“Sehirli çubuq” - Oruc Ələsgərov və Jalə İslamın hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalı Nəsr bölümündə şərikli müəllifliyin bəhrəsi olan hekayə təqim edir. Adətən, şərikli müəllifliklə yazılan yazılar oxucular üçün hədsiz maraq kəsb edir. Çünki orada müəlliflər mütləq fikir fırtınası qopara bilirlər. 

 

Hələ oktyabr gəlməmişdi, amma sərt külək, şaxta artıq Bakıya hakim kəsilmişdi. 

Saat 03:15 idi. O isə qaçırdı, hara qaçdığını bilmədən baş götürüb gedirdi...

Onu vahiməyə salan qaranlıq deyildi. Onu vahiməyə salan qəlbinin ən dərin qatlarına iz qoyan qaçış səbəbi idi.

Hər addım atdıqca beynində fikirlər də sürətlə dəyişirdi. "Bəlkə, evə qayıdım?", "Anamı necə tək qoymağa ürəyim gəldi?", "Vahid, sən necə nankör övladsan, o cürə  atanın yanında axı ananı qoydun?” -deyə düşünürdü. 

Bütün bunları düşündükcə, nə qəlbinin döyüntüsü, nə də addımları dayanırdı. İkisini bir arada zəbt etmək ona asan deyildi, amma dayana da bilmirdi. Sanki həmin gün əsməyən külək sadəcə onun bədənində əsir və onu getdiyi yoldan dönməməyə sövq edirdi. 

Onu bu düşüncələrdən arxası ilə getdikcə sürətlənəm ayaq səsləri oyatdı.

 

 Saat 06:20 idi. Vahid artıq üç saatdan çox idi ki, evdən çıxmışdı. Evdən qaçıb sığındığı yollar onu heç tanımadığı bir küçəyə gətirmişdi. Yolda tək-tük maşınlar hərəkət edirdi. Başını qaldıranda Psixologiya mərkəzinin qarşısında dayandığını gördü. Evdən uzaqlaşsa da, qulağında hələ də arxasından gələn addım səsləri cingildəyirdi. Özünü inandıra bilmirdi ki, o artıq evdən xeyli uzaqdadır. 

Psixologiya Mərkəzinin qarşısında əlində sehrli çubuğu ilə oynayan uşaq Vahidə yaxınlaşaraq çubuğunu ona vurdu. "İndi səni yox etdim və səni məndən başqa kimsə görməyəcək "-deyərək  gülümsədi.

"Kaş ki, heç kim görməsin!" dedi öz-özünə.

-Necə? Mənimləsiniz?—açarla psixologiya mərkəzinin qapısını açmağa çalışan qadın soruşdu. 

-Nə? Siz kimsiniz? Psixoloq sizsiniz? Nə olar mənə kömək edin, xahiş edirəm!

-Sakitləşin, mən psixoloq deyiləm, keçin içəri, əyləşin, psixoloq saat 7-də gəlir. Sizə nə gətirim? Su istəyirsiniz?

-Yox, heç nə istəmirəm! Psixoloqu istəyirəm.

Vahid birinci mərtəbədə gözləmə zalının ortasında qışqırırdı.

-Fidan, nə olub burada?

-Kamil bəy, sabahınız xeyir! Bu gənc sizi istəyir. 

-Sakitləşin, adınız nədir?

-Psixoloq, qurban olum, kömək edin!

-Fidan, bu oğlana su ver, 10-15 dəqiqəyə yanıma gəlməsinə kömək et.

Vahidə ilk dəfə idi ki su zəhər kimi təəssürat bağışlayırdı. 

-Mən çox təcili Kamil bəyi görüb, onunla danışmaq istəyirəm. 

-Əzizim, narahat olma. Sən bir az dincəl və suyunu iç. O, səninlə görüşəcək. 

Bir müddət sonra Fidan xanım Vahidə artıq Kamil bəy ilə görüşə biləcəyini söylədi və onu otağa qədər ötürdü. 

-Salam, gənc. De görüm niyə belə həyəcanlısan? 

-Kamil müəllim, mənə kömək etməlisiz. Mən evdən qaçmışam və səbəbi də atamdır. Düzü, necə olacağını bilmirəm, amma o məni tapmadan siz onu tapmalısız.

-Adın nədir?

-Vahid.

-Niyə evdən qaçmısan, əzizim?

