Öldür onu! - HEKAYƏ Featured

 

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Dəhliz

-Salam ana, biz gəldik.
-Xoş gəldin qızım, keç içəri, əllərini yu, süfrə hazırdı.
-Yaxşı.


15 dəqiqə sonra

Mətbəx

-Günün necə keçdi?
-Biz bu gün çox gözəl gün keçirdik. Elə deyil?
-.........
-Qızım, sən kimə deyirsən? Mən səndən soruşuram axı.
-Hə, ana, getdik universtitetə, bir dərsdən sonra dərsdən qaçıb gəzməyə getmişdik.
-Nə, kiminlə, hara?!
-Anacan, yeməyi niyə bir boşqab çəkmisən?
-Ay Nigar, qonaq var bəyəm? Nə olub axı sənə?
-Sən niyə qəbul etmirsən axı?
-Nəyi, ay Nigar, nəyi?

Bu vaxt evin kişisi də gəlib masa ətrafında əyləşmək istəyir.
-Oturma ordaaaa!!!
-Niyə?
-Korsan?! Onu əzərsən.
-Ay qız, adam atasına kor deyər, bu nə danışıqdı? Həm, kimi əzirdim ki mən?
-Ata?! Sən?! Sən atasan?! Ümumiyyətlə, sən kişisən?! İnsansan sən?1 Sən iyrənc məxluqsan, nifrət edirəm sənə.
-Günel, yığışdır bunun ağzını, yoxsa.
-Yoxsa nə? Yoxsa neyniyəcəksən? Ana, bu dəfə heç nəyə qarışmırsan. Həm uşağı əzirdi, həm, belə danışır.
-Nigar, özünə gəl, qəbul et, artıq o yoxdur.
-Ana, sənə dedim axı qarışma.
-Ay qız, sən dəli olmusan?
-Yox amma, sən bir dəfə kişi ola bilmədin. Girmisən evə, qara qəpiyin yiyəsi deyilsən, düşmüsən ağ zəhərin içinə, güya bilmirəm?

35 dəqiqə sonra

Yenə həmin məkan

-Salam, Abşeron rayon üç saylı polis bölməsinin istintaq rəhbəri polkovnik Turan Həsənlidir.
Huşu gedən Günel xanım və əlləri qan içində anasına baxan Nigar. Yemək masasının bir küncündə isə Vüqar Alıyevin cansız bədəni.
Bir az sonra özünə gələn Günel xanım güclə də olsa polislərin suallarına cavab verməyə çalışır.
-Günel xanım, siz mərhumun nəyi idiniz?
-Yy-yyoldaşı.
-Bəs qatilin?
-Aa-anası.
-Hadisələr necə baş verdi?
-Tam xatırlamıram.
-Xatırladığınız qədərini danışın.
-Saat dörd olardı, Nigar universtitetdən gəlmişdi. Elə bir az sonra süfrəyə oturdu. Ss-ssonra...

Araya səssizlik çökərkən bu səssizliyi təkcə Günel xanımın göz yaşları boğur.

-Yaxşı, Nigar niyə atasını öldürdü?
-Mm-mənim qqq-qızım qatil deyil. Mən sizə hər şeyi başdan danışacam.

Və danışır:
-Qız dərsdən gələndən kiminləsə birlikdə gəldiyini vurğulayırdı, amma yanında heç kim yox idi. Süfrəyə oturandan bəri də sanki, yanında uşaq varmış kimi davranıdı. Sonra da, kişi süfrədə oturmaq istəyəndə qoymadı ki, bəs onu əzirsən....
  

