QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

31-Cİ DƏRC

 

7-Cİ PROSES

ANDRONİK OZANYAN

 

Bu gün çiskinli hava müşayiət olunurdu. Yuxudan durub qəlyanaltı etdikdən sonra Baş Meydana axışan insanların çoxu özüylə hər ehtimala qarşı çətir, yağmurluq götürmüşdü.

Divan heyəti, əməkdaşları da havadakı qara buludları görüb müəyyən hazırlıqlar görmüşdülər. Onlar xüsusi tentlə səhnənin üstünü örtdürmüşdülər ki, işdi-şayətdi yağış yağası olsa səhnədə əyləşənləri islatmasın.

İki dəfə zəng çalındı, tamaşaçılar yerlərinə dəvət olundular, mühafizəçilər ayaq üstündə qalanları boş yerlərdə əyləşdirdilər. Nəhayət başlanğıc fanfarları çalındı, prosesin növbətisinə start verildi.

Dünənki istirahətdən sonra xeyli gümrah görünən Divanın Baş Hakimi və digər iki hakim yerlərini sürəkli alqışlar altında tutdular. Kulisdə Baş Hakim dünənki uğurlu prosesə görə gənc hakimi təbrik etmişdi. Yaşlı hakim isə onun alnından öpərək doluxsunmuş, öz karyerasını xatırlatmışdı. Uzun sürən xəstəliyi, eləcə də işlədiyi məhkəmənin rəhbərliyi heç vaxt ona imkan verməmişdilər ki, Əsas dünyada parlasın. Onun istedadından qorxan rəhbərlik daim intriqalar salaraq parlamasına mane olmuşdu, o da karyerası çiçəklənən dönəmdə Nyu-York meqapolisini tərk edib ucqar Texasa sığınmalı olmuşdu.

Hakimlər yerlərini tutan kimi Baş Hakim tamaşaçıları salamlayıb nitqinə başladı:

-Əziz Divan üzvləri, əziz və hörmətli tamaşaçılar, bir neçə gündür ki, biz erməni millətinin qəhrəmanları elan olunan, halbuki bəşəriyyətə, insanlığa zərbələr vurmuş insanlara haqq-ədalət divanı qururuq. Bu gün mənim aləmimdə onların ən qəddarı və yırtıcısı hesab edilən biri ilə üzbəüz gələcəyik. Ona qarşı hədsiz nifrətin olduğunu bilərək mühafizə üçün xüsusi qabaqlayıcı tədbirlər də görmüşük. Bu, Ermənistan xalqının tarıxdəki ən böyük qəhrəmanı və parallel olaraq da bəşər tarixinin ən böyük anti-qəhrəmanı Ozanyan Andronik Torosoviçdir.

Zalı hiddət səsləri bürüdü.

 Başı buxara papaqlı, şələ bığları çallaşmış bir şəxsin portretini önə şəkdılər, ardınca şəklin eynisi olan, amma sağ qulağı bintlə bağlanmış bir şəxs gətirilib müttəhimlər kürsüsünə əyləşdirildi.

Yerlərdən tamaşaçılar “cani”, “qatil”, “manyak” kimi replikalar atırdılar, şahidlər əyləşən hissədə isə əsl çaxnaşma müşahidə edilirdi. Bəziləri sadəcə qışqırır, bəziləri yumruqlarını düyünləyib hədələr yağdırır, bəziləri söyüşlər söyürdü. Bəziləri isə hətta səhnəyə cummaq belə istəyir, mühafizəçilərin yaratdığları kordona ilişib qalırdı.

-Ayağında çox qanlar var.

-Şəxsən özünün 60 min türk öldürdüyü deyilir.

-Türklər də onu yaxşı pazlayıblar elə.

Sıralararası bu sayaq danışıqlar getməkdəydi.

Divanın Baş Hakimi tamaşaçıları səbirli olmağa, özlərini toxtatmağa çağırdı, sonra Andronik Ozanyan barəsində bilgiləri diktorlardan birinin oxumasının təmin olunmasını Divan Heyətindən xahiş etdi. İnanılmaz bir hadisə baş verdi, heç kəs bu şəxs barədə yazılan tərcümeyi-halı oxumaq istəmədi.

