“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
12-Cİ DƏRC
3-cü kişi diktor davam etdirdi mövzunu:
-15 iyul, 1983-cü il. Paris, Fransa. "Orli" hava limanında türk hava yollarının kassasının qarşısında baş vermiş dəhşətli partlayış nəticəsində 8 nəfər həlak olub, 60 nəfər yaralanıb. Həlak olanlar arasında Fransa, ABŞ, İsveç və Türkiyə vətəndaşları yer alıb. Partlayışdan dərhal sonra fransız polisi ASALA ilə əlaqəli olan 51 nəfəri həbs edib, onlardan 11 nəfəri dindirilmək üçün prokurorluğa gətirilib və 6 nəfərə terror aktının təşkili ilə əlagədar ittiham irəli sürülüb. Həbs olunan 6 nəfərin arasında terror aktının əsas təşkilatçısı və terrorçu dəstənin başçısı Suriya ermənisi olan Varujan Karapetyan da yer alırdı. Karapetyan oz günahını boynuna alaraq istintaqa verdiyi ifadələrdə bildirib ki, içində bomba olan çemodan hava limanında Türk hava yollarının kassasının qarşısında yox, təyyarə göydə olarkən partlamalı imiş. Lakin terrorçuların planı baş tutmayıb və bomba vaxtından əvvəl partlayıb.
15 iyul, 1983-cü il. London, Böyük Britaniya. "Orli"də partlamış bombanın analoqu olan partlayıcı qurğu aşkar olunaraq zərərsizləşdirilib.
22 iyul, 1983-cü il. Tehran, İran. Fransanın Tehrandakı səfirliyində və "Eyr Frans"ın ofisində partlayışlar baş verib. Partlayışlara görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürüb.
29 iyul, 1983-cü il. Tehran, İran. Erməni terrorçuları Fransa səfirliyini raketlər ilə atəşə tutacaqları ilə təhdid ediblər, onların tələbi Fransada həbsdə olan 21 nəfər erməni terrorçusunun azadlığa buraxılması olub. 10 avqustda içərisində partlayıcı maddə qoyulmuş maşın Fransa səfirliyinin qarşısında partladılıb. 17 avqustda "Eyr Fransın" Tehrandakı nümayəndəsi öz maşınında avtomatik silahla atəşə tutulub.
25 avqust, 1983-cü il. Bonn, Almaniya. Fransa səfirliyində baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub, 23 nəfər isə yaralanıb.
9 sentyabr, 1983-cü il. Tehran, İran. Fransa səfirliyinə məxsus iki avtomobil partladılıb. Partlayışlar nəticəsinddə səfirliyin iki əməkdaşı yaralanıb.
1 oktyabr, 1983-cü il. Marsel, Fransa. Beynəlxalq ticarət yarmarkasında baş vermiş partlayış nəticəsində, SSRİ, ABŞ və Əlcazairə məxsus pavilyonlara ziyan dəyib, bir nəfər həlak olub, 26 nəfər yaralanıb. Partlayışlara görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürüb.
4-cü kişi diktor:
-6 oktyabr, 1983-cü il. Tehran, İran. Fransa səfirliyinin avtomobili partladılıb, iki nəfər fransız diplomatı yaralanıb. Partlayışlara görə məsuliyyəti "Orli təşkilatı" öz üzərinə götürüb.
29 oktyabr, 1983-cü il. Beyrut, Livan. Fransa səfirliyinin qarşısında dayanmış avtomobildən çıxan bir nəfər səfirliyin pilləkanlarına əl qumbarası atıb, terrorçu hadisə yerindəcə yaxalanıb.
