Ülviyyə Əbülfətqızı, “Ədəbiyyat və incəsənət”
Xoş gəldin, Payızım. Sənə demişdim ki, bizim oxşarlıqlarımız var? Deyəsən, sözlərim Günəşdən uzaq qəlbini isitdi axı. Hə payızım, bizim oxşar cəhətlərimiz var. Bax, sənin də rəngin saralıb, elə mənimki də. Bax, sənin qəlbin soyuyub, elə mənim də qəlbim kainatdan soyuyub. Sənin də göz yaşların tez-tez axır, elə mənimki də. Hə payızım, oxşarlıqlar ürəyincəmi? Nə olar, gül bir az. Gül ki, yola saldığın qaranquşlar gedərkən pərişan olmasınlar, gül ki, buludların göz yaşları yeri sevgi dolu damcılarıyla islatsın.
Payızım, ay payızım... Niyə susursan axı? Mənim ürəyimin səsini duyursanmı? Bilirsən, nə düşünürəm? Altı il bundan əvvəl o, saralmış çinar ağacının altından, əynində sarı pencək keçirdi. Çinarın saralmış yarpaqları ilə onun sarı pencəyi çox gözəl ahəng yaradırdı. Mən isə yorğun halda məktəbdən evə tələsirdim. Həmin gün bir dəcəl şagirdim də məni yaman qorxutmuşdu. Gərginlikdən özümü güclə saxlayırdım. O dəcəl şagird ehtiyatsızlıq ucbatından pəncərəni qırmışdı. Şüşə isə ikinci partada əyləşən Selcanın üstünə tökülmüşdü. Xoşbəxtlikdən yazıq qızcığaz yüngül xəsarətlər almışdı. Sinif rəhbəri olduğum üçün məsuliyyətim daha böyük idi. Selcanı da çox istəyirdim. Selcan əlaçı və gözəl əxlaqlı bir şagird idi. Hətta, mən onu "Kitabi-Dədə Qorqud" dastanındakı Selcan xatunla müqayisə edirdim. Selcan adının mənası "işıqlı sima", "parlaq vücud" anlamını verir. Hətta bir dəfə Selcan Novruz bayramında sarı don geyinmişdi və mən onun üçün:
Odur, sarı donlu Selcan xanım köşkdən baxır,
Kimsə baxsa, öz eşqiylə oda yaxır!
demişdim. Bu, Selcanın xoşuna gəlmişdi və utandığından alma yanaqları qızılgül kimi qızarmışdı. Deyim ki, sinifdəki digər şagirdlərin də ürəyinə yatmışdı misralarım.
Hə, payızım, sənə o sarı rəngdə pencək geyinən oğlandan danışırdım axı. Mən onun kim olduğunu bilmədim. Lakin, yaxınlaşanda inanmadım. O, sinif yoldaşım Murad idi. Artıq illər onu dəyişmişdi. Sanki zaman adlı fırça Muradın üzünə xüsusi nə isə sehrli görünüş vermişdi. Qara gözləri iradəli və əzmli biri olduğunu sübut edirdi. Qara qaşları isə zülmət və zəhmli gecəni xatırladırdı. Baxışları bir anlıq ildırıma bənzədi və gözlərimi onun gözlərindən tez çəkdim. Lakin artıq gec idi. Bu ildırımlı baxışlar çoxdan qəlb adlı ünvana xüsusi qığılcımını yetirmişdi. Qəlb öz ritmindən məcrasından çıxan çay kimi çıxmışdı. Hər atışında xüsusi melodiya kimi səslənirdi. Bu melodiya isə səssiz ruhumun səssiz dilində lal kimi oxunurdu.
Nə olmuşdu mənə? Heç özüm də anlamırdım. Murad da bir anlıq heykələ dönmüşdü. Əvvəl elə anladım ki, mənim gözüm donub və Muradı hərəkətsiz görürəm. Sonra başa düşdüm ki, Murad da donuq qalıb. Ürəyimdə fikirləşdim, yəqin, çox dəyişmişəm Murad dəqiqləşdirir ki, mənəm, ya yox. Adımı qorxa-qorxa çəkib salamlaşdı:
-Arzu salam.
+Salam Murad, söylədim.