Daha bir inanılmaz olay ardınca baş verdi, səmada yüzlərlə qara qarğa göründü, onlar qaqqıldaşa-qaqqıldaşa səhnənin üstündə dövrə vurdular. Bu vaxt göy üzündə şimşək çaxdı, şimşək elə bir gurultu qopardı ki, ətraf evlərin şüşələri belə cingildədi. Sonra da leysan yağmağa başladı.

Divanın Baş Hakiminin amiranə səsi eşidildi:

-Bəli, müttəhim Ozanyana nəinki insanlar, hətta təbiət, hətta quşlar belə nifrətlərini bildirirlər. Bir baxın, onun tərcümeyi-halını diktorlar belə oxumaqdan imtina etdilər. Amma reqlamentə görə proses məhz tərcümeyi-halın oxunması ilə başlamalıdır. Odur ki, mən hakimlərimizdən xahiş edirəm ki, Ozanyanın tərcümeyi halını oxusunlar. Tamaşaçılara isə bu leysanda bircəciyinin belə durub getməməsi, maraqla, axıradək prosesi izləməsindən dolayı öz minnətdarlığımı bildirirəm.

Qısa məşvərətdən sonra Baş Hakimin solundakı gənc hakim vərəqləri Divan heyəti nümayəndəsindən alıb yağışın maneçiliyini minimuma endirsin deyə lap gur səslə oxumağa başladı:

-Erməni xalqının ən böyük qəhrəmanlarından biri Ozanyan Andronik Torosoviç! O, 1865-ci ildə Osmanlı İmperiyasında – Sivasın Qarahısar bölgəsində dünyaya gəlib. O, yaş yarımlıq olanda anasını itirib, atasının himayəsində böyüyəsi olub. Məktəbi bitirəndən sonra gənc yaşlarında evlənib, amma uşaq dünyaya gətirərkən həyat yoldaşı vəfat edib, ardınca körpə də dünyaya əlvida deyib. Öncə ana qayğısından məhrum olması, ardınca həyat yoldaşını və övladını itirməsi bu adamın psixikasına olduqca mənfi təsir edib. Deyilənə görə o çox əsəbi, davakar ruhda olub. Gənc yaşlarından türklər əleyhinə erməni qiyamlarında (ermənilər bunu milli-azadlıq hərəkatı adlandırırlar) yaxından iştirak edib. 1882-ci ildə erməni qayda pozucusuna qarşı sərt rəftar edən türk jandarmına hücum etməsi səbəbindən həbs olunub, amma dostlarının köməyi ilə həbsxanadan qaçmağa müvəffəq olub. 1888-ci ildə “Qnçak” millətçi-erməni partiyasına üzv olub, oradan da daha radikal millətçi partiyaya – Daşnaksütüna keçib. Andronik Türkiyədə fəaliyyət göstərən erməni silahlı dəstələri üçün silah qaçaqmalçılığı ilə də məşğul olub. Şüarı terror olan Daşnaksütun partiyasında Andronikin ilk işi 1892-ci ildə Konstantinopolun polis rəisini qətlə yetirmək olub. Ardınca da ölkədən qaçıb, Krım və Zaqafqaziyada məskunlaşıb. Amma 3 ildən sonra yenidən Osmanlı ərazisinə dönüb, türklər əleyhinə qiyamlarda iştirak edib, Sasun üsyanlarının başında duran Serobun ölümündən sonra Sasun fədailərinin komandanlığını öz üzərinə götürüb. Serobu öldürən kürd lideri Bəşir Xəlili və onun 17 cangüdənini qətlə yetirdiyinə görə ona “paşa” təxəllüsü verilib, bununla da o, ermənilərin liderinə çevrilib.  Ardınca o, Sasun döyüşündə şəxsən qəhrəmanlıq göstərməyə müvəffəq olub, buna görə Sasunski təxəllüsü qazanıb.

