QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

3-CÜ DƏRC

 

 

-İndi isə diqqət monitora.

Nəhəng monitorda mavi dəniz, qumsal sahil, dəmir çətir və şezlonq sırası, 70-80-ci illərə xas dar çimərlik paltarında uzunsaç, uzunbakenbardlı kişilər, açıq-saçıq bikinilərdə qadınlar göründü. Kadrlar bir-birini dəyişdikcə, sovet milisi əməkdaşları, sualtı dünya, akvalanqlılar, həbslər, məhkəmə zalı nümayiş olunduqca gəzən titrlərdə görüntüyə aydınlıq gətirən mətnlər yazıldı. Deməzsənmiş, süjet SSRİ-nin ən prestijli jurnallarından biri sayılan “Oqonyok”da 1982-ci ilin avqust ayında dərc edilən bir yazı barədə imiş. Krımın Qara dəniz sahilində çimərliklərdə bir neçə nəfərin ardıcıl batması nəticəsində hüquq-mühafizə orqanları silsilə əməliyyatlar keçiribmiş. Nəhayət, Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları suyun altında şübhəli akvalanqlıları müəyyənləşdirərək yaxalamışdılar. Onların dənizdə çimənləri suyun altına çəkib qəsdən  batırmaları ehtimal edilirdi. Amma istintaq ağlasığmaz bir olayın üstünü açmışdı. Məlum olmuşdu ki, akvalanqlılar erməni millətinə mənsubdurlar, işləri sualtı qayalara, daşlara erməni əlifbası ilə yazılar yazmaq imiş. Məqsəd də bu imiş ki, gələcəkdə ermənilər tərəfindən Krım torpaqlarının Böyük Ermənistana aid olması iddia edilsin.

Əsl lətifəyə bənzəyən bu olay tamaşaçıları hədsiz şənləndirdi. Baş Meydanı gülüş sədaları bürüdü. Həm keçmiş zamanlarda Əsas dünyada, həm də hazırda Axirət dünyasında keçirdiyi proseslərin başlanğıcında təqsirləndirilənə qurşaqdan aşağı imitasiyası ilə əslində düz sifətdən zərbə vurmağı xoşlayan Baş Hakim zərbəsinin kifayət qədər effektli olmasını erməni təqsirləndirilənlər, vəkillər və müdafiəçilər əyləşən sıradakı pərtlik əhval-ruhiyyəsindən asanca sezdi. Həvəslə prosesin davamını gətirdi:

-Əziz izləyicilər, prosesimizin başlanması ərəfəsində mən mütləq bir maraqlı nüansı qeyd etmək istəyirəm. Elə tarixi həqiqətlər var ki, illərdir ki, erməni millətçilərini, ideoloqlarını, dediyim bu xülya ilə insanları zəhərləyən kəsləri şok edir, onların əllərində əlac olsa bu tarixi salnamələri kəsib tarixdən çıxararlar. Hansı həqiqətlərdir bunlar? Müxtəlif mənbələrdə sayları fərqlidir. Bəzilərində 10-12, bəzilərində 25-30. Mən çox vaxt aparmadan minimumdan bəhs etmək istəyərdim, cəmi 10 tarixi həqiqətdən. Onları məhz indi, prosesin başlanğıcında elan etməyi özümə borc bilirəm ki, sonra...

Erməni vəkillərin və müdafiəçilərin əyləşdiyi sıradan qulaqbatırıcı “olmaz”, “etməyin”, “bu, qanuna ziddir” kimi sədalar yüksəldi. Baş Hakim peşəkarcasına alovun üstünə su çiləmək qərarına gəldi,  müqəssirlərin suçunu daha effektiv ortaya qoymaq planı cızdı:

-Daha öncə isə erməni xalqına məxsus bəzi şəxslərin erməni millətçiliyindən doğan erməni məkri, erməni saxtakarlığı barədə söylədikləri çox dəyərli fikirlərin buradan səsləndirilməsini xahiş edirəm. Bu fikirlərdən bəziləri sonradan onun müəllifi üçün başağrısına çevrilən adi səmimi etirafdır. Elə bizim prosesin iştirakçısı Zori Balayanda olduğu kimi. O, illər öncə ermənilərin müsəlman torpaqlarında məskunlaşdığını öz yazısında şəxsən özü etiraf edib.