28 mart, 1984-cü il. Tehran, İran. Tehranda çalışan bir sıra türk diplomatlarına hucumlar təşkil olunub. Həsən Servet Ötgemə - Türkiyə səfirinin katibinə evindən çıxarkən terrorçular hücum ediblər, diplomatı yaralayıblar. İki erməni terrorçusu baş çavuş İsmayıl Pamukçuya atəş açaraq onu ağır yaralayıb. Səfirliyin inzibati məsələlər üzrə ataşesi polisə onun evinin qarşısında duran iki nəfər şübhəli şəxs barədə məlumat verib. Polis erməni terrorçularını həbs edib. Sonradan polis daha üç erməni terrorçusunu Türkiyə səfirliyinin qarşısında həbs edib. Suren Qriqoryan adlı erməni terrorçusu türk diplomatının maşınına quraşdırmaq istədiyi partlayıcı qurğunun vaxtından əvvəl işə düşməsi nəticəsində həlak olub.
28 aprel, 1984-cü il. Tehran, İran. Türkiyə səfirliyinin əməkdaşı Sədiyyə Önder həyat yoldaşı İşık Öndər tərəfindən idarə olunan avtomobillə işə gedərkən avtomobil motosiklla hərəkət edən iki erməni terrorçu tərəfindən atəşə tutulub. Bu zaman İşık Öndər həlak olub.
13 avqust, 1984-cü il. Lion, Fransa. Lion dəmir yolu vağzalında partlayış baş verib.
10 sentyabr, 1984-cü il. Tehran, İran. İranda çalışan bir neçə türk şirkəti ASALA-dan hədələyici məktublar alıb, türk tikinti şirkətlərindən birinin ofisinə qumbara atılıb, bir nəfər türk vətəndaşı yaralanıb.
1-ci qadın diktor:
-25 dekabr, 1984-cü il. Beyrut, Livan. Fransaya məxsus iki bina partladılıb.
3 yanvar, 1985-ci il. Beyrut, Livan. "Frans Press" informasiya agentliyinin ofisində partlayış baş verib, partlayış nəticəsində binaya ciddi maddi ziyan dəyib.
3 yanvar, 1985-ci il. Beyrut, Livan. Hərbi minaaxtaranlar dəstəsi "Fransız-Livan" bankının girişində 6 funt partlayıcı maddə ilə təchiz olunmuş partladıcı qurğu aşkarlayaraq zərərsizləşdirib.
17 mart,1986-cı il. Lion, Fransa. Liondan Parisə gedən qatarda partlayış baş verib.
20 oktyabr, 1987-ci il. Beyrut, Livan. Fransanın Livandakı səfirliyinə hücum təşkil olunub.
11 dekabr, 1991-ci il. Budapeşt, Macarıstan. Türkiyənin Macarıstandakı səfirinə hücum edilib.
1-ci qadın diktor kağızın arxa üzünə baxıb gülümsəyərək söylədi:
-Bitdi, ürəyi çox yuxa olan xanım həmkarım növbəti dəfə əziyyətə qatlaşmaqdan xilas oldu.
Onun zarafatı tamaşaçılar arasında bir canlanma yaratdı. Amma digər diktor qadın əlindəki kağızı göstərib söylədi:
-Əgər biz erməni terrorundan danışırıqsa, çətin bitər o. Mənə 1991-2001-ci illər dönəminə aid terrorlardan bir neçəsinin qeyd edildiyi əlavə kağız verdilər indicə, dedilər, bunların oxunuşu çox vacibdir, mən də onu səhhətimə pis təsir etsə belə oxuyacağam.
Qadın diktor oxumağa başladı:
-26 fevral 1992-ci il –Xocalı, Dağlıq Qarabağ, Azərbaycan. Baş verən bu terror miqyasına görə adi terror səddini aşıb soyqırımı səddinə adladığı üçün Divan bu terrora və onun rəhbərlərindən birinə ayrıca bir proses həsr edib, odur ki, onun barəsində indi heç nə söyləmirik.
3 fevral 1993-cü il - Riqa, Latviya. Erməni terrorçuları "Latviyas Layks" qəzetinin redaktoru, tanınmış jurnalist Tatyana Çaladzeyə sui-qəsd ediblər. T.Çaladze 90-cı illərin əvvəllərində Rusiyada Latviya Xalq Cəbhəsi qəzetinin və “Azad Avropa” radiosunun xüsusi müxbiri işləmiş və erməni terror təşkilatlarının cinayətlərini ilk olaraq işıqlandıran jurnalistlərdən biri olmuşdur.
