QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

19-CU DƏRC

 

 

Müttəhimlər sırasından erməni müttəhimlərin sözçülərindən biri bu fakta etiraz etdi, dərhal ona alternativ daha 7 mənbə göstərildi, o susanda isə amerikalı ekspert mətnin davamını oxudu:

-1915-ci il iyunun 22-də hökumət qoşunları Van şəhərinə daxil olarkən onların gözləri qarşısında dəhşətli bir mənzərə canlanmışdı: meyitlər bir-birinin üstünə qalaqlanmışdı. Erməni terror birləşmələri burada vaxtında qaçıb canını qurtara bilməyən bütün müsəlman əhalini - türkləri, azərbaycanlıları, kürdləri vəhşicəsinə qətlə yetirmiş, 1000 körpəni diri-diri boğmuşdular. Həmin il iyulun 1-də rus generalı Nikolayev öz məlumatında təkcə Van şəhərində 15 min nəfər türkün ağır işgəncələrə məruz qalmasından, bu ağlasığmaz cinayətin Tero və Xeso adlı iki erməni qulduru tərəfindən törədildiyindən söz açır və insanlıq simasını itirmiş həmin qatilləri topların qarşısına qoyub güllələməyə çağırırdı. Ermənilər gülləyə qənaət etmək məqsədilə bəzən türk əhalisini kütləvi şəkildə zəhərləmək metodundan da istifadə edirdilər. Amerika tarixçisi Stenford C.Şou "Osmanlı imperatorluğunun tarixi" kitabında yazırdı ki, "Birinci dünya müharibəsi ərzində müsəlmanların ermənilər tərəfindən dəhşətli, amansız, kütləvi qırğını davam etmişdir. Bir milyondan çox türk kəndlisi doğma ocaqlarından didərgin düşmüşdür. Minlərlə qaçqın tikə-tikə doğranmış, qol və ayaqları, burun və qulaqları kəsilmiş, gözləri çıxarılmışdı. Həmin qırğınların əsas təşkilatçılarından və ideoloqlarından biri "Daşnaksütun" terror təşkilatının üzvü, Atom ləqəbli Arutyun Şaxrikyan idi.

Şaxrikyan yenidən yerindən dik atıldı:

-Mən etiraz edirəm, mənim adım çəkilməsin, çünki adımı oraya sonradan da sala bilərdilər.

Amma Baş Hakim onun etirazını qəbul etmədi, ekspertlər əllərindəki dəlil-sübutları yaxınlaşdırıb bir-bir Şaxrikyana göstərdilər, o, ürəyini övkələyib “Niyə siz alman Armin Teofil Veqnerin yazdıqlarından bəhs etmirsiniz? Mən Divanın birtərəfli keçirilməsi qənaətindəyəm” söylədi, Baş Ekspert “Sizin almanınıza da gələcəyik, narahat olmayın” söyləyib kürsüdəki ekspertə rəyinin davamını oxuması işarəsini verdi, o da oxudu:

-Erməni millətçiləri həmin ildə Türkiyənin Abaağa, Bitlis, Tərcan, Malazagird, Edremid vilayətlərində də dəhşətli yanğınlar və qətliamlar törətmiş, təkcə Qars və Ərdahanda 30 min günahsız türkü vəhşicəsinə qətlə yetirmişdilər. Həmin qətllərin əsas törədicilərindən biri "Hnçaq" terror təşkilatının ideoloqu, Türkiyə parlamentinin deputatı Stepan Ter Danielyan olmuşdu. Ən dəhşətlisi budur ki, o iblis xislətli vəhşi öz seçicilərinin belə bütün ailə üzvləri ilə birlikdə qətlə yetirilməsini, körpələrinin diri-diri tonqalda yandırılmasını əmr etmişdi.

Şaxrikyan yerindən qışqırdı:

-Mən deyirdim də, ondan yapışmaq lazımdır, məndən yox.

Ekspertsə oxumaqda idi:

