“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində üç gün Şeir vaxtıdır, Yusif Mürsəlin şeirləri ilə tanışlıqdır. Bu gün ikinci gündür.
GÖRDÜM
Bircə yol çıxmadım sözündən sənin,
Yüz dəfə soruşdum özündən sənin.
Allah, niyə düşdüm gözündən sənin,
Səni sevməyimdə xətamı gördün?
Arazı qarğıdım Kür əvəzinə,
Göydə xəyal qurdum Yer əvəzinə,
Ocaq əvəzinə, pir əvəzinə
Elə hey anamla atamı gördüm.
Ahım axşam-sabah çıxsa da göyə,
"Xoşbəxtsən"dedilər, bilmirəm niyə,
Hər gün gecə-gündüz baxıb güzgüyə
Dünyada ən bədbəxt adamı gördüm.
KÖNLÜMÜ
Məni incitməkdən niyə doymursan?
Elə hey qırırsan şüşə könlümü.
Nə özün sevirsən, nə də qoyursan
Başqa bir sevdaya düşə könlümü.
Düşsə yüz borana, qara, ayaza,
Eşqimi qoymaram yolundan aza.
Mənim çiçək könlüm can atır yaza,
Sən elə çəkirsən qışa könlümü.
Bircə yol baxmadın gen pəncərədən,
Ələdin saçıma dən pəncərədən.
O qədər daş atdın sən pəncərədən,
Axırda döndərdin daşa könlümü.
QAPILAR
Niyə belə gec açılır
Bizə açılan qapılar?
Hərdən köhnə dərdimizə
Təzə açılan qapılar.
Gözləyirik yana-yana
Səbrimiz yetdikcə sona.
Qırxa, əlliyə, doxsana,
Yüzə açılan qapılar.
Heç bilmirsən nədir dərdi,
Qovub namərd edir mərdi.
Barmağın sayı qədərdi
Düzə açılan qapılar.
Kim öyrədib bu sənəti,
Guya açılmağı çətin.
Hər gün açılır xəlvəti
Naza açılan qapılar.
Əriyirik ilmə-ilmə,
Oğulsansa, gəl bükülmə.
"Yuxarıdan"bircə kəlmə
Sözə açılan qapılar.
Səbir eyləyək deyə-deyə
Ah-naləmiz çıxdı göyə.
Qalmayıb halal çörəyə,
Duza açılan qapılar.
Niyə belə gec açılır
Bizə açılan qapılar?
Hərdən köhnə dərdimizə
Təzə açılan qapılar.
“Ədəbiyyat və incəsənət”
(12.09.2023)