QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

21-Cİ DƏRC

 

 

Odur ki, o, bir neçə nəfərə ardıcıl söz verdi. Onlar auditoriya mikrofonu qarşısında sırayla dayanıb öz xırda çıxışlarını etdilər.

-Söz verilir ingilis yazıçısı və publisisti S.F.Dikson-Consona.  O,1916-cı ildə yazdığı «Ermənilər» kitabından bəzi epizodları danışacaq.

 -Qərb aləmində erməni məsələsini şişirtməyin başqa bir üzü var - o da hakimiyyətləri üçün yeni bir fürsətdir. 1878-ci il Berlin sazişinə görə, onu imzalayan ölkələr Osmanlıya  nəzarət və onun daxili işlərinə qarışmaq hüququna malik oldular. Bu bəndlər ermənilərdə belə bir fikir oyatdı ki, onların Osmanlı dövlətindən xüsusi imtiyazlar almağa ixtiyarları var. Bu da onları asanlıqla erməni məmləkəti və ya erməni dövləti yaratmaq ideyasına təhrik etdi.

Ermənilər 1876-1878-ci il rus-türk müharibəsi dövründə Tiflisdə gizli sui-qəsd təşkilatını yaradaraq fəaliyyətə başladılar, onun Nyu-Yorkda, Londonda, Parisdə və Vyanada şöbələrini təşkil etdilər. İngiltərədə erməni tərəfdarı olan cəmiyyətlər erməni vətəndaşını belə qələmə verirdilər: «O, fağır, yumşaq təbiətli, sakit, əkib-becərən, zəhmət və əziyyətlə qazandığı mal-dövlətini əlindən alan qəddar məmurlar tərəfindən əzilən bir adamdır... Onlar ara-sıra öz xristian ənənələrinə görə şəhid olurlar... Onlar heç kəsə əziyyət verməyən dinc adamlardır”. Halbuki belə deyildi, tam əksi idi.

 1876-cı ildə Kiçik Asiyada ümumi üsyan qaldırmaq cəhdi boşa çıxan erməni «inqilabçılar»ı xarici ölkə səfirlərini müdaxiləyə sövq etmək ümidi ilə İstanbulda bir-birinin ardınca daha təhlükəli planlar qurdular. Onlar tapança və qumbaralarla silahlanaraq Osmanlı bankına hücum etdilər və on iki mühafizəçini öldürdülər, avropalı işçiləri girov götürdülər və binanı partlatmaqla hədələdilər. Xarici səfirlər Babi-Alidən sui-qəsdçilərin salamat qalmasına zəmanət ala bildilər. Eyni zamanda Böyük Pera küçəsinə də qumbaralar atıldı və İstanbulun bu boş küçəsindəki evlərin damında özlərinə mövqe tutmuş sui-qəsdçilər küçədən keçən adamlara da atəş açdılar.

1896-cı ildə İstanbula «Nyu-York Hərald» qəzetinin müxbiri kimi gəlmiş jurnalist Sidney Veytman yazırdı ki, o, küçə vuruşmaları zamanı ermənilərin qumbaralarından və güllələrindən yaralanmış 40-a qədər türk əsgərinin yatdığı xəstəxanaya da gedib. Həmin gün polis Pera küçəsindəki bir mənzildə çoxlu qumbara və partladıcı maddələr tapmışdı. Deyilənlərə görə, onları bura ermənilər ruslarla gizli razılaşma vasitəsilə gətiriblərmiş.

Ən nəhayət, onu deyim ki,  «...erməni tərəfdarları» 1915-ci ildə ölənlərin sayını şişirtmək və dəfələrlə təkrar etmək yolu ilə ictimaiyyəti qorxuya sala bildilər. Məlumdur ki, onlar qədim bir Şərq məsəlinə uyğun hərəkət edirdilər: «Yalanı bir günlüyə burax, onu dərk etməyə yüz il lazım geləcək».     

-Söz verilir ingilis səyyahı Çarlz Vilsona. O, 1915-ci ildə İstanbulda hadisələrin düz episentrində olub.

