BİRİ İKİSİNDƏ – Vüsal Bağırlının “Zəlzələ və tutuquşuları” hekayəsi Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün yenidən Nəsr vaxtıdır, sizlərə Vüsal Bağırlının növbəti  hekayəsi təqdim edilir.  

 

 

 

ZƏLZƏLƏ VƏ TUTUQUŞULAR…

 

Bəşəriyyət daim dəiyşir. Sürətlə inkişaf edir. İndi biz quş kimi havada uçmağı, balıq kimi suda üzməyi bacarırıq. Amma bir şey çatmır: insan kimi yaşamaq.

Bernard Şou.

 

“Elmlər akademiyası” parkında rütubətli havaya qarışmış həzin çiskin altında qızımla gəzişir, erkən gəlmiş təravətli payızın tər nəfəsini içimizə çəkir, sarı və qırmızının müxtəlif çalarlarına bürünmüş ağacların nəm yarpaqlarına baxırdıq.

Birdən qızım əlimdən yapışıb məni sağa, səkinin kənarına, səyyar kitab piştaxtasına tərəf dartdı.

Ata kitab istəyirəm, noolar, mənə nağıl kitabı al.

Üstü lentlə bağlanmış piştaxtanın arıq, pırpız saçları quş yuvasına bənzəyən sısqa satıcısı bizə sarı baxıb gülümsündü. Yağışlı, soyuq, kimsəsiz məkanda o, müştəri, biz isə həmsöhbət tapdığımıza sevinirdik. Oğlan mənə siyahı göstərdi. Mən kataloqa göz atıb qızımın ən xoşladığı əsəri – Antuan de Sent Ekzüperinin “Balaca şahzadə”sini tapdım və qiymətini soruşdum. Gənc oğlan başını buladı, günahkarcasına çiyinlərini çəkdi və təəssüflə kitabın satılıb qurtardığını bildirdi.

Satıcı oğlanın bizə təskinlik üçün təklif etdiyi, sadaladığı kitablar isə bizim üçün əlverişsiz oldu.  Onları ya artıq almışdıq, varımız idi, ya da mütaliə üçün qızıma maraqsız görünürdü.

Mən üzrxahlıq edib sağollaşmaq niyyətindəykən satıcı əlində tutduğu nazik üzlü kitabçanı bizə sarı uzatdı.

Buna da baxın, əminəm, maraqlı olacaq...

Heyvanların, quşların, balıqların insanla dostluğundan bəhs edən, rəngbərəng illüstrasiyalı kitab müxtəlif maraqlı və qeyri-adi əhvalatlar toplusuydu.

Burada qara-qışqırıq salaraq iki yaşlı Hanka Kusku qida boğulmasından xilas edən tutuquşu Billi Kvakerdən, fermer Co Ennousu ürək tutmasından qurtaran donuz balası Luludan, göldə əzələ iflicinə görə  batan gənci xilas edən Mimo adlı ağ balinadan və digər canlılardan bəhs edilirdi. 

Evdə kitabı oxuduqca, içindəki əhvalatlara diqqət etdikcə qızımın qaşları təəccüblə yuxarı dartılır, olmuş, həqiqi baş vermiş hadisələrdən söhbət açan nikbin sonluqlu qısa novellalara diqqətlə qulaq asırdı.

Mən oxuyur, o isə səbirsizliklə bir hekayətdən digər hekayətə, növbəti səhifələrə keçməyimi tələb edirdi. Mən isə heyvanların insan həyatını xilas etməsindən bəhs edən kitabı vərəqlədikcə uzun illər əvvəl baş vermiş başqa bir əhvalatı xatırlayırdım.

 

***

 

…Bankada bərkiyib buz qaxacına dönmüş dolmanı qaşıyıb faşist kaskasına bənzəyən qazançaya tökənə qədər hövsələm daralıb bir tikə oldu. Qazın yaşıl alov dili qazançanın qaramtıl altını yaladıqca xörək qabda çartıldayır, xarta-xurtla qızırdı. Bayaq, mən hələ küçədəykən baş qaldırmış canavar iştahası yemək masaya gələnə kimi təzə alınmış zavod çörəyinin yarısını bir göz qırpımındaca məhv etdi. Təlatümlü aclığı əvəz edən məmnun toxluq, mədəyə yığılmış izafi qıdanın yaratdığı küt ağırlıq kürəyimi klassik güləşçi cəldliyi ilə köhnə divanın üstünə aşırdı. Beynimi şirin mürgü duyğusu işğal etdi. Fəqət tənbəllik vaxtı deyildi.

