Hər vaxtınız xeyir olsun! Bu günün müsahibəsi mən, Jalə İslamın təqdimatında gənc yazıçı, “Məni belə çək”, “Özünə yaxşı bax” kitablarının müəllifi olan Ovadya (Tural Rəhim) ilə olacaq.
-İlk olaraq istəyərdim ki, Ovadya sözünün mənasını sizdən soruşum. Niyə belə bir təxəllüs seçmisiniz?
-Bu təşəbbüsünüz üçün sizə minnətdar olmağı özümə borc bilirəm. İşlərinizdə uğur və müvəffəqiyyətlər arzu edirəm. İlk olaraq təxəllüs seçimimdən danışım. Təxəllüsümün olmasını həmişə istəmişdim. Bu mənim yaradıcılıq arzularımdan biri idi. Ovadya sözü isə qədim ivrit dilindəndir. Tanrını qəbul edən, ona xidmət göstərən mənasını verir.
-Əsas mən sizə minnətdaram. Düşünürəm ki, indiki sualımı vermək bu məqamda çox faydalı olacaq. Müsahibə boyunca sizə adınızla, yoxsa təxəllüsünüzlə xitab etməyimi istəyərsiniz?
-Oxucularımın əksəriyyəti mənə Ovadya deyə müraciət edir. Məni çox əvvəldən tanıyanlar isə Tural deyirlər. Necə müraciət edəcəyiniz isə sizə bağlıdır. Mən hər iki xitab formasına öyrəşmişəm.
-Səhv etmirəmsə, bu sizin ilk müsahibənizdir. İndiyə kimi müsahibə alan olmayıb, ya özünüz istəməmisiniz?
-Mənim bir neçə müsahibəm olub. Sadəcə bəziləri yayımlanıb, bəziləri yayımlanıbsa belə, xəbərim yoxdur.
-Ümid edirəm ki, bu sizin ən yaddaqalan müsahibəniz olacaq. Elə isə istəyərdim ki, oxuculara özünüz haqqında məlumat verəsiniz...
-Mən 2000-ci ildə Beyləqan rayonunda anadan olmuşam. Elə məktəbə də doğulduğum kənddə getmişəm. 2017-ci il Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olaraq Qubaya getmişəm. 2021-ci ildə isə həmin universitetin Psixologiya ixtisasını bitirib həm kitab sektoruna atılmış, həm də psixologiya təhsilimi inkişaf etdirmişəm. Hazırda iki kitab müəllifiyəm. Qismət olsa, bu yaxınlarda üçüncü kitabım da çap olunacaq.
O ki qaldı şəxsən tanımağa – hər bir yazıçı yaratdığı əsərlərin obrazlarında gizlənir. Buna görə də bir yazıçını tanımaq çox asandır. Bir cümlə ilə qısaca demək istəyərəm ki, mən həqiqətləri hər kəsin bildiyindən daha açıq yazıram.
-Tural bəy, sizi yazıçı olmağa sövq edən əsas səbəb nə idi? Təbii ki bu, eyni zamanda həyatınızın bir dönüm nöqtəsi də ola bilər.
-Yazmaq mənim üçün üzərimdə gəzdirdiyim yüklərdən azad olmağa bənzəyir. Bir növ terapiyadır. Həm də bacardığımı düşünürəm. Kəlmələrdən yaxşı istifadə edib onlara bir ruh verə bilirəm.
-Siz bir yazıçı kimliyindən əlavə “Albinos fərd” olaraq da tanınırsınız. Elə məhz buna əsasən onu deyə bilərəm ki, maraqlı gözlərin hədəfinə tuş gəlirsiniz. Bu maraqlı nəzərlər sizə necə təsir bağışlayır?
-Özümü olduğum kimi qəbul etdiyim üçün bu mənə normal gəlir. Digər insanların baxışlarını, məni görərkən etdikləri pıçıltılarını hiss edirəm. Bunu təbii qarşılayıram, çünki həqiqətən bir fərqlilikdir.
-Özünü inkişaf etdirmiş, gələcəyə inamla irəliləyən bir fərd olaraq, eyni zamanda öz fərqliliklərinizi qəbul edərək uzun bir səyahətə çıxmısınız. Hər birimiz bilirik ki, öz fərqliliklərindən çəkinən neçə-neçə gənclərimiz var. Onlarda özünə inam ruhunu formalaşdırmaq üçün nə məsləhət görərdiniz?
-Fəlsəfə, psixologiya, biologiya oxusunlar. Oxuduqlarını düşünsünlər. İnsanın ən böyük xoşbəxtliyi daima özünə sual verə bilməsidir. Cavablar hər zaman bizi var edir. Məhz bu cavablar sayəsində dəyişə və var ola bilirik.
-Bir dəfə siz söyləmişdiniz ki, ya yaşadıqlarını yazarsan, ya da yazdıqlarını yaşayarsan. Maraqlıdır ki, görəsən, şəxs həyatın süzgəcindən zərbələr alaraq keçməyibsə, yəni həyatı tam olaraq yaşamayıbsa, necə yaşayaraq yaza bilər?
-Elə yazıçı olmaq budur; Bəzən yaşamadığını elə təsvir edirsən ki, yaşayanlar belə sənə təəccüb edir.
-“Onu bil ki, sənətkarı yaradan da yoxsulluq və dilənçilikdir. Onlar əzəldən əkizdir”.Bu fikir Fyodor Dostoyevskiyə məxsusdur. Belə çıxır ki, siz bu fikri təkzib edirsiniz. Sizə görə həmin zərbələri almadan da, həyatı dərindən yaşamadan da yazmaq olar, elə deyilmi? Məncə, bu fikri bir az əsaslandırmaq daha yaxşı olardı.
-Mən də Dostoyevskini çox sevmişəm, amma bu onun hər zaman haqlı olduğu mənasına gəlməz. Yazıçı olmaq öz ruhunla hər şeyi dərindən duya bilməkdir. Məsələn, mən üçüncü əsərimdə Amerikanın bir şəhərindən yazmışam. Onu ətraflı, dərin araşdırmışam. Zamanımı alsa da, sonunda yazmağı bacarmışam.
-İndi sizə təqdim edəcəyim cümləni tamamlamağınızı istəyəcəyəm. Müasir dövrdə ədəbiyyatın missiyası bu deyil ki,...
-... yalnız həyatın qaranlıq tərəflərini yazasan!
-Tural bəy gəlib son suala çatdıq... Müasir dövr daima qurmaq və yaratmaq, eyni zamanda inşa ediləni yaşatmağı tələb edir. Bəs bu çətin dövrdə sizin gələcək planlarınız nələrdir?
-Fərqli mövzularda kitablar yazıb daha çox kütləyə çatmaq, kitablarımı qlobala çıxartmaq, səyahət etmək mənim əsas missiyalarımdandır. Hər birimiz üçün işlərin yaxşı olmasını arzu edirəm!
-Təklifimi geri çevirmədiyiniz, bütün suallarıma səbirlə cavab verdiyiniz üçün təşəkkür edirəm, Tural bəy. Xeyirli günlər arzu edirəm!
-Mənim üçün də çox xoş oldu. Təşəkkür edirəm!
“Ədəbiyyat və incəsənət”
(13.09.2023)