28 fevral 1993-cü il - Qudermes, Rusiya. Erməni terrorçuları Qudermes stansiyası yaxınlığında Kislovodsk-Bakı sərnişin qatarını partladıblar, nəticədə 11 nəfər həlak olub, 18 nəfər yaralanıb.
11 dekabr 1993-cü il - Bağdad, İraq. Terrorçu erməni silahlıları Türkiyə səfirliyinin attaşesi Çağdar Yücelini qətlə yetiriblər.
4 iyun 1994-cü il - Afina, Yunanıstan. Erməni terrorçuları tərəfindən Türkiyə səfirliyinin diplomatı Xaliq Sipahoğlu qətlə yetirilib.
11 may 2001-ci il - İsrail, Təl-Əvivdən onlarca kilometr şimalda İsrail hava hücumundan müdafiə qüvvələri Livanın “Sessna” təyyarəsini vurub salmışdır. Təyyarəni milliyyətcə erməni olan Stefan Ohanes Nikolyan adlı bir nəfər idarə edirdi. Terrorçu kamikadze Nikolyan İsrailin yaşayış məntəqələrindən birini məhv etməyə cəhd göstərsə də, məqsədi baş tutmamışdır.
Uzun, qapqara faktlarla zəngin bir siyahının oxunuşu hamını yormuşdu, camaata azacıq dincəlmək imkanı vermək lazım idi, amma diktor oxuyub qurtaran kimi bunun fərqində olmadan yaşlı hakim publikaya bir məlumat çatdırdı:
- 2001-ci ilin dekabrında Amerikanın Los-Anceles şəhərində erməni cinayətkar mafiyanın üzvləri Aşot Manukyan, Poqos Ketçejiyan, Ovanes İqarayan, Xovsep Keşişyan uzun müddətə azadlıqdan məhrum edilmə cəzasına məruz qalıblar. Bir müddətdən sonra həmin cinayətkar dəstənin başqa bir üzvü Suzanna Onosyan da yaxalanıb və 45 il azadlıqdan məhrum edilib. 45 il iş alan terrorçu qadın olub. Hətta zərif cinsin nümayəndəsinin də bu yola düşməsi çox təəssüfedicidir.
Baş Hakim də bir məlumat çatdırmağı özünə borc bildiyini söylədi:
-Biz erməni terrorunun uzun bir siyahısı ilə tanış olduq. Təkcə son 30 ildə müxtəlif erməni terror qrupları 200 terror aktı törətmiş, 70 siyasi qətlə rəvac vermişlər. Onlar 1500 günahsız insana müxtəlif bədən xəsarəti yetirmişlər. Üstəlik, Xocalı qətliamı. İnsanlığa yönəli, insanların fiziki məhvinə yönəli bu çirkin əməllər günü bu gün elə bilirsiniz davam etmir? Edir, ən müxtəlif formalarda. Nə deyərsiniz, 2020-ci ilin iyulunda Azərbaycana göstərdiyi isti münasibətlərə görə İsrail dövlətindən qisas almaq məqsədi ilə erməni millətçiləri Yerevanın mərkəzindəki Xolokost qurbanı olan yəhudilərə ucaldılan abidəni murdarlasınlar, üzərinə qara boya ilə faşist xaçı çəkərək “yəhudilərə ölüm” yazsınlar?. Bu ölkədə qarışıq kəbindən 213 yəhudi yaşayır, kim zəmanət verər ki, erməni façistləri həmin insanlardan şəxsi qisas almayacaqlar? Hara aparır bu yol bu xalqı?
