Türkiyənin sevilən yazarlarından biri olan Şebnem Özbayla MÜSAHİBƏ Featured

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə müsahibim Şebnem Özbaydır. Haqqında heç bir məlumat vermirəm. Çünki müsahibədə bütün məlumatlar var. Tək onu deyim ki, xanım Şebnem Özbay Türkiyədə kifayət qədər sevilir. 

 

-Şebnem xanım, özünüz barədə oxucularımıza məlumat verərsinizmi?

—Məmnuniyuətlə. İstanbulda anadan olmuşam. Beş uşaqlı bir ailənin ikinci qızıyam. Çoxmədəniyyətli ailə mühitində böyümüşəm. Anam tərəfi Cənubi Qafqazdan, atam tərəfi isə 1820-ci ildə Buxaradan Urfaya köçmüş və nəsillər boyu Harran düzündə əkinçiliklə məşğul olan bir ailədir. Urfada orta məktəbi bitirdikdən sonra Bursa Uludağ Universitetində Biznesin idarə olunması üzrə bakalavr təhsilimi tamamladım. Məzun olduqdan sonra bir müddət özəl sektorda maliyyə, turizm və reklam sahələrində çalışdım və sonra aktiv iş həyatından ayrıldım.

 

 -Ədəbiyyata marağınız necə yarandı?

 

-Ailəm, xüsusən də atam oxumağa çox maraq göstərirdi. Əslində Osmanlı dövrünün şairləri arasında nəslimizdən nümayəndələr  də az deyil. Bu gün böyük əmilərimin yazdığı divanlar əlimizdə olmasa da, “ŞANLIURFA ŞAİRLƏRİ” (araşdırmaçı Bedri Alpay) adlı iki cildlik əsərdə təxminən on şairin nəslimizə  aid olduğu anlaşılır. Məsələn, məni çox təsirləndirən, Hərbi Tibb Məktəbini bitirdikdən sonra Birinci Dünya Müharibəsində könüllü olaraq cəbhəyə gedən və iyirmi üç yaşında şəhid olan Mollazadə Əbdülhadi (Özbəy) oldu. Onun məqalələri 1915-ci ildə İstanbul qəzetlərində dərc olundu və Ziya Göyalpın yaxın dostu idi. “Yüksəlmək üçün zəhmət lazımdır, yüksəlmək istəmək lazımdır” desə də, təəssüf ki, ömrü uzun olmadı. Bir sözlə, həm genlərimə görə, həm də böyük kitabxanası olan evdə böyüdüyüm üçün özümü tanıyandan oxuyub yazıram.

 

-Şeir yazmağa nə zaman başladınız və ilk şeirinizin mövzusu nə oldu?

 

 -Şeirə marağım, demək olar ki, ədəbiyyatla maraqlanan hər kəs kimi orta məktəbdə başlayıb. Çox yaxşı ədəbiyyat müəllimlərimiz və çox gözəl şeir yazan dostlarımız var idi. O vaxt mən də həvəslə yazırdım. “Maviliklerin coşkun dalgaları dinleyin, kapatın bedenimi, ak köpüklerinizle, götürün ve atın beni uzak körfezlere...” O vaxtlar bu misraları yazdığımı xatırlayıram.

 

-Əsərlərinizi yazarkən ilham mənbəyinizi haradan alırsınız?

 

-Hər kəsdən, hər şeydən və hər yerdən ilham ala bilirəm. Dayanacaqda oturub avtobus gözləyən yaşlı kişidən, köhnə fotoşəkildən, ağacının gövdəsinə bükülmüş sarmaşıqdan...

 

-Ən çox sevdiyiniz şairlər kimlərdir?

 

-Şübhəsiz, Nazım Hikmət, Turqut Uyar, Cemal Süreya və bir çoxları. 

 

- Bir şair üçün bütün şeirlər olduqca dəyərlidir. Bütün bunlara rəğmən, ancaq sizin üçün daha dəyərli olan hər hansı bir şeirinizi bizlər üçün paylaşa bilərsinizmi?

 

-Öz şeirlərimdən bir neçə misra:

               “Yaşımı başıma devşireyim dediğimde,

                gözlerinle gülüşün gelir hatırıma,

                içimde kuşlar ötüşür,

                varsın yolun sonu beraber olmasın,

                 iki can sevgiyle bir cihana dönüşür”.