Mən bədənimi, əl-qolumu süstləşdirən üstələyici yuxuya qalib gəlməli, ac qalmış quşları yedirtməliydim. Biri cəld, o biri nisbətən astagəl olmaqla, dalğalı tutuquşu cinsinə aid rəngarəng lələkli, ovuc içi qədər balaca iki canlımız var idi.

Tutuquşuları bacım saxlayırdı. Onun evdə olmadığı müddətdə isə quşların sağ və salamat olmasına şəxsən cavabdehlik daşıyırdım.  Vəhşi təbiət qoynunda minimum sağ qalma ehtimalı və qəfəs mühitinin saxta asayiş sabitliyinə nəzərən, kövrək və zavallı quşların dəmir barmaqlıqlar arxasına salınması mənə həmişə yersiz və lüzumsuz görünüb.

Lakin üzərimə düşən məsuliyyəti vicdanla yerinə yetirməli, onların yemini, suyunu vaxtaşırı dəyişməliydim. Öhdəliyimi təzəcə bitirmişdim ki, qapı döyüldü. Qapını açanda xalaoğlu Rəşadın qoltuğunda bir yığın videokaset dəhlizdə farağat dayandığını gördüm.

Ənənəvi qaydada salam-kəlam, hal-əhvaldan sonra döşəkçəni yerə atıb cəld mütəkkəyə dirsəkləndik və qarşımızda buğlanan mürəbbəli pürrəngi çayla “əkşn” janrlı on səkkiz üstü filmləri seyr etməyə başladıq. Elə təzəcə yerimizi rahatlamışdıq ki, qəflətən ətrafı bürüyən səs-küy, bərk çığırtı səsi məni yan otağa keçməyə vadar etdi. Xalaoğlu dirsəyi, ombası mütəkkədə, başını döşəkçədən qaldırıb qışqırdı:

– Sən canı, orda nə baş verir?

Gördüyümə inana bilmirdim. Tutuquşular hədsiz narahat görünür, bir yerdə qərar tutmur, həyəcanla özlərini qəfəsin dəmir divarlarına çırpırdılar.

Mən əlacsız halda ora-bura vurnuxur, nəsə düşünüb tapmağa çalışırdım. Lakin ağıla batacaq bir vasitə tapmayıb əl-qolumu yelləyir, faydasız və mənasız hərəkətlər edirdim. Görəsən, nə olub, nə baş verir? Zavallı quşlar niyə özlərini həlak edirlər?

– Bəlkə, su, yemək istəyirlər?

– Yox e, qablarını indicə doldurdum!..

Biz olanları təəccüblə izləyir, matı-qutu qurumuş, köməksiz halda ətrafa boylanırdıq. Heç nə anlamırdıq. Yəqin, beş dəqiqə də belə davam etsəydi, zavallı quşlar qəfəsin sərt, metal millərində özlərini həlak edəcəkdilər.

Birdən hər yan, yer-göy şiddətlə titrədi. Qəflətən baş verən kəskin təkan, hansısa qəribə, mübhəm, görünməz qüvvə məni geriyə itələdi və zərblə divara çırpdı. Ağrıdan gözlərim qaraldı. Özümü birtəhər hiss etməyə başladım. Ürəyim bulanır, ödüm ağzıma gəlirdi.

Ətrafda olan hər şey, döşəmə, tavan, evdəki əşyalar, su-kanalizasiya xətləri, yer-göy silkələnir, dəhşətli qüvvəylə titrəyirdi. Şkafın üzərindəki köhnə samovar və qab-qacaq qutuları gurultuyla yerə aşdı. Mətbəxdə nə isə yerə töküldü, harada isə partlayışa bənzər səs eşidildi.

Adama elə gəlirdi ki, içərisində əşyalarla birgə otaqlar, bütün mənzil, yaşadığım bina nəhəng canlı varlığa çevrilərək hərəkər edir, harasa addımlayır. Baş verən bu həngamədən tormozlanan beynim isə qaçıb getmək, uzaqlaşmaq, qurtulmaq istəyən bədənimi zorla tutub yerə mıxlamışdı.