Erməni müttəhimlərin sırasından gələn növbəti kəskin etirazlara baxmayaraq uzun qara libaslı məlahətli xanım diktor tribunaya çıxıb əlindəki meşin qovluqdan növbəti kağızı oxumağa başladı:

-Madam ki, söhbət Zori Balayandan düşdü, gəlin elə məhz onunla da  başlayaq.

“1828-ci ildə məşhur "Türkmənçay" müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları da olmayacaqdı. Təkcə son onillikdə - 60-70-ci illərdə Vətənimiz Ermənistana iki yüz mindən çox erməni köçmüşdür”. Zori Balayan. "Ocaq" kitabından.

“1883-cü ildə İrəvan şəhərinin 18.766 nəfər əhalisinin 15.992 nəfəri, 1866-cı ildə isə 27.246 nəfərindən 23.626 nəfəri, yəni 85,2 faizi azərbaycanlı olmuşdur”. Erməni alimi Zaven Korkodyan. "Sovet Ermənistanının əhalisi. 1831-1931" adlı kitabından. 

“ Tarixi qədimlik təsəvvürünə görə, ermənilərin Böyük Ermənistan hesab edilən həqiqi vətəni Rusiya hüdudlarından kənarda, daha doğrusu Kiçik Asiyada yerləşir. Dağlıq Qarabağda yaşayan ermənilərə gəlincə, onların bir hissəsi aborigen olub, xristian dinini qoruyub saxlayan qədim albanların nəslindəndir. Bir hissəsi təqib və hücumlardan qurtarmaq üçün Azərbaycan torpaqlarında sığınacaq tapan İran və Türkiyə qaçqınlarıdır”. B. İşxanyan. "Qafqaz xalqları" kitabından.

“Daşnak nümayəndələri ətraflarına çoxlu könüllü silahlı dəstələr yığaraq müharibə gedən türk ərazilərində qadın, uşaq, qoca və əlilləri amansızcasına doğrayıb tökürdülər”. A. Lalayan. "İnqlabi Şərq" jurnalından.

 “Bakıda ermənilər ingilislərin yardımı ilə bu böyük neft şəhərini ələ keçirdilər və şəhərin türk əhalisindən 25.000 nəfərini qırdılar". Ohanes Apresyanın xatirələrindən. Leonard Ramsden Hartvillin "İnsanlar belədir. 1918-1922-ci illər. Azərbaycan hadisələri bir erməninin xatirələrində" kitabından.

“Erməni hökumətinin daşnak agentləri Qarabağı Ermənistana birləşdirməyə çalışırlar. Bu, Qarabağ əhalisinin  Bakıdakı həyat mənbəyindən məhrum olması, heç zaman heç nə ilə əlaqəsi olmayan Yerevanla bağlanması deməkdir. Erməni kəndliləri təsadüfi deyil ki, beşinci qurultayda Azərbaycanı tanımağı və ona birləşməyi qərara aldılar”. Anastas Mikoyanın Leninə yazdığı məktubundan.

“Türklərlə ermənilər arasındakı ziddiyətlərin yaranmasının əsas səbəblərindən biri də türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin aramsız qəddarlığıdır”. L.Z.Sürməliyan. "Xanımlar və cənablar, müraciətim sizədir" kitabından.

 “Ermənistan bir dövlət kimi bəşəriyyət tarixində heç bir mühüm rol oynamamış, onun adı ermənilərin səpələndiyi coğrafi termin olub güclü dövlətlərin - assuriyalıların, midiyalıların, iranlıların, yunanların, monqolların, rusların öz mübahisələrini həll etdikləri yer olmuşdur”. P. Kerop Patkanov. “Van yazıları və onların Ön Asiyanın tarixi üçün əhəmiyyəti” kitabından.

Diktor xanım mətni oxuyub bitirdi, Baş Hakim ona təşəkkür edib səbirsizliklə çıxışını davam etdirdi:

- Əziz tamaşaçılar, sizə indi elə həqiqətləri açacağam ki, sonradan siz  daim bu həqiqətlərin təhrif olunmasına cəhdləri görəcəksiniz. Çünki “Böyük Ermənistan” xülyası məhz düzgün tarixin təhrifinə istinad edilən bir xülyadır. Onu ortaya atanların bir məqsədi olub, erməni xalqını yalançı ideologiya ilə silahlandırıb öz məqsədləri üçün istifadə etsinlər. Özü də, bu xülya ermənilərin heç özlərinin də deyil, bu xülyanı onlara qərblilər ixrac ediblər. Bu barədə proses boyu təkzibedilməz faktlar açıqlanacaq, bu öz yerində. İndi isə vəd etdiyim tarixi həqiqətləri sadalayıram. Bunlar faktlardır, əlahəzrət fakt qarşısında isə, bildiyiniz kimi bütün fantaziyalar boyun əyir.

