Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Niyə belə susqunsan, dəniz, niyə coşub çağlamırsan, ləpələrinlə fəryad etmirsən?!
Niyə belə sakitsən, qara bulud, niyə ağlayıb guruldamırsan, yoxsa sən də sadəcə görüntü üçün varsan ?!..
Bəs sən hardasan, dəli külək, toz torpağı, ətrafı niyə viran qoyub dağıtmırsan?!..
Ey, Günəş! Hanı bəs sənin qucaq dolu şəfəqlərin, hanı xoşbəxtlik vəd edən qızmar günlərin, yoxsa sən də qorxundan buludların arxasında gizlənmisən ?!..
Bəs siz niyə susmusunuz, siz niyə laqeydləşmisiniz??
"Başqasından mənə nə ?!" deyib burnu daim ətrafındakıların həyatının içərisində olan məgər siz deyilmsiniz?!
Öhdəsindən gələ bilmədiyiniz işlərə artıq göz yumursunuz. Gücünüz çatmadıqlarınıza baş əyirsiniz, vicdandan, ədalətdən danışıb ədalətsizlik edirsiniz...
Maraqlıdır, görəsən, gecələri necə yatırsınız, vicdanınızın səsi sizi narahat etmir ki?
Ya, yemək başındaykən, bahalı bər-bəzəkli süfrədəykən masaya oturmamışdan əvvəl tox olduğunuzdan xəbərdarsınızmı ?!
Hərdən düşünürəm ki, vicdanı çox danışan insanlar həmin səsi batırmaq üçün üz tuturlar səs-küylü məkanlara, yerlərə, ya da hündürdən danışırlar...
Sözləriniz necə də ecazkar, pafoslu, ümidverici, mübaliğəli, ədatlı, zəhlətökən, ssenarisi bəlli və hər dəfə eyni səhnəni nümayiş etdirən və artıq sözlərinizi əzbərləmiş nağıl qəhrəmanlarısınız, bizsə uşaqlıqdan bu nağıllarla böyümüş, daha bu nağıllardan bezib inanmaq istəməyən tamaşaçılarıq...
Əgər, ssenarini mən yazsaydım və film rejissoru olsaydım, sizi məzara dəvət edərdim, sonra yağışdan xahiş edərdim ki, məzarı yaxşıca islatsın, üst-başınızı yaxşıca yusun.
Daxilinizi təmizləməyə gücüm çatmır, heç olmasa zahiriniz təmiz olsun. Üzərinizə qar yağıb sizin kəfəninizə çevrilsin. Sonra külək ətrafdakı toz-torpaqla sizi dəfn etsin.
Və sonda günəş xoşbəxt şəfəqləri ilə ətrafı aydınlatsın...
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)