Baş Hakim əsəbini cilovlayıb su içdi, saatına baxdı. Yalnız bu zaman ön sırada əyləşənlərin yorğun baxışlarına diqqət edib anladı ki, insanlara qısa su fasiləsi vermək yerinə düşər. Dərhal qısa fasilə elan etdi. Özü isə bu müddətdə gənc hakimin “Bəs proses zamanı əsas nədir, cinayətkarın şəxsiyyəti, yoxsa cinayətin predmeti” sualını cavablandırası oldu, söylədi ki, “Hər şey məhz kimin və məhz hansı cinayəti törətməsindən gedir. Eyni cinayətin cəzası müxtəlif insanlar üçün eyni olmur”.
Gənc hakimin məqam düşən kimi özündən yaşca böyük, təcrübəli hakimləri sual atəşinə tutmasına artıq hakimlər alışıblar.
Bu zaman zəng sədaları eşidildi. Səsgücləndiricilərdən gələn amiranə səs elan etdi ki, qısa fasilə bitib, Müttəhim kürsüsündə əyləşən terrorçu Stepan Zatikyanın tərcümeyi halı səsləndiriləcək.
Fondan diktor səsi eşidildi:
-Zatikyan Stepan Seqbosoviç. 1946-cı ildə Ermənistanda anadan olub. Orta məktəbi qızıl medalla bitirib. Ali təhsillidir. Yerevan Politexnik İnstitutunu bitirib. İnstitutda təhsil alarkən 1966-cı ildə rəssam Aykazun Xaçatryan və tələbə Şaqen Aretyunyanla birgə gizli milli təşkilat yaradıb. Təşkilat Ermənistanın Milli Birləşmiş Partiyası adlanıb. Təşkilatın əsas məramı SSRİ-dən kənarda müstəqil Ermənistan yaratmaq, Türkiyə Ermənistanına aid torpaqları geri almaq olub. Qrup hətta gizli mətbəəyə, “Paros” adlı qəzetə də malik imiş. 1968-ci ildə “antisovet təbliğata görə” o və digər iki təşkilatçı həbs ediliblər.
Ekspertlərin müəyyən dəqiqləşməsindən sonra mətn oxunuşu davam etdirildi:
-4 illik məhkumluq həyatı yaşayan Zatikyan həbs illərini Rusiyanın Vladimir vilayətindəki Dubravlaq həbsxanasında keçirmişdir. Həbsdən sonra Yerevan elektromexanika zavodunda transformator yığıcısı vəzifəsində çalışmış, bununla belə, öz millətçilik fəaliyyətindən də qalmamışdır. Zatikyan hər yerdə müstəqillikdən, sovet despotundan, türklərlə düşmənçilikdən dəm vurur, insanların beyinlərini zəhərləyirdi. O, Daşnaksütun partiyasının yerində yaradılmış Erməni Gizli Azadlıq Ordusu (ASALA)-nın sıra üzvlüyünü qəbul etmişdi. Zatikyan hətta həmin dövrdə SSRİ-də əsla rast gəlinməyən bir addım da atmışdı, o, 1975-ci ildə pasportunu DİN orqanlarına təhvil verərək SSRİ vətəndaşlığından imtina etdiyini bildirmişdi. Zatikyan 1977-ci il yanvarın 8-də Moskva şəhərində həyata keçirilmiş qanlı terror aktının bir ASALA-çı kimi təşkilatçısıdır. Bu cinayətə görə ona SSRİ Ali Məhkəməsi güllələnmə hokmü vermişdir. Hökm icra olunanda Zatikyanın cəmi 33 yaşı vardı. Çox təəssüf ki, həmin dövrlərdə SSRİ-də mövcud olan dissident hərəkatının ermənipərəst lideri akademik Saxarov himayə etdiyi millətin nümayəndəsinə söz gəlməsin deyə Zatikyanın terror aktında iştirak etmədiyini canu-dildən sübut etmək üçün hərəkətə keçmişdi. Sonrakı illərdə erməni tarixçiləri isə bütün mənbələrdən bu terror xəbərini yığışdırmaq cəhdinə bulunaraq tarixi saxtalaşdırmağa cəhd etmişdilər.
Baş Hakim söz götürdü...
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(05.09.2023)