Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Yer üzündə elə yaxşı bir şey yoxdur ki, mayasında iyrənclik olmasın.
Anton Çexov
-Bütün kanalizasiyaları təmir etsələr, zibillikləri təmizləsələr və yaxud, daha irəli addım ataraq hər evdə yerləşən məlum postları yox etsələr, belə olan halda bütün aləm insan qoxar. Bu isə təhlükəlidir. Atılan hər bir addımda nəticə hər zaman üfunət qoxur.
Öz zənnincə dərin fəlsəfəsini işə saldığını düşünən Yaroslav İvanın sərt cavabı ilə qarşılaşdı:
-Düz deyirsən, hər halda mən də səni yox etsəm, bu dükan səndən sonra sən, yəni satqınlıq qoxar.
-Belə olan halda mən də səni yox etsəm, səndən sonra sən, yəni satqınlığa ortaqlıq qoxar. Mənimlə bu mövzunu müzakirə edəcək qədər güclü və təmiz olduğunu düşünmürəm.
-Yaxşı görək, boş-boş danışma. Sən mənə cavab qaytaracağına dükanın halını düşün. Bu gün bir dənə də müştəri olmayıb. Sənsə burada çərənləyirsən.
-Heç kim gəlməsə belə, birazdan daimi müştərimiz gələcək. Dediyim olduğu zaman yeni gələn şərablardan elə məhz həmin anın şərəfinə içəcəyəm.
Yaroslav sözünü yenicə bitirmişdi ki, İvan birdən nəsə hiss edirmişcəsinə üzünü qapıya tərəf döndü və ortağına hazır olmasını işarə elədi. Bəli, Viktoriya - daimi müştəriləri dükana doğru yaxınlaşırdı.
Yaroslav cəld halda ağır tərəzi daşlarını özü hazırladığı, üzərinə əvvəlki tərəzi daşları ilə eyni çəki yazılan yüngül tərəzi daşları ilə dəyişdirdi. Yaroslav bu addımı atdıqdan sonra tərəzinin boş gözü ağırlıq təşkil edərək aşağı, dolu gözü isə yüngül olduğu üçün yuxarı qalxdı.
Viktoriya hər zaman olduğu kimi sevdiyi şəkərləmələrdən almağa gəlirdi. Az sonra əlində orta ağırlıqda olan daş parçası ilə dükana daxil oldu. Yaroslav onun bu addımına çaşıb qalmışdı, çünki ondan bu cür addım gözləmirdi. Tərəzinin digər gözünün altı üçün nəzərdə tutduğu daş parçası Yaroslavın əlində qalmışdı. Viktoriya ona yaxınlaşaraq dedi:
-Al bu daşı, tərəzinin hər iki gözünü tarazlaşdır!
İvan çaşıb qalmışdı, nə edəcəyini bilmirdi. Yaroslava tərəf dönərək:
-Mənə bax, bu sarsaq əvvəl dəli idi, indi isə, deyəsən , təmiz ağlını itirib. Artıq bizim əməllərimizə də ortaq olmağa can atır. Dostum, sevinməliyik, çünki yeni bir yoldaşımız var. Cəhənnəm alovlarına tuş gələn zaman onu qabağa atarıq.
İvanın söylədikləri özünün çox xoşuna gəlmişdi. Dayanmadan səsli şəkildə gülürdü.
Viktoriya həmin küçədə hər kəsin tanıdığı, əqli cəhətdən zəif, qırx və yaxud qırx beş yaşlarında bir qadındır. Bundan iki il əvvələ qədər yaşlı nənəsi ilə yaşayırdı. Qoca qadın öldükdən sonra Viktoriya tamamilə yuxulu, fikirli vəziyyətdə dolaşır. Qonşular nənəsinin ölümündən düz bir həftə sonra xəbər tutmuşdular. Deməli, Viktoriya düz bir həftə yaşlı qadının cansız bədəni ilə yaşayıbmış. Meyidin uzun müddət evdə qalması səbəbilə ətrafa yayılan iyrənc qoxu küçə sakinlərini narahat edir və bir müddət sonra bu qoxunun Viktoriyanın yaşadığı evdən gəldiyini anlayırlar. Həmin evə daxil olduqda isə qarşılaşdıqları mənzərə onları heyrətləndirir. Nə isə mövzumuz onsuz da bu deyil, mövzumuz məsələ hər nə olursa olsun onun tarazlığını qorumaqdır...
Yaroslav Viktoriyaya dönərək onun bu addımına sevindiyini bildirdi:
-Əlbəttə, Viktoriya. Ah, Sən necə də fədakar bir müştərisən. Bilirsən,sənin kimi addım atan ikinci birinə hələ də bu küçədə rastlamamışam.
Viktoriya Yaroslavın sözlərindən xoşlanaraq dayanmadan rəqs edir, gülür və öz zənnincə mahnı oxuyurdu. Bu dəmdə Yaroslav Viktoriyanın gətirdiyi daşı tərəzinin digər gözünün altına yerləşdirdi. Beləliklə arzu etdikləri tarazlığı qorumuş oldular. Yaroslav ortağına işarə edərək yanındakı zibil qabının içərisindəki kağız parçalarını ona verməsini bildirdi və həmin kağızları Viktoriyanın sevdiyi şəkərləmələr yerinə paketə əlavə etdi.
