Lalə Həsəncan, “Ədəbiyyat və incəsənət”
Mən ki uzaqlara Səndə Çatmışam,
Külək nəfəsindir, ruha qatmışam.
Ətrin qönçələnib, dəstə tutmuşam,
Ləçək tellərimə hörürəm Səni.
Şeirlərinin ahəngi, lirikası və rəngarəngliyi ilə seçilən bu mənalı sətirlərin müəllifi, “Ədəbiyyat və incəsənət” portalının bugünkü qonağı zərif ruhlu qadın şair Minayə Abdullayevadır.
Minayə xanımla elə öz evində görüşmək qərarına gəldim. Minayə xanım məni çox xoş qarşıladı. Masada hazırlanmış gözəl çay süfrəsinin arxasına əyləşib müsahibəyə başladıq.
-İlk öncə özünüzü təqdim edin.
-Minayə Müslüm qızı Abdullayeva. “Göz yaşı əvəzi” və “Nurlu Sabaha” kitablarının müəllifi.
-Bir şair kimi şeirlərinizi yazmaqda sizə kömək olan qüvvə nədir?
-O elə bir hisdir ki, sözlə izahı yoxdur, ancaq o məqamı yaşamaq lazımdır. Sadəcə onu deyə bilərəm ki, hislər və duyğular olmadan heç bir misranı ərsəyə gətirmək olmaz.
- Sevimli kitablarınız arasında sizə dəyərli olan kitab hansıdır və nə səbəbə?
-Müəllif üçün əsərləri eynidir.
Amma dürüst olmaq gərəkirsə “Nurlu Sabaha” kitabım mənim üçün çox qiymətlidir. O mənim üçün adicə kitab deyil, duyğularımın ən gözəl təzahürü, ünvanlı şeirlərimin mənbəyidir.
-Həyat sizin üçün nə qədər çətindir və bu zaman sizi motivasiya edən nədir?
-Hər kəsin həyatı kimi mənim də həyatımda çətinliklər olur, əlbəttə. Mənim motivasiyam şeirlərim və həsr etdiyim dəyərlimdir.
Şeirlərimin duyğularla bəzənmiş hər bir sözü mənim üçün bir yaşam hekayəmdir.
-“Yaxşı əsər pəncərə şüşəsi kimidir” deyirlər. Siz bu haqda nə düşünürsünüz?
-Yaxşı əsər haqqında çox danışmaq, çox müzakirə etmək olar, bir halda ki fikirlər müxtəlifdir.
-Əsl məhəbbət xəyala bənzəyir. Seirlərinizdəki məhəbbət nəyə bənzəyir?
-Hər insan öz hekayəsini bənzərsiz yazsa onda bütün yaşadıqları xəyalüstü olar. Mənim şeirlərimdəki məhəbbət bənzərsizdir. Duyğularımın ən gozəli məhəbbət əfsanəsidir.
-Hansı şeir vəzninə daha çox üstünlük verirsiniz?
-Mən bütün şeir vəznlərini çox sevirəm.
-Səhvlərimizdən dərs çıxarırıqsa niyə səhv etməkdən qorxuruq?
-Əslində bu yanaşma insanlara görə dəyişir. Mən öncə səhv etməməyə çalışıram, bütün qorxum buna görədir. Qorxu gözəl hisdir. Bu, çox insanda yoxdur. Amma istənilən halda hər bir insanın səhvi olur. Bu zaman isə səhvlərimizdən nəticə çıxarmağa çalışmalıyıq.
-Bir yazar kimi həyatınızın qalan hissəsində fayda verəcək nə edərdiniz?
-Mən də hər insan kimi faydalı olmağı özümə borc bilirəm və bunu gözəl əsərlərimlə verməyi düşünürəm.
Nəhayət sonuncu suala yaxınlaşdıq...
Bu zaman Minayə xanım gülümsündü. Gözü divardakı saata sataşdı. Əlində tutduğu fincana sual dolu nəzərlərlə baxaraq bir qurtum çaydan aldıqdan sonra yenidən “Davam edə bilərik” nəzərlərlə mənə doğru dikəldi. Hər ikimiz də zamanın bu qədər sürətli keçəcəyindən xəbərsizdik. Belə səmimi və isti duyğu dolu söhbətdən heç ayrılmaq istəmirdik. Bir neçə saniyəlik sükutdan sonra mən növbəti sualıma keçid aldım.
-Həyat çətinliklərin cəsarətlə, ümidlə, inamla olan mübarizəsidir. Gələcək üçün hədəfləriniz və ümidləriniz nədir?
-Hədəfim yaradıçılığımı genişlədib daha fəal olmaqdır. Ümidimiz bizi yaşadan amil, eyni zamanda bütün gözəl işlərimizin simvoludur. Ümidsiz insan mübarizə apara bilməz. Qaranlıq qaranlığı yox, qaranlıq işığı qovar. Hər bir gecənin bir gündüzü var əlbət.
Ümid isə onun son açarıdır.
Artıq müsahibənin sonuna gəlib çatdiq... Əziz oxucular, ümid edirəm ki, az da olsa Azərbaycan ədəbiyyatının yeni və gənc simalarından biri olan, yaradıcılığında müasir məhəbbət ruhunu təcəssüm etdirən xanım şair Minayə Abdullayevanı sizlərə tanıtmış olduq. Şeir xoş bir təbəssümdən, ya da göz yaşlarından yaranar. Əgər yaxşı bir əsər müəllifə ölməzlik gətirərsə, sizlərə də bu əsərlərdə olümsüz məhəbbətin fəzilətini yaşamağı arzu edirəm.
“Ədəbiyyat və incəsənət”
(28.09.2023)