Nobelçilər: Qabriela MİSTRAL Featured

“Ədəbiyyat və incəsənət” portalı İlham Abbasovun “Ədəbiyyat üzrə Nobel mükafatı laureatları” silsiləsindən Qabriela Mistrala həsr etdiyi yazısını təqdim edir.

 

 

LATIN AMERİKASI ƏDƏBİYYATININ“ŞAHZADƏ XANIMI”

 

         Birinci sinfə gedərkən – böyüyəndə kim olmaq istərdin? – sualına tərəddüd etmədən – kraliça olacağam! – cavabını vermişdi. Bu cəsarətli sözləri monarxist ənənələri olan ölkədə cəmiyyətin yüksək elitar təbəqəsinə mənsub bir ailənin uşağı söyləsəydi, bəlkə də, o qədər təəccüb doğurmazdı. Ancaq bu, tarixi boyu kraliça görməmiş Çilinin ucqar dağ kəndində, ən aşağı zümrədən olan ailədə dünyaya gəlmiş Lusilanın arzusu idi. Taleyi ona zəngin sərvət, əsilzadəlik mənsəbi, hökmdar ədası verməsə də, zəngin istedad, kübarlıq xarakteri, insanilik mənəviyyatı bəxş etmişdi. Və bu ona arzusuna yetmək üçün kifayət etdi. Poeziya sənətnin, müəllimlik peşəsininkraliçası oldu. Boyük hərflərlə yazılan ŞAİR və PEDAQOQ adlarını ömrü boyu şərəflə, qürurla daşıdı.

          Nobel mükafatına namizədliyi təsdiqlənəndə İsveç Akademiyasının üzvü Yalmar Qulberq Çili şairəsini təqdim edərkən demişdi: “Zəngin Latın Amerikası ədəbiyyatının uğurlarını qeyd etməklə biz onun qüssə və analıq mehrinin böyük nəğməkarı olan şahzadə xanımını qürurla salamlayırıq.” XX əsrin ortalarından üzü bəri müasir dünya ədəbiyyatının inkişafında çox əhəmiyyətli rol oynayan, ədəbi prosesdə iz qoymuş neçə-neçə görkəmli ədibin (o cümlədən Nobel mükafatçısının) yaradıcılıq uğurlarına meydan verən bu ədəbi mühitdən ən nüfuzlu ədəbi mükafatı birinci olaraq qazanan məhz bu şairə xanım olmuşdu. 1945-ci ildə Nobel Mükafatları Komitəsinin qərarına əsasən, ədəbiyyat üzrə qırxıncı mükafata “bütün Latın Amerikası idealist bədii təsəvvürlərinin simvoluna çevrilmiş yüksək hisslər ifadə edən poeziyasına görə” görkəmli Çili şairi, maarif xadimi, diplomat Qabriela Mistral layiq görüldü.

          Şairə cavab nitqində özünü bütün Latın Amerikası mədəniyyətinin təmsilçisi saydığını vurğulayaraq bu mükafatın Latın Amerikası ədəbiyyatının nümayəndəsinə verilməsini İsveçin mənəvi ucalığı olduğunu bildirdi. (Həqiqətən də, şairin əsərlərinin çoxu vətənindən əvvəl xaricdə – qonşu Latın Amerikası ölkələrində çap olunmuşdu. Bu mənada şairə öz vətəninə qəlbən, ruhən nə qədər bağlı olsa da, real olaraq bütün Latın Amerikasının sənətkarı idi.) Çıxışında onu da əlavə etdi ki, mükafata layiq görülməsinin səbəbini şeirlərində qadın və uşaqların mənəvi dünyasının ifadə olunmasında görür. Əsərlərini ispan dilində yazan Qabriela Mistral 1889-cu il aprelin 7-də And dağlarındakı sivilizasiyadan uzaq Monte Qrande  kəndində ibtidai sinif müəlliminin ailəsində dünyaya göz açmışdı. Sənədlərdə yazılan adı Lusila de Maria del Perpetio Sekorro Qodoy Alkayaqa idi. Anası ispan, atası isə hindu əsilli olan qızın bu bioqrafiya faktı onun həm xarakterində, həm taleyində, həm də əsərlərinin dil və ifadə tərzində müəyyən izlər qoymuşdu. İlk əsərləri dərc olunmağa başlayanda gənc şairə özünə təxəllüs yaratmaq üçün çox sevdiyi iki görkəmli sənətkarın imzalarından istifadə etmişdi: Adını İtaliya şairi Qabriela Danmuntsonun adından, soyadını isə 1904-cü ilin Nobel mükafatçısı, böyük Fransa (Provans) şairi Frederik Mistralın soyadından götürmüşdü.

