“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
22-Cİ DƏRC
Günəş xeyli yüksələndə evdən çıxdı, Baş meydanla onun evinin arası cəmi 30 metr idi, üzünə dəyən sərin mehdən məst ola-ola özünü prosesin başlamasına 12 dəqiqə qalmış Divan məkanına yetirdi. Bir neçə nəfər proses tamaşıçısı ilə qısaca fikir mübadiləsi apardı, kolleqaları ilə salamlaşıb hakimlərin masasında əyləşdi. Allaha dua etdi ki, bugünkü proses də qaydasında keçsin, heç bir ekstrim-filan yaşanmasın.
Kulisdən gələn səs öz yerlərini tutaraq prosesin başlanmasını səbirsizliklə gözləyən tamaşaçıları intizardan qurtardı. Portretlərdən birinin örpəyi açıldı, upuzun ağ saqqalı olan, başı yepiskop örtüklü, sinəsi xaçlı, ixtiyar yaşlı şəxs göründü.
Həmin görkəmdə və qiyafədə olan şəxsi mühafizəçilər müttəhimlər kürsüsünə gətirdilər, onu görən kimi həm müttəhimlər sırasında oturmuş ermənilər, həm də tamaşaçılar arasındakı erməni millətinin nümayəndələri hörmət əlaməti olaraq ayağa qalxdılar.
Kulisdən gələn səs adi səs idi, bu səs müttəhimi təqdim edirdi:
-Mkrtıç Birinci Xrimyan. Erməni xalqının dini və ictimai xadimi, yazıçı, Konstantinopol ermənilərinin patriarxı, Bütün ermənilərin katalikosu.
Amma bu səsə katalikosu alqışlayan ermənilərin “atamız”, “böyüyümüz”, “xilaskarımız” nidaları da qatılmışdı.
Xrimyan kürsüyə əyləşərkən ətrafına xitab etdi:
-Mən əzabkeş xalqımın xilaskarıyam. Şeytana uymayın. Şeytanı içinizə buraxmayın. O, içinizə girsə çox fəsadlar törədəcək. Mən sizin Divanı tanımıram, çünki bu Divan Allahdan gələn yox, Şeytandan gələn Divandır. Ona görə də sizlərin hökmünüz belə mənim tükümü tərpətməz. Mənə söz verməyin. Şeytanların hüzurunda danışmaq mənə suç olar.
Ermənilər Xrimyanı alqışladılar, özünü saxlaya bilməyən Baş Hakim diktor mətnini gözləmədən söz götürdü:
-Möhtərəm tamaşaçılar! Bu gün Müttəhimlər kürsüsündə əyləşmiş şəxs erməni tarixinin ən görkəmli din, kilsə xadimidir. 20-ci əsrin əvvəllərində bütün ermənilərin katolikosu olmuş Katolikos Mkrtıç Xrimyandır! Sabah isə ardıcıl daha bir erməni kilsə xadiminə Divan hökm çıxaracaq. Həmin kilsə xadimi konkret bir cinayətdə süçlanır, amma Mkrtıç Xrimyanın isə cinayətlərinin həddi-hüdudu yoxdur. Öz dövründəki və öz dövründən sonrakı bütün insan qətliamları, terror və müharibələrin– kilsənin fitvası ilə həyata keçirilən bütün bu antiinsan aksiyalarının ilk ideoloqu bu şəxs olmuşdur. Prosesə başlamazdan əvvəl mən mütləq bir sitat gətirmək istəyirəm. Amerika tədqiqatçısı Samuel Uims özünün “Ermənistan – terrorist dövlətin xristianlıq sirləri” adlanan olduqca dəyərli kitabında yazıb:” 20-ci əsrin lap əvvəllərində erməni kilsəsinin Daşnaksütun adlı terrorist siyası hərəkatla birləşməsi günümüzə kimi davam etməkdədir. Erməni kilsəsi terrorçuların qiyamlarının planlarını tutan və bunu həyata keçirən qərargah funksiyası daşıyıb və daşıyır. Belə ki, terrorçuların hamısı “başlama” əmrini kilsədən alır.”
Baş Hakimin gətirdiyi bu sitat həqiqətən də nurani görkəmli, sinəsi xaçlı, nüfuzlu din xadiminin müttəhimlər kürsüsündə əyləşməsini qavraya bilməyən xristian tamaşaçıları çaş-baş qalmaqdan qurtardı, onlar kilsənin terrorda, qətliamlarda rolunun ilk təsdiqini eşidib xeyli təəccübləndilər də.
