Görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyini ölkəmizin ictimaiyyəti böyük minnətdarlıq hissi ilə qeyd etdi. Yubiley tədbirlərinin mərkəzində Bakı Dövlət Universitetinin olması isə təsadüf deyildi. Mir Cəlal müəllim 1961-ci ildən ömrünün sonuna – 1978-ci ilə qədər universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik etmiş, ölkəmizdə yeni ədəbiyyatşünaslar nəslinin yetişməsində müstəsna xidmətlər göstərmişdir.
Bakı Dövlət Universitetinin təşkil etdiyi silsilə tədbirlərə tələbələr arasında hekayə müsabiqəsinin keçirilməsi də daxil idi. Müsabiqə qalibləri Fidan Barçının (birinci yer), Nuridə İsmayılovanın (ikinci yer), Nurlanə Şirinovanın (üçüncü yer), eləcə də BDU-nun xüsusi mükafatını almış Aytac Salahlının hekayələrini təqdim edirik.
Bu gün “Ədəbiyyat və incəsənət” sizlərə xüsusi mükafatçı Aytac Salahlının hekayəsini təqdim edəcək.
Aytac SALAHLI
UNUDULMAZ XATİRƏ
Vəliyevlər ailəsi Birinci Qarabağ müharibəsi zamanı qaçqın düşəndən sonra Bakıdakı şəhərciklərin birində yaşamağa məcbur olmuşdu. Əslən Füzulidən olan Vəliyevlər kasıb ailə idi. Ana qızını və oğlunu məktəblərin birində xadiməlik edərək saxlayırdı. Maaşı az olduğu üçün Ayşə ev xərclərini, uşaqların geyimini tam ödəyə bilmirdi. Lakin özünü daim şən və gümrah aparmağa çalışırdı ki, maddi cəhətdən əziyyət çəkən uşaqları mənəvi cəhətdən də əziyyət çəkməsin.
Evin ən böyük uşağı Zaurun 15, bacısı Lalənin isə 6 yaşı vardı. Zaur dərslərini yaxşı oxuduğu üçün müəllimlərinin sevimli və ağıllı şagirdlərindən biri idi. Atası Mehdi şəhid olandan sonra onun yoxluğunu qismən də olsa, hiss etməmək üçün yazdığı məktubu oxuyar, hərdən də atasının paltarlarını qoxlayardı.
“Ayşəm, əgər şəhid olsam, bil ki, arzuma çatmışam. Uşaqları sənə, səni də Allaha tapşırıram. Lalə, ananı incitmə, həmişə ağıllı qızım olaraq qal. Zaur, oğlum, mən olmasam, evin böyüyü sənsən. Ailənin qeydinə qal. İstəyirəm ki, gələcəkdə savadlı və mərhəmətli həkim olasan”.
Elə vaxt olurdu ki, yeməyə bir tikə çörək də tapa bilmirdilər. Ona görə də Zaur anasına kömək üçün dərsdən sonra kağız dəsmal satırdı. Əslən qaxlı olan Güllü xala nə vaxt görsə, Zauru şirin dillə dindirər və mütləq bir dənə də olsa, dəsmal alardı. Zaur və ailəsi Güllü xalanı çox sevərdi.
Yayın isti günlərindən biri idi. Evdə olan son tikə çörəyi bacısına verən Zaur səhərdən heç nə yeməmişdi. Həm istidən, həm də aclıqdan başı fırlanırdı. Dəsmalları da sata bilməmişdi. Maşınların sürətlə şütüdüyü yolun kənarında birdən müvazinətini itirdi. Zaurun xatırladığı tək şey yerə yıxılmaq istəyəndə qolundan kiminsə onu tutduğunu hiss etməsi oldu.
Güllü xala Zaurun huşunun yerinə gəldiyini görəndə sevindi. Tez bir stəkan su verib, mətbəxə yemək hazırlamağa getdi. Zaur utandığından yeməyə əl vurmaq istəmədi:
– Güllü xala, sağ ol, mən ac deyi...
– Sus görüm. Necə yəni ac deyiləm? Keç otur, yeməyini ye. Yeməsən, bir də mənə Güllü xala demə.
Güllü xala Zauru doyuzdurduqdan sonra iki dəsmal alıb onu yola saldı.
...Zaur Vəliyev telefonda Füzulinin azad olunmasından sonra orada gedən yenidənqurma işlərinin planına baxırdı. Qəfil qapı döyüldü. Tibb bacısı təcili xəstənin olduğunu Zaur həkimə xəbər verdi. O, xəstənin yanına çatanda bir anlıq duruxub qaldı. Sonra fikirlərini dəqiqləşdirmək üçün tibb bacısı, həm də həyat yoldaşı Nərgizdən xəstə haqda məlumat aldı:
– Namazlı Gülüstan. 67 yaşındadır. Ağciyər xərçəngindən əziyyət çəkir.
– Əslən haralıdır bəs?
– Niyə soruşursan?
– Sən de, sonra deyərəm.
– Qaxlıdır. Yaxınları ilə əlaqə saxlamaq mümkün olmadı. Qadın təcili əməliyyat olunmalıdır. Yoxsa ölə bilər. Ancaq bir problem var. Əməliyyatın pulunu bilmirik kim ödəyəcək.
Sevincli-kədərli hisslər keçirən Zaur dedi:
– Əməliyyat otağını hazırlayın. O pul çoxdan ödənib.
– Anlamadım, nə vaxt ödənib, Zaur?
– Mənim 15 yaşım olanda. O, həyatımı xilas edərək ödəyib.
– Bəlkə, ətraflı danışasan. Heç nə başa düşmədim.
– Əməliyyatdan çıxandan sonra danışaram.
“Ədəbiyyat və incəsənət”
(01.09.2023)