları altında əzildikcə-əzilib yox olurdu.

Nə bu səsləri susdura bilirdi, nə də mübarizə aparıb onlara layiqli cavab verə bilirdi. Döyüş meydanında düşmənə qarşı tək və müdafiəsiz, silah-sursatsız buraxılmış əsgərə bənzəyirdi elə bil.

Bəzən gerçək həyatda da nağıllar yaşanırmış, amma bu nağıllar kitablardakından bir az fərqli olur.

Bu nağılların əvvəlində göydən üç alma düşür, nağılın sonluğu isə belə bitir:

Biri var biri yox..

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.