 

-Xəyallarınızın genişlənməsinə səbəb olan hadisələr hansılardır və bizlərə bu haqda bəhs edə bilərsinizmi?

 

-Uşaqlığım... Urfada bağda ikimərtəbəli daş evdə böyümüşəm. Bağda zeytun ağacları,  rəngarəng qızılgüllər... Yaz aylarında hər yerdən qızılgül iyi gəlirdi. Həftə sonları kəndimizə gedirdik. Ucsuz-bucaqsız buğda tarlaları, atlar, qoyunlar... Oradakı insanların əlvan paltarları, üzlərindəki döymələr... Xüsusilə də yaşlılar. Saatlarla onlara qulaq asardım. Bir küncdə sakit oturan o qocalardan nə xatirələr qalır!

 

-Zaman sizin üçün nə deməkdir? Yazarkən hər hansı bir rutininiz varmı?  

 

-Yazmağa başlayanda vaxt mənim üçün dayanır. Səssizlikdə yaza bilirəm, yazanda gecəm gündüzümə qarışır. İstədiyim kimi, təbii axınla yazıram.

 

-Hansı janrda kitablara üstünlük verirsiniz ?

 

-Hər il orta hesabla 60.000 kitab nəşr olunur və əvvəlkilər də daxil olmaqla milyonlarla kitabdan insan ömrü boyu yalnız üç-beş min kitab oxuya bilir. Mən türk və dünya ədəbiyyatının görkəmli əsərlərini oxuyuram və demək olar ki, hər sahədə indiki yazarların ən yaxşı əsərlərini oxumağa çalışıram.

 

-Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır? 

 

 -İndiki vaxtda insanın kitab oxumasına mane olan bir çox xarici amillər var. Oxumaq üçün əvvəlcə telefonu bir kənara qoymalı, sosial media hesablarından istifadəni minimuma endirməli və mümkünsə televiziyadan uzaq durmalıyıq.

 

-Türkiyə hal-hazırdakı mütaliənin vəziyyəti sizi qane edirmi? 

 

-Türkiyədə yazılan və nəşr olunan kitabların sayı xüsusilə son illərdə xeyli artıb. Onların arasında mənə təsir edən böyük yazıçılar var. Qadın olduğum üçün deyə bilərəm ki, qadın yazıçılardan xüsusilə Ayfer Tunç, Mine Söğüt, Səma Kaygusuzun əsərləri də gələcək nəsillərə təsir edəcək gücdədir.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi?

 

-Şübhəsiz ki, ilk ağlıma gələnlər “Çırpınırdı Qaradəniz”i yazan Əhməd Cavad, Səməd Vurğun, Bəxtiyar Vahabzadə və s.

 

-Ən çox sevdiyiniz yazar və əsər hansıdır?

 

-Sevimlilərim arasında Abdülhak Şinasi Hisarın “Boğaziçi Köşkləri” və “Çamlıcada Əmimiz”, eləcə də Sait Faiq Abasıyanık, Leyla Erbil... Bu qədər!

 

-Ənənəvi kitablara və ya elektron kitablara üstünlük verirsiniz?

 

-Postmodern ədəbi cərəyanları izləsəm də, əsərləri böyük maraqla oxusam da, özümü həmişə keçmişdə görürəm. Bu dövrdə başgicəllənmə sürəti var. Ayağa qalxa bilməyəndə və sakitləşmək istəyəndə özümü həmişə klassiklərin içində görürəm. Musiqidə də belədir.

 

-Bir  yazar olaraq digər yazarlara məsləhətləriniz nədir?

 

-Gənc yazarlara və hətta hamımıza xatırlatmaq istədiyim odur ki, “mən varam” deməsinlər. Gənclər çox oxumalı, gündəlik tutmalıdırlar.

 

-Dəyərli zamanınızdan vaxt edərək  fikirlərinizi bizimlə bölüşdüyünüz üçün minnətdaram, sizə həyat və yaradıcılıqda uğurlar arzulayıram

 

-Mən də sizə, bütün yaradıcı heyətə təşəkkür edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.