          Lusilanın anabir bacısı Elvina qonşu kənddə müəllim işləyirdi. Hər şeydə böyük bacısını təqlid etməyə çalışan Lusila da müəllim olmaq həvəsinə düşür. Xüsusi pedaqoji kursu bitirərək 18 yaşından kənd məktəbində müəllim köməkçisi işləməyə başlayır. Ciddi pedaqoji təhsili olmasa da, fitri istedadı sayəsində müəllimlik işinə qəlbən bağlanır və özünü bu peşədə tapmış olur. Elə həmin il ilk şeirləri mətbuatda dərc olunur. Bundan bir neçə ay əvvəl isə gənc şairənin həyatında onun bütün ömrünə və yaradıcılığına qara kölgə salan faciəvi hadisə baş vermiş, nişanlısı intihar edərək dünyadan köçmüşdü. Çap olunan ilk şeirlərinin “Ölüm sonetləri” adlanması və onların hüznlü məzmunu da bununla bağlı idi. Peşəkar ədəbiyyatda bu sayaq debüt etməsi şairənin bütün sonrakı yaradıcılığına matəm havası hopdurmuş olur. Amma beləliklə də olsa, Q.Mistralın imzası peşəkar müəlliflər siyahısına düşür. 1914-cü ildə Santyaqoda keçirilən poeziya festivalında birinci yeri tutan Lusila ilk sənət uğurunu qazanmış olur.

          Bədii yaradıcılıqdan əvvəl isə gənc xanıma həyat fəaliyyətinin ikinci sahəsində – pedaqoqikada ciddi uğurlar nəsib olur. Müəllim, müfəttiş, lisey direktoru kimi pillələri uğurla keçərək vətənində dəyərli maarif xadimi kimi şan-şöhrət qazanır.

          Lusilanın bu illərdə yaşadığı ikinci eşq macərası da uğursuz alınır. Ona aşiq olmuş və bir-birinə sevgi şeirləri yazdıqları gənc şair Manuel Mourey Lusiladan üz döndərərək özündən xeyli yaşlı, varlı bir qadınla evlənir. Bu xəyanətdən dərin sarsıntı keçirən Q.Mistral Santyaqonu tərk edərək ölkənin cənubundakı Panta-Arenas şəhərinə köçür və bundan sonra yazdığı şeirlər onun ağrılı qəlb yaşantılarını əks etdirməyə başlayır. Bir il sonra onu Temruko şəhərindəki qadın liseyinə direktor vəzifəsinə dəvət edirlər. Q.Mistral burada müəllim işləyən başqa bir gənc istedadla -- gələcəyin böyük şairi, 1971-ci ilin Nobel mükafatçısı Pablo Neruda ilə tanış olub dostlaşır və ona peşəkar ədəbiyyatda ilk addımlarını atmaqda kömək edir. Həm şair, həm də bir insan (qadın) olaraq xarakterinin və həyat mövqeyinin formalaşdığı bu illərdə Q.Mistralın psixoloji portreti və mənəvi siması bitkin şəkildə müşahidə olunmağa başlayır.

          Sağlığında cəmi beş kitabı nəşr olunmuş şairin ədəbi irsi həcmcə kiçik olsa da, bədii dəyərinə görə dövrünün dünya poeziyasında ən dəyərli hadisələrdən biri kimi qəbul olunur. Onun şeirləri sadə və səmimi, süni pafosdan və qondarma bəlağətdən uzaq, fəqət dilin və düşüncənin təbii obrazlılığı ilə zəngin bir üslubda yazılmışdır. Bu poeziyanın orijinallığı və bənzərsizliyi də məhz bundadır. Q.Mistral həyatda olduğu kimi, sənətdə də şöhrətpərəstlikdən uzaq, təvazökar bir insan idi.

