“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
25-Cİ DƏRC
Ekspert “Mən buna çox təəssüf edirəm” deyərək öz şəxsi mövqeyini bildirib, nəhayət mətni tamamladı:
-1997-ci il aprelin 2-də Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri, general Lev Roxlin dumanın iclasında Ermənistana 1 milyard dollarlıq qanunsuz silah satılması barədə hesabat vermişdi, 1998-ci ilin 3 iyulunda Lev Roxlin Moskva yaxınlığındakı bağ evinin yanında qətlə yetirildi. Bu qətli də erməni terrorçuları həyata keçirdilər.
Ekspert fikrini tamamladı. Baş Hakim Xrimyandan sözü olub olmadığını soruşdu, Xrimyan bu dəfə də saymazyana surtukunun qolunu didişdirməyə başladı. Yaşlı hakim söz istəyib bunları söylədi:
-Ümumiyyətlə, ermənilərin antirus meyilləri barədə yüzlərlə fakt var, Sovet dönəmində ən böyük rus icması yaşayan, 50-ci illərin əvvəllərində rusların ermənilərə nisbəti az qala 50-nin 50-yə olan Ermənistanda 1989-cu ildə əhalinin cəmi 1,6 faizini (51555 nəfər) ruslar təşkil edirdi, müstəqil Ermənistanda isə 2001-ci ildə rus əhali daha 3,3 dəfə azalaraq 14660-a çatmışdı. 2011-ci ildə keçirilən son siyahıyaalınmada isə bu qərəm 0,4 faizə düşmüşdür (11911 nəfər). Hazırda Ermənistanın orta məktəblərində, universitetlərində rusca təhsil qadağan olunmuşdur. Bu millətin rusların qatı düşməni olan faşist polisayı Njdeyə abidə qoyması isə, yeri gəlmişkən, o da hazırda müttəhimlər sırasındadır, açıq-aşkar ruslara meydan oxumaq, onlara özlərinin necə qədirbilməz, nankor xalq olmalarını nümayiş etdirməkdir.
Və son olaraq mən bir müqayisə aparmaq istəyirəm. Ermənilərin özlərinə dost, qardaş dedikləri rusları sıxışdırıb ölkələrindən necə çıxarmaqlarını sübut edən rəqəmləri sizə söylədim. İndi də müqayisə üçün sizə erməni genosidində suçlanan türklərin ermənilərlə rəftarını göstərim. 1915-ci ildə - mifik “erməni genosidi”nin törədildiyi iddia olunan ildə İstanbulda 100 minə yaxın erməni yaşayırdı. Son siyahıyaalınmaya görə İstanbulda hazırda yenə da 100 min erməni yaşayır.
Tamaşaçılar alqışlarla qarşıladılar bu statistikanı.
Divana bir təklif də Divanın işlər vəkilindən gəldi. O bildirdi ki, təzəlikcə ermənilərin ruslara torpaq iddiası barədə bir məlumat oxuyub. Dedi, madam ki, bun gün ermənilərin ruslara sapladığı balta zərbələrindən danışırıq, xahiş edərdim ki, torpaq iddiası barədə də auditoriya məlumatlandırılsın.
Ekspertlər qısa zamanda sözügedən informasiyanı tapıb ortaya qoydular.
“Ermənilərin ərazi iddiaları təkcə Türkiyə və Azərbaycanla məhdudlaşmır, bir neçə il bundan əvvəl onlar Rusiyanın Yakutiya Respublikasının qədim erməni diyarı olduğunu iddia edən və bununla bağlı həqiqətə uyğun olmayan informasiyalar yaymışdılar, ardınca da Rusiyanın populyar kurort şəhəri olan Soçiyə qarşı iddia irəli sürüblər. “Soçidə erməni icmasının yaranması tarixi” kimi üzdəniraq məqalələri mediada və sosial mediada tirajlayaraq erməni təbliğatçıları Soçinin ermənilərin ən qədim dövrdən məskunlaşdığı yer olduğunu yazır, bu şəhərə xüsusi hüquqlarının olduğunu iddia edir, hazırda Soçidə ümumi əhalinin 40% -ni təşkil edən 200 minə yaxın erməninin yaşamasını sübut kimi ortaya qoyurlar. Qeyd edirlər ki, guya Soçinin də daxil olduğu Krasnodar diyarı ərazisində erməni əhalisinin ilk məskunlaşması eramızın I əsrinə təsadüf edir. Guya Böyük Tiqranın legionu həmin vaxt bura gəlib və bu zaman minlərlə erməni burada qalaraq koloniya şəklində yaşamağa başlayıb. Ermənilər utanmadan və usanmadan Soçi şəhərinin “Böyük Ermənistan”ın ərazisində yerləşdiyini iddia edirlər.
