“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
6-CI DƏRC
Baş Hakim bunları söylədikdən sonra əminliklə bildirdi ki, “Biz ekspertlərlə, tarixçilərlə, şahidlərlə birgə bütün həqiqətləri aşkarlamağa tam hazır vəziyyətdəyik, təqsirləndirilənlərin günahlarını tam sübut etməkdə də israrlıyıq.”
Müttəhimlər sırasından narazılıq dolu ifadələr gəldi, “bu belə deyil”, “o belə deyil”lər sıralandı, amma Divanın Baş Hakimi əlinin işarəsi ilə səssizlik yaratdı, öncə səslənən fikrinə söykənib təqsirləndirilənlərə sual ünvanladı:
-Sizlərin Böyük Ermənistan tarixinizi dinlədik, orada eramızın 1-ci əsrində tarixə məlum iki böyük imperiya – Qədim Roma imperiyası və İranın Sasanilər imperiyası ilə savaşan və onlara hətta güc gələn sizin Böyük Ermənistan imperiyanızdan bəhs edilir. Bəs niyə ən qədim mənbə olan Bibliyada o iki imperiyaların adı var, amma sizinki yoxdur? Bu başlanğıc! Çox ciddi, təkzib qəbul etməyən əsas arqument. Indi isə davamına keçək. Mən sizin hər iki kartınızı öz əlinizlə vurmaqla prosesə başlamaq istəyirəm. Beləliklə, birinci kartınız: Böyük Ermənistan. İkinci kartınız: erməni genosidi. Təkzibçi isə öz sıranızdan biri – erməni ictimai xadımi, tarixçisı, bloggeri Filipp Vartanoviç Ekozyants olacaq! Əsas dünyadakı hazırkı Koronavirus pandemiyası, bundan qaynaqlanan karantin dövründə sosial şəbəkələrdə Filipp Vartanoviç Ekozyantsın “Türklər – ermənilər. Problemin mahiyyəti” adlanan videomüraciəti yayıldı, You Tube kanalında onun milyonlarca izləyicisi oldu. Təbii ki, bu videomüraciət birmənalı qarşılanmadı. Millətçilər ona ağız büzdülər, amma xalqı düşünən kəslər isə bu cəsarətli çıxışa görə Ekozyantsa minnətdarlıq bildirdilər. Əlahəzrət Divan Hakimi olaraq cənab Filipp Vartanoviç Ekozyantsı şahid qismində çıxış etmək üçün səhnəyə dəvət edirəm. Buyursun.
Alqış sədaları altında saçları və saqqalı çallaşmış orta yaşlı şəxs səhnəyə çıxdı, mikrofonu əlinə götürüb səsini arıtladı, nitqə başladı:
-Möhtərəm Hakim, möhtərəm Divan üzvləri, möhtərəm tamaşaçılar. Mən ondan başlamaq istəyirəm ki, Ermənistan tarixi tam olaraq saxtalaşdırılıb, Osmanlı İmperiyasında ermənilərə misilsiz divan tutulması ağ yalandır, ermənilərin Yer kürəsinin ən qədim xalqı olması, onların fantastik qədimliyi tarixni təkzib edilməsi deməkdir. Türklər və ermənilər 400 il ərzində bir ailənin, Osmanlı imperiyası adlı bir dövlətin üzvü olublar. Erməniləri Osmanlı imperiyasında sədaqətli xalq adlandırıblar, bizim xalq uzun müddət bu adı qoruyub saxlayıb. Lakin 19-cu əsrin ortalarında hər şey dəyişib. Onda ki, bizim həyatımıza sürətlə britaniyalılar və avropalılar giriblər. Bu insanlar arxeoloji ekspedisiyalar adı altında öz desantlarını yerləşdirərək Osmanlı ərazisində çoxlu tarixi saxtakarlıqlar yaratmağa başlayıblar. Bu saxtakarlıqlar arasında qədim erməni dövləti mifi də olub. Masonlardan, müxalif ziyalılardan, xüsusən də daşnaklardan ibarət olan bir hissə erməni bu saxtakarlığı reallıq kimi qəbul edib, qərar verib, öz qarşısına məqsəd qoyub ki, Osmanlı imperiyasından ayrılıb avropalıların təxəyyülü olan Böyük Ermənistanı realda yaratsınlar. Nəticə isə acınacaqlı alınıb, türk xalqı ilə düşmənçilik, doğma torpaqlardan qovulma, tam izolyasiya içərisində yaşama.
