POETİK QİRAƏTdə gənc şair Həsən Kürdür Featured

“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında gənc şair, Nigar Həsənzadənin “Söz” layihəsinin üzvü Həsən Kürün “Qırx gün yas saxladılar” şeirini təqdim edir. 

 

Əlindən yapışdığım insanlar böyüdülər

qollarımdan vurdular.

Ayağımı çəkdilər,

ürəyimi qırdılar.

 

Adamlar ilan kimi zəhər sancdılar mənə.

Dedim : -Allaha gedim,

o çarə qılar mənə -

Allah öldürsün məni

nə olar, olar mənə...

 

Allah öldürdü məni

Ayağımı qazanlar, qəbrimə kimi qazdı.

Başıma daş salanlar baş daşımı ucaltdı,

üstünə söz də yazdı...

Bu "adamlar" gör necə

abırsız, həyasızdı...

 

Dizlərinə vurdular,

uşaq tək ağladılar,

Beş gün gün verməyənlər

Qırx gün yas saxladılar...

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.