- Erməni tarixçilərinin qondarma məlumatlarına görə, guya birinci cahan hərbi illərində Osmanlı imperiyasında 2 milyon 300 min erməni yaşayırmış. Halbuki Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin rəsmi məlumatına görə, həmin vaxt onların sayı cəmi 1 milyon 200 min nəfər olub. Erməni tarixçilərinin yazdığına görə, guya 1915-ci ildə Anadoluda türklər tərəfindən 1 milyon 500 min nəfər erməni qətlə yetirilib. Halbuki statistik məlumatlara görə, həmin vaxt Anadoluda maksimum 600 min nəfər erməni həlak olub. Əksəriyyəti də köçürmə vaxtı, bir türk gülləsinə belə tuş gəlmədən, sadəcə, aclıq və xəstəlikdən  həlak olub. Ermənilər isə qarşılığında məşhur Amerika alimi Castin Makkartinin "Anadolu erməniləri 1912-1922-ci illərdə" əsərində yazdığı kimi, "1915-ci ildə 600 min, bütövlükdə 1912-1922-ci illərdə isə 2 milyon 500 min günahsız türkü öz doğma ata-baba torpaqlarında amansızcasına qətlə yetirmiş, şəhər və kəndlərini yandırıb xarabazara çevirmişlər". Müsəlmanları son nəfərinədək qırıb torpaqlarına sahib olmağı qarşılarına məqsəd qoymuş ermənilərin hətta rus-türk müharibəsində döyüş zonasından yüz kilometrlərlə kənarda yerləşən Sivas əyalətində dinc və əmin-amanlıq şəraitində yaşayan 180 min nəfər türkü qılıncdan keçirib qətlə yetirmələri faktı məlumdur.

Baş Hakim üzünü Şaxrikyana tutdu:

-Cənab Şaxrikyan, həm siz, həm də digər millətçilər ermənilərin Osmanlı imperiyasında sıxışdırılmasını iddia edib erməni xalqını qiyama sürükləmisiniz, nə ilə əsaslandırarsınız bu iddianızı?

Şaxrikyan könülsüz halda cavab verdi:

-Türklər bizə kölə kimi baxırdılar.

Baş Hakim ekspertlərə səsləndi:

-Zəhmət olmasa 67-ci arayışı səsləndirin.

Həmin arayış dərhal səsləndirildi.

“Osmanlı İmperiyasında ermənilərin vəziyyətinə dair arayiş. 1910-15-ci illərdə müsəlman türklər öz təbəələri olan xristian ermənilərə qarşı çox humanist davranıblar.  Bir çox mənbələr bunu sübut edir. Məsələn, ermənilərə aid “Jamanaq” nəşriyyatının çap etdiyi “Türkiyədəki ermənilər haqqında həqiqət” kitabında yazılıb: Osmanlı dövlətində ermənilərdən  29 paşa, 22 nazir, 33 millət vəkili, 7 səfir, 11 baş konsul, 411 yüksək məmur vəzifəsi daşıyan var idi. Xarici işlər naziri Qabriel Noradunkyan, İmperiya silahlı qüvvələri qərargah rəisinin müavini Bazazardem, Xarici İşlər Nazirliyində müşavir Ohanes Sərkis paşa və Artin Dadyan paşa, Şəhərsalma naziri Marşal Qarabet Artin Davud paşa, Türkiyə Teleqraflar Ümumi Sekretarı Tors Serpos Əfəndi, Poçt və Teleqraflara Nəzarət naziri Oskan Mardikyan,  Senator Ohanes Kuyumçyan paşa, Maliyyə və xəzinə naziri Aqor Kazaçyan, Belçikada səfir Diran Aleksan bəy, Londonda səfir Yetvart Zöhrab Əfəndi, İtaliyada səfir Hirant Düz bəy, Vyanada səfir Qarabet Artin Davud paşa idi.

1461-ci ildən İstanbulda erməni patriarxlığı fəaliyyət göstərirdi,  1863-cü ildən Erməni Milli Məclisi fəaliyyət göstərirdi.

Bir fakta diqqət edin. Fransanın Marsel şəhərində 14-cü Lüdovik erməni mətbəəsini bağlamışdı,  halbuki Osmanlıda isə 1700-cü ildən erməni mətbəəsi fəaliyyət göstərirdi, Monax Muxtarın ermənicə kitabı – ilk qaranquş idi. 1859-cu ildən ermənicə qəzetlər çıxırdı, 1866-cı ildə təkcə İstanbulda 14 ermənicə qəzet çıxırdı.

 Təsəvvür edin, Odisnom Çarlz Eliot özünün «Türkiyə Avropada» (1900) kitabında qeyd edib: «Hətta 1877-1878-ci illərdə, rus-turk müharibəsindən sonrakı illərdə türklər və ermənilər əla dostluq şəraitində yaşayırdılar... Ruslar erməni kilsələrini, məktəblərini və dinini sıxışdırırdılar, türklər isə tamamilə əksinə, bütün işlərdə daha səbrli və daha çox sərbəstlik verən idilər... Ermənilər  türklərin arasında yaşamaqlarından razı idilər... Sərvət tərəzisi də artıq Türkiyədə tamamilə xristianların xeyrinə idi. Türklər onlara səmimi-qəlbdən inanırdılar”.

