“Yalan dünya” deyən Şəhriyarın bu gün anım günüdür Featured

 

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Bu gün görkəmli şairimiz, o taylı-bu taylı Azərbaycanımızın fəxri Məhəmmədhüseyn Şəhriyarın vəfatının 35-ci ildönümüdür. Şairdən ömrünün sonlarına yaxın dostlarından biri soruşur:

- Şair, eşq nədir?

M.Şəhriyar cavab verir:

- Məni özünə aşiq etmiş o qız olmasaydı, mən indi həkim idim. Amma Şəhriyar olmayacaqdım... İnsan müxtəlif yaşlarda müxtəlif cür aşiq olur. Ömrünün sonunda başa düşür ki, bütün eşqlər Allaha imiş, bir ömür Onu gəzibmiş...

 

Bu şəkil M.Şəhriyarın ayaq üstə çəkilən sonuncu şəklidir. Allah Azərbaycanın dəyərli oğluna - Ustad Şəhriyara rəhmət eləsin!

 

Yalan dünya

 

Sənin bəhrən yiyən kimdir?

Kiminkisən, yiyən kimdir?

Sənə doğru deyən kimdir?

Yalan dünya, yalan dünya!

 

Atı əzəl dağa saldıq,

Yorulduqca dalı qaldıq,

Atı satdıq, ulaq aldıq,

Yəhər oldu palan dünya.

 

Səni bayquşlar alqışlar,

Dəli viranəni xoşlar,

Dolan əqlə səni boşlar.

İçi boşla dolan dünya. 

 

Ocaq ikən sönənmişsən,

Çanaq ikən çönənmişsən,

Nə pis qarı nənəymişsən,

Nağıl, yalan-palan dünya.

 

Biri ayna, biri pasdır,

Biri aydın, biri kasdır,

Gecə toydur, səhər yasdır,

Gül açdıqca solan dünya.

 

İgidlərin başın yiyən,

Qocalar bozbaşın yiyən,

Qəbirlərin daşın yiyən,

Özü yenə qalan dünya.

 

Yaman qurqu, yığılaydın,

Tufanlarda boğulaydın,

Nolaydı bir dağılaydın,

Bizi dərdə salan dünya.  

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.