Sonra nə o bir söz dedi, nə mən. Bir qədər süküt yarandı. Sanki bu sükut özü dil açıb deyirdi ki, illər gizli qalan və etiraf edilməyən hisslərinizi daha da gücləndirib. Murad Bakı Dövlət Universitetinin jurnalistika fakültəsininin məzunu idi. Tanınmış kanallardan birində fəaliyyətə başlamışdı.
Əslində danışmağa o qədər mövzu var idi ki , amma, hər ikimiz sanki lal olmuşduq. Sözlər and içmişdi ki, dodaqdan kilidi açmayacaq. Murad mənim danışmayacağımı qəti bilib dedi ki: "Əminəm ki, şagirdlərin səni çox sevir".
Görünür, mənim haqqımda hər şeyi bilirmiş. Mən isə sadəcə başımı yellədim, dilimin kilidi hələ də açılmamışdı.
Murad digər sinif yoldaşlarımız haqqında nə isə deyirdi. Mən isə yalnız Muradın simasını görürdüm. İndi dilimlə bərabər, qulağım da batmışdı. Murad - sənə nə olub - deyən zaman qulağım açıldı.
-Heç nə... Heç nə olmayıb -dedim.
Murad- görüşərik, deyib ayrıldı.
Geriyə dönmək istədim, amma başarmadım. Bu dəfə ayaqlarım tutulmuşdu elə bil.
*
Artıq Muradı beş gün idi ki, görmürdüm, amma yenə donum açılmamışdı. Niyə belə idim, heç özüm də anlamırdım. Heç vaxt belə hisslər keçirməmişdim. Murad indi özü mənim muradım, arzum olmuşdu. Düşünürdüm ki, görəsən, o da məni mənim onu düşündüyüm qədər düşünürmü ? Nə idi bu, İlahi? Mənə nə olmuşdu axı?
*
Beləcə, Muradla görüşdən tam on gün keçmişdi. Onu görmək arzusu məni tərk etmirdi. Elə bütün günü onu düşünürdüm. Bir gün adəti üzrə məktəbdən çıxıb evə tələsirdim. Muradı görmək arzusu da ürəyimdə. Muradı fikirləşərkən işıqforu unutmuşdum. Şütüyən maşınları görməzdən yolu keçmək istəyəndə, -Ay Arzu, cismini unudub ruhunla uçaraq yolu keçirsən,- cümləsini eşitdim və qolumdan qəfil tutan Muradı gördüm.
Çox sevindim, elə bil illərdi axtardığım qiymətli bir gövhərimi yox, həyat cövhərimi tapmışdım.
Murad da heyrət və qorxu içində idi. O boğuq səslə:
-Sənə hisslərimi açmamış ölmək istəyirdin, sənsiz cismimi torpağa, ruhumu isə ruhuna çatdıraram- söylədi.
Bu sözləri eşitdim, amma necə reaksiya verdiyimi xatırlayanda indi də utanıram. Özümdən xəbərsiz Muradın əllərindən tutub:-"Sevdiyim, ruhumun ruhuna bağlandığını bilirsən, Arzu Muradsız tam olarmı ? "-demişdim.
Murad isə:- Arzu, Murad ən gözəl sinonimlərdir, -demişdi.
*
O gündən həyatın bütün dərdlərindən uzaq idik. Mən oxuduğum əsərləri onunla müzakirə edirdim. Murad isə öz dərin fəlsəfəsi ilə məni heyran edirdi. Hətta, ailələrimiz tezliklə nişana hazırlaşacaqdı.
Ta ki Hicran gələnə qədər...
Hicran Muradın xalası qızı idi. O, xaricdə magistr təhsili alırdı. Bu il isə birdəfəlik vətənə qayırdırdı.
Hicranın Murada məktəb vaxtlarından hissi var idi. Biz üçümüz də eyni sinifdə oxumuşduq. Lakın Murad ona öz bacısı kimi yanaşırdı. Bu isə Hicranın heç xoşuna gəlmirdi. Hətta biz Muradla dərsləri müzakirə edərkən, yanımıza bir bəhanə ilə gəlib Muradı məndən uzaqlaşdırırdı. Muradın da bundan heç xoşu gəlmirdi.
Deyəsən, illər heç Hicranı dəyişməmişdi. O, yenə də eqoist idi. Muradla görüşlərimizin birində qəfil peyda oldu və Murada “niyə məni görmürsən” söylədi. Murad:
-Dəfələrlə, bunu səninlə danışmışıq Hicran,-dedi.