Baş Hakimin sözlərinə Müttəhimlər sırasında əyləşənlərin etiraz sədaları eşidildi, ancaq bu sədaların tonu xeyli aşağı düşmüşdü. Öncə “Mən razı deyiləm bu faktlar səsləndirilsin” deyə oradakı yeganə qadın narazılıq bildirdi. Ardınca bir kişi “Mən sözügedəcək on uydurma faktın çəkilməsinin qəti əleyhinəyəm” deyib qadının səsinə səs verdi. Ancaq Baş Hakim fikrində qəti idi.

-Siz bir-iki nəfər narazı ola bilərsiniz. Sizin narazı olacağınız təbiidir əlbəttə ki. Amma azlıq çoxluğa tabedir, biz mütləq çoxluğun fikri ilə hərəkət etməliyik. Bir baxın, mən kütləyə səslənirəm, opponentlərimin yalançı dedikləri, ancaq doğrudan doğru olan faktlar sadalansınmı?

Yüzlərlə insan əl çala-çala, ayaqlarını yerə döyə-döyə, fit çala-çala “sadalansın” dedilər. Belədə Baş Hakim davam etdi:

-Sadalayıram həmin faktları. Birinci fakt: 1827-ci ildə Rus qoşunları İrəvanı işğal etdilər. Buranın əhalisi yerli-dibli Qafqaz müsəlmanları olan azərbaycanlılardan, eləcə də az sayda xristian gürcülərdən ibarət idi. 1828-ci ildən Rusiya İmperiyası İrəvana İrandan xristian ermənilərinin köçürülməsi qərarını verdi. Bu fakt hazırda Ermənistanın paytaxtı olan Yerevanın erməni şəhəri olması, qədim Romadan sonra dünyanın ən qədim ikincilik daşıması barədə erməni fərziyyələrini alt-üst edir.

Birinci faktı səsləndirib Baş Hakim pauza etdi ki, tamaşaçılardan alqış qopara bilsin. Bu, onun proses aparmaq taktikası idi, auditoriyaya nüfuz etmək cəhdiydi. Sonradan da sadaladığı hər faktdan sonra dayanıb tamaşaçı reaksiyalarını gözləyəcəkdi.

-İkinci fakt: 1927-ci ildə Ararat Respublikası yaradıldı. Tarixdən başı çıxmayan, uzaq tarix o yana, heç yaxın tarix barədə anlayışı olmayan  istənilən şəxs bu adı eşitcək, bu adla bir erməni bağlılığı hiss edər. Ermənilər də diletant auditoriyaya ermənilərin müstəqil Ararat Respublikası barədə uzun-uzadı danışmağı sevirlər. Axı bu respublika onların torpaq iddiası qaldırdığı Türkiyə ərazisində təşəkkül tapıb. Halbuku, Ararat Respublikasının ermənilərə heç bir aidiyyatı yoxdur, bu bir kürd quruluşu olub, rəsmi dini də islam dini idi.

-!!!

 -Üçüncü fakt: Erməni ordusu 1-ci Dünya müharibəsi dövründə rusların köməyi ilə Osmanlı İmperiyası ərazisində türklərə qarşı üsyan edib, türklər bu üsyanı yatırdaraq ermənilərin dərsini veriblər, onlar da geri çəkiləndə türk kəndlərini yandırır, əhalisini süngüdən keçirirdilər. Məhz buna görə də qəzəblənmiş Osmanlı hakimiyyəti erməni əhalisini Şərqə sürgün etmiş, erməni ordusunu isə Rusiya hüdudlarınadək qovub İmperiya ərazisindən çıxarmışdır. Serv müqaviləsinə görə ermənilərə cəmi 1500 əsgər, 150 süngü, 20 top saxlamağa icazə verilirdi. Ermənilər cidi-cəhdlə bu faktı gizləməyə çalışırlar, tarixdən silmək istəyirlər, məhz bu fakta görə onlar türklərin, guya onlara qarşı həyata keçirdikləri genosid faktına görə...

Müttəhimlər əyləşən sıradan yenidən replika atıldı:

-Guya niyə? Genosid olub, türklər milyon yarım ermənini öldürüblər, qalanlarını da Suriyaya sürgün ediblər.

