Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Saat gecə yarısına yaxınlaşırdı. Boş küçənin qaranlığını, xırda ulduzlar xaric, aydınladan heç nə yox idi. Beynimdə o qədər fikir var idi ki, hansı birini düşünüb ona çarə tapım, bilmirdim. Yağış da elə bil inadlaşırdı hislərimlə. Mən dolduqca daha çox şığıyırdı təbiətin gözyaşları üstümə.
Hara getdiyimi bilmədən ayaqlarımın məni yönləndirməsinə icazə verərək gəzirdim. Bir küçədən o birinə, bu cığırdan digərinə. Metro stansiyaya yaxınlaşdıqca yollar nisbətən işıqlanırdı. Amma yatdığım xülyalardan ayılıb ətrafa baxanda görürdüm ki, aydınlanan elə sadəcə küçədir... Bir küncdə dalaşan gənc bir cütlük, onlardan bir az aralıda polislərin saxladığı bir maşın var idi. Nə isə axtarış aparırdılar. Paralel küçədə isə xoşbəxtlik görüntüləri gözə dəyirdi. Xoşbəxt, qol-qola gəzən gözəl geyimli bir xanım və yanında da yəqin ki yoldaşı. Hə, qadının üzündəki makiaj olduqca keyfiyyətli idi, hiss edilirdi. Amma görünür, xanım qolundakı göyərən hissəni o “keyfiyyətli” tonalni ilə bağlamağı unutmuşdu...
Üzündəki o saxta gülüşdən necə “xoşbəxt” olduğu görünürdü...
Saat irəlilədikcə həm küçənin qaranlığı artır, həm qaranlıq həyatlar küçələrə doluşurdu sanki. Qulaqcığımdasa eyni mahnı səslənirdi saatlardır.
“Daha unuduram məni mən...
Geri dönüşü yox...”
Bu qədər səhnə içərisində sadəcə biri, bir balaca uşaq dondurdu həm cismimi, həm ruhumu. Yeganə bir uşaq... Küçə ortasında durub gözlərimi zilləyərək onu izləyirdim. Körpü altında duran, təxmini 8-9 yaşlarında, əlləri şarlarla dolu balaca bir oğlan var idi bir az irəlidə. Ona yaxınlaşıb övladına şar alıb gedən xoşbəxt ailə mənzərələrinə necə həsrətlə baxırdı, İlahi... Çox keçmədi ki, bir adam gəldi yanına, yox, müştəri deyil bu, yəqin ki, onu gecə yarısı şar satmağa məcbur edən hər kimdirsə, odur. Cibindəki bütün pulları götürdü, bir az danladı onu nəyəsə görə, sonra da pulları sayaraq kefli halda getdi. Balaca oğlan o qədər arıq, o qədər heysiz idii ki. Yanından keçən simidçinin ardından elə yalvaran gözlərlə baxırdı ki...
Onu öz oğlumla müqayisə etdim istəmsizcə. 1 yaşında torpağa tapşırdığım oğlum Ümidlə... Tanrım, sanki bir şey məni mismarla yerə bərkitmişdi, tərpənə bilmirdim, nə irəli, nə geri.
Uşaq anidən oturdu yerə, dizlərini qucaqladı və titrəməyə başladı. Ağlayırdı... Yəqin ki, hər kəsin ən az bir dəfə həyatı sorğuladığı o anı yaşayırdı indi. Əksəriyyət elə bilir ki, həyatı sorğulamaq, “niyə” suallarını vermək üçün bir xeyli yaşa dolmaq lazımdır, amma xeyr, heç də elə deyil. Bəlkə də gecənin şaxtasını soba istisindən yaxşı bilən o balaca çoxlarından yaxşı tanımışdı həyatın ikinci üzünü.
O gecə bir xeyli yerimdəcə izlədikdən sonra uşağa əlimdə 2 dönərlə yaxınlaşıb yanında əyləşdim. Deyib-gülərək söhbət etdim onunla. Murad 8 yaşındaymış. Onu bu soyuqda çöllərdə saxlayan doğmaca atasıymış, inana bilirsiniz? İlahi, niyə belə insanlara nəsib edirsən valideynlik hissini!?
O gün Muradın qarnı doydu, hə, bəs sonrakı gecə? Bəs ondan sonrakı gecə? Bəs Murad kimi minlərlə körpə? Onlara nə olacaq, hansı birinə çata bilərdim ki mən? “Bu cəmiyyət hara baxır?!” deyə düşündüm qəlbimdə.
Muradın anası o əclaf atasının əllərində, Muradın gözləri önündə, o hələ 4 yaşındaykən vəfat edib. Müəllim olmaq istəyir Murad. Nə tez böyüyüb xəyallar qurmağa başlamışdı o... Və nə çox uşaq qalacaqdı qurduğu xəyallar gerçəkləşmədikcə...
Atası onu məktəbə buraxmır, küçələrdə işlədirdi. Görən, neçə uşağın xəyalları bu cür məhv olurdu canilərin əllərində?
Gecə yarısını bir az keçmiş Murad yanımdan əlindəki geriyə qalan 3-4 şarla oynaya-oynaya durdu. Dümdüz gedir, arabir arxaya dönüb mənə əl sallayaraq gülürdü. Qulaqcığımı yenidən taxdım qulağıma və yenə eyni mahnını dinləyərək Muradın getdikcə gözdən itməsini izlədim.
“Bir uşağın keçib gedən həvəsimi bu?
Əvəzimi bu?
Nəfəsini tut...”
Sonra onunla birgə bütün Ümidlərim, bütün Muradlarım da gözdən itdi sanki qaranlıqda. İçimdə saxladığım hər şeyə Murad üçün ağladım o gecə. Mənim keyfimə, məsuliyyətsizliyimə qurban gedən, o maşında, son nəfəsində “səni sevirəm” deyən gözəllər gözəli rəhmətlik yoldaşım və körpə oğluma, bitmək bilməyən borclarıma...
“Sabah bir yol tapıb Murada kömək edəcəm!” dedim özümə. Sonra unutdum. Hər kəs kimi mən də unutdum Murad və Murad kimiləri... Bəlkə də biz unuduruq deyə var onlar. Bəlkə də biz unutqanıq deyə hələ uzun müddət də var olacaq o körpələr...
Qulaqcığımda Hiss oxuyur:
“Unuduram səni mən...”
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)