Rusiyalı təhlilçilər həyəcan təbili çalaraq erməni təbliğatçılarının sosial şəbəkələri və müxtəlif tarixi arxivləri saxtakarlıqla doldurmağa başlayacaqlarından, bununla da ermənilərin bu torpaqda ilk məskunlaşdıqlarını və Soçinin guya onların əcdadları yaşadıqları ərazi olduğunu təsdiqləyəcəklərindən, ərazi iddiaları qaldıra biləcəklərindən narahatlıqlarını dilə gətirirlər.
Ermənilər XX əsrin əvvəllərində “Böyük Ermənistan” deyib haray-həşir qopardılar, SSRİ dönəmində onlara cavab verən olmadı, yazdıqları boxçalarında qaldı. İndi isə o boxçaları bir-bir üzə çıxarırlar. Moyisey Xorenatsi adlı anonim tarixçi yaradıblar. Yesemyan, Avazyan, Yeremyan və başqa müasir saxta tarixçılər də ortaya “əmək” qoyub XX əsrin əvvəllərində yazılan uydurmaları “mənbəyə”, “arxiv sənədi”nə çevirməkdədirlər. Saxtakarlıq o həddədir ki, hətta bundan bəzi erməni alimlərinin özləri də xəcalət çəkirlər.Bir erməni məsəlində deyilir: “Harada çörək varsa, ora ermənilər üçün vətəndir”. Elə bu məsəldən də çıxış edərək ermənilər harda barlı-bərəkətli yerlər varsa oralara üz tuturlar. Ermənistandakı ağır sosial durum on minlərlə sovet ermənisini Rusiyanın cənubundakı Krasnodar və Stavropol diyarının dünyaca məşhur kurort zonalarında – Soçı, Kislovodsk, Mineralnıye Vodı kimi şəhərlərdə məskunlaşmasına rəvac verib. İndi bu çörəkli yerləri ermənilər de-faktoyla yanaşı de-yure də vətən etmək istəyirlər. Onların hazırda işğal etdikləri Azərbaycana aid Dağlıq Qarabağ da kurort bölgəsi, çörəkli diyar idi. Dağlıq Qarabağın acı taleyi Soçi, Minvod iddialarının da gələcəkdə oxşar aqibətə tuş gələ bilməsini mümkün edir.
Söyənilənlər xüsusən Axirət dünyasındakı ruslar üçün tam gözlənilməz oldu, onlar birvaxtkı “vassallarından” bunu əsla gözləmirdilər.
Nəhayət, Baş Hakim yekun nitqini söylədi:
-Hörmətli Divan heyəti, hörmətli auditoriya! Mən din pərdəsi altında edilən rəzilliklərlə heç cür barışa bilmirəm. Hətta ateist Sovet dövlətində belə mən dini inancı olan bir ailədə böyümüşəm. Cəllad, killer, diktator, qatil manyak – bunlar qana susaya bilər, qan tökməyə meyilli ola bilər, amma din xadiminə, özü də rəhbər din xadiminə bu əsla yaraşmaz. Xrimyan burda özünü elə aparır, guya deyilənlər onun tükünü də tərpətmir, amma əslində bu belə deyil. Insanın üzərinə birdən-birə elədiyi bütün günahların ahı yürüyəndə onun buna biganə qalması inandırıcı deyil, üstəlik, bu basqıdan onun dizinin bükülməməsi, gözünün qaralmaması, nitqinin tutulmaması da mümkünsüzdür. Mən dinlər barədə ümumi bir çıxış etmək istərdim, eyni Allaha ibadət edən xristian, müsəlman və yəhudilərin eyni mərama xidmət etdiyini, hər hansı bir dini ayrı-seçkiliyin yolverilməz olduğunu isbatlamağa çalışacaqdım. Amma bugünkü proses çox ağır keçdiyindən, hamı kifayət qədər yorulduğundan mən dinlər barədəki çıxışımı sabahkı prosesə saxlamalı oluram. Sabahkı proses üçün də o çıxış aktual olacaq. İndilikdə isə Divanın hökmünü elan edirəm.
