BDU hekayə müsabiqəsi qaliblərinin hekayələri - Nuridə İsmayılova (2-ci yer) Featured

Görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyini ölkəmizin ictimaiyyəti böyük minnətdarlıq hissi ilə qeyd etdi. Yubiley tədbirlərinin mərkəzində Bakı Dövlət Universitetinin olması isə təsadüf deyildi. Mir Cəlal müəllim 1961-ci ildən ömrünün sonuna – 1978-ci ilə qədər universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik etmiş, ölkəmizdə yeni ədəbiyyatşünaslar nəslinin yetişməsində müstəsna xidmətlər göstərmişdir.

Bakı Dövlət Universitetinin təşkil etdiyi silsilə tədbirlərə tələbələr arasında hekayə müsabiqəsinin keçirilməsi də daxil idi. Müsabiqə qalibləri Fidan Barçının (birinci yer), Nuridə İsmayılovanın (ikinci yer), Nurlanə Şirinovanın (üçüncü yer), eləcə də BDU-nun xüsusi mükafatını almış Aytac Salahlının hekayələrini təqdim edirik.

Bu gün “Ədəbiyyat və incəsənət” sizlərə müsabiqədə 2-ci olmuş Nuridə İsmayılovanın “Mənim balaca milçəyim” hekayəsini təqdim edəcək.

 

Nuridə İSMAYILOVA

 

MƏNİM BALACA MİLÇƏYİM                                                                                                                                                  

 

İsti yay günlərindən biri idi. Semestr imtahanlarını verib kəndə gəldikdən sonra günlərimin hamısı bir-birinə bənzər keçirdi. Səhərləri tezdən oyanır, günortaya – hava qızana qədər ev işlərində anama kömək edirdim. Günortadan sonra isə axşam sərininə qədər evdən bayıra çıxmır, kitabxanadan götürdüyüm kitablarla günümü keçirirdim.

Bir gün səhər həyəti süpürərkən küçədə bağırtı eşitdim. Adamlardan biri zəif səslə yalvarır və nələrsə vəd edir, o biri adam isə qışqıraraq onunla razılaşmırdı. Əvvəl çox da əhəmiyyət vermədim, sonra marağım mənə qalib gəldi və küçəyə çıxdım. Danışıqlardan başa düşdüm ki, acizanə şəkildə yalvaran 35-40 yaşlarında olan kişi ehtiyatsızlıq edərək öz avtomobili ilə bir maşının lap yanından keçmiş və nəticədə bu maşına bir qədər ziyan dəymişdi. Zədələnən maşının sahibi orta yaşlı bir kişi idi. Bağıraraq deyirdi:

– Ədə, mənə nağıl danışma, tez ol vurduğun ziyanın pulunu ver. Pulu verməsən, qoymaram gedəsən.

O biri isə acizanə deyirdi:

– Qardaş, başına dönərəm. Ziyanı artıqlaması ilə ödəyəcəyəm. Sən əzizlərinin canı, qoy indi gedim. Uşaq qarpızdan zəhərlənib, xəstəxanaya götürüblər. Arvad da oralarda tək. İndi mən bir evə qayıdım, bir sənə pul gətirim, gec olur axı, qurban olum. Nömrəni ver. Bu zavaldan qurtarım. Vallah, məndə borc qalmaz.

– Əşşi, mənim sənin dədənə borcum var? Hələ bir sənin kefini gözləyəcəm? Bax bu saat zəng edərəm polisə. Qaydaları da pozduğuna görə şöbədə cavab verərsən.

– Qardaş, vallah, həyəcandan, qorxudan olub. 10 ildir, maşın sürürəm, bir dəfə bir pişiyi basmamışam. Mənə 1-2 gün möhlət ver.

– Ə, sən nə çürükçü adamsan. 5-10 qəpiyimi verməkdənsə bir saatdır mənimlə çənə döyürsən...

Davamına qulaq asmadım, qayıtdım və öz-özümə dedim: “İlahi, pul insanların qəlbini necə daşlaşdırıb!”. Sonra bildim ki, oğlu zəhərlənən kişi bizim kəndin başında qalırmış. Uşağın vəziyyəti ağırlaşıb, təcili şəhər xəstəxanasına köçürsələr də, xilas etmək mümkün olmayıb...