Divanı qurulanlar – Müttəhimlər sırasında oturanlar yer-yerdən narazılıq etdilər, natiqə atmacalı sözlər atdılar, bir-ikisi hətta onu təhqir də etdi. Divan üzvlərinin müdaxiləsi ilə onlar susduruldu, Filipp Vartanoviç Ekozyants çıxışını davam etdirdi:
-Bu gün türklər və ermənilər müxtəlif ölkələrdə yaşayırlar, ünsiyyətləri sıfıra enib, nə qohumluq, nə mənəvi, nə mədəni, nə iqtisadi əlaqələr var, hamısı darmadağın olunub. Biz ermənilər hələ də britan nağıllarına inanır, onları öyrənib tirajlayır, təbliğ edirik. Hər yerdə öz fantastik keçmişimizdən danışırıq. Bu zaman həqiqi tarixi də təhrif edirik. Mən bizim bəlamızı obrazlı şəkildə həmişə belə ifadə edirəm: Biz ermənilər, bütün xalq birlikdə virtual reallıqda məskunlaşmışıq. Və mən tam məsuliyyətlə deyirəm ki, məhz avropalılar tərəfindən 20-ci əsrin ortalarında “genosid” sözü kəşf edilib. Onlar bu sözü beynəlxalq hüququn termini etməklə Birinci Dünya Müharibəsinin Osmanlı İmperiyası ərazilərindəki hadisələrini “genosid” anlamının içinə soxuşdurmuşlar. Ermənilər də bu halvadan istifadə edərək Türkiyədən kosmik təzminatlar və nəhəng ərazilər tələb etmişlər. Ardınca isə avropalılar erməni genosidini tanımaq prosesini ortaya salaraq hər dəfə yeni-yenu dövlətləri bu saxta və kədərli prosesə şərik çıxarmışlar. Beləliklə, avropalılar türklərə olan düşmənçiliklərində ermənilərdən sadəcə bir vasitə kimi istifadə etmişlər həmişə.
Növbəti alqış dalğası gəldi.
Nəhayət, reqlamentə uyğun olaraq natiq öz çıxışını yekunlaşdırmalı oldu:
- Mən bütün erməniləri bilirsiniz nəyə çağırıram? Qoy onlar yalnız özlərini dinləməyi tərgitsinlər, digər tərəfi dinləməyə başlasınlar. Bizim bütün problemlərimizin kökündə bax bu saxta tarix dayanır. Erməni xalqının əsas düşməni bu saxta tarixdir ki, başlıca məqsəd də ona qalib gəlməkdir. Üzümü xalqıma tuturam, bu yalana qalib gəlin, haqq yoluna keçməsək aqıbətimiz ağır olacaq. Bu gün burada müttəhimlər sırasında əyləşən şəxslər, indi isə sözüm sizədir. Siz Ermənistan tarixində xalqın ən əsas ideoloqları olmuş, xalqı Böyük Ermənistan xülyasına sürükləyən əsas fiqurlar olmusunuz. Xalqıma gətirdiyiniz məhrumiyyətlər hədsizdir, mən çıxışımda daha çox tədqiq etdiyim mövzu – Osmanlı imperiyasında erməni məsələsi barədə danışdım. Sizlərin sayəsində 20-ci əsrin əvvəllərində Osmanlı imperiyasının barlı-bərəkətli torpaqlarında şad-xürrəm yaşayan zavallı ermənilər Suriyanın nəfəs qarsayan çöllərinə sürgün edilərək bütün gözəlliklərdən məhrum oldular. Bu gün isə - mənim zamandaşlarım sizlərin Qarabağ işğalınızın əsiridirlər, biz yad torpaqları tutub yalançı vətənpərvərlik şüarları altında iqtisadi böhrana, sosial dözülməzliyə, xaos və anarxiayaya yuvarlanmış bir dövlətdə yaşamalı olmuşuq, on minlərlə erməni ölkəni atıb gedir, yad ellərdə bir tikə çörək axtarışına çıxıb. Mən Möhtərəm Divan Hakimindən xahiş edirəm, sizə ən sərt, ən ciddi cəzanı kəssin, zira, onsuz da sizin ən böyük cəzanız erməni xalqının ahına tutulmağınızdır.
Sürəkli alqış sədaları altında Filipp Vartanoviç Ekozyants səhnədə düzəldilmiş tribunadan düşdü, oturduğu yerinə doğru getdikcə yerlərdən “sağ ol”, “afərin” kimi sədalar eşidildi.
Baş Hakim saatına baxdı, vaxt necə sürətlə keçmişdi, artıq şər qarışmaq üzrə idi. O, yeni çıxışçıya söz verdi:
- Hörmətli Divan üzvləri, hörmətli seyrçilər! Hazırlıq içlasını bitirməzdən öncə xüsusi olaraq Əsas dünyadan prosesə təşrif buyurmuş rus telejurnalistinə, Rusiyanın RenTV telekanalının «Hərbi sirr” proqramının aparıcısı İqor Prokopenkoya söz vermək istəyirəm. Buyursun!