Gənc hakim azacıq duruxub davam etdi:

-İcazənizlə, bu qəhrəmanlıq sözünü işlətdiyimə görə üzr istəyirəm, tərcümeyi-hal erməni mənbəyindəndir, mənbənin “qəhrəmanlıq” adlandırdığı bir şey dövlət əleyhinə qiyam qaldırmaq, dövlətin idarə və müəssisələrini talamaq, dövlətin polis və əsgərlərini öldürmək hesab olunur, çox acınacaqlıdır. Caniləri qəhrəman edən xalq əsl qəhrəmanlarını da cani adlandırar.

Get-gedə izləyici simpatiyası qazanan gənc hakimi bu dəyərli fikrinə görə auditoriya alqışladı.

Gənc hakim davam etdi:

-O dövrdə Avropa Osmanlı ilə haqq-hesab çəkirdi, erməni qiyamçılarına dəstək idi, Andronikin şücaətlərini də geniş təbliğ edir, ona hər cür dəstək verirdi. Məsələn, Cenevrənin “Frankfurter Zeytunq” qəzeti yazırdı ki, “Andronik 1897-ci ildən 1904-cü ilədək 31 döyüş keçirib, heç birində də yaralanmayıb, o, əsl qəhrəmandır.“

1904-cü ildə Sasun üsyanı yatırılandan sonra Andronik yenidən ölkəni tərk edib, uzun müddət Avropada yaşayıb. Harada olubsa türklər əleyhinə fəaliyyət aparıb, müəyyən formada onlara zərər vurmağa çalışıb. 1912-ci ildə Serbiya, Yunanıstan, Bolqarıstan və Çernoqoriya Osmanlı ilə müharibəyə başlayanda bundan bərk sevinən Andronik Qaregin Njde ilə birlikdə 273 könüllü ermənidən ibarət dəstə düzəldib, türk təbəəsi olduğu halda türklərin əleyhinə vuruşub. Bolqarlar ona uğurlu döyüşünə görə bolqar vətəndaşlığı və təqaüd də veriblər.

1-ci dünya müharibəsi başlayanda bolqarların türklərlə müttəfiqliyini görüb Andronik ölkənin hüdudlarını tərk edərək, bu dəfə Tiflisə gedib. Rusiya ilə müharibə eləyən Osmanlının təəbəsi olduğu halda keçib Rusiya tərəfdə könüllü vuruşub, Vanın, Muşun, Bitlisin alınmasında fərqlənib. Osmanlı imperiyasına vurduğu ziyanlara görə Rus Çarı onu Georgiyevsk xaçı ilə təltif edib.

Yerdən kimsə “Çox məkrli velikorus şovinizminin məkrli təzahürü” söyləyərək öz hiddətini ifadə edəndə gənc hakim də fürsətdən istifadə edib su içdi.

 

-1917-ci ildə Ərzurumun müdafiəsini həyata keçirərkən Andronikin dəstəsi ilk ciddi məğlubiyyətini alır, Sarıqamış – Qars – Aleksandropol istiqamətində geri çəkilir. 1918-ci ildə türklərdən aldığı zərbələrin qisasını qafqaz türklərindən - azərbaycanlılardan çıxmaq üçün münbit şərait əldə edən bu şəxs yeni formalaşdırılmış Erməni Ordusu Korpusunun diviziya komandiri təyin olunur. Həmin ildə də Rusiyanın bolşevik Qafqaz ordusunun komandanlığı ona general-mayor rütbəsi verir. 1918-ci ildə Andronik bir bolşevik, rus ordusu generalı ampluasında Azərbaycanda törədilən qətliamlarda iştirak edir, xüsusən Bakıda və Şamaxıda bu qətllər daha geniş vüsət alıbmış, ardınca Xoy başda olmaqla İran ərazilərində də azərbaycanlıların qırğınını təşkil edir.

Gənc hakim nəfəsini dərib “Bir insan bu qədər insanın qanına necə susayar axı” replikasını ataraq Andronik səmtə baxdı, Andronik heç bir reaksiya verməyəndə başını bulayaraq davam etdi...

 

 (Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.