          Q.Mistralın həyat və yaradıcılığı onun haqqında vətənində və digər ispandilli ölkələrdə yazılmış onlarca kitabda, yüzlərlə məqalədə dərindən təhlil olunmuş, poeziyasının və nəsr əsərlərinin ən parlaq, onun XX əsr dünya ədəbiyyatının ən dəyərli nümayəndələri sırasında yer tutmasını təmin edən cəhətləri yüksək  qiymətləndirilmişdir. Böyük soydaşı, dünya şöhrətli Çili şairi Pablo Neruda onun haqqında yazmışdır: “Maraqlıdır ki, Q.Mistralın hənişə qəm-qüssə ifadə edən ölməz poeziyası ümumi şəkildə həmişə ölümü yox, həyatı vəsf edirdi.”

          Təbii ki, Q.Mistral həyat mövqeyinə, dünya duyumuna, düşüncə tərzinə özünüifadə manerasına görə ilk növbədə şair idi, ancaq onun yaradıcılığında kifayət qədər peşəkar səviyyədə yaradılmış nəsr əsərləri də önəmli yer tutur. Onun şeir yaradıcılığı üçün səciyyəvi olan incə poetiklik və bədii ifadə zənginliyi nəsr əsərlərində də geniş müşahidə olunmaqdadır. O, nəsr əsərlərini hansısa bitkin janrlar formasında yox, həyatının müxtəlif məqamlarına aid mövzularda özü ilə daxili söhbət, yaxud monoloq şəkilli qısa, bir neçə səhifəlik qeydlər şəklində yazırdı.  Müəllif özü bu əsərləri “nəsr” yox, “motivlər” adlandırırdı. Məsələn, hind şairi R.Taqor bu tip yazılarını “mənsur şeirlər” adlandırırdı. Bu yazılarda o, süjet və personajları dərin duyğularla ifadə edərək poeziyasında olan təbiilik və səmimiyyəti hekayəçi yaradıcılığında da qoruyub saxlaya bilir.

          Yazıçı özü etiraf edirdi ki, bu nəsr mətnləri onun vətən və dünya haqqında, insan mənəviyyatı barədə ən səmimi intonasiya ilə söylənmiş, həyatını həsr etdiyi, ölümünü həsr edəcəyi, insanlarla bölüşməyi layiq bildiyi əsərlərdir.

          Latın Amerikası ədəbiyyatı ilk növbədə ispandilli ədəbiyyatdır. Yəni bu ədəbiyyat müxtəlif ölkələrdə, müxtəlif etnokulturoloji mühitlərdə yaransa da, ortada ədəbiyyat üçün çox vacib olan ümumi dil amili var. Bununla belə, ayrı-ayrı ölkələri təmsil edən ədiblərin dünyabaxışı, üslub və ifadə tərzi özünəməxsusluğu ilə seçilir. Q.Mistralın yaratdıqları da ruhən məhz Çili ədəbiyyatıdır. Şairə vətənindən əlavə, dünyanın bir çox ölkələrinin ədəbi və ictimai həyatında fəal iştirak edib, xidmətlər göstərib. Dünyanı ölkə-ölkə, şəhər-şəhər gəzib, hətta dünyasını özgə ölkədə, yad şəhərdə dəyişib. Amma son istəyinə uyğun olaraq, Çilinin ən ucqar bir guşəsində torpağa tapşırılıb. Onun poeziyasının Çili torpağının dərinliklərinə işləyən qüdrətli kökləri, Çili səmasının ənginliklərinə ucalan qüdrətli qanadları var.

