“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
24-CÜ DƏRC
Ekspert oxumaqda davam etdi:
-Beləliklə, həmin ilin 14 oktyabrında “Qnçak” partiyası Q.Qolitsinə qarşı terror aktı həyata keşirmişdir. Dilənçi paltarı geyinmiş terrorçular Tiflis ətrafındakı Botanika bağında gəzintidən qayıdan Qolitsinlə həyat yoldaşının ekipajına hücum etmiş, onun başını xəncərlə bir neçə yerdən yaralamışdılar. Məqsədləri isə onun başını üzərək İrəvan meydanında nümayiş etdirmək imiş. Məqsədlərinə tam çata bilməyən terrorçular sonradan Qolitsinin yerləşdiyi Tiflis sarayını partlatmaq istəmişlər. Nəticədə sağ qalsa belə səhhətində ciddi pozuntular yaranan və həyatına daim təhlükə hiss edilən Qolitsin istefa verib Rusiyaya qayıtmalı olmuşdur.
Eçmiadzin kilsəsi və “Daşnaksütun” partiyası çar 2-ci Nikolaya qarşı da sui-qəsd planı işləyib hazırlamışdılar. Bu sui-qəsdi həyata keçirmək üçün partiyanın 4 üzvü Bakıdan Peterburqa göndərilmişdir. Armenak, Qriqor, Simon və Kaspar psevdonimi ilə fəaliyyət göstərən terrorçular son anda qeyri-dəqiqlik nümayiş etdirdikləri üçün yaxalanmışlar.
1903-cü ilin 1 avqustunda Aleksandropolda (hazırkı Gümrü) “Daşnaksütun” terrorçuları tərəfindən pravoslav protoirereyi rus Vasilov xəncərlə qətlə yetirilmişdir.
Yapon ekspert sonuncu vərəqi oxumağa başladı:
-Elə ki 19-cu əsrin 90-cı illərində xarici ölkələrin təhriki altında ermənilərin türklərə qarşı başladıqları üsyanları yatırdılmışdı, dərhal 400 mindən çox erməni Cənubi Qafqaza keçmişdi. 1905-ci ildə Qafqaza seçilmiş yeni canişin – İllarion Vorontsov-Daşkovun ermənipərəst olması isə ermənilərin yerli müsəlmanları öz tarixi torpaqlarından – İrəvan, Yelizavetpol və Tiflis quberniyalarından tam olaraq qovmağa, yerinə Türkiyədən köç edən ermənilərin yerləşdirilməsinə rəvac vermişdir. Paralel olaraq ermənilər öz silahlı birləşmələrini maliyyələşdirmək üçün bankları, poçt idarələrini yarır, hakim strukturu, idarəetməni iflic vəziyyətinə salırdılar.
Baş Hakim bu yerdə bir anons verdi, tamaşaçılara söylədi ki, sabahkı prosesdə Vorontsov-Daşkovun ermənipərəstliyinin kökü açılacaq, sabahkı proses həm bu prosesin məntiqi davami kimi sayıla bilinər, həm də sırf kənar bir mövzunun açılmasına xidmət edəcək.
Bununla da Baş Hakim tamaşaçıları intizarda saxlayıb yerlərini dəyişən ekspertlərdən növbəti sənədlərin oxunmasını təvəqqe etdi.