Baş Hakim davam etdi:

-Mən tarixə əsaslanıram, bu genosid iddialarına Divan ərzində onsuz da tam son qoyulacağına da əminəm. Bəli, əgər həqiqətən genosid olubsa siz erməni millətçiləri çoxdan türkləri Haaqa məhkəməsinə verərdiniz. Amma mənim bayaq sadaladığım 3-cü fakt var ortada, Osmanlı təbəəliyi ola-ola dövlətə asi çıxıb qiyam qaldırmağın qarşılığında cəzalanmağınız var, bu isə əsla genosid deyil, bir etnik qrupdan zərər çəkən dövlətin təhlükəsizlik tədbiridir.

-!!!

-Dördüncü fakt: İlahə Anaid kultu. İş ondadır ki, ermənilər xristianlığın qəbuluna qədər İlahə Anaidə səcdə edirdilər, bunu isə Qədim dövr tarixi fahişəlik sanır, İlahə Anaidi fahişəlik rəmzi hesab edir...

-Mən vəsadət qaldırıram ki, ...- deyə qaldırdığı vəsadətin nə olduğunu belə söyləməyən erməni müdafiəçilərindən biri Baş Hakimin üstünə şığıyanda mühafizəşilər onu tutub saxladılar. Divan heyəti məşvərətdən sonra onu Divan keçirilən ərazinin hüdudlarından kənarlaşdırası oldu. Baş Hakim erməni müdafiəçiyə hiddətini yatırdandan sonra çıxışını davam etdirdi:

- Anaid məbədlərində əsl fahişəliyin tüğyan etdiyini mən iddia etmirəm, bunu qədim kitabələr iddia edir. Erməni qızlar əcnəbi kişilərə bədənlərini satırmış, daha çox bədən satanlar məbəddə yüksək rütbələr alırmış. Ermənilər utanc gətirən bu faktı indi danır, İlahə Anaidi fahişəlik rəmzi deyil, məhsuldarlıq rəmzi kimi qələmə verməyə çalışırlar.

-!!!

-Beşinci fakt: Müasir Ermənistanın ərazisindəki bütün toponimlər türklərə aiddir. Zaman-zaman onlar bu toponimləri dəyişsələr belə tarixi uyğunsuzluqdan əziyyət çəkdikləri üçün axırına çıxa bilməyiblər. Bəzilərini isə tələffüz dəyişkənliyinə məruz qoymaqla kifayətləniblər. Elə paytaxtları İrəvana Yerevan deməkləri kimi. İrəvan – türkcə axıcı, səlis deməkdir. Ermənilər Türkiyəyə torpaq iddiası etdikləri halda tələb etdikləri torpaqların bir adlarına baxın: Qars, İqdır, Ərzurum. Bu adların ermənilərlə nə əlaqəsi var axı? Hazırda işğal etdikləri Qarabağın adı da bu qəbildəndir. Qara – türkcə rəng adıdır, bağ isə gül-çiçək salınan ərazidir.

-!!!

-Altıncı fakt: 19-cu əsrdə ermənilər dünyaya gələn uşaqlarına onların xəstəliyə və ölümə tuş gəlmələrinin qarşısını almaqçün türk adları qoyurmuşlar. İnanca görə, Asvats, bu, ermənicə Allah deməkdir, hay uşaqlarını yox, türk uşaqlarını qoruyurmuş. İndi, 21-ci əsrdə bu, illər öncəki adət ermənilərə utanc gətirir. Axı sual doğur, niyə Allah erməni adı olan uşaqları qorumurmuş, türk adı olanları qoruyurmuş? Nə günahın sahibi imişdi ki ermənilər?

-Mən etiraz edirəm...

Baş Hakimin etiraz edənin kimliyini görcək dodaqları qaçdı:

-Etiraz edən şəxs, gedin araşdırın, minlərlə yazılı mənbə və türk sözlərindən ibarət erməni ad və soyadlarının sənədləri var. Elə siz axtarsanız özünüzdə də bu faktın təcəssümünü görə bilərsiniz.

Üzünü həmin şəxsdən ayırıb tamaşaçılara tutdu:

-Bu etirazçı şəxs erməni yazarı Zori Balayandır. Soyadına fikir verin. Bala sözü erməni dilində heç bir məna kəsb etmir. Türk dilində isə bala – həm övlada, həm də kiçiyə, xırdaya deyilir.

Tamaşaçıların alqış sədaları altında Baş Hakim çixişini davam etdirdi:

-Yeddinci fakt...

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.