-Ermənilər əsas etibarilə şərqli idilər, sadə və ağıllı idilər, öz işlərində bacarıqlı idilər, qədim əxlaq normaları və adətlərə çox bağlı idilər, lakin acgöz və tamahkar idilər, fitnəkar və araqızışdıran idilər, heç kəsi bəyənmirdilər, onlar xırda bir işi şişirtməkdə istedad sahibi idilər, intriqa yaratmağı sevirdilər. Onlar əvvəlcədən fikirləşmədən və hazırlaşmadan daha düşüncəsiz siyasi cinayətlər törədəcək, heç bir tərəddüd etmədən özlərinə və başqalarına ziyan vuracaq və dağıntı gətirəcək qədər fərqli idilər; onlar hətta öz qardaşlarını belə təsadüfi qazanc, qənimət xatirinə qurban verəcək şəxslər ididir; ən az inandıqları adamlarla belə əyri niyyətlər xatirinə geniş miqyasda əlbir olurdular; bir tərəfdən hayıf çıxmaq üçün öz milli problemlərini bir kənara atır, özləri üçün təhlükəli anlarda isə vaxtilə onların mənafeyinə xidmət edən adama xəyanət edir və onun haqqında təhqirlər, söyüşlər yağdırır, onu biabır edirdilər...

Erməni «inqilabçıları» ədavət etdikləri adamlarla vuruşmaq xatirinə öz dini normalarını belə tapdalayırdılar; Konstantinopoldakı erməni terrorçuları hətta öz həmvətənləri arasında qırğın alovunu yandırmaq məqsədilə bombalar da  partlatmışdılar.

-İndi də söz verilir amerikalı yazıçı Mark Sayksa.

 -Ermənilərin «qeyri-təbii» adətləri vardı. Başqa qüvvətli dövlətləri onlara kömək etməyə vadar etmək üçün özlərini təhlükəyə məruz qoyurdular. Məndə olan əsaslı dəlillər belə qənaətə gəlməyə imkan verir ki, bu bədbəxtlər türkləri cinayətkar kimi qələmə vermək və Amerikanın Türkiyəyə müharibə elan etməsi ümidi ilə amerikalı missionerləri öldürmək planı qurmuşdular. 1896-cı ildə isə Malaya bölgəsində fransız rahiblər monastırdan qaçarkən bu əclaf köpəklər 200 yardlıq məsafədən onları atəşə tutmuşdular ki, avropalılardan birinin öldürülməsi güclü dövlətləri bu işə qarışmağa vadar etsin.

Şahid ifadələri bitdi, tamaşaçılar bu yerdə hər üç çıxışçını şiddətlə alqışladılar. Baş Hakim üzünü Şaxrikyana tutdu:

-Sözünüz qaldımı, cənab Şaxrikyan?

Şaxrikyan nəsə demək istədisə də bunu deyə bilmədi, nitqi tam tutuldu. Belədə Baş Hakim söylədi:

-Mən, cənab Şaxrikyan, sizin” Erməni məsələsi” adlı kitabınızdan bir sitat gətirmək istəyirəm son olaraq. Düşünürəm ki, tamaşaşılarımız da etiraz etməz.

Yerbəyerdən “əlbəttə”, “maraqlıdır”, “buyurun” nidaları ucaldı.

Baş Hakim not dəftərinə baxıb ora yazılanları oxumağa başladı:

-“Gələcək “birləşmə assimilyasiyasında deyil, vahidlik siyasətindədir, daha doğrusu, plüralist birlik siyasətindədir. Təbiətin müxtəlifliyini silin, kainatın müxtəlifliyini silin, kainatın uniformasını yaradın. Onda siz təbiətin gözəlliyini, harmoniyasını, onun həyatiliyini silmiş olacaqsınız. Təbiətin müxtəlifliliyi, orda ki, adama elə gəlir ki, hər bir element digəri ilə münasibətdə müxtəliffikirliliyə, qarşıdurmaya aparır, faktiki isə bu, harmoniyadan keçərək kainatın əbədi hərəkətliliyinin möhtəşəmliliyini formalaşdırır”.