 2 saat sonra


Dindirilmə otağı

-Hə, Nigar xanım, danışın görək, siz atanızı hansı əsasla öldürdünüz?
-Nə?Ata? Əşi kişi idi o? Öldürmüşəm, əcəb eləmişəm. Hər şey onun ucbatından olur elə.
-Axı mərhum sizə nə etmişdi?
-Mənə heç nə, ancaq balaca qardaşım Vaqif doğulandan uşağa gün verib işıq vermir. Süfrədə də, yenə uşağı görməyib üstündə oturmaq istəyirdi. Öz zəhərinə uşağı qurban etməsi az deyilmiş kimi, hələ bir süfrədə də, görməzlik edir. Mən başa düşmürəm, axı anam niyə Vaqifi görməzlikdən gəlirdi?
-Necə yəni görməzlik?
-Naharda biz gələndə nə əyilib uşağı öpdü, nə də bir boşqab yemək verdi. Hələ mənə deyir, niyə dərsdən tez çıxmısan? Axı bu gün mənim balaca qardaşımın on yaşı tamam olurdu. Məgər mən onun böyük bacısı ölmüşəm ki, uşaq ad günündə də gəzməsin? Onsuz o narkoman atasından xeyir gəlməz.

İllərin əməliyyatçısı, polkovnik Turan Həsənlidən başqa kimsə bu cinayət işini açmağa qadir ola bilməz. O, işində artıq çox püxtələşmişdi, ən kiçik detalı belə puzzle parçası kimi birləşdirdiyi üçün əsas hadisələri nisbətən bir yerə yığsa da, faktları tam anlamaq üçün Günel xanımla birlikdə bölmədən cinayət məkanına təkrar nəzər salmağa yollanmışdı.

21.06.2017


İçəri girəndə sanki, gözünü duman almış kimi ətrafı seçə bilməsə də, ayaqları onu ora aparırdı. İçindən bir səs "get Vaqifi yoxla, uşağın bir saatdı səsi çıxmır" deyirdi. Budur, qapı açılır və o, otağa daxil olur. Gördükləri qarşısında səsini belə çıxara bilməyən Günel Nigar məktəbdən gələnə kimi 4 yaşlı oğlunun cansız bədəninin yanında dizləri üstə çökür. Qapının döyültüsü sanki onu yuxudan ayıldır. Günel heç nə olmamış kimi key-key qapını açır. Anasının ağarmış bənizindən və Vaqifin bacısının səsini eşidib ortaya çıxmamasından Nigar nə isə tərslik olduğunu anlayır. Otağına keçib çantasını qoyan kimi Vaqifi səsləyir, lakin uşaqdan hənirti gəlməməsindən qorxan qızcığaz anasının otağına daxil olur..
......Vaaaqiiif.......

 ......Anaaaaa.....
-Ana qalx, anacan, qalx, qalx, qalx. Vaqif nəfəs almır, ana. Onun ağzı ağarıb ana, onun ağzı ağarıb. Bax hər yer köpükdü. Qalx, qurban olum, qalx..
Oğlunun hələ mələk yaşlarında dünyaya gözlərini yummasına tək səbəb  narkotik istifadəçisi bir atanın aciz və səhlənkar davranışı oldu. 4 yaşlı Vaqif atasının çəkməcəsinin üstündəki həbləri konfet bilərək ağzına atmış və cəmisi 15 dəqiqə sonra zəhərin təsirindən dünyasını dəyişmişdi.
Qəribədir ki, bütün bu hadisələrdən sonra oğul qatili "ağ zəhərli" ataya cəmisi 4 il iş verilmiş, azadlığa çıxandan sonra isə heç nə olmamış kimi o, evə qayıdıb gələ bilmişdi. Təəssüf ki, bəzən qanunlar bariqanın narkotikdən gələn gəliri hesabına yenidən yazılar və bir cinayətin üstü belə örtülər.
Qardaşının ölümünü qəbul edə bilməyən Nigar 6 ildir ki ,xroniki insomnia və şiddətləndirilmiş şizofreniyadan əziyyət çəkir və həyatına sanki, uşaq sağmış kimi davam edirdi...
        

 02.02.2023

-Nigar?
-Hə,Vaqif.
-Öldür onu.
-Niyə?
-Çünki,o məni sevmədi
-Elə şey olar? Vaqif, o bizim atamızdır.
-Xeyr ,o pis adamdır, əgər mənim getməyimi istəmirsənsə öldür onu...

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2023)
       

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.