Hicran isə mənə nifrətlə baxaraq, oranı tərk etdi. Mən çox məyus olmuşdum. Nə edəcəyimi bilmirdim.
Muradınsa əsəbindən qara qaşları çatılmışdı. İldırımbaxışlı gözləri yağışı hazır etmişdi. Amma mən Murada güvənirdim. Murada özümdən çox inanırdım. Sadəcə, onu bərk-bərk qucaqladım.
…Muradla ayrıldığımızdan üç saat keçmişdi ki, telefonuma zəng gəldi və bu, Muradın anası-Nərgiz xanım idi. Nərgiz xanım məni çox istəyirdi. O mənimlə görüşmək istədiyini söylədi. Mən tələsik evdən çıxdım. Nərgiz xalanı Hicran ilə birlikdə gördüm. Nərgiz xala məyus görünürdü. Sanki bütün dərdlərin sahibi idi. Danışmaq üçün var gücünü topladı və dedi:
-Arzu, qızım, siz Muradla ayrılmalısınız.
Bu sözü eşidəndə dünyanın ən bədbəxt qadını olduğumu hiss etdim. Axı niyə?-söylədim. Əlində Hicranın analizlərinin cavabları olduğunu və Hicranın ağır xəstə olduğunu söylədi. Dünya başıma daraldı. Bir anlıq qaranlıqlara səfər etdim.
“Onun son arzusu Muraddır, Arzu. Muradından vaz keç", -dedi.
*
O gündən altı il keçmişdir. Murad Hicranla ailə həyatı qurmuşdur. Mən isə Murada onu sevmədiyimi deyib ayrılmışdım. Murad bu olanların günahını Hicranda görüb, məni fikrimdən döndərmək üçün əlindən gələni etdi, lakin bacarmadı. Mən Muradı birdəfəlik tərk etmişdim.
Murad Hicranın xəstəliyinə görə insani borcunu yerinə yetirmişdi. Onun da və mənim də həyatım saxta yaşamla keçirdi. Ürəyimiz sadəcə, döyünürdü...Biz çoxdan diri ikən ölü idik. Həyatın bizə bu gözlənilməz hədiyyəsi baha başa gəlmişdi.
Mən hələ də ailə həyatı qurmamışdım, ey payızım. Bax, elə onu gördüyüm bu yarpaqları saralmış ağac var ha... Murad bir gün yenə mənimlə o ağacın yanında qarşılaşdı. Niyə onu tərk etdiyimi bir də soruşdu. Mən isə altı il əvvəlki cavabı verdim. Murad dedi ki:-"Düşünürsən, yarpaq düşürsə, xəzan bəhanədir"
Mən isə:
-Payızda yarpaqlar son gücünü ağaca verdikdən sonra onu tərk edir, -söylədim.
“Hətta bunun elmi sübutu da var” dedim.
Və açıqladım:
-Allah töküləcək yarpaqlarda şüurlu mexanizm yaradıb. Yarpaq tökülməmişdən əvvəl zülal və karbohidratları bitkinin gövdəsinə toplayır. Bu da gələcəkdə cücərəcək yarpaqlar üçün zəmindir. Hətta, yerə tökülüb çürüyən yarpağın belə ağaca xeyiri var. Çünki ağac çürümüş yarpaqlardan zənginləşən torpaqdan qida götürür. Hə Murad, indi yarpağın düşməsi bəhanədir, yoxsa, yeni yarpaqların yaranmasına zəmin?
Bu sözlərdən sonra qara gözləri dolmuş Murad dedi: "Kaş ki, sən də mənim kimi gecikmiş həqiqətin olduğunu ...”
Mən onun sözünü kəsib : -"hansı- hansı gecikmiş həqiqəti söyləyirsən"- dedim.
-Saxta analiz, Arzu, saxta analiz.
Bu "gecikmiş həqiqət" dizlərimdən qəfil vurdu və yerə çökdüm.
Amma artıq gec idi. Muradın beş yaşında Arzu adında bir gözəl qızı var idi. Arzunun Muradı isə onun qəlbində yeganə arzu və muradı olaraq ruhuna yazıldı, payızım.
Hə payızım, indi bildinmi səni niyə sevib özümə bənzədirəm?
“Ədəbiyyat və incəsənət”
(26.09.2023)