Rəşadın “vay, İlahi, zəlzələ!” qışqırığı, instinktiv qorxu hissi bədənimə soyuq duş effektiylə təsir göstərdi. Sanki dərin yuxudan ayıldım və nə baş verdiyini anladım.

         Zəlzələ!

Yaşadığım səkkizinci mərtəbədən aşağıya, həyətə düşənə, nisbətən təhlükəsiz məsafəyə çəkilənə qədər zaman büsbütün dayandı. Bir dəqiqə bir il qədər uzun göründü. Bayırda isə nəhəng hündürmərtəbə binalar ləngər vurur, qorxunc şəkildə əyilib-qalxır, şiddətli xəzridən budaqları oyuncağa çevrilən zeytun ağacı kimi sağa-sola yellənirdilər.

Elə bil yerin altında sürünən nəhəng canlı varlıq – anakonda  hamıda, hər kəsdə ölüm təhlükəsi, patoloji fobiya, ibtidai vahimə hissi yaratmışdi. Ruhu sarsıdan hansısa əlçatmaz, ünyetməz duyğu yalnız yuxularda, kinofilmlərdə rast gəlinən səhnə kimi ortaya çıxmış, dəhşətli gerçəkliyə çevrilmişdi.

Xalaoğlu ilə bir-birimizlə kəlmə kəsmədən yanaşı dayanmışdıq. Yerin altında baş verən təlatümlər havaya, səmaya, adamlara gözgörəti təsir göstərirdi. Külək olmadığı halda, elə bil qəfildən buludlar sıxlaşdı, hər yan bozardı. Biz küçədə dayanıb ətrafda baş verənlərə, izdihamın kor-koranə xilasolma cəhdlərinə maraqla tamaşa edirdik.

Adamlara baxır, üz cizgilərindən, mimikalardan qorxunun, həyəcanın ölçüsünü tapmağa çalışırdıq.

Zəlzələnin birinci dalğasından sonra ondan geri qalmayan ikinci dalğası gəldi. Adamlar tədricən təcrübə toplayır, yavaş-yavaş özlərinə gəlir, bir-birlərinə təsəlli verməyə çalışırdı, lakin heç kəs öz evinə, mənzilinə qayıtmırdı.

Sonra ayrı-ayrı yerlərdə, məhlələrdə tonqallar qalandı. Qonşular  açıq havada ocaq başına yığışıb baş vermiş hadisəni özləri bildiyi şəkildə şərh  etməyə başladılar. Biri təhlükəsizlik naminə bütün gecəni çöldə keçirməyi təklif etdi, bir başqası evə qayıtmağı üstün saydı.

Biri təkanların yenə təkrar olacağını söylədi, o biri şəhərin müxtəlif yerlərində güclü dağıntılar, ölüm və itkilər olduğunu təxmin etdi.

Şayiələr fasiləsiz şəkildə ağızdan-ağıza yayılır, telefon əlaqəsinin kəsildiyi, elektrikin və informasiyanın olmadığı şəraitdə nəyin həqiqət, nəyin yalan olduğunu ayırd etmək müşkülə çevrilirdi.

Bəzi ailələr gecələmək üçün avtomobillərə doluşur, bəziləri isə çiyinlərində odeyal yenicə qalanmış tonqalların ətrafına toplaşırdılar.

Birdən quşları xatırladım. Onların taleyi necə oldu?! Görəsən, sağdırlarmı?

Yoxsa qarma-qarışığın, xaosun içində məhv oldular? Axı onlar məni xəbərdar etmişdilər! Axı onların səsinə, qara-qışqırığına vaxtında reaksiya vermək təlatümə, vəlvələyə, zəlzələyə sinə gərmək, qurtulmaq, xilas olmaq demək idi!

Xalaoğlunun təkidli etirazına (binanın uçma ehtimalı var idi), beynimdə ilişib qalan patoloji qorxu və instinktiv vahimə hissinə sinə gərərək geri qayıtdım. Yaşadığım binaya girib pillələri sürətlə, birnəfəsə yuxarı qalxdım. Mənzilin açıq qalmış qapısından qaranlıq dəhlizə atıldım. Sağa dönüb təngnəfəs tutuquşuların olduğu otağa girdim.

Gördüklərimə inanmadım. Tutuquşular qəfəsdə heç nə olmayıbmış kimi var-gəl edir, məzəli səslər çıxarır, başlarını bir-birinə sürtərək, xoşbəxtcəsinə cükküldəşirdilər.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.