 Fransız sosioloqu Marsel Leartın araşdırmalarına görə  Anadoluda 166 sahibkarın 141-i , 9800 dükançıdan 6800-ü, 150 xarici ticarət kommersantından 127-si, 153 sənayeçidən 130-u erməni idi.

Türkiyə Ermənistanı deyilən ərazidə 803 erməni məktəbində 2088 müəllim və 81226 şagird fəaliyyət göstərirdi. 1861-ci ildə İstanbulun  Qalatasaray liseyində hüquq bölməsində təhsil alan 52 gəncdən 45-i, tibb bölməsində təhsil alanların isə hamısı erməni idi”.

Baş Hakim arayışı səsləndirən ekspertə minnətdarlıq bildirib Şaxrikyana üz tutdu:

-Bəs buna nə deyirsiniz?

Şaxrikyan susdu. Belədə Baş Hakim yenidən ekspertlərə müraciət etdi:

-Xahiş edirəm indi də 38 saylı arayış səsləndirilsin, erməni məsələsinin necə formalaşmasına aid əlavə faktlar gətirilsin.

Dərhal ekspertlər sözügedən arayışı səsləndirdilər:

-1914-cü ildə Parisdə çıxan, rumın diplomatı T.Dcuvara  aid “Türkiyəni parçalamaq üçün 100 plan” əsərindən iqtibas edirik:  Osmanlı imperiyasını parçalayıb torpaqlarını ələ keçirmək – böyük xristian dövlətlərinin əsas məqsədi olub, bu işdə də milli azlıqlardan alət kimi istifadə ediblər. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra erməni məsələsi gündəmə gəlib, Şərqi Anadoluda ermənilərə muxtariyyat verilməsi barədə Berlin müqaviləsi imzalanıb, onu imzalayan altı tərəf – Almaniya, Avstriya-Macarıstan, İtaliya, Fransa, İngiltərə və Rusiya Türkiyədə erməni məsələsinə nəzarət və daxili işlərə qarışmaq hüququ əldə ediblər.

20-ci əsrin əvvəllərində  Fransanın maliyyəsi ilə  Osmanlıda terror qruplaşmalarının 3 qərargahı – Monarqada, Doqquzevlərdə, Lefkoşedə fəaliyyət göstərirdi. Kipr adasında isə erməni hərbi düşərgəsi salınmışdı. Fransız hərbçiləri orada erməni döyüşçülərə hərbi təlim keçirdi. Anadoludan ora gəlmiş erməni liderləri Strak, Kirkor, Karabet və Arti erməni döyüşçülərə rəhbərlik edirdi.  The Rayel Engineer şirkəti tərəfindən tikintisi həyata keçirilmiş bu düşərgədə 102 çadır qurulmuşdu, özəl kilsə, hətta həbsxana var idi. Erməni yardım komitəsi yaradılmışdı, Yunanıstanın Larnaka konsulu M.Vatibella, Fransanın Larnakadakı konsulunun vəkili Mons Marçel Marqaret, ABŞ-ın Lefkoşo konsulluğunun agentlik rəhbəri George Vilsonun bu komitəyə aşkar dəstəyi hiss olunurdu. Yunanıstandan, Fransadan, ABŞ-dan yardım adı altında pullar gəlirdi, bu pullarla Urfada, Maraşda, Antepdə və Adanada minlərcə günahsız türk qətlə yetirilirdi.

Baş Hakim bu yerdə xahiş etdi ki, mümkünsə erməni qiyamlarına maddi yardım edənlərin konkret adları çəkilsin. Azacıq hazırlıqdan sonra ekspertlər belə bir siyahını təqdim etdilər:

-Arayiş: 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Osmanlı İmperiyasında millətçi ermənilərə yardım kampaniyalarında iştirak edən bəzi qurumlar və şəxslər:

Amerikalı Rokfellerlər,

Boston Beynəlxalq Erməniləri Müdafiə Komitəsi,

ABŞ erməni yardım komitəsi,

London erməni cəmiyyəti,

London erməni cəmiyyətinin tərkibindəki Protestant Kişilər Federal Məclis Təmsilçiliyi,

Kipr Rum İttihad-Birlik klubunun Misir Müdafiə-Milliyyə Komitəsi,

Kipr Yüksək Komissar Yardım Fondu,

Lefkoşa Thecoraides firması.

Siyahı səsləndikdən sonra Baş Hakim Baş ekspertdən Osmanlıda erməni xəyanətkarlığını sübut edən konkret faktlar istədi...

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.