Baş Hakim sözü diktora verdi, diktor ənənəyə uyğun olaraq müttəhimin dosyesini oxudu:
-Mkrtıç Birinci Xrimyan həm də Xrimyan Ayrik və Mkrtıç Birinci Vanetsi adları ilə tanınıb. 1820-ci ildə Osmanlı İmperiyasının Van əyalətində doğulub, 1907-ci ildə bəzi mənbələrə görə İsraildə - Qüdsdə, bəzilərində isə Qafqazda – Eçmiədzində dünyasını dəyişib. İlkin təhsilini əmisi Xaçaturdan alıb, 1842-ci ildə ailəsi ilə birgə Vandan Konstantinopola köçüb. Orada erməni dili müəllimi işləyib, ardınca müxtəlif ölkələrə səfərlər edərək erməni icmalarına dini mövzuda, eləcə də erməni tarixinin, mədəniyyətinin təbliği mövzularında mühazirələr oxuyub. 1851-ci ildə Konstantinopol Patriarxı onu Kilikiyaya yollayıb ki, orada erməniləri maarifləndirsin, savadlandırsın. 1854-cü ildə Vanın Axtamar monastırında monax adına layiq görülüb. 1858-ci ildə Konstantinopolda şəxsi mətbəə alaraq “Artsvi Vaspurakan” adlı dərgi nəşr etməyə başlayıb. Bu jurnal Osmanlı ermənilərinin maariflənməsində böyük rol oynayıb. Eləcə də jurnal milli ruhu oyadıb. Tezliklə o, “türk və kürd əsarəti altında əzilən” erməni xalqının təşkilatlanması işinə start verib, diyar-diyar gəzib yoxsul ermənilərə köməklik göstərməklə yanaşı, onları antitürk əhval-ruhiyyədə kökləməyə də müvəffəq olub. Həmin illərdə xalq ona Xrimyan Ayrik deməyə başlayıb.
Maraqlarını heç vaxt boğa bilməyən Baş Hakim diktordan üzr istəyib üzünü Divan heyəti səmtə tutaraq soruşdu ki, “ayrik” sözünün tərcüməsi nədir? Erməni tərcüməçi dərhal “Ayrik – erməni dilində ata deməkdir” cavabını verdi. Baş Hakim diktordan mətnin davamının oxunmasını xahiş etdi.
-1868-ci ildə Osmanlı Sultanının istəyinə zidd olaraq Xrimyan Konstantinopol ermənilərinin Patriarxı təyin olunub. O, ermənilərin mövcudiyyatının qorunması üçün Osmanlı ermənilərinin muxtariyyat qazanmasını zəruri elan etməklə Osmanlıda erməni millətçiliyinin, antitürk əhval-ruhiyyəsinin əsasını qoymuşdur. Osmanlı hakimiyyəti Xrimyanın millətçi xislətinin arzuolunmazlığını duyub 1873-cü ildə onun taxt-tacdan salınmasını təşkil edə bilmişdir. 1878-ci ildə Qərb Osmanlı imperiyasını süqut etdirmək üçün Berlin konqresində xüsusi “Erməni məsələsi” mövzusunu müzakirəyə qoyanda ermənilər Xrimyanı öz nümayəndələri kimi Berlinə göndəriblər, Xrimyan fürsətdən yararlanıb Avropanı gəzib, İtaliya qrafı Luidji Korti, Fransa xarici işlər naziri Viyam Vaddinqton, Britaniya xarici işlər naziri Robert Sesil ilə, səfirlərlə, kilsə xadimləri ilə görüşüb, onlara Osmanlı ermənilərinin bədbəxt halını izhar edərək kömək xahiş eləyib.
Diktor erməni müdafiəçinin qışqırtısı müqabilində mətn oxunuşunu dayandırası oldu. Müdafiəçi qışqırırdı ki, Divan tam yanlışlığa, fakt saxtakarlığına yol verir, 1878-ci ildə möhtərəm Mkrtıç Xrimyan vətəndən çıxaraq öncə Vyanaya gedib, niyə yalan danışırsınız?
Baş ekspert bu müdaxilənin müqabilində yerindən dik atılaraq öncə Divanı müdafiə etdi, Divanın ünvanına söylədiyi mənfi sözlərə görə erməni müdafiəçini qınadı, ardınca söylədi:
-Əziz Divan heyəti, əziz tamaşaçılar, bu şəxsin iradını eşitdinizmi? Deyir, Xrimyan evdən çıxıb Vyanaya gedib. Divansa onun Berlinə getdiyini deyir, deməli, Divan yalançıdır. Bunlar necə də iftiraçı, üzəduran, şərçidirlər. Demək, məsələ belə olub, 1878-ci ildə Xrimyan Konstantinopoldan Vyanaya, ordan da Berlinə gedib. Bizə yol təfərrüatı maraqlı deyil, bizə məhz Berlindəki fəaliyyət maraqlıdır. Bəlkə biz Xrimyanın yolda haralarda gecələməsini, nə yeyib-içməsini, lap, hansı ayaqyollarına təşrif buyurmasını da təfərrüatıyla söyləməliyik? Ayıbdır vallah. Suda batanın saman çöpündən yapışması deyilən bir anlayış var. Burada isə suda batan saman çöpü də deyil, köpükdən yapışır.