Növbəti ekspert – milliyyətcə italyan olan çox çılğın gənc çıxışa başladı:
-Xrimyanın başçılıq etdiyi erməni kilsəsi, istənilən erməni adı çəkilən məsələdə birinci nömrə adı altında çıxış etməyə alışmışdı. Müsəlmanlara qarşı zorakılıq aksiyalarının, eləcə də hakimiyyətin sarsıdılmasına yönəli soyğunçuluq və talançılıq aksiyalarının rus hakimiyyəti tərəfindən qarşısının alınmasına yönəli istənilən cəhdə də erməni kilsəsi dərhal reaksiya verirdi. Məsələn, Bakıda 1905-ci ildə həyata keçirilən müsəlmanların kütləvi qətliamı zamanı ermənilər çar məmurlarını ölümlə təhdid edərək müdaxilə etməməyə məcbur etmişlər. Qafqaz canişinliyinin sənədlərində göstərilir ki, 1904-1906-cı illərdə erməni təşkilatları öz məkrli niyyətlərini həyata keçirmək üçün çar məmurlarına qarşı terrorlara əl atmışlar. 1904-cü ilin 11 sentyabrında erməni terrorçularının diversiyasının qarşısını almağa cəhd göstərərkən Yelizavetpol quberniyasının vitse-qubernatoru Andrey Andreyev öldürülmüşdür. 1905-ci il mayın 11-də Bakının baş qubernatoru, milliyyətcə gürcü Mixail Nakaşıdzeni ekipajına bomba ataraq qətlə yetirmişlər. Sənədlərə görə “ümumerməni işinə mane olan” daha bir neçə çar məmuru sui-qəsdin qurbanı olmuşdur: Aleksandropolda polis Dardımanov, uyezd rəisləri Şmerlinq, Neşanskiy, Pavlov, polismeyster Saxarov, pristavlar Javaxov, Şumakeviç, Sürməli uyezdinin rəisi polkovnik Boquslavski və s. Boquslavski İqdırda vəzifə apararkən erməni kilsəsinin əmlakının müsadirə edilməsi əməliyyatına başçılıq etdiyi üçün ermənilərin qəzəbinə düçar olmuş, ona kəsilən gizlin hökm Sürməlidə icra olunmuşdur.
Ermənilər hər cür məkrə əl atmaqdan usanmırdılar. 19 fevral 1905-ci ildə İrəvanda quberniya həkimi Urazov da öldürülmüşdür. Səbəb – yerinə erməni həkiminin qoyulmasıydı ki, qarşıdakı erməni-müsəlman qırğınında erməni tərəfindən öldürülənlərin sayının artıq, müsəlman tərəfindən öldürülənlərin isə sayının əskik yazılması mümkün olsun.
Bu yerdə müttəhimlər sırasından gələn növbəti erməni etirazına çılğın italyan ekspert özü kəskin etiraz etməklə auditoriyanın simpatiyasını qazandı. O, davam etdi:
-Erməni terrorçuları erməni silahlı birləşmələrinin tərksilah edilməsi tapşırılan rus zabitlərinə də divan tuturdular. 3 iyul 1907-ci ildə məşhur erməni terrorçusu Dro Gümrüdə general Maqsud Alixanov-Avarskini karetasına bomba ataraq qətlə yetirmişdir. Daşnak partiyası Türkiyə ərazisindən Aleksandropola erməni quldurlarının buraxılmaması əmrini vermiş general Frezenin qətlinə fərman vermişdi, bir erməni bandasının ləğv edilməsində göstərdiyi şücaətə görə podpolkovnik Bıkov güllələnmişdir. Sürməlidə Boqoslavskinin yerinə təyin olunmuş kapitan Dudnikovu gülləbaran etmişlər. Yalnız 1907-ci ildə keçirilən “Daşnaksütun” partiyasının 4-cü qurultayında partiya Rusiyanın dövlət məmurlarına qarşı terror aktlarını dayandırmaq barədə qərar verdikdən sonra bu qanlı terror dayandırılmışdır.
Tamaşaçılardan kimsə ayağa qalxıb hiddətlə ermənilərin əleyhinə sözlər söyləməyə, söyüşlər yağdırmağa başladı. Mühafizəçilər onu zorla sakitləşdirəndə məlum oldu ki, o, ermənilər tərəfindən qətlə yetirilmiş podpolkovnik Bıkovun əqrəbasıdır.
Yaşlı hakim bu epizoda biganə qala bilmədi, replika atdı ki, ermənilər az qala hər bir xalqa, hər bir nəslə zərər vermişlər, axtarsan, bəlkə də burada əyləşənlərin hər birinin ən azı bir yaxını, tanışı erməni zərbəsinə tuş gəlib.
