“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizləri İnqilab Orxanın şeirləri ilə tanış edəcəyik.
UZAQLARA GEDİRƏM Kİ...
Bir bax, yenə külək əsir
ömrün ötən illərindən.
Nə yaman kəsif iy gəlir
sevdamın yanıq yerindən.
***
Qıpqırmızı güllər kimi
qan verib qızarır yaram.
Bu xoralı şeirimi də
qızıl qanımla yazıram.
***
Ürək qalxır, baş gicəlir
bu qara qan qoxusundan.
Lent kimi quruyur qanım
köynəyimin yaxasında.
***
O gülü sənə göndərdim,
amma yaram mənə qalsın.
Uzaqlara gedirəm ki,
səni pis qoxu vurmasın.
YIXILDIM, AMMA ÖLMƏDİM...
Qaralırmı hərdən qanın,
darıxırsanmı arabir?!
Bilsən köhnə məktubların
içimi necə göynədir?!
***
Olubmu külfət içində
qalasan yalquzaq kimi?
Unutma ki, xəyanətin
kürəyimdə bıçaq kimi.
***
Yıxıldım, amma ölmədim,
sönmədi odum-ocağım.
Kürəyimdə dəlil kimi
gəzdirdim qanlı bıçağı.
***
Özümə gəldim, dirçəldim, –
güvəndim Tanrı haqqına.
Doldu damarlarım, hətta
qan da verdim qan bankına.
***
Möhkəm tutun məni, dostlar,
məhkumam dimdik qalmağa.
O qız gələcək bıçağın
dəstəyindən asılmağa.
GÖRÜNMƏZLƏR GÜCLÜ OLUR
Allah, məni elə gizlət,
kimsə bilməsin yerimi.
Heç kim heç zaman tapmasın
ya ölümü, ya dirimi.
Bilməsin dost da, tanış da
harda, necə yaşayıram?!
Adammıyam, şeytanmıyam, –
görən, nəyə oxşayıram?!
Bəlkə, quşam – qanadım yox,
bəlkə, daşam, ya dəmirəm ?
Hər nəyəmsə, hamı kimi
ömür sürmək istəmirəm.
Zəhərli ilanam, bəlkə,
sürünürəm sənə sarı?!
Sancmaq istəyirəm, bəlkə
sənə sarılan qolları?!
Məni elə gizlət, Allah,
bir kimsə görməsin, nolar?!
Özün yaxşı bilirsən ki,
görünməzlər güclü olar.
ƏLİNDƏ BİR DƏSTƏ ÇİÇƏK
Göz yaşıyla şeir dedim,
hamı sevinclə əl çaldı.
Mən dərdimi faş elədim,
hamının dərdi azaldı.
Bir zaman daş atanları
indi çiçək atan gördüm.
Dərdimi gülə tutdular, –
necə dəyərliymiş dərdim.
...Sən də durmuşdun arxada,
gözlərin yaşla doluydu.
Sənə gedən bu uzun yol
nə gedər-gəlməz yoluydu.
Əlində bir dəstə çiçək,
amma, deyəsən, solğundu.
Yanağından süzülən şeh
halına yaman uyğundu.
Gülləri bərk sıxdığından
əlin qana bulaşmışdı.
İçim od tutub yansa da,
məni soyuq tər basmışdı.
BİZİM GETDİYİMİZ BU YOL
Ciblərini bir eşələ,
qurdala görək nəyin var?!
Vaxta da lap az qalıb,
indi tərpənir qatar.
Bir bax, xanım bələdçi
yoxlayır biletləri.
Vaqonların altında
sevişir vağzal itləri.
Kişilər mərifətlə
qadınlara yol verir.
Yanaşıb yolçulara
dilənçi qız yalvarır.
Qızın lir-licimindən
iyrənir nazlı qızlar.
Dünya dönsə də, toxlar
acları anlamazlar.
...Eşələ bir ciblərini,
xırda pulun oldu, bəlkə
Bizim getdiyimiz bu yol
qız gələn yoldu, bəlkə!
ALLAH, TƏKİ ÜMİD VER...
Bu iylənmiş dənizə
qarmaq atıram, qarmaq.
Vallah-billah, ümidsiz
olmur evdə oturmaq.
Yaşayıram pis-yaxşı
bir ömrün girovunda.
Günümü keçirirəm
hər gün balıq ovunda.
Qarmağıma ilişən
hər balıq bir ümiddi.
Boş çıxarsa qarmağım,
demək ki, ümid itdi.
Zatən, çox kiçik olur
tutduğum balıqlar da.
Allah, təki ümid ver,
lap olsun xırda-xırda.
Eybi yox, qoy günlərim
beləcə də ötüşsün.
Ümid var qarmağıma
bir gün balina düşsün.
O ZAMAN DUZA GEDİRDİN...
Burnunun yelli vaxtında
qapımı çırpıb getdin.
“Dünya dönsə də, qapını
heç vaxt açmaram” – demişdin.
İndi, budur, – qapımdasan,
baxa bilmirsən üzümə.
Nədənsə, bu vurhavurda
burnun sataşır gözümə.
Əcəb ovulub, deyəsən,
o zamankı o dik burnun.
Yada sal, o vaxt evimi
başıma necə uçurdun?!
O zaman duza gedirdin,
indi duz yükü altında.
Mən də çırpımmı qapını
sənin bu sınmış vaxtında?!
Bu dəmdə nəvəm sözləri
muncuq kimi düzür sapa:
“Nənəni çağıy içəyi,
buynu çox əzilib, – baba...
“Ədəbiyyat və incəsənət”
(26.09.2023)