Poetik qiraətdə Təranə Dəmirin “Şuşa” şeiri

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərə Təranə Dəmirin “Şuşam” şeirini təqdim edirik. 

 

 

*

 

Elə bilmə qayayam,

Elə bilmə daşam-heyy!

Sən  minillik  həsrətim,

Dərdi qoşa-qoşam-heyy!

Ömründə bircə dəfə

Üzünü görmədiyim,

Səsini duymadığım

Qara gözlü Şuşam-heyy!

Sən dünənsən, bu günsən,

Sabahsan, ərən şəhər.

Sən şərin qabağında

Nər kimi duran şəhər.

Ürəyimin nisgili,

Düyünü, dağı, Şuşa.

Həsrətimin ocağı,

Üzümün ağı, Şuşa.

Yuxularda  gəzmişəm

Dağ səni, dərə səni,

Çapmışam, yüyürmüşəm

Belədən belə səni.

Çiçəyindən dərmişəm,

Bulağından içmişəm,

Dolağından keçmişəm,

Tapmışam, itirmişəm,

Bağışla məni, Şuşa,

Görüşə gecikmişəm.

Düşmənlərin başına

Daş olub yağan şəhər,

Xan şəhər, ağam şəhər.

Şəhidlərin gözüylə

Dünyaya  baxan şəhər.

Bir ana duasında,

Bir gəlin həyasında,

Bir payız havasında

Təzədən doğan şəhər.

Sən azadsan, mən azad,

Gözümüz aydın, Şuşam,

Salam, günaydın, Şuşam!

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.