Auditoriyanın alqış sədaları altında Baş ekspert diktordan oxunuşu davam etməsini xahiş edib yerində əyləşdi. Diktor mətni davam etdirdi:
- Xrimyanın Avropada görüşlər keçirib Osmanlı ermənilərinin bədbəxt halını izhar edərək kömək xahiş etməsi faktları bir neçə mənbələrdə var. Amma o da var ki, onların soyuqqanlılığı, gözləmək tələbi Xrimyanı əndazədən çıxartmışdı, Avropadan qayıdıb Xrimyan xalqına silahlanmaq və öz müqəddəratını özü təyin etmək tövsiyəsi vermişdir. O, tezliklə Vanda “Sev Xaç”, eləcə də “Paştpan aireyants” adlı gizli milli-azadlıq hərəkatı təşkilatları yaratmışdır. Xrimyan Osmanlı İmperiyasına erməni muxtariyyatı barədə ultimatum vermək cəsarətinə də gəlmişdi, bunun müqabilində Sultan onu Qüdsə - şərəfli sürgünə yollamışdır. 1892-ci ildə Eçmiadzin Xrimyanı Erməni Apostol Kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu təyin etmiş, bu təyinatı bir il sonra Rusiya imperatoru 3-cü Aleksandr qəbul etmişdir. Qüdsdə sürgündə olsa belə türk təəbəsi kimi izlənən Xrimyan gizli yolla Misirə, ordan da xidmətini keçirmək üçün Eçmiədzinə yollanmışdır.
Bu dəfə Xrimyan yerindən söz atdı:
-Şeytanlar, bəs Yunanıstan? Mən həmin dönəmdə Yunanıstana da getmişdim.
Auditoriya uğultu qopardı. Az öncə erməni müdafiəçisinin tutduğu yolu indi də təqsirləndirilən tutmaq istəyirdi.
Diktor bu gülünc müdaxiləyə gülümsəməklə reaksiya bildirib mətn oxunuşunu davam etdirdi:
-Xrimyana sığınacaq verən rusların özləri də tezliklə peşiman olmuşlar. Belə ki, Osmanlı imperiyasını erməni məsələsi ilə dalana dirəyən Xrimyan eyni şeyi ruslara qarşı da etməyə başlamışdır. 1903-1905-ci illərdə rus ziyalıları, siyasi və hərbi xadimləri Xrimyan başda olmaqla erməni kilsəsindən dövlətə əsl təhlükə duyub ona qarşı sanksiyalar həyata keçirilməsinə nail olmuşlar, erməni kilsəsinin varidatı müsadirə olunmuşdur. Buna cavab olaraq Xrimyan rus dövlət xadimlərinə qarşı sui-qəsdlər barədə tapşırıqlar vermişdir. 1905-ci ildə Xrimyanın təçkil etdiyi terrorlar Çar Rusiyasını geri çəkilməyə vadar etmişdir, Çar 2-ci Nikolay erməni kilsəsinin varidatlarını geri qaytarmaq əmri vermişdir. Üstəlik, Xrimyana Rusiya İmperiyası Müqəddəs Apostol Andrey Pervozvannı, Müqəddəs Aleksandr Nevski, Müqəddəs Anna, Ağ Qartal ordenləri təqdim etmişdir. Çarın bu qətiyyətsizliyi, deyərdik ki, qorxaqlığı erməni millətçiliyini bir az da rişələndirmişdir.
Həyatının son günlərini də Xrimyan mübarizələrdə keçirmişdir, onun bütün erməniləri tarixi vətənlərinə qayıtmağa səsləməsi, Türkiyə və Rusiya imperialistlərindən müxtariyyat tələbi ömrünün son günlərinə kimi dilinin əzbər kəlmələri olmuşdur. 1907-ci ilin 29 oktyabrında 87 yaşlı Xrimyan Eçmiadzində (yaxud Qüdsdə) vəfat edərək öz mübarizə yolunu da dayandırmağa məcbur olmuşdur.
Baş Hakim çıxışını bitirən diktora minnətdarlıq bildirib sözə başladı...
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(19.09.2023)