Bəziləri Prokopenkonun məşhur proqramını tanıdılar deyə alqış sədalarını ucaltdılar. O, çıxıb öz fikrini qısaca izhar etdi:
-Möhtərəm Divan əhli, möhtərəm tamaşaçılar, prosesin ilk iş gününün axırıdır, hamı yorulub, odur ki, fikrimi çox qısa izhar edəcəyəm. Ermənilərin nağıl qoşmaq istedadı barədə çox deyilib, çox eşidilib. Bu istedad xüsusən son dövrlər öz ənadazəsini aşmaqdadır. Sən demə, Qədim Misir piramidalarını tikməyi misirlilərə ermənilər öyrədiblərmiş. Sən demə, Musa peyğəmbər misirliləri İsrailə aparanda ermənilər də qədim İngiltərəyə yollanıblarmış. Müasir ingilislər, deməzsənmiş, ermənilər imiş. Ermənilər illər öncə vikinqlərin də ermənilərdən törədiyini söyləmişdilər. Təsəvvür edin, Yerevanın Milli tarix muzeyindəki eksponatlar ondan xəbər verir ki, erməni millətinin yaşı 500 min ildir, insan sivilizasiyasının mənbəyində ən qədim xalq kimi məhz ermənilər dayanıblar. Bunlar Adəm və Həvvaya da iddialıdırlar. Erməni nağıllarını toplayıb gətirmişəm, bir-iki fraqment oxudum, qalanını Divan ekspertlərinə təqdim edəcəyəm. Mən Divan vəkillərindən xahiş edirəm ki, Axirət dünyasında qurulan bu Divan erməni nağıllarının uydurulmasına bilmərrə son qoysun!
Tamaşaçılar rus telejurnalisti alqışladılar. Bu vaxt bir nəfər yerindən durub uca səslə Divan heyətinə müraciət etdi:
- Məhtərəm Divan, mən sadə bir xristianam, bir tərəfim ukrain, bir tərəfim belarus-moldovan qarışığıdır, kəndliyəm, heç bir universitet-filan da bitirməmişəm. Bildiyim tək şey odur ki, xalqın şairləri, yazıçıları, filosofları xalqını həmişə sülhə, əmin-amanlığa səsləyər, hətta müharibələr olanda belə önə çıxıb öz bədənlərini güllə qarşısında sipər edərək müharibəyə, qan tökülməsinə son qoymağa çalışarlar. Möhtərəm hakimlər, xahiş edirəm mənə agah edəsiniz, bu necə xalq, bu necə millətdir ki, bunun şair və yazıçıları sadə insanları qan tökməyə, cinayət törətməyə sövq edir? Agah edə bilərsinizmi mənə bunu? "Ermənilərin anası" adlandırılan şairə Silvia Kaputikyan ötən əsrin sonlarında öz qaragüruhçu kütləsi qarşısında çıxış edərək bir məsələni daha çox qabardırdı: "Sən türk öldürməkdən qürur duymalısan". Başqa bir şovinist yazarları Arutunyan "türk öldürməyən erməni öz əli ilə özünü öldürsün", - deyə xalqını qorxudaraq təhdid edirdi. Yazıçıları – bax indi prosesdə iştirak edən Zori Balayan "Ocaq" kitabı yazaraq erməniləri birbaşa türklərə qarşı tükürpədici müharibəyə çağırıb. Yazıçıları Marqarita Şaginyan isə hələ senzuralı sovet zamanında rəsmi toplantıların birində öz qaniçənlərinə kəskin tövsiyə vermişdi: "Dil açmamış uşaqlarınızın qulağına pıçıldayın ki, türk sənin düşmənindir”. Bu nə deməkdir?
Baş Hakim həmin şəxsə başını bulayaraq bildirdi ki, düzü, elə mən də buna məəttəl qalmışam ki, bir xalqın adına ziyalı qoyulmuş zümrələri niyə axı bu qədər kinə-küdurətə, nifrətə, düşmənçiliyə susamış olsunlar. Və ardınca da bildirdi ki, yalandan yox, həqiqətən genosidə məruz qalan yəhudi xalqına bir baxın, o xalqın yazıçıları məgər bu qədər aqressiya nümayiş etdiribmi? Yox. Demək, ermənilər uydurma genosid faktını bax, ətrafında bu cür ajiotaj yaratmaqla tirajlamaqdadırlar.
Sonra Baş Hakim yenidən saatına baxıb hakim yoldaşları ilə məşvərət elədi, elan etdi ki, sonda daha bir vacib prosedur olacaq, diktorlardan xahiş edirəm ki, bir arayış səsləndirsinlər. Arayış dünyanın ən varlı erməniləri barədədir.
Erməni tərəfinin müdafiəçisi sözügedən arayışın prosesə nə dəxli olduğunu söylədi, bu boş vaxt itkisinə yol verməməyi xahiş etdi. Amma Baş Hakim bildirdi ki, Divan elə formalaşıb ki, burada boşuna heç nə olmur.
Bir kişi diktor səhnəyə çıxıb sözügedən arayışı oxumağa başladı:
-2020-ci ilin bugünkü durumuna görə dünyanın ən varlı erməniləri barədə arayışı təqdim edirik. Bunların sayı 10-dur...
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(28.08.2023)