“Ədəbiyyat və incəsənət” portalı yeni yaşına qədəm qoymuş gənc və istedadlı şair, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, portalımızın əməkdaşı İntiqam Yaşarın yeni şeirlərini təqdim edir.
*
Bir sevdalı ürək vardı bir zaman,
Bir sevdalı ürək vardı saçınla,
Küləklərin arasında sədd idi.
Görünməyən neçə-neçə ağrı da,
Ürəklərin arasında sədd idi.
Bir sevdalı ürək vardı xatırla,
Hər gün günəşini yerdə axtarıb,
Hər gün için-için əriməkdəydi.
Nə ünvan bilirdi, nə yol bilirdi,
Bir dəli məchula yeriməkdəydi.
Bir sevdalı ürək vardı, nə ürək,
Ovuc-ovuc ağrı idi, qəhərdi,
Ondan qopub düşən tikə-parçalar,
Deyilənə görə indi şəhərdir.
Bir sevdalı ürək vardı, o ürək.
İndi yoxdu... indi sükut çağıdır...
*
Sən ömrün uzağından,
Nə vaxt gələrsən bizə?
Nə vaxtsa gələrikmi,
Bu ünvanda üz-üzə.
Nəfəs-nəfəs saçında,
Gəzişməyim olarmı?
Yorulmağım olarmı,
Ya düşməyim olarmı?
Bu dünyanı bir anlıq,
Unuda bilərəmmi,
Unutsam nə olar ki,
Unutsam ölərəmmi?
Saxla yadında, saxla,
Adımı yaxşı saxla.
Səni heç unutmayan,
Adamı yaxşı saxla.
*
Bir od kimi düşmüsən,
Varlığımda yanmağa.
Gücüm çatarmı, söylə,
Bunu səndən danmağa.
Bu bir başqa sevdadır,
Bu bir başqa nəfəsdir.
Sənə can atan qəlbə,
Bədən özü qəfəsdir.
Gecə keçir gecədən,
Adın dilimdə yenə.
Bilmirəm, nə susum ki,
Anında yetsin sənə...
*
Bir gün sən gəldin...
Saçları küləklərə meydan oxuyan,
Gözləri içimdəki hədəfləri nişan alan...
Gəldinmi...
Bəlkə də yox
Bəlkə də vardın...
Hardasa, ən dərinlərimdə.
Gözlərinə hər baxdıqca,
gözlərim təslim olur...
Hiss edirəm... hiss edirem...
Saatbasaat içimin divarlarındakı buzlar əriyir...
Əridikcə sellər səs salır ruhumdakı bütün köşələrə...
Gəldin... gəldin... sən gəlməsən...
“Ədəbiyyat və incəsənət”
(06.10.2023)