Saat 1,2 olardı. İstilər adamı lap dilxor edirdi. Kitablarıma nəzər salanda gördüm ki, M.Füzulinin ana dilində poemaları olan cildi götürməmişəm. Tərsliyim tutdu. Qabağımdakı kitabların heç birinə meyil edə bilmədim. İnsan oğlunun adətidir axı, əlində olanı dəyərləndirmir, uzaqdakını daha çox istəyir. Kitabxanaya getmək üçün hazırlaşanda nənəmin səsini eşitdim: “Başına dönüm, aldıqlarını nə tez oxudun ki, genə gedirsən kitabxanaya. Hövsələni bas, axşam sərin düşsün, gedərsən”. Axşam kitabxananın işləmədiyini bildiyi halda, nənəmin bu sözləri deməsinə yüngülcə gülüb dedim: “Ay nənə, lazım olanı götürməmişəm”. 

Deyəsən, həmin gün bəxtim ilk dəfə kitabxanada gətirdi. Orta boylu, 50-55 yaşlarında, danışığından bizim tərəflərdən olmadığı hiss olunan bir qadın həmin kitabı qaytarırdı. Odur ki, kitabxanaçının kitabı axtarmağa sərf edəcəyi vaxtı qazandım. Bu kitabı götürəcəyimi bilən qadın mehribancasına soruşdu:

– Qızım, bu cilddəki hansı əsərləri oxumusan?

– “Leyli və Məcnun”u.

Qadın mənə bərk-bərk tapşırdı ki, "Bəngü-Badə”ni mütləq oxuyum. Mən də:

– Mütləq, – dedim və sağollaşıb evə gədim. Əsəri oxumağa başladım.

Diqqətim əsərdə olduğu vaxt otaqda bir milçək peyda oldu və məni narahat etməyə başladı. Hey ya kitaba, ya əlimə qonub mane olurdu. Bu məni xeyli bezdirdi. Ürəyim də pambıq kimi yumşaqdır, bir milçəyi belə öldürməyə qıymaram. Düzdür, tam günahsız olduğumu deyə bilməyəcəm. Çünki məcbur qalıb bir neçə dəfə öldürmüşəm. Amma “qətl törətdiyim” həmin günlərdə heç özümə gələ bilməmişəm. Bəlkə, adam öldürən belə pis olmazdı. Nə isə... Yenə belə pis olmamaq üçün bu milçəyi də öldürməməyi düşündüm. Stolun üstünə qonanda stəkanla onu tutdum. Deyirəm axı, əsərə dalmışam, ayrıla bilmirəm. Ona görə düşündüm ki, oxuyub bitirənə qədər milçək “həbsdə qalsın”. Birdən dərd məni götürdü ki, bu yazığın birdən ürəyi yatar. Bu məqsədlə stəkanın içinə qənd də qoydum. Elə Buzənin Bəngə elçi getməyi hissəsini oxuyurdum ki, yenə gözüm milçəyə sataşdı. Başqa vaxt şirin şey yemək üçün özünü həlak edən milçək indi qəndə yaxın durmurdu, hey azadlığa çıxmaq üçün çırpınırdı.

Mənim həbsdəki balaca milçəyim! Sənə necə hörmət bəslədim.  Bu hörmətimin nəticəsi idi ki, Buzə Bəngin süfrəsini görüb Badəyə xəyanət edəndə mən də kitabı yarımçıq qoydum və milçəyimi azad etdim. Uçub getdi. Otağa qayıdıb əsəri oxumağa davam etdim. Vay-vay! Milçəyim üçün lap darıxmağa başladım ki...

İndi də Məcun öz rəhbərinə xəyanət edir. “Demə, bu yaramazlar mənim milçəyim qədər deyilmişlər”, – bu sözləri hündürdən dediyimin heç fərqinə varmamışam, anam bu vaxt içəri girdi. Təbii ki, niyə belə dediyimi soruşdu. Kiçik bir məsələni çox böyütdüyümü düşünüb danışmadım.

Bu gün ədəbiyyatdan dərs danışacaqdım. Mövzu da “Bəngü-Badə”. Tribunada əsərlə bağlı danışmağa başlayanda başıma nə gəlsə yaxşıdır? Gördüm içəridə bir milçək var. Qovuram, yenə gəlir. Hələ də bilmirəm; doğrudan, içəridə milçək var idi, yoxsa bu, mənim balaca milçəyimin xəyalı idi?

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.