Baş Hakim azacıq susub əlavə etdi:

-Şərhini verimmi? Hər bir fərd, hər bir hərəkat, hər bir siyası qurum öz müxtəlif yönlü siyası baxışı ilə sonda ümumi işə - Böyük Ermənistanın yaradılmasına xidmət etməlidir. Nasizmin fərqli çaları. Adolf Hitlerdən xeyli əvvəl yaradılmış “digər xalqların külü üzərində bir xalqın mövcudiyyatı” ideologiyası. Bu ideologiya isə ən böyük təpkiyə, tənbehə, ən nəhayət, cəzaya layiq görülməlidir.

Tamaşaçıların alqışları altında Baş Hakim məhkumun hökmünü oxudu:

-Divan yekdil qərarla əlini türk xalqının qanına bulayan, eləcə də öz xalqını sonsuz məhrumiyyətlər yaşamağa məcbur edən Şaxrikyan Arutyun Mkrtıçeviçə qeybedilmə cəzası kəsir. Divan hökmün dərhal icra edilməsini tələb edir.

Şaxrikyanın “məni əfv edin”, “məni bağışlayın”, “səhv yolda olmuşam, lütfən bağışlayın” kimi ibarələri dənizdə batanın saman çöpündən yapışması demək idi, çünki bu masştabda törədilən cinayət cəzasız qala bilməzdi. Amma son peşmançılıq, fayda verməsə belə, hər halda gözəldir. Gec olan heç olmayandan hər halda daha dəyərlidir.

 

 

 

4-CÜ PROSES.

          MKRTIÇ XRİMYAN

 

Növbəti proses günü öncəsi günəş həmişəkindən hərarətli idi. Baş Hakim adəti üzrə günəşi eyvandan qarşıladı. İllərdir ki, o, günəşi bu cür qarşılayır. Tezdən saat beşdə oyanır, bir stəkan qəhvə içib günəşin görüşünə gedir. Eyvandan görünən nəhayətsiz dənizin üzərində qıırmızımtıl rəng, ilk günəş şəfəqləri, sularda onların parıtılı əksi. Bəlkə də insanlar Əsl dünyada reallaşdıra bilmədikləri arzularını Axirət dünyasında reallaşdırmağa təşnədirlər. Baş Hakim Baltikyanı ölkələrdən biri olan Estoniyada dünyaya gəlmişdi, 1973 təvəllüdlüydü, Sovetlər dönəminin bütün ideoloji baryerini öz üzərində görmüş, Tallinndə aldığı ali hüquq təhsilini sovetlərə xidmət üçün deyil, öz eston xalqının rifahı üçün yönəltməyi bacarmışdı. Estoniya müstəqillik qazanandan sonra məhkəmə sistemində çalışmış, elmi dərəcə almışdı. İşini, ailəsini çox sevirdi, başı işinə qarışdığından ailəsinə istənilən qədər vaxt ayıra bilmirdi, həmin dönəmlərdə ən böyük arzusu bir yay ailəsini də götürüb dəniz sahilində yaxşıca dincəlmək, günəşi qarşılamaq, çimib qaralmaq idi.

Estoniyanın məhkəmə sistemi Avropanın ən yaxşlarından hesab olunurdu. Tartu dövlət məhkəməsi, Tallinn və Tartu dairə məhkəmələri, Tallinn və Tartu inzibati məhkəmələri, onların nəzdindəki Pyarnu və Yıxva məhkəmələri, eləcə də Tartu, Pyarnu, Xaryus və Virus əyalət məhkəmələri işlərini elə qurmuşdular, haqq-ədalətin keşiyində elə dayanmışdılar ki, bu ölkədə “apelyasiya məhkəməsi”, “kassasiya şikayəti” kimi anlamlara əsla ehtiyac qalmırdı.

