İntizar ədəbiyyatı - Mədinə Gülgün, "Kaş yarıda qalmayaydı bu yollar" Featured

Rate this item
(1 Vote)

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Mən istərəm o dağlardan keçməyə, 

Kaş yarıda qalmayaydı bu yollar. 

Əyilib, buz bulaqlardan içməyə, 

Kaş yarıda qalmayaydı bu yollar. 

 

Savalanın zirvəsi qar olar hey, 

Zaman-zaman orda duman qalar hey, 

Mən getməsəm bənövşələr ağlar hey,

Kaş yarıda qalmayaydı bu yollar. 

 

Biçənəklər əllərimin həsrəti, 

Aylarımın, illərimin həsrəti, 

Bağım, baxçam yollarımın həsrəti, 

Kaş yarıda qalmayaydı bu yollar. 

 

Çalınmamış toylarım var o tayda, 

Yaşanmamış aylarım var o tayda, 

Deyilməmiş boylarım var o tayda, 

Kaş yarıda qalmayaydı bu yollar. 

 

Deyən yoxdu, sinən üstə nə közdü?! 

Ayrılığı taleyinə kim yazdı?! 

Loğmanım da, dərmanım da Təbrizdi, 

Kaş yarıda qalmayaydı bu yollar. 

 

Anam vardı qalıbdı yaddaşımda, 

Ayrı düşdüm ondan bahar yaşımda, 

Bahar ömrün sevdaları başımda, 

Kaş yarıda qalmayaydı bu yollar. 

 

Çaxılmayan şimşəklərdə gücüm var, 

Tufanlarda, küləklərdə gücüm var, 

Əyilməyən biləklərdə gücüm var, 

Kaş yarıda qalmayaydı bu yollar. 

 

Sellər, sular durulmasa nə fayda, 

O zəncirlər qırılmasa nə fayda, 

Durulası çaylarım var o tayda, 

Kaş yarıda qalmayaydı bu yollar.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2024)