Və mən onu yenə də sevirdim...- ESSE Featured

Rate this item
(5 votes)

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Və mən onu sevirdim.

“Sevmək nədir?"-sualına daxilim bir cavab verəcək qədər cəsarətli deyildi. Ruhlar cəsarətlə qürur arasında nifrət toxumlarını əkərkən, qəlblər öz atış şiddətini iki mislinə çıxararkən, qələm ən son misranı yazmaqdan utanarkən mən onu sevirdim. Sevmək əgər şirniyyatımdan bir parça alıb qaçan qarışqaya zaman tanımaqdırsa, mən onu çoxdan unutmuşdum. Hər gün nəmlənmiş tələbə evinin mətbəxində barmaqlarım arasında onlarla qarışqa öldürürdüm. Və hər gün inanmadığım cəhənnəm vadisindən neçə metr torpaq qazandığım haqqında dırnağarası zarafatlar edirdim. 

Və mən onu sevirdim. Sevmək əgər daha da güclü olacağam sözünə əməl etdiyimi fərz etməkdirsə, mən onu çoxdan öldürmüşdüm. Və yenə tələbə evinin nəmli mətbəx stolu üzərində hər iki qolum balıncı əvəzləyir və öz balıncım saçlarımın qoxusuna çoxdan həsrət qalmışdı. 

Sevmək əgər böyüyərkən xoşbəxtliyin varlığına inanmaqdırsa, mən onu çoxdan dəfn etmişdim. Və yenə nəmli divarları olan tələbə evinin çirkli pəncərə şüşələri arxasından dəniz mənzərisini əvəzləyən yaşıl yarpaqlı ağac budaqlarına baxırdım. Və mən onu yenə də sevirdim. Amma yenə də özümü sevərkən ona olan sevgim bir az daha azalırdı. Çünki mən nə birini sevəcək qədər könlü boş, nə də özümü unudacaq qədər könlü dolu deyildim. 

Amma mən onu yenə də sevirdim. 

Fəqət o kim idi...?!

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2024)