Estoniya multikulturual bir dövlətdir, burada 192 millətin nümayəndələri yaşayır. Təbii ki, dünyanın hər yerinə səpələnmiş ermənilər burada da az deyil, rəsmi məlumata görə onların sayı 2000-dir. Estoniyada erməni dilində bazar günü məktəbi fəaliyyət göstərir, Müqəddəs İoann kompleksinə aid qədim Xaani Seeqi məbədi təmənnasız Erməni Apostol Kilsəsinə verilib ki, hazırda orada erməni məbədi fəaliyyətdədir. Estoniyanın milli azlıqlar Palatasının başında da məhz erməni – fəlsəfə doktoru Rafik Qriqoryan dayanır. Bir dəfə “Estoniyanın tarixi. Erməni izləri” adlı bir kitab yazaraq həmin doktor bu torpaqlarda da qədim dövrlərdə ermənilərin məskunlaşdığını iddia etmişdi, bax onda Baş Hakim onunla xeyli mübahisə etməli olmuşdu. Tolerant Estoniyanın paytaxtının vitse-meri Leyvi Şer ermənilərin çığır-bağır salaraq Estoniyanı dünyanın gözündən salmaq cəhdində bulunacaqlarından ehtiyatlanaraq “Bu kitabı millətçiliyə yozmayaq, Estoniya multikulturializminin nailiyyəti adlandıraq” demiş, bu mübahisəni hüquqi aspektə yönəltməyə izin verməmişdir, yoxsa Baş Hakim tarixi saxtalaşdıran ağ yalanlara görə Rafik Qriqoryanı məşhər ayağına çəkəcəkdi. Ardınca daha bir incident Erməni Apostol Kilsəsinin Rusiya və Yeni-Naxçıvan eparxiyasının Baltiya ölkələrindəki nümayəndəsi Xosrov Stepanyanla yaşamışdı. Bu şəxs Litvadakı Xaç dağındakı xaçkara – xaç şəkilli qayaya ziyarətlər təşkil edib Pribaltika ermənilərini aparır və bildirirdı ki, xaçkar sırf qədim ermənilərə aid abidədir. Baş Hakim onu bu qərəzkarlığında qınamış, bu məsələni də hüquqi müstəviyə çıxarmaq istəmişdi, amma yenə də millətçilikdən uzaq olan Baltik xalqlarının yuxarı instansiyalarda oturanları “boş verək” demişdilər. Baş Hakimsə gözəl bilirdi ki, ermənilərin arxasında torpaq iddiaları dayanan millətçilik çıxışlarını boş vermək sonda necə faciələrə gətirib çıxara bilər. Bunu vaxtı ilə Azərbaycan etmişdi, nəticədə nə qədər torpaq itirdi. Və o, məsul şəxsləri əmin etməyə çalışırdı ki, vaxt gələcək, mütləq ermənilər eston xalqının tarixi Xaani Seeqi məbədini qədim erməni məbədi adlandıracaqlar.

Tartu ölkənin məhkəmə paytaxtı olduğundan Baş Hakimin yolu ora tez-tez düşürdü. Elə ömrünün düz 45-ci baharında – yubileyinə cəmi bir gün qalmış bir yay ailəsini də götürüb dəniz sahilində yaxşıca dincəlmək, günəşi qarşılamaq, çimib qaralmaq kimi ən böyük arzusu da məhz Tallinn-Tartu yolunda gözündə qaldı, o, avtomobil qəzasına düşüb faciəli surətdə həyatını itirdi.

İki il idi Axirət dünyasındaydı. Bu, burada aldığı ilk böyük iş idi. Buna kimi, ötən il Kiçik Divanda Kolumbiya narkomafiyası liderlərinin prosesində Baş Hakim köməkçisi kimi çalışmışdı, bu dəfə isə o, Böyük Divanda Baş Hakim idi, bəxtinə düşən proses də ağırın ağırı idi. Erməni millətçiliyinin cinayətlərini yığıb-yığışdırmaq, ən əsaslarını seçib-seçmələmək hədsiz ağır idi.

Divanın İşlər Vəkili ona bu prosesi həvalə etmək istədiyini dilə gətirəndə Baş Hakim sövq-təbii “Deyəsən Rafik Qriqoryanla, Xosrov Stepanyanla mübarizəm barədə məlumatlısınız, ona görə də ermənilərin prosesini mənə tapşırırsınız” söyləmişdi,  Divanın İşlər Vəkili isə söyləmişdi ki, “Düzü, ermənilərin Estoniyaya hansısa millətçilik iddiası barədə konkret bilgim yoxdur, amma ona əminəm ki, ermənilərin “tutar qatıq, tutmaz ayran” prinsipi ilə bəlkə də indiyədək hər bir dünya ölkəsinə, hətta sivilizasiyadan kənar Papua-Yeni Qvineyaya da millətçi iddiaları olub” .

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.