Baş Hakim pauza verdi, milçək uçsa belə vızıltısı eşıdıləcək bir səssizlik yarananda amiranə səslə elan etdi:
-Din pərdəsi altında ağlasığmaz cinayətlər həyata keçirərək yüz minlərlə insanın qətlinə fərman verməkdə təqsirli bilinən Katalikos Mkrtıç 1-ci Xrimyan qeybedilmə cazasına məhkum olunsun! Hökm dərhal icra olunsun!
Üza qaraörpəkli mühafizəçilər Xrimyana yaxınlaşıb qolundan tutaraq onu səhnənin arxasına apardılar.
Baş Hakim daha bir prosesi bitirdikləri üçün dərindən nəfəs aldı.
5-Cİ PROSES
YEPİSKOP MESROP
-Qalxın, Divan gəlir!
Vaxt nə tez keçir belə. Sankı Mkrtıçla bu dəqiqə vidalaşmaları təəssüratı yaşayırdı Axirət insanlarında, Divan tamaşaçılarında, artıq Mesrop gəldi.
Tamaşaçılar qalxıb hakimlərin yerlərinə keçmələrini gözlədilər. Hakimlər yerlərinə keçdilər, kürsülərində rahatlandılar, Baş Hakim səsini arıtlayıb sözə başlamaq istədi, amma yaşlı hakim yüngülcə onun çiyninə toxundu. Yəni ki, gözlə, diktor elanı gəlsin, sonra danışarsan. Ümumiyyətlə, Baş Hakim hərdən çox səbirsiz olur, bu, onun prosesə alüdə olmasındandır, istəyir, hər şey tez həll olunsun. Hətta bir dəfə həmkarlarına etiraf edib ki, mənimçün həyatda ən ağır şey prosesin davamının növbəti günə keçirilməsidir.
Bu adamı qoy, saatlarca yemədən, içmədən, yorulmadan, usanmadan proses aparsın. Amma proseslər isə mütləq fasilə tələb edirlər, qalxan temp, yeri gələndə mütləq enməli, yeri gələndə işin xeyrinə dayanıb nəfəs dərilməlidir. Qızğın başla, birnəfəsə taleləri həll etmək olmaz. Soyuqqanlı olmaq üçünsə mütləq emosiyaları susdurmalısan, beyinə rahatlaşmaq imkanı verməlisən.
Kulisdən diktorun səsi gəldi:
-Bu gün müttəhimlər kürsüsündə Yepiskop Mesrop əyləşir. Yepiskop Mesrop kürsüyə gətirilsin.
17 portretdən növbətisinin üzünün ağ örpəyi götürüldü, sifətini olduqca iri, pırpız qaşları, bir də enli burnu əsla görünməz edən, sinəsindən asılmış olduqca böyük xaçı parıldayan keşiş qiyafəli şəxsin simasını görcək hamı bir-birinə baxmağa başladı. Nə Yepiskop Mesrop adı, nə də bu sima onlara heç nə demirdi.
Yepiskop Mesropu mühafizəçilər gətirib Müttəhimlər kürsüsündə əyləşdirdilər, o, sağına-soluna baxdı, altındakı kürsünü rahatladı, sonra səmaya tərəf boylandı, sonda da gözlərini Divanın Baş Hakiminə zillədi.