Onun bu sözləri də alqışla qarşılandı. Fürsətdən istifadə edib ekspertlər də yerdəyişmə etdilər, kürsüyə yeni çıxan milliiyətcə rus olan ekspert daha hüzünlü şəkildə öz xalqına yönəli cinayətləri sənədlərdən oxumağa başladı:
-1914-cü ildə Çar 2-ci Nikolay Tiflisdə olarkən erməni təpkilərindən usanaraq erməni katolikosu 5-ci Gevorqa erməni məsələsini həll edəcəyinə söz vermişdi. Lakin erməni üsyanlarının köməyi ilə türklərin əlində olan “Qərbi Ermənistan”ı ələ keçirdikdən sonra Çar verdiyi vədinin fəsadlarını başa düşərək, eləcə də saray əyanlarının qatı təpkisini görərək ermənilərə muxtariyyat verməmişdir. Vaxtı ilə Ermənistanın daşnak hökumətinin baş naziri Kaçaznuni bu məsələyə toxunarkən yazmışdı: ”Ruslar belə edirdilər ki, Ermənistan boşaldılsın, ora kazaklar yerləşdirilsin, Rusiyanın xarici-işlır naziri knyaz Lobanov-Rostovskinin “Ermənilərsiz Ermənistan” layihəsi həyata keçsin.” Bu söylənənlər erməniləri ruslara qarşı növbəti dəfə qaldırmaq demək idi.
Prosesin bu məqamında Baş Hakim erməni vəkilinin “ 1914-cü il hara, Xrimyan hara” replikasına müdaxilə edərək cavab verməli oldu:
-Əlbəttə, Xrimyan, onun vəkilləri düşünə bilərlər ki, 1914-cü ilin Xrimyana nə dəxli. Belə ki, bundan 6 il öncə o, işıqlı dünyanı tərk etmişdi. Amma nəinki 1914-cü ilin, hətta indiki 2020-ci ilin də ona dəxli var. Belə ki, erməni millətçiliyinin bütün qanlı olaylarının arxasında bu şəxsin imzası dayanır. Divan heç vaxt hansısa bir prosesi hansısa bir yarımçıq vaxt kəsiyində saxlamır, onu mütləq sonadək çəkib aparır. Ona görə də bugünkü proses həm erməni kilsəsini terror mərkəzinə döndərən Xrimyanın, həm də ümumikidə ermənilərin ruslara qənim kəsilmələrinin prosesi sayıla bilər. Lütfən davam edin.
Ekspert davam etdi:
-1918-ci ilin 15 avqustunda Cənubi Qafqazdakı Rus Milli Şurası Azərbaycanın Gürcüstandakı daimi nümayəndəsinə 3 protokol təqdim etmişdi. Bu protokollarda Qazax mahalının Karvansara dairəsinin Nikitino və Mixaylovo kəndlərində yaşayan rus icmasının erməni basqılarına məruz qalmalarından bəhs edilirdi. Azərbaycan tərəfdən xahiş olunurdu ki, öz ərazisində erməni vəhşiliklərinin qarşısını almaq üçün təcili tədbirlər görsün. 1918-ci ildə erməni quldurları Gədəbəy dairəsinin Saratovka və Novo-İvanovka kəndlərinə hücum edərək yerli rus əhalini talan etmiş, 427 rus ailəsi qaçaraq Gəncədə sığınacaq tapmağa məcbur olmuşdur.
1919-cu ildə ingilis qoşunları türklər üzərində Qarsda qələbə qazanıb Qarsın idarəsini ermənilərə vermişdir, nəticədə ermənilər Qarsın türk əhalisi ilə yanaşı rus əhalisinə də divan tutmuşlar. Blaqodarnoye kəndində rus əhali qılıncdan keçirilmişdir. Novo-Selimdə 15 rus qadın zorlanmış, kənd starostası öldürülmüşdür. Novo-Petrovka və Vladikars kəndlərində də əhali qətliama məruz qalmışdır. Nəticədə Qarsın rus əhalisi şəhərdən qaçmağa məcbur olmuşdur.
1919-cu ildə Cənubi Qafqazdakı Rus Milli Şurasının müraciətində deyilirdi:” Görün bir “Böyük Ermənistanı” necə yaratmaq istəyirlər. Əhalinin qanı və göz yaşı Qarsın divarlarını bürüyüb. 205 min müsəlman əhalidən cəmi 50 mini qalıb, yunanlar və ruslar da canlarını qurtarıb qaçıblar. Qarsın əhalisinin daşnak qətliamından qoruyun, lütfən!”