-Bilirsiniz...—Vahid bir anda susub qapıya baxdı, ayağa qalxıb qapıya tərəf qaçdı və onun bağlı olub-olmadığını yoxladı. Daha sonra pəncərələrə tərəf qaçıb pərdələri çəkdi, gəlib yerinə oturub pıçıltı ilə sözə başladı:

-Kamil bəy, mənim atam... məni öldürmək istəyir! Sakit olun, heç kimə deməyin ha!—Vahid bu sözü deyərkən üz ifadəsi qorxulu görkəm aldı. Onun üz ifadəsindən və dediyi sözlərdən Kamil bəy də diksindi. 

-Oğlum, özünü ələ al! Dərindən nəfəs al, aydın danış!

-Kamil bəy, mənim atam qatildir, mən əminəm! Dünən günorta—hələ mən evdə olan vaxt qəfildən evə gəldi. Mən mətbəxdə oturmuşdum. Anama çox ac olduğunu dedi, anam yemək hazırlayarkən atam mətbəx stolundakı bıçağı götürüb alma doğramağa başladı. Amma doğramaq istədiyi mən idim, alma yox! Elə bilirsiniz bilmirəm? O məni öldürəcək! Əvvəl-axır öldürəcək!

-Vahid!—psixoloqun boğazı düyünləndi. "Bircə şübhələndiyim psixi pozuntu olmasın” deyə düşündü.

-Aaaaa!—Vahidin bu səsindən psixoloq diksindi. -Mən nə etdim????

-Sakit ol, oğlum. Sən heç nə etmədin, sadəcə səni narahat edən problemlərini mənimlə bölüşdün, bu qədər. Həm artıq burada qorxma, mənim yanımda güvəndəsən.

-Bilirsiz, almanı necə doğrayırdı? Mənə baxaraq, sanki bu hərəkəti ilə mənə nəsə demək istəyirdi. Mən əminəm, o məni tapacaq.

-Oğlum, hər alma doğrayan adam öldürsə, ölkədə adam qalmaz. Bəlkə də bu onun üçün adi bir hərəkətdir, həm bilməlisən ki, hər kəsin fərqli davranışları var. 

-Sənə deyirəm ki, o məni öldürəcək! Sən mənə burda fəlsəfə danışırsan? 

Vahid bir anda psixoloqun masasını dağıtmağa başladı və bir anda onun yaxasından yapışdı. 

-Bir varlıq qorxduğunu, təhlükədə olduğunu sizə necə başa salsın axı? Nə edim gedim gətirim sənin qarşında alma kəssin? Eyni kəsəcəkmi? 

Kamil həm onun gözlərindəki kədəri görüb inanmaq istəyir, həm də  daxilən bütün bu hərəkətlər qarşısında inanmamağı da tuturdu. 

-Əzizim, icazə ver mənə. Mən sənə kömək edəcəyəm, əmin ola bilərsən.

Kamil otağı tərk etdi və Fidanın yanına gələrək polisə zəng vurmasını və bu gün  içində Vahid adlı bir uşağın itkin düşməsi ilə bağlı xəbərin onlara çatıb-çatmadığını soruşmağı tapşırdı. 

Kamil bəy otağa qayıdanda Vahidi orada görmədiyinə görə təlaşlandı. "Vahid! Vahid!" qışqırsa da, cavab gəlmirdi. Otaqdan çıxıb Fidana tərəf getmək istəyirdi ki, haradansa ağlamaq səsinin gəldiyini eşitdi. Səsə tərəf gedən psixoloq Vahidin divanın küncündə gizlənirmiş kimi dizi üstə oturub ağladığını gördü. 

-Vahid, qalx ayağa!

-Yaxın gəlmə mənə! Mən nə səhv edib buraya gəldim axı!—ağlayaraq dedi.

-Oğlum, sən bura əlac tapmaq üçün gəlmisən, buna niyə "səhv" deyirsən?

-Mən necə əmin olum ki, sən psixoloqsan? Bəlkə anamın ərinin dostusan? 

-Vahid, "anamın əri" dediyin şəxs sənin atandır. Sakitləş!

-Bax, sən onu müdafiə edirsən! Axı mən niyə sənə hər şeyi danışdım?! İndi gedib ona yerimi xəbər edəcəksən!—bu sözü deyəndə qəfildən ağlamağını kəsdi, üzü çox qorxunc, aqressiv bir görkəm aldı. Divanın küncündən tutub ayağa qalxdı. Gözlərini bərəltdi, dişlərini bir-birinə sıxıb Kamil bəyə doğru yürüdü.

