Bəsti Əlibəyli yazır
İyirminci yüzil poeziyamızın daim cəzb məqamında olan devrimçi Şairi, Şeirə ilahi nur kimi baxan, ədəbiyyatımıza qanadlı, laməkan və zamansız şərqilər bəxş edən Vaqif Bayatlı Odər 75 yaşını tamamladı.
Qutlu olsun!
GÜL ADAM
Vaqif Bayatlı Odərə
O qanlı Kəllə*də
çarmıxa çəkilən sənmisən,
gül adam?
İsanın dözümü köməyin olsun!
Keçilməz dəryalarda
yol bulan sənmisən,
gül adam?
Musanın əsası köməyin olsun!
Acıxmış aslanlar təamı sənmisən,
gül adam?
Süleymanın dili köməyin olsun!
"Gil adamlar" içində
hamını hamıya sevdirən
sənmisən, gül adam?
Adı gözəl,
sidqi gözəl Məhəmmədin
dini köməyin olsun!
*Kəllə- İsa Məsihin çarmıxa çəkildiyi Qolqof dağına xalqın verdiyi ad
“Ədəbiyyat və incəsənət”
(03.10.2023)