Baş Hakim danışmaq məqamı çatdığı üçün mikrofonunu açıb sözə başladı:
-Hörmətli Divan üzvləri, hörmətli tamaşaçılar. Yəqin ki, Yepiskop Mesrop adı sizə heç nə demədi. Heç bizə də heç nə demir. Divanı qurulan 17 erməni arasında o, ən az tanınan, ən az adı çəkilən şəxsdir. Haqqında heç bir mənbədən heç nə tapmaq mümkün deyil. Heç fotolarını belə tapmaq mümkün deyil. Adını müasir Ermənistanda əsla çəkən yoxdur. Unudulub bu inkoqnito şəxs. Amma erməni millətçiliyinin rişələnməsində, qol-budaq atmasında, “Böyük Ermənistan” xülyalarının təşəkkül tapmasında, terror və işğalçı müharibə xətti tutmaqda bu şəxsin hədsiz rolu olub. 19-cu əsrin sonlarında “Daşnaksütun” partiyasının Tiflis bürosunun rəhbərlərindən biri olmuş yepiskop Mesropun Rusiya İmperiyasının antimüsəlman siyasətində, Qafqazın erməniləşdirilməsi siyasətində böyük xidmətləri olmuşdur. Mən dərhal sözü bu şəxsə vermək istəyirəm.
Üzünü təqsirləndirilənə tutdu:
-Yepiskop Mesrop, bu qədər xidmətləriniz olan yerdə, sizin unudulmağınız sizcə, nəylə bağlıdır? Erməni millətçiliyi olduqca qədirbilən qurumdur, burada – prosesdə iştirak edən 17 nəfərin axirətə düşənlərinə abidələr qoyulub, adlarına küçələr salınıb, adları tarix kitablarına salınıb, Droya hətta ziyarətgah da salıblar, halbuki sizin adınız heç yerdə hallanmır, sizi müasir Ermənistanda heç kəs tanımır. Bunun izahı varmı? Niyə unudulmusunuz?
Yepiskop Mesrop nəhəng gövdəsinə tam uyğun olan gur səsiylə bəyan etdi:
-Mənim elə bir xidmətim olmayıb ki, adım əbədiləşsin, mənə heykəl qoyulsun. Adi partiya fəalı olmuşam, kilsə xadimi olmuşam, vəssalam.
Baş Hakim növbəti sualını verdi:
-Siz İrəvan quberniyasında müsəlmanların sıxışdırılması, orada erməni əhalinin say nisbətində müsbət dinamikaya sahiblənməsində əhəmiyyətli rol oynamısınız, siz Rusiya İmperiyasının Qafqaz üzrə səlahiyyətli nümayəndəsi, Çar 3-cü Aleksandrın yaxın dostu Qraf İllarion İvanoviç Vorontsov-Daşkovdan erməni millətçiliyinin təşəkkül tapmasını təmin edən həlledici qərarlar qopara bilmisiniz, bu tarixdir, tarixi nə gizlətmək, nə təkzib etmək olar.
Yepiskop Mesrop əvvəlki soyuqqanlıqla davam etdi:
-Qafqazı erməniləşdirmək, müsəlman əhalini sıxışdırmaq nə deməkdir? Mən gözümü açdığım və xidmət apardığım Tiflis şəhəri büsbütün erməni şəhəri olub, gözümü açandan hara getsəm erməni dilində danışıq eşitmişəm, bazar, qəhvəxana, karvansara, meydanlar – hamısında doğma haylarımı görmüşəm. Gürcülərə aid Tiflisdə olduğu kimi müsəlmanlara aid Bakıda da eynisi yaşanıb. Orda da aborogen millət ermənilər olub. Siz bunu qoyub İrəvanın, guya, Çar Rusiyası tərəfindən erməniləşdirilməsindən dəm vurursunuz, müsəlmanlar yaşayan İrəvan xanlığı termini yanlışdır, İrəvan – əzəldən erməni şəhəridir, biz ermənilərin anası Vandırsa da, atası da İrəvandır.
Baş Hakim üzünü ekspertlərə tutdu. Söylədi ki, “Zəhmət olmasa, 19-cu əsrin əvvəllərində - Çar Rusiyasının Türkiyə və İranla müharibə zəfərlərindən sonra Qafqaza yiyələnməsi dövrünün əhali statistikasının həqiqətə ən uyğun olanını səsləndirin.”
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(22.09.2023)