Ekspert kövrəldiyini gizlətmədən davam etdi:
-Rusların ermənilər tərəfindən qətliamı faktlarına 1920-ci ilin may ayında da rast gəlmək olar. Gümrüdə 5 rus zabiti güllələnmişdir, Rusiya Milli Şurasının sədri Ressler də həmçinin.
1918-20-ci illərdə Ermənistanda yaşayan rusların öz kəndlərini atıb Cənubi Azərbaycana qaçdıqlarını görən gürcü müəllif Karibi özünün “ Qırmızı kitab”ında yazırdı:” Daşnak yazıçıları rusları necə sevmələrindən, onlara sədaqətlərindən bol-bol yazırlar, zira, rus kəndliləri evlərini ataraq hətta Rusiyaya da yox, qonşu müsəlman İrana pənah aparırlar.“
Bu yerdə tamaşaçılardan bir nəfər irəli gəlib bəyan etdi ki, Rusiyanın müasir siyasətçiləri bu faktlardan bixəbər halda yenə də ermənilərə havadarlıq edirlər, Qarabağ müharibəsində ermənilərin arxasında dayanırlar. Və hakimlərdən xahiş etdi ki, bütün faktlar Əsas dünyaya – Rusiyaya, Kremlə göndərilsin, qoy ordakı hakimiyyət öz siyasətinə korrektə eləsin.
Gənc hakim onu əmin etdi ki, Divanın elə məqsədi də budur, burda keçirilən bütün proseslər Əsas dünyaya çatdırılır, orada aparılan siyasətlərə dərhal korrektələr edilir.
Bu məqamda Baş Hakim yenidən söz götürəsi oldu:
-Çox təəssüf ki, ekspertlərin qeyd etdiyi dövrlə hər şey bitməmişdir, növbəti illərdə də erməni millətçiliyinin ruslara yönəli murdar siyasəti davam etmişdir. 2-ci dünya müharibəsində erməni xalqının böyük hissəsinin faşistlərin tərəfinə keçməsi indi hamıya gün kimi aydındır, bu barədə Divanın ayrıca məhkəmə prosesi də olasıdır. 1977-ci ildə Zatikyan başda olmaqla erməni terrorçularının Moskvada törətdikləri qanlı terror aktları barədə artıq Divan proses keçirib. Mən ekspertlərdən xahiş edərdim ki, olduqca yığcam halda son xronologiyanı da gətirsinlər.
Ekspert davam etdi:
-Bəli, Baş Hakimimizin qeyd etdiyi kimi, növbəti illərdə də erməni millətçiləri sakitləşməyiblər, 90-ci illərdə Şimali Qafqazda qatarlarda törətdikləri terror aktları zamanı rus millətindən olan neçə şəxsin ölümünə səbəb olublar. 1991-ci il aprelin 8-də Rostov şəhərində SSRİ Daxili İşlər Nazirliyinin podpolkovniki Vladimir Blaxotin erməni terrorçuları tərəfindən öldürülüb.
1989-cu ildə Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağda qurduğu müvəqqəti idarəçilik komitəsinin rəhbərlik fəaliyyətində erməni millətçiləri qüsur taparaq Azərbaycanın 2-ci katibi, rus Viktor Polyaniçkoya da şifahi ölüm hökmü kəsmişdilər, hökm 1993-cü ildə Polyoniçko artıq Rusiyada yüksək vəzifə daşıyarkən Mozdok şəhəri ətrafında erməni terrorçu qrupu tərəfindən icra edilmişdir. Polyaniçkonun bədənində 15 güllə yarası müşahidə edilmişdir. Onunla birgə Vladiqafqaz qarnizonunun rəisi general-mayor Viktor Kravçuk da güllələnmiş, 4 rus hərbi qulluqçusu isə yaralanmışdır. Sonradan müəyyənləşdirilmişdir ki, terror aktını Ermənistan dövləti... bəli, bəli, Ermənistan dövləti sifariş vermiş, ona erməni KQB-sinin şöbə rəisi Can Ovanisyan başçılıq etmişdir.
Ekspert “Mən buna çox təəssüf edirəm” deyərək öz şəxsi mövqeyini bildirib, nəhayət mətni tamamladı:
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)