İnsanoğlu belə tarazlığı qorumaqda bu qədər aciz ikən gözləri önündəki vicdansız mənzərə ilə özlərini buna inandırmağa çalışırdılar!
Yaroslav kefli halda birdən dilləndi:
-Axı söz vermişdim ki, bunun şərəfinə içməliyəm. Artıq nəfsimə hakim ola bilmirəm. O şərabdan birini hökmən içməliyəm (Əlini Viktoriyanın arxasında olan şərab sıralarına uzatdı). Birini də elə sənin şərəfinə içəcəyəm, Viktoriya.
Elə bu an Viktoriya gülümsəyərək üzünü şərab sıralarına tərəf döndərdi:
-Mən verərəm. Mən o şərabı bu saat sizə verərəm, cənab.
Lakin Viktoriya nə qədər əlini uzatdısa, həmin şərabı yerləşdiyi sıradan götürməyə boyu yetmədi.
İvan yenə zarafatlarını bir-biri ardına sıralayırdı:
-Mənə bax, Yaroslav, bu, onsuz yer cücəsinə oxşayır. Bəlkə bir gün tərəzinin bir gözünə tərəzi daşı əvəzinə elə bunun özünü qoyasan. Arzu etdiyi tarazlığı özü qazanmış olsun.
-Boş-boş danışma, sarsaq. Şərabı mənə gətir. Sən isə gedə bilərsən, Viktoriya. Zəhmət çəkmə gerisini mən həll edəcəyəm. Sən get şəkərləmələrini ye. Amma həmişəki kimi yolda yox, evdə ye. Sonra gəlib deyirsən ki, necə olubsa unudub yolda yemişəm. Heç necə yediyini də xatırlaya bilmirsən.
-Baş üstə, cənab. Çalışaram. Əsas odur ki, tarazlığı qoruyaq. Sabah sizə iki yeni daş parçası gətirməyi düşünürəm. Sağlıqla qalın! (Viktoriya cibində olan son qəpiklərini Yaroslava təqdim edərək, dükandan çıxdı)
O gecə İvan və Yaroslav şərabdan ya bir az çox içmişdilər, ya da elə də çox içməmişdilər, sadəcə içkinin təsiri ağır idi. Gecənin bir yarısı İvan Yaroslava üşüdüyünü bildirdi. Yaroslav isə üşüyən dostu, İvan üçün sadəcə dünyanı deyil, şəxsi dükanlarını alova verəcək qədər fədakar birisi idi.
Səhər saat 09:00.
Viktoriya əlində iki daş parçası ilə dükana doğru yaxınlaşırdı. Bu səfər onu qapı üzərindəki “дверь открыта “ yazısı əvəzinə kütləvi insan sürüsü qarşıladı. Sürünü yara-yara irəli doğru addımlayan Viktoriya şahid olduqları qarşısında nə edəcəyini bilmədi. Dükan tamamilə yanmışdı, İvan və Yaroslav isə orada yox idi. Xarabalığa dönən dükan yerinin mərkəzində dəmir tərəzi və Viktoriyanın dünən gətirdiyi daş parçası qalmışdı. Viktoriya təlaşlandı və gətirdiyi hər iki daş parçasını yerə ataraq dükana doğru qaçmağa başladı. Fəqət digər insanlar onun yolunu kəsir və ətrafına sədd çəkirdilər. Təşvişə düşən qadın o tərəf-bu tərəfə qaçaraq yalnız bir şey deyirdi:
-Tarazlığı qorumalıyıq,... tarazlığı qorumalıyıq...
İnsanlar onu heç cürə başa düşə bilmirdilər. Necə başa düşə bilərdilər ki?
Daha sonra Viktoriya gətirdiyi daşlara doğru qaçaraq –“İndi bu daşlarla mən nə edəcəyəm? “-deyirdi.
“Artıq heç bir işə yaramayacaq”, “Artıq tarazlıq qoruna bilməyəcək”.
Elə bu an orta yaşlı bir cənab Viktoriyaya yaxınlaşaraq mülayim ifadə və səs tonu ilə ona səsləndi:
-Əmin ola bilərsən ki, artıq hər şey tarazlıqdadır. Daşların iki dənə olması bu məsələni kökündən həll edir. Çünki bu daşların hər birinin artıq öz sahibləri var!
Günahlarımıza olan qorxularımızdırmı bizi ölümdən qorxudan, əziz dostum?
Yoxsa sən heç nədən qorxmursan? Məsələn, bir tikanın sənin ətinə batmasından, ecazkar bir meşəlikdə bir ilanın səni sancmasından, görünməz bir daşa ilişməkdən qorxmursan? Yalan demə, hər kəs qorxar. Elə ən birinci də hər kəs birinci özündən qorxar. Bu gün, deyəsən, ikimiz də ölürük. Səni son dəfə qucaqlamaq istəyirəm, amma boyum yetmir. Həm də görürəm ki, unutmusan məni. Eyni bezə pisləmişik, əziz dostum, nə tez unutdun məni ?!
Saat əqrəblərinin əks istiqamətində gözləyirəm səni.
Heç kimin gözləmədiyi bir yerdə.
Getmə, zamanın arxasına düşüb getmə.
Qayıt geri.
Gedək öpək ölüləri.
Aqşin Yenisey
“Ədəbiyyat və incəsənət”
(26.09.2023)