          İki dəfə faciəli məhəbbət yaşantılarından keçmiş, ömrü boyu ailə qurmayaraq tənha yaşamış, həyat və yaradıcılığı əsasən qəm-kədər, üzüntü  motivləri əsasında təşəkkül tapmış yazıçı bir yandan ciddi, zabitəli bir qadın, digər tərəfdən isə pozitiv rəftar normaları ilə ömür sürən işgüzar, hətta nikbin əhvali-ruhiyyəli bir xanım təəssüratı yaradır. Bu dövdə bütün Latın Amerikasında nüfuzlu ziyalı kimi tanınan Kolumbiya Universitetinin professoru Federiko de Onislə tanış olması və dostlaşması sayəsində onun köməyi ilə şairənin “Ümidsizlik” adlı ilk şeir toplusu 1922-ci ildə Kolumbiya Universiteti tərəfindən nəşr edilir. Adından da göründüyü kimi, qüssə, kədər motivləri buradakı şeirlərin əsas mövzusunu təşkil edirdi. Təxminən iyirmi il sonra tanınmış ABŞ ədəbiyyatşünası M.Adams yazacaqdı ki, bu kitab sevimlisini itirmiş, öz faciəsini dərin hüznlə yaşayan, xaraktercə güclü, hissiyyatca zərif bir qadının könül yaşantılarının poetik ifadəsidir.

          Vətənindən kənarda işıq üzü görmüş birinci şeir kitabı müəllifə beynəlxalq miqyasda ilk məşhurluq xalları qazandırdı və bu kitab Q.Mistralı Latın Amerikasının ispandilli ölkələrində ciddi bir poeziya nümayəndəsi kimi tanıtdı. Qeyd etdiyimiz kimi, kitabdakı poeziya nümunələri ilk növbədə müəllifin tənhalıq, kimsəsizlik duyğularını, pessimist düşüncələrini əks etdirirdi. Hətta şairə kitabın sonunda belə bir qeyd verməyi də lazım bilmişdi: “Qoy həyatı şirin olanlar bu acı yazılara görə məni bağışlasınlar.”

          1921-ci ildə Q.Mistral Santyaqo liseyinin direktoru vəzifəsinə təyin olunur və yenidən ölkənin paytaxtına qayıda bilir. Lakin ali təhsilinin olmaması Q.Mistralın ictimai karyerasının inkişafına müəyyən maneələr yaradırdı. Məhz bu səbəbdən, daha dəqiqi, bu bəhanə ilə onu lisey direktoru vəzifəsindən azad edirlər. Ancaq pedaqoji sahədə bütün regionda qazandığı nüfuz sayəsində qonşu Meksika dövlətinin Təhsil Nazirliyi Q.Mistralı ölkəsinə dəvət edərək təhsil sahəsində aparılan islahatlar layihəsini həyata keçirəcək komissiyaya rəhbərlik etməyi ona tapşırır. Onun Meksikadakı fəaliyyəti bu ölkədə təhsil sisteminin inkişafına və müasirləşməsinə güclü təkan vermiş olur.  

          Şairin 1924-cü ildə nəşr olunmuş “Nəciblik” adlı ikinci kitabı ona daha artıq ədəbi şöhrət qazandırır və poeziyasının ədəbi tənqid tərəfindən “epoxal bir hadisə” kimi dəyərləndirilməsi ilə nəticələnir. Əvvəlki əsərlərində olduğu kimi, bu kitaba daxil olan şeirlərində də şair həyatda məhrumiyyətlərlə üzləşmiş nakam qadının acı yaşantılarını qələmə alır. Onun poeziyası Latın Amerikasının canlı həyatını əks etdirməklə oxucuya bu regionun insanlarının daxili dünyasını, mənəvi aləmini duymaq, anlamaq imkanı yaradır. 1938-ci ildə nəşr olunmuş “Meşənin qırılması” kitabına daxil etdiyi şeirlərin əksəriyyəti hindu mövzusuna (onların təbiət, tarix, mənəviyyat, yaddaş, ənənə, folklor və s.mövzularına) həsr olunmuşdu.

