Gənclər Kitabxanasında Yunus Oğuzun “Cığır” romanının təqdimatı olub

 

Bəli, Şuşadan və Şuşa fatehlərindən bəhs edən bu roman get-gedə məşhurlaşır. Təfsilatı növbəti xəbərimizdə. 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birliyinin həyata keçirdiyi "Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması" layihəsi çərçivəsində yazıçı-publisist Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş "Cığır" tarixi romanının təqdimat mərasimi keçirilib.

Tədbirdə kitabxananın direktoru Aslan Cəfərov Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, əzəli torpaqlarını geri qaytarması Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, uzaqgörən diplomatik siyasətinin bariz nümunəsi olduğunu diqqətə çatdıraraq, bu gün sevincini yaşadığımız Zəfər tariximizdən bəhs edən əsərlərin əhəmiyyətindən danışıb. Prezident İlham Əliyevin “Şuşa sən azadsan, Biz səni dirçəldəcəyik” şüarından sonra əzəli Azərbaycan torpağı olan, mədəniyyətimizin beşiyi Şuşamızın tarixinin, ədəbiyyatının, incəsənətinin təbliği istiqamətində atılan hər bir addımın tarixi əhəmiyyət daşıdığını söyləyib. “Cığır” romanının bədii dəyərini, gələcəkdə bir çox ali və orta məktəblərin, kitabxanaların rəflərini bəzəyəcəyini, tarixi araşdırmaq üçün dəyərli dərslik olacağını qeyd edib. 

"Cığır" romanının redaktoru, yazıçı Elçin Hüseynbəyli müharibə mövzusunda əsərlərin yazılmasının çox çətin olmasına baxmayaraq, Yunus Oğuzun “Cığır” romanında yaratdığı obrazlar vasitəsilə qəhrəmanlığın yüksək səviyyədə tərənnüm edildiyini bildirib. 

"Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev müasir Azərbaycan ədəbiyyatında tarixi roman janrında bir sıra uğurlu əsərlərin müəllifi olan Yunus Oğuzun “Cığır” romanının tarixi əhəmiyyətinin illər ötdükcə daha aydın hiss ediləcəyini söyləyib. 

Şair, tərcüməçi Elxan Zal Yunus Oğuzun milli dəyərlərə bağlı yazıçı olduğunu vurğulayaraq, romanda da bu dəyərlərin, xalqın əsrlərdən bəri qoruyub yaşatdığı mənəviyyatın böyük ustalıqla təsvir edildiyini, yazıçı Əyyub Qiyas isə romanda müşahidə edilən yazı üslubu, hadisələrin canlı təsviri, oxucuları riqqətə gətirən səhnələr haqqında danışıb. 

Yazıçı-publisist Yunus Oğuz qələmə aldığı tarixi romanlarda iki cür yanaşmanın olduğunu qeyd edib. Müəllifin sözlərinə görə, "Ovçu" və "Cığır" əsərlərində özü şəxsən iştirak etdiyi halda, qalan əsərlərdə yalnız hadisələrin müşahidəçisi olub. Müəllif bu tədbirin məhz mədəniyyət ocağı olan Gənclər Kitabxanasında təşkil olunmasından böyük məmnunluq hissi duyduğunu qeyd edib, tədbirin təşkilinə görə kitabxanaya öz dərin minnətdarlığını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.