-Bəlkə sən... Bəlkə sən elə atamın özüsən? Paltarlarını dəyişib gəlmisən ki səni tanımayım, alçaq! Sən məni öldürmək istəyirən?!—Psixoloqun üstünə yeriyərək qışqıra-qışqıra bu sözləri deyirdi. 

Qəfil susdu. Gülməyə başladı.—Yaxşı, mən sənə inandım. Gəl, parka gedək. Yelləncəklərə apar məni, oynamaq istəyirəm.

Kamil donub qalmışdı. Bütün bu olanlar qarşısında nə deyəcəyini bilmirdi. Uşaq səhərdən qarşısında min cildə girirdi. 

-Bu arada sən məni gördüyünə əminsən? 

Ha ha ha, çünki mən görünməzəm. 

-Oğlum özünə gəl. Mən səni başa düşə bilmirəm. Sənin məqsədin nədir? 

Fidan təşvişlə içəri daxil oldu. 

-Kamil bəy, sizi olar? 

-Sən burada qal, əzizim. Mən indi gələcəm.

Fidan çox qorxmuş kimi görünürdü. 

-Kamil bəy, mən polislə indi əlaqə saxladım. Deyilənə görə, Vahidin atası rəhmətə gedib və ailə üzvləri onu həmin vaxtdan görməyiblər.

-Fidan, başqa nə isə demədilər?

-Başqa... A, hə, bir də dedilər ki, onlara bu məlumat da psixoloji dispanserdən gəlib. Vahid evdən yox, psixoloji dispanserdən qaçıb. 

Demə, Vahid də onların ardınca dəhlizə keçibmiş. 

-Y-y-yox! Yox, yox, mən qaçmamışam. Siz sakitləşin! Bir az aralanın məndən.—Fidanla Kamil Vahiddən aralanandan sonra Vahid dedi:

-Mən qaçmamışam. Amma indi qaçacağam.—bunu söyləyib psixoloji mərkəzin çıxışına tərəf qaçdı. 

Kamil bəy ilə Fidan tələssələr də, artıq gec idi. Vahid klinikadan çıxmış, sürətlə uzaqlaşmağa başlamışdı.

Vahid yenə bilmədiyi yolların əsiri idi. Onu hara aparacağını bilmədiyi bu yolları hər nə qədər tanımasa da, yenə ona tanış idi. Çünki qaçmaq onun həyatının bir parçasına çevrilmişdi. Kamil bəy və Fidan da onun arxasınca qaçırdılar, lakin Vahid artıq  zamanla gözdən itirdi. 

Vahid  maşınların sürətlə və bir-biri ardınca hərəkət etdiyi yolu eyni sürətlə keçə bilməzdi, bir az ayaq saxladı. Yolun qarrşısında onu əlində sehrli çubuğu olan uşaq gözləyirdi. Qırmızı işıq çox keçmədən yandı və Vahid əsəbi olduğu uşağa tərəf yolu keçməyi bacardı. 

-Ey səfeh, sən məni görünməz edirdin bəs? 

-Bəs mən nə etdim? Görünməzsən də, sən özün görünsən belə görünməzsən. Əgər sənin sözlərin dinlənilmir və eşidilmirsə, deməli sən yoxsan.

Kamil bəy və Fidan Vahidi görüb ona tərəf qaçmağa başladılar. Vahid qəribə hərəkətlər edirdi. Sanki kimisə döyürdü, amma qarşısında heç kim yox idi. Bütün bunlar olarkən Kamil bəy və Fidanın çatdığının fərqində belə deyildi. Artıq onun üçün çox gec idi. Kamil Vahidin qolundan yapışdı. O, mübarizə apararaq əldən çıxıb qaçmaq istəyirdi. Kamil buna icazə verə bilməzdi, amma bu gəncin qarşısında onun gücü tükənirdi. Bir anda Vahidin əli Kamilin əlindən ayrıldı və özünü saxlaya bilməyərək yerə yıxıldı. Ani gələn maşın dayana bilməyərək Vahidi vurdu. 

O, yerdə hərəkətsiz qalmışdı. Gözlərini səmada bir nöqtəyə dikmiş halda gülümsəyirdi. 

Qəfildən bir əl ona uzandı. O uşaq əlində sehrli çubuğu ilə Vahidə baxdı, baxdı və bir söz dedi: 

-Gəl!

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.