II Bilik Kitab Sərgisi keçiriləcək

Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatları

Assosiasiyasının (ANAİB) birgə təşkilatçılığı ilə 8-10 sentyabr tarixlərində Nizami

rayonu Bəhruz Nuriyev küçəsində - Heydər bağı – Park Bulvarda II Bilik Kitab

Sərgisi keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı ANAİB-ə istinadən  xəbər verir ki, 20-dən çox nəşriyyat və mağazanın iştirak edəcəyi sərgidə məktəbli ləvazimatları, kitablar, dəftərlər, qeyd dəftərçələri, test topluları, çantalar, həmçinin bədii əsərlərin endirimli satışı olacaq.

Bununla yanaşı sərgi çərçivəsində tanınmış yazıçıların imza mərasimləri, şou-proqramlar, şeir və canlı musiqi saatları da baş tutacaq.

Sərginin ilk günü “Kitabqurdu” I Yay Oxu Marafonu çərçivəsində ikinci “Buknik” baş tutacaq. Marafonda iştirak edən kitabların müəllifləri – Amin Sükut, Aynur Cavid, Cəmilə Məmmədli, Əziz Sultan, Əziz Yaqubzadə, Reyhan Yusifqızı, Rövşən Abdullaoğlu müvafiq olaraq “Tuflinlər”, “Səyyah Bilgə”, “Əjdahaların sirri – Adəmin macəraları”, “Məktubunuz var”, “Yaşıl gözlü qız”, “Mən yeməli deyiləm” kitablarını imzalayacaq, oxucularla söhbət aparacaqlar.

Tədbirdə uşaqlar üçün endirimli master-klaslar, face-art kimi müxtəlif fürsətlər də təklif olunacaq.

Üç gün davam edəcək sərgi saat 10:00-dan 20:00-dək davam edəcək. Giriş sərbəst olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.