          Bundan sonra Q.Mistral həyat fəaliyyətinin üçüncü vacib sahəsi olan diplomatiya ilə daha ciddi şəkildə məşğul olmağa başlayır. 1926-cı ildən Parisdə – Millətlər Liqasının İntellektual Əməkdaşlıq Komitəsində fəaliyyət göstərir. Onun məşğul olduğu sahələrdən biri də Latın Amerikası ədəbiyyatının tərcümə və dünyada təbliğinin təşkil edilməsi idi. Paralel olaraq 1930-1932-ci illərdə ABŞ-ın bir sıra kolleclərində və Puerto-Riko Universitetində Latın Amerikası ölkələri ədəbiyyatından dərs demiş, bu fəaliyyəti ilə həm də region ədəbiyyatının sistemli şəkildə araşdırılmasının elmi əsaslarını qoymuşdu.

          Diplomatik fəaliyyətini uğurla davam etdirən Q.Mistral İtaliya, İspaniya, Fransa, Portuqaliya, Braziliya kimi ölkələrdə Çilinin səfiri vəzifəsində xidmət edir. Həmin dövrdə bütün dünyada tüğyan edən faşizm ideologiyasına qarşı barışmaz mövqe tutan Q.Mistral 1938-ci ildə Parisdə nəşr olunmuş “Məhvolma” adlı publisistik kitabında özünün antifaşist görüşlərini cəsarətlə nümayiş etdirir.

          Braziliyada səfir olaraq Rio-de Janeyroda yaşayarkən 1942-ci ildə şairənin həyatında yeni faciəli hadisələr baş verir: Yaxın dostu, faşistlərin əlindən qaçaraq burada mühacir kimi yaşayan görkəmli Avstriya yazıçısı Stefan Sveyq və xanımı, yarım il sonra isə şairənin öz oğlu kimi saxlayıb boyütdüyü qardaşı oğlu Xuan Migel intihar edərək dünyadan köçürlər.

          İkinci Dünya müharibəsi başa çatandan sonra artıq Nobel mükafatına layiq görülmüş sənətkar bir müddət ABŞ-ın Nyu-York şəhərində Çilinin konsulu kimi fəaliyyət göstərir, diplomatik işi başa çatandan sonra da ömrünün sonuna qədər burada yaşayır.

       1951-ci ildə Çilinin milli ədəbiyyat mükafatı ilə təltif olunur. 1954-cü ildə Nyu-York və Santyaqo universitetlərinin fəxri doktoru seçilir. Bu münasibətlə vətəninə gələn şairəni milli qəhrəman kimi qarşılayırlar. Onun nitqini dinləmək üçün prezident sarayının qarşısındakı meydana iki yüz mindən çox adam toplaşmışdı. Bundan sonra Q.Mistralın Çili maarifini və mədəniyyətini dünyada şərəflə təmsil edən əvəzsiz bir xadim olduğunu elan edərək onu ölkənin fəxri vətəndaşı titulu ilə mükafatlandırırlar və Latın Amerikası ölkələrinin mədəniyyəti üzrə dövlət müşaviri təyin edirlər.

       1954-сü ildə “Məhək” adlanan son şeir kitabı çap edilir. Bu kitab onun həyat və yaradlclıq yaşantılarının yekunu, ümumiləşdirilməsi kimi təsir bağışlayırdı. 1957-ci il yanvarın 10-da Nyu-Yorkda xərçəng xəstəliyindən vəfat edən şairə Çilidə üç günlük matəmdən sonra öz doğma kəndində dəfn edilir. Məzar daşı üzərində bu misrası həkk olunmuşdur:  “Öz şairi olmayan xalq ruhsuz cəsəd  kimidir...” ...Qabriela Mistral öz xalqının ruhu olmağı bacaran şair idi.

 

       Qabriela Mistralın aforizmlərindən seçmələr:

 

– Bəşəriyyət xroniki yaddaş pozuntusu xəstəliyindən əziyyət çəkir.

– Əbədiyyət o deməkdir ki, əvvəl necə idiksə, indi də eləyik.

– Öz şairi olmayan xalq ruhsuz cəsəd kimidir.

– Məhəbbət müalicəsi olmayan xəstəlik kimi qorxulu bir şeydir.

– Həyatın müqəddəsliyi bizə həyat verən anadan başlayır.

      

“Ədəbiyyat və incəsənət”

(31.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.