“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
14-CÜ DƏRC
Baş ekspert nitqini tamamladı:
-Məhkəmədə Zatikyan bayaq burada hörmətli Vadim Udilovun söylədiyi fikirlərini səsləndirərkən bir qətrə də olsa peşiman olmadığını bildirmişdi, demişdi, mən heç kəsin qarşısında günahkar deyiləm, yeganə günahim yetim qoyduğum övladlarım qarşısındadır. Akop Stepanyan isə “Bizdən kimsə sağ qalsa yenə bu işi davam edəcək” söyləmişdi. Müttəhimlər Sovet tarixində indiyədək əsla rast gəlinməyən tezlikdə - hökm oxunuşundan cəmi 10 gün sonra güllələndilər. Adətən, insanlar öz cəzalarını aylarla, bəzən hətta illərlə gözləyirdilər, Sovet tarixində yeganə tez icra edilən hökm 1975-ci ilə təsadüf edirdi. “Storojevoy” hərbi gəmisində üsyan qaldırmış 3-cü ranq kapitanı Valeriy Sablinin güllələnmə hökmü cəmi 14 gün özünü gözlətmişdi. Zatikyanın isə cinayəti ölkə rəhbərliyi üçün o qədər qorxulu, ağlasığmaz, arzulanmaz idi ki, onu hökmdən sonra cəmi 10 gün sağ saxlamağa səbirləri çatdı. Beləcə, qatı erməni cinayətkarı öz layiqli cəzasını aldı.
Tamaşaçılar alqış sədalarını yüksəltdilər.
Divanda video görüntülər, sənədli, yaxud bədii filmlər mütləq nümayiş etdirilir, səhnədəki nəhəng monitor tamaşaçıları prosesə daha yaxından cəlb edilməyə hesablanıb. Bu proses zamanı da bir xeyli video görüntüyə tamaşa edildi.
Erməni müttəhimlərin müdafiəçisi vəsadət qaldıraraq görkəmli akademik Saxarovun Zatikyanı müdafiəsini xatırlayıb onun gətirdiyi dəlillərin burada səsləndirilməsini tələb etsə belə vəsadət qəbul edilmədi.
Nəhayət, zəng sədaları eşidiləndə Baş Hakim bir daha Zatikyana üz tutdu:
-Cənab Zatikyan, prosesin sonudur, sizə son söz söyləmək imkanı verilir.
Zatikyan başını buladı:
-Ehtiyac duymuram.
Belə olanda Baş Hakim lap ucadan söylədi:
-Cənab Zatikyan. Siz 1979-cu il yanvarın 20-də Moskvada keçirilən məhkəmə prosesində son söz əvəzi söyləmisiniz ki, yeganə günahım yetim qoyduğum övladlarımın qarşısındadır. Səhv etmirəmsə, sizin iki övladınız var. Uşaqları çoxmu sevirsiniz?
Zatikyan başını tərpətdi. Bu vaxt Baş Hakim Divan heyəti səmtə üz tutdu:
-Xahiş edirəm 1977-ci ilin 8 yanvarında Moskva metrosunda törədilmiş terror aktından 126 nömrəli görüntülər nümayiş olunsun.
Dərhal səhnədəki monitor yeni kadrlara açıldı. Bəzilərinin 5-6, bəzilərinin 7-9 yaşları olan al-qana bələnmiş, ağrıdan və qorxudan çığırışan uşaqları görcək (bir mənzərə lap dəhşətli idi, gözləri dəhşətdən bərəlmiş uşağın qolu dərisindən sallanmışdı) hamı ayağa qalxıb Zatikyana lənətlər yağdırmağa başladı.
Zatikyan “xahiş edirəm, göstərməyin”, “lütfən nümayişi dayandırın” deyə-deyə əlləri ilə üzünü bağladı.
Baş Hakim elə bu zaman hökmü səsləndirdi:
- 1946-cı ildə dünyaya göz açmış, 1979-cu ildə çoxsaylı insan qətlinə rəvac verdiyi üçün güllələnmə cəzasına məruz qalmış Zatikyan Stepan Seqbosoviçin cinayəti Əsl dünyada tam sübut olunsa da, uzun illər erməni millətçiliyi bu cinayətin izini azdırmaq yolunu tutmuşdu, amma bizim Divan bu gün tam olaraq bu cinayəti bir daha sübut etdi. Əsas dünyadan təcrid edilmiş Zatkiyan Stepan Seqbosoviçin xüsusi cinayətkar xisləti onun Axirət dünyasından da təcrid edilməsini zəruri etdiyindən Divan hökm çıxarır: Zatikyan Stepan Seqbosoviç barədə qeybedilmə cəzası kəsilir. Onun nə cismən, nə də ruhən yaşamağa haqqı yoxdur. Hökm dərhal icra olunsun!
Tamaşaçıların gurultulu alqışları altında İki nəfər üzü qara öptüklü mühafizəçi yaxınlaşıb Zatikyanın qollarından tutaraq onu səhnənin arxasına tərəf apardı.
Elan olundu ki, birinci məhkəmə prosesi öz işini başa çatdırır, sabah saat 8-də proses davam etdiriləcək.
Baş Meydan boşalmağa başladı.
Gənc hakim çox yorğun olduğu üçün evinə tələsən Baş Hakimə proseslə bağlı sual vermək istədiyini söyləyəndə Baş Hakim ürəyində “Yaman yerdə axşamladıq” dedi, amma gənc kolleqasının ürəyini qırmadan ona “Buyur” söylədi.
Axirət dünyasının sərin mehi əsməyə başlamışdı, yarpaqlar asta-asta yırğalanmaqdaydı.
2-Cİ PROSES.
VARDAN ARAVELSİ
Bu da prosesin üçüncü günü və ikinci mühakimə. Baş Meydandakı stulları dolduran tamaşaçılar kulisdən gələn səslə (“Bu gün 13-cü əsr erməni tarixçisi Vardan Aravelsiyə Divan qurulur”) eyni vaxta təsadüf edən 17 fotodan ikincisinin üzünün açılması prosesini maraqla izlədilər. Təbii ki, 13-cü əsrdirsə elə belə də olmalıdır: başında qara fəs, əynində qara surtuk, ağappaq saqqallı orta yaşlı bir şəxs.
Müttəhimlər kürsüsü bu gün iki idi. Eynən şəkildəki görkəmdəki şəxsi mühafizəçilər gətirib Müttəhimlər kürsüsünün birində əyləşdirdilər, digərində isə kostyum-qalstuklu bir müasir şəxs keçib əyləşdi.
Baş Hakim hamının yerini tutmasını gözlədikdən sonra niqinə başladı:
-Hörmətli Divan üzvləri, hörmətli izləyicilər. Əslində, Divan dünən tarixi ardıcıllığa riayət etməklə məhz bu proseslə başlamalı idi. Amma “erməni terroru” anlayışının nə olduğunu qabartmaq Divan üçün daha önəmli olduğu üçün biz ilk prosesi terrorçu Zatikyana qarşı keçirdik. İndi də tarixi xronologiyaya riayət edərək əzələ qayıdırıq. Bu gün Müttəhimlər kürsüsündə erməni tarixçisi Vardan Aravelsi əyləşib. Əlbəttə, biz saxta erməni tarixi iddiasını məhz onunla başlayırıqsa, demək buna əsaslı arqumentlərimiz var. Bir baxın. Erməni mənbələri Vardan Aravelsiyə qədər neçə məşhur erməni tarixçisinin adlarını qeyd edir. Bunlardan 5-ci əsrdə yaşamış Movses Xorenatsini, Yeqişe və Lazar Perpetsini, 11-ci əsrdə yaşamış Aristakis Lastivertsini göstərmək olar. Amma bu tarixçilərin Qədim yunan, alban, bizanslı olması, bəzən hətta onların uydurma şəxsiyyətlər sayılması barədə də çoxlu təkzibedilməz faktlar olduğundan biz Vardan Aravelsi ilə başlamışıq. Düzdür, onun da alban əsilli olmasını, əsərlərində də erməni yox, məhz alban xalqından bəhs etməsini iddia edən mənbələr var, bununla belə, hər halda, Divan məhz Vardan Aravelsinin üzərində dayanır, belə ki, hazırda bütün dünyada cövlan edən erməni millətçiliyinin ideoloqu məhz bu şəxs hesab edilir. Necə ki, “Mayn Kamp” kitabı ilə nasist Almaniyası faşizm azarına tutulub, eləcə də “Ümumi tarix” kitabı ilə erməni millətçiliyi təşəkkül tapıb. Beləliklə, bu gün Böyük Vardana Divan qururuq. Axirət dünyasının qanunlarına görə 800 yaşı olduğu səbəbindən bu şəxslə mövcud dövr arasındakı nəhayətsiz zaman fərqi mövcuddur deyə və bu fərq anlaşmaqda və konsensus əldə etməkdə böyük problemlər yaradır deyə onun əvəzinə proses boyu sözçüsü danışacaq. Sözşüsü isə hazırkı Ermənistan Elmlər Akademiyası tarix institutunun rəhbəri Aram Melkonyandır. Mən yubatmadan sözü diktorlara təqdim edirəm ki, məhkumumuz barədə bilgiləri tamaşaçılarımıza təqdim etsinlər.
Baş Hakimin sözünə bənd imiş kimi bir kişi diktor bircə anda tribunaya keçib əlindəki qovluğun içində olan vərəqi oxumağa başladı:
-Vardan Aravelsi Böyük Vardan adı ilə tanınır, ən böyük erməni tarixçisi hesab olunur, 1198-ci ildə Kilikiyada, Berdzrabed əyalətində anadan olub. O, tarixçi olmaqla yanaşı, həm də çoğrafiyaşünas, filosof, tərcüməçi, pedaqoq, kilsə xadimi və ictimai xadim olub. Ermənistan tarixində iz qoymuş Qevorq Skevratsi, Ovanes Erznkatsi, Esai Nçetsi, Nerses Mşetsi kimi tarixçiləri yetişdirib. Erməni xalqının tarixinin qızıl fondunu təşkil edən “Ümumi tarix” kitabının müəllifidir.
Bu yerdə özünü təqdim edən, azərbaycanlı akademik Ziya Bünyadov olduğunu bildirən nurani görkəmli bir şəxs auditoriya mikrofonuna yaxınlaşıb Baş Hakimə sual etdi:
-Cənab Baş Hakim, bir baxın, müttəhimlər sırasında əyləşmiş 15 nəfərin, müttəhim kürsüsündəki bu tarixçini müşayiət edən şəxsin, eləcə də dünən cəzasını alan şəxsin, üstəlik buradakı erməni vəkillərin, müdafiəçilərin, şahidlərin - hamısının soyadı yan şəkilçisi ilədir. Bütün ermənilərin soyad sonluğu –yan-dır, bunu kim bilmir ki? Yalnız rus təsiri ilə 20-ci əsrdə ov soyadlrı da yayılıb, vəssalam. Amma siz adını çəkdiyiniz qədim tarixçilərin hamısının soyadı i şəkilçisi ilə bitir. Bilirsiniz, bu xalq aşkar gözə kül üfürməklə məşğuldur, bu i soyadlı tarixçilər hamısı milliyyətcə albanlardır. İndi də alban xalqı həmin bax bu cür soyadları daşımaqdadır. Necə ki, ermənilər alban məbədlərinə erməni məbədləri deyir, eləcə də alban tarixçilərini öz adlarına çıxırlar. Əsil rüsvayçılıqdır.
Publika azərbaycanlı akademiki alqışlara bürüdü. Erməni sırası isə sükuta büründü, heç kəs cınqırını çıxarmadı.
Kişi diktor Baş Hakimdən mətnin davamını oxuyub oxumayacağını soruşdu, Baş Hakim “Hər halda oxu” söyləyəndə oxunuşu davam etdirdi:
-Vardan Aravelsi ilkin təhsilini vətəni Kilikiyada alıb, Nor Qetik monastırında onun müəllimi Mxitar Qoş olub. Sonra Ermənistana köçüb, Xoranaşat monastırında təhsilini davam etdirib, qrammatikanı, İlahiyyatı, kitab işini öyrənib. Vardan gənc yaşlarından erməni dili ilə yanaşı Suriya ərəbi, fars, ivrit və latın dillərini də mənimsəyib. Vardapet fəxri elm dərəcəsini aldıqdan sonra o, 1235-ci ildən etibarən səylə elmi-tədqiqat fəaliyyətinə başlayıb, paralel olaraq Keyenaberddə Müqəddəs Andrey monastır-məktəbini yaradıb. 1239-cu ildə Qüdsə səfər edib, geri dönəndə Çar Xetumun dəvəti ilə Kilikiyaya gedib. Vardan həmin illərdə ictimai-siyasi fəaliyyətə qoşulub, Kilikiyada müstəmləkəçi siyasət aparan Bizans və Vatikan əleyhinə mübarizəyə qoşulub.
Ekspertlər masasında əyləşmiş Baş ekspert bu yerdə aydınlıq gətirdi ki, “Bunlar hamısı təxminlərdir, erməni qaynaqlarının əsasında yazılmış xronologiyadır, bayaqkı azərbaycanlı akademikin irəli sürdüyü ehtimal çox ağlabatandır, mən özüm də həmin versiyaya inanıram, odur ki, publika mətni, tutalım, “Vardan Kilikiyada müstəmləkəçi siyasət aparan Bizans və Vatikan əleyhinə mübarizəyə qoşulub” kimi eşitsələr də, “Erməni mənbələrində Vardanın Kilikiyada müstəmləkəçi siyasət aparan Bizans və Vatikan əleyhinə mübarizəyə qoşulması bildirilir” kimi qəbul etsinlər”.
Sonra diktor mətni dvam etdirildi:
-1252-ci ildə Ermənistana qayıdan Vardan müəllimlik fəaliyyətini davam etdirib, 1255-ci ildə Xor Virapda məktəb yaradıb ki, həmin məktəbdə də antik fəlsəfə, məntiq, qrammatika tədris olunub. Həyatının bu dönəmində dəyərli əsərlər yazması ilə yanaşı, onun siyasi fəaliyyəti də diqqət çəkib. 1264-cü ildə Vardan Təbrizə yollanıb, monqol-tatar hökmdarı Hülaki ilə danışıqlar aparıb və Ermənistanda böyük səlahiyyətlər yiyəsi olub, üstəlik, Ermənistanda əhalidən vergiləri yığmaq hüququnu da əldə edib.
1271-ci ildə Vardan Aravelsi Xor Virap əyalətində dünyadan köçüb.
Diktor çıxışını bitirəndə Baş Hakim üzünü Vardan Aravelsinin mumiyaya bənzər tərpənməz vücudunun yanında əyləşmiş və ləzzətlə qəhvə qurtumladan Aram Melkonyana verdi:
-Cənab Melkonyan, erməni xalqı üşün Vardan Aravelsi kimdir?
Aram Melkonyan cəld ayağa sıçradı:
-Ooo, bu cür dahi şəxsiyyət barədə oturub danışmaq böyük qəbahət sayılar. Vardan Aravelsi erməni xalqının atası, ruhu, canıdır.
Bunu deyib özü özünə əl çaldı və əlavə etdi:
-Dünyaşöhrətli erməni bəstəkarı, adaşım Aram Xaçaturyanın bilirsiniz, ən böyük qəbahəti nə olub? O olub ki, o, Böyük Vardan barədə gözəl bir simfonik əsər yazmayıb. İstəyib, cəhd edib, bəlkə də başlayıb, amma tamamlamayıb. Hər halda, indi bizim əlimizdə bu əsər yoxdur. Amma mən fəxrlə onu da deyim ki, erməni tarixçiləri pleyadasında onun adını tək çəkmək də günahdır, bizim çox böyük tarixçilərimiz var, onlarla fəxr edirik, qürur duyuruq. Erməni tarixinin babası isə Movses Xorenatsidir. Möhtərəm cənab Baş Hakim bayaq bir yanlışlıq etdi, dedi Movses və digər qədim erməni tarixçilərinin başqa xalqlara aid olmaları ehtimalı da mövcuddur. Bəli, yanlışlıqdır. Paxıllıq və qibtədən irəli gələrək digər xalqlar onları öz adlarına çıxarmaq istəyirlər. Erməni xalqı böyükdür, siz Allah, çıxarın adınıza. Onlar tək bizim yox, bütün bəşəriyyətin başındadırlar. Elə tək bu faktın özü bizim xalqın böyüklüyündən xəbər vermirmi?
Baş Hakim ironiya ilə Melkonyana səsləndi:
-Əminəm ki, siz yumor hissinizi nümayiş etdirirsiniz.
Melkonyanın növbəti sicilləməsini isə “reqlament” söyləyərək kəsdi, prosesin bu saatında söz ekspertlərə verilməli idi, verildi də.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(07.09.2023)