“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında yenidən şair Yusif Nəğməkardır. Bu dəfə o, “Adsız” söyləyir.
Nə müddətdir gül üzünə baxmıram,
Daş inaddır aramıza hördüyün...
Bulaq olub, gözlərindən axmıram,
Həsrətimin gözləridir gördüyün...
Qabar oldu bu möhnətin əlləri;
Ta uzandı iliyəcən, qanacan.
Nisgil boğdu o bəxtəvər illəri
aylarından, günlərindən anacan.
Qəfil incik -- qollarımın zənciri,
Hər cəhdimdən çidarlanmış köhlənəm...
Bu "səbr"imlə qorxuram diri-diri
O gözəlin nəzərində "köhnə"ləm...
Kövrəlirəm şəklimizə baxanda;
Nə aləmmiş -- göz-gözəyik, baş-başa!..
Ayrılıqdır canım oda yaxan da;
Neçin "yad"am o bir olan sirdaşa?!.
Amansızmış xatirələr, İlahi!..
Adam duyub, andığından yanırmış!..
Yalan sözdür sönə çəkdiyin ahı,
Ah da ürək yandığından yanırmış...
Eşq nüftəsi olmayaydı elə kaş,
Olan qədri olmayanda bilirsən...
Bəbəyində dona sevinc, axa yaş,
Öldüm! -- deyib, ölməyəndə bilirsən...
...Darıxmışam sənlə qoşa izimçün,
Bu duyğunun sinonimi sevməkdir.
Bir-birindən gen dolanmaq bizimçün
ruhla bədən ayrılığı deməkdir.
Sığınmasa qəlb ülfətə, sınandı,
Həyatın hər sınağına şərik biz...
Qədəri bəxt qədərinin sanandı:
Birkən iki, ikilikdə birik biz!..
“